Naxçıvanda “Gözümün Nuru Vətən” sənədli filminin təqdimatı keçirilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi, I dərəcəli əlilliyi olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Cəmiyyətin fəxri üzvü Vidadi Əkbər oğlu Məmmədovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş “Gözümün Nuru Vətən” III sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

17 iyul 2026-cı il tarixində keçirilən tədbiri “Gözümün Nuru Vətən” silsilə filmlərinin ideya müəllifi Simuzər Ağakişiyeva açıq elan edib. Daha sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək layihənin məqsədi, əhəmiyyəti və cəmiyyətin həyata keçirdiyi vətənpərvərlik layihələri barədə məlumat verib.

Bildirilib ki, “Gözümün Nuru Vətən” sənədli filmi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda böyük qəhrəmanlıq göstərmiş Vidadi Məmmədovun həyat və döyüş yolundan bəhs edir. “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan qazinin Vətənə sədaqəti, mübarizəsi və müharibədən sonrakı ictimai fəaliyyəti filmdə geniş şəkildə əks etdirilib.

Qeyd olunub ki, layihənin əsas məqsədi qəhrəman qazilərimizin keçdiyi şərəfli yolu geniş ictimaiyyətə çatdırmaq, Zəfər tariximizin təbliğini gücləndirmək, şəhid və qazilərimizin qəhrəmanlıq irsini yaşatmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.

Tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanıb. Bildirilib ki, Vidadi Məmmədov Naxçıvan Muxtar Respublikasının Babək rayonunun yetirməsidir və tədbirin onun doğma yurdunda təşkil olunması qəhrəmanlıq irsinə verilən dəyərin ifadəsidir.

Mərasimdə sənədli filmin nümayişi ilə yanaşı, Vidadi Məmmədovun həyat yolu, döyüş fəaliyyəti və vətənpərvərlik ideyalarının təbliği istiqamətində görülən işlər barədə də məlumat verilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Asif Hacıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadıqovun anası Gülsad Rüstəmova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə HəmzəyevaAzərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək qəhrəman qazinin keçdiyi döyüş yolundan, Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhid və qazilərimizin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, bu cür layihələr gənc nəslin milli ruhda tərbiyəsində, vətənpərvərlik hisslərinin möhkəmləndirilməsində və qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.

Sonda “Gözümün Nuru Vətən” III sənədli filmi nümayiş olunub, iştirakçılar filmin yüksək ideya-bədii dəyərini qeyd edərək layihənin qəhrəman qazilərimizin həyat yolunun təbliği və Vətən sevgisinin aşılanması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.