Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, ölüb-dirilən Tanrını özündə təcəssüm etdirən ulu bayramdır. Novruzu bəzən Zərdüşt, bəzən isə İslam mədəniyyəti ilə bağlamağa çalışırlar. Fars mədəniyyətində Novruz Zərdüştün anadan olduğu gün, onun Avestanı dünyaya gətirdiyi gün və s. məsələlərlə əlaqələndirilir. Yazın başlanması, gecə ilə gündüzün bərabərləşməsi, xeyir və şər qüvvələrin gücünün tarazlaşması, həm də bu andan etibarən Ahurəməzdanın timsalı olan işığın, Günəşin zülmətə, şərə, qara qüvvə rəmzi olan Əhrimənə qalib gəlməsi kimi başa düşülürdü
Moderator.az təqdim edəcəyi yazıda Novruz haqqında bəzi Şərq əfsanələrini təqdim edəcək:
Orta əsr Şərq mənbələrində Novruz bayramının ilə bağlı bəzi rəvayətlər günümüzə qədər gəlib çatıb. Ömər Xəyyam “Novruznamə” adlı əsərində bu bayramın tarixindən danışarkən qeyd edir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. Cəmşid bu günü müəyyənləşdirdiyinə görə Novruz adlandırıb və bayram edib”.
Bu rəvayətlərdən bəziləri əfsanəvi İran hökmdarlarından Cəmşidin Azərbaycana gəlməsi ilə əlaqələndirilir. Əl-Biruni “Asar əl-Baqiyyə” əsərində bu haqda yazır: “Deyirlər, Cəmşid bir sıra şəhərlər gəzib, nəhayət Azərbaycana gələndə taxta çıxıb və camaat onu çiyinlərində aparıb. Günəş o taxta düşüb, hər yan nura qərq olub. Camaat bu günü uğurun başlanğıcı hesab edərək onu Novruz – Yeni gün adlandırıb”.
Cəmşidlə bağlı başqa bir rəvayətdə isə Novruz atəşinin Cəmşid tərəfindən kəşfi edildiyi bildirilir. İbn əl-Bəlxi “Farsnamə” əsərində Yaz bayramı haqqında bildirir ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır, əyalətlərdən bütün hakimləri saraya dəvət edir. Cəmşid onlara müraciət edir: “Bu gün Günəş ilinin başlanması günü imiş. Allahın bizə verdiyi bütün nemətlərə şükür edək və rəiyyətlə ədalətlə davranaq. Hamı dua etdi, şadlıq oldu və bu günü bayram edərək Novruz adlandırdılar”.
Novruz haqqında İslam miflərinin yaranması bu bayramı İslam dini ilə bağlamaq zərurətindən yaranıb. Bu mərasimlə bağlı aşağıdakı rəvayətlər var:
Birincisi, deyilir ki, ulu Tanrı dünyanı gecə və gündüzün bərabər olduğu gündə – Novruzda yaradıb. İkincisi, rəvayət olunur ki, ilk insan olan Adəmin çamuru – palçığı bu gündə-Novruzda yoğrulub, yəni ilk insan məhz bu gün yaradılıb.
Üçüncüsü, şeytanın sözlərinə uyaraq Tanrı tərəfindən yasaq edilən meyvədən yediklərinə görə cənnətdən Yer üzünə qovulan Adəm Həvva ilə məhz Novruz günündə Ərəfatda qovuşublar.
Dördüncü rəvayət Nuh peyğəmbərlə bağlıdır. Dünya daşqınından sonra Nuh peyğəmbərin torpağa ayaq basdığı gün Novruz idi.
Beşinci rəvayət isə İmam Əli ilə bağlıdır. Bu bayramı dördüncü xəlifə İmam Əlinin taxta çıxması ilə də bağlamağa çalışırlar.
Yazıya 530 dəfə baxılıb