Azərbaycan ədəbiyyatşünaslığının tanınmış siması – Əsəd Cahangir

Əsəd Cahangir Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi tənqid və publisistikasının tanınmış simalarındandır. O uzun illərdir ki, Azərbaycan ədəbi fikrinin inkişafına mühüm töhfələr verən, klassik və müasir ədəbi prosesə dərin elmi-nəzəri yanaşmaları ilə seçilən nüfuzlu söz adamlarından biri kimi tanınır. Onun tənqidçi fəaliyyəti yalnız ayrı-ayrı əsərlərin təhlili ilə məhdudlaşmır, bütövlükdə milli ədəbi-estetik düşüncənin istiqamətlərini müəyyənləşdirən ciddi fikir hadisəsi kimi dəyərləndirilir.

Ədəbi tənqid hər zaman xüsusi intellektual məsuliyyət tələb edən sahə olub. Yazıçı və şair daha çox öz daxili aləmini, hisslərini və həyat təcrübəsini bədii mətnin estetik formasına çevirirsə, tənqidçi bu mətnlərin arxasında dayanan düşüncə sistemini, dövrün ruhunu və ədəbi prosesin istiqamətini müəyyənləşdirən şəxs kimi çıxış edir. O, yalnız əsərləri oxuyan və qiymətləndirən deyil, həm də sözün mənəvi yükünü duyan, sənətin estetik sərhədlərini qoruyan, ədəbiyyatın cəmiyyət qarşısındakı missiyasını izah edən fikir adamıdır. Həqiqi tənqidçi ədəbi hadisələri gündəlik təsəvvürlərin fövqündə dəyərləndirə bilir. O, bir əsərin yalnız dilini və süjetini deyil, onun arxasında dayanan fəlsəfi qatları, insan və zaman haqqında düşüncələri də üzə çıxarır. Bu baxımdan tənqidçi bəzən yazıçının özünün belə tam ifadə edə bilmədiyi məqamları aydınlaşdıran, ədəbiyyatın gizli enerjisini oxucuya çatdıran vasitəçi rolunu oynayır.

Təsadüfi deyil ki, dünya ədəbi fikrinin böyük nümayəndələri tənqidin mahiyyətini hər zaman yüksək qiymətləndiriblər. İngilis tənqidçisi və şairi T.S.Eliot tənqidi “ədəbiyyatın özünü dərk forması” adlandırırdı. Fransız Charles Augustin Sainte-Beuve isə hesab edirdi ki, tənqidçi yalnız əsəri deyil, onu yaradan ruhu və dövrü də anlamalıdır. Rus ədəbi-estetik fikrinin tanınmış nümayəndəsi Vissarion Belinski tənqidi “cəmiyyətin özünüdərki” kimi qiymətləndirirdi. Bu fikirlər tənqidçinin sadəcə müşahidəçi deyil, ədəbiyyatın inkişaf trayektoriyasını müəyyən edən mənəvi-intellektual qüvvə olduğunu göstərir.

Ədəbi tənqid eyni zamanda böyük mənəvi cəsarət tələb edən sənətdir. Çünki tənqidçi yalnız tərifləyən və ya qüsur göstərən adam deyil. O, bütöv bir ədəbi mühitin düşünən beyni, estetik yaddaşı və vicdanı kimi çıxış edir. Onun sözü bəzən bir yazıçının yaradıcılıq taleyinə, bir dövrün ədəbi meyllərinə və hətta milli düşüncənin istiqamətinə təsir göstərə bilir. Buna görə də həqiqi tənqidçi zamanın təsadüfi meyllərinə yox, ədəbiyyatın əbədi meyarlarına söykənməlidir. O, sənətlə zaman arasında mənəvi körpü yaradır, klassik irslə müasir düşüncə arasında əlaqə qurur, ədəbi prosesi yalnız müşahidə etmir, həm də ona istiqamət verir. Belə tənqidçilər cəmiyyətin estetik zövqünü formalaşdırır, oxucunu düşünməyə vadar edir, ədəbiyyatı yalnız emosional deyil, həm də intellektual hadisəyə çevirirlər. Bu mənada Əsəd Cahangirin yaradıcılığı Azərbaycan tənqid məktəbinin ən yaxşı ənənələrini yaşadan, onları yeni baxış və müasir interpretasiyalarla zənginləşdirən mühüm örnəklərdən biridir. Onun elmi-nəzəri düşüncə ilə publisistik üslubun vəhdətini yaradan məqalələri, esseləri və araşdırmaları daim oxucu marağı doğurub. Əsəd Cahangirin yazılarında ədəbiyyata yalnız mətn kimi deyil, həm də milli-mənəvi yaddaşın və dövrün ruhunun ifadəsi kimi yanaşılır.

Əsəd Cahangir həm də bədii-estetik düşüncəyə yeni nəfəs gətirən yaradıcı qələm sahibidir. Xüsusilə “Namaz” poeması müasir Azərbaycan ədəbiyyatında özünəməxsus bədii-fəlsəfi hadisə kimi diqqəti cəlb edir. Əsərdə mistik düşüncə, dini-mənəvi dəyərlər, insanın daxili aləmi və çağdaş dövrün ziddiyyətləri yüksək sənətkarlıqla bir araya gətirilmiş, klassik poetik ruh ilə müasir təfəkkür arasında uğurlu bir sintez yaradılmışdır. “Namaz” poeması yalnız poetik nümunə deyil, həm də insanın mənəvi kamilliyə və ilahi həqiqətə yönələn daxili axtarışının bədii ifadəsidir.

Azərbaycan Yazıçılar Birliyindəki fəaliyyəti, xüsusilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərliyi dövründə gördüyü işlər milli ədəbiyyatımızın beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verməkdədir. Müxtəlif xalqların ədəbi-mədəni dəyərlərinin qarşılıqlı şəkildə tanıdılması istiqamətində fəaliyyəti yüksək təqdirə layiqdir.

Əsəd Cahangirə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, elmi və ədəbi fəaliyyətində davamlı nailiyyətlər arzulayıram. Onun qələminin iti, sözünün sanballı, fikir dünyasının isə daim zəngin olması Azərbaycan ədəbi fikri üçün xüsusi əhəmiyyət daşıyır.

Mütəllim RƏHİMLİ,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.