Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov Birinci Qarabağ müharibəsində göstərdiyi igidliklə Vətən tarixinin qəhrəmanlıq səhifəsinə adını yazdıran şəhidlərimizdəndir. Onun qısa, lakin mənalı ömrü doğma torpağa bağlılığın, Vətən qarşısında məsuliyyətin və döyüş meydanında göstərilən fədakarlığın nümunəsidir.
Fərhad Hümbətov 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub. Orta məktəbin səkkizinci sinfini doğma kəndində bitirdikdən sonra Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib.
Gənc yaşlarından hərb sənətinə bələd olan Fərhad əvvəlcə Çitada, daha sonra Monqolustanda hərbi xidmət keçib. 1988-ci ildə İrkutsk şəhərində hərbi xidmətdən tərxis olunaraq doğma kəndinə qayıdıb.
Həmin illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların üzləşdiyi təzyiq və təhlükələr Fərhad Hümbətovun ailəsindən də yan keçməyib. Təhlükəsizlik səbəbindən ailəsini Bakıya köçürən Fərhad burada Bakı Şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayıb.
20 Yanvardan cəbhəyə
20 Yanvar faciəsi Fərhad Hümbətovun həyatında mühüm dönüş nöqtəsinə çevrilib. Həmin gecə Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələr zamanı o, təsadüf nəticəsində ölümdən xilas olub. Ağır texnikanın şəhərə yeridildiyi, dinc insanların gülləbaran edildiyi həmin gecə Fərhad tankın altında qalmaq təhlükəsi ilə üz-üzə gəlib.
Bu hadisə onun yaddaşında dərin iz buraxıb. Fərhad Vətənin müdafiəsinə qalxmağı özünün borcu hesab edib. Bir tankçı kimi qazandığı hərbi təcrübəni Azərbaycanın müdafiəsinə sərf etmək qərarına gəlib.
1991-ci ilin oktyabrında könüllü olaraq cəbhəyə yollanıb. Şıx batalyonunun tərkibində döyüşlərə qatılıb. Qarabağın müxtəlif istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edən Fərhad Hümbətov bir sıra yaşayış məntəqələrinin azad olunması uğrunda gedən əməliyyatlarda cəsarət göstərib.
Fərhad Hümbətovun döyüş yolu ağır və təhlükəli sınaqlardan keçib. 1992-ci il martın 7-də Şuşa, Kosalar və Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı düşmənin beş postunun məhv edilməsində mühüm rol oynayıb.
Tankçı kimi döyüş meydanında özünü cəsur və fədakar döyüşçü kimi göstərən Fərhad üçün əsas məqsəd düşmənin qarşısını almaq və silahdaşlarını qorumaq idi. O, təhlükənin ən ağır məqamlarında belə geri çəkilməyib.
1992-ci ilin yazında Xankəndi istiqamətində gedən döyüşlərdən birində Fərhad Hümbətov sayca üstün olan düşmən qüvvələri ilə qarşılaşıb. Ağır döyüş zamanı yaralanan silahdaşlarının xilas edilməsində iştirak edib. Öz həyatını təhlükəyə ataraq yaralı döyüşçüləri döyüş meydanından çıxarmağa nail olsa da, özü qəhrəmancasına şəhid olub.
Onun üçün Vətənin müdafiəsi şəxsi təhlükəsizlikdən üstün idi. Fərhad Hümbətovun qəhrəmanlığı da məhz bu fədakarlığın təcəssümüdür.
Fərhad Hümbətovun ömrü qısa oldu. O, ailə həyatı qura bilmədi, subay idi. Lakin onun ömrünün illərlə deyil, Vətən qarşısında gördüyü işlərlə ölçülən bir mənası var.
O, Qarabağın müdafiəsi uğrunda canından keçən yüzlərlə Azərbaycan övladı kimi xalqımızın yaddaşında əbədi yaşamağa haqq qazandı.
Fərhad Hümbətov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun adı bu gün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində yaşayır. Doğulduğu Arçut kəndindən başlayan həyat yolu Bakının küçələrindən keçərək Qarabağ döyüşlərinin od-alovuna qədər uzandı. O yolun sonunda isə bir Vətən şəhidi və Milli Qəhrəman adı var.
Milli Qəhrəman Fərhad Hümbətovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Yazıya 13 dəfə baxılıb








