“Dünyanı Sənət Xilas Edəcək” beynəlxalq mədəniyyət layihəsi çərçivəsində hazırlanacaq Türk Dövlətlərinin Rəssamlarının Beynəlxalq Kataloqu üçün iştirakçı qəbulu elan edilir.
Layihənin əsas məqsədi Türk dövlətlərindən olan rəssamları vahid mədəni platformada bir araya gətirmək, onların yaradıcılığını beynəlxalq səviyyədə tanıtmaq, sənət vasitəsilə dostluq, qardaşlıq və sülh dəyərlərinin təbliğinə töhfə verməkdir.
Kataloqda müxtəlif nəsilləri və fərqli yaradıcılıq üslublarını təmsil edən peşəkar rəssamların bioqrafiyaları və əsərləri yer alacaq. Nəşr Türk dövlətlərinin ortaq mədəni irsinin, milli dəyərlərinin və müasir təsviri sənətinin beynəlxalq auditoriyaya təqdim olunmasına xidmət edəcək.
Layihə çərçivəsində yaradılacaq yeni əməkdaşlıqların gələcək beynəlxalq sərgilərin, simpoziumların və mədəni mübadilə proqramlarının əsasını təşkil edəcəyi gözlənilir.
Layihənin rəhbəri – Beynəlxalq Sülh Rəssamı Nəvai Metin bu təşəbbüsün Türk dövlətlərinin yaradıcı insanlarını bir araya gətirərək mədəni əlaqələrin möhkəmlənməsinə, dostluğun və qardaşlığın inkişafına, sənət vasitəsilə sülhün təbliğinə mühüm töhfə verəcəyini bildirir.
Türk Dövlətlərinin Rəssamlarının Beynəlxalq Kataloqunda yer almaq istəyən rəssamlar layihəyə qoşulmaq üçün müraciət edə bilərlər.
Yazıya 4 dəfə baxılıb








