Dinindən, dilindən, tarixi inkişaf yolundan, milli adət-ənənəsindən asılı olmayaraq, hər bir xalqın, hər bir dövlətin demokratik inkişafı üçün söz azadlığının əlahiddə önəm kəsb etdiyi, həyati zərurət daşıdığı şübhəsizdir. Ümumilikdə, istənilən toplumun demokratik inkişafını şərtləndirən bir çox amil mövcud olsa da, söz azadlığı bu inkişafın özülünü, nüvəsini təşkil edir.
Sözün, söz azadlığının necə böyük, əvəzsiz və toxunulmaz bir nemət olduğu Allahın özünün sözə münasibətində aydın şəkildə görsənməkdədir.
Yaradanın həyat və ölüm silahı sözdür!
Allahın sözə hansı səviyyədə dəyər verdiyini, sözün yaradan üçün nə demək olduğunu anlamaq üçün Qurani-Kərimdəki bəzi ayələrə nəzər salmaq kifayətdir. Qurani-Kərimin Ənam Əl-Ənam surəsinin 73-cü ayəsində deyilir: “Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır”.
Yasin surəsinin 82-ci ayəsində isə bildirilir: “Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar”.
İslam dinin ən böyük simalarından biri olan Həzrəti Əli isə Allahın sözə olan münasibəti haqqında deyib: “Allahın yaratdığı ilk şey qələmdir. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı”.
Sadəcə, bu faktlar sözün Allahın silahı olduğunu, uca yaradanın bütün istək və əmrlərini söz vasitəsi ilə gerçəkləşdirdiyini göstərir. Əslində Allahın sözə olan münasibəti sözün ucalıq sirrinin bəlkə də ən mükəmməl izahı sayıla bilər.
Hər kəsin söz haqqı var, hətta İblisin də…
Maraqlıdır ki, Allah hər şeyə qadir olsa da, özünün və insanlığın düşməni olan Şeytana söz haqqından faydalanmağa, onun öz fikirlərini sərbəst şəkildə, hətta meydanoxuyurmuş kimi ifadə etməsinə mane olmur. Əksinə, ona qarşı çıxan, verdiyi əmri icra etməyən Şeytanın öz əməlini əsaslandırmasına, onu təhdid etməsinə belə imkan verir.
Qurani-Kərimin Əl-Bəqərə surəsinin 34-cü ayəsində deyilir: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu”.
Allah İblisdən itaət etməməsinin səbəbini soruşanda isə İblis Adəçmin gildən, özünün isə oddan yarandığını, bu səbəbdən də ondan üstün olduğunu deyir və Allah onu öz dərgahınan qovan zaman İblis söz haqqından istifadə edərək yaradandan möhlət istəyir: “Belə isə məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusuqusunda oturacağam. Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcəyəm və onların çoxunu şükr edən görməyəcəksən”.
Göründüyü kimi, Allah şeytanla dialoqu sona qədər apararaq onun öz fikirlərini azad şəkildə ifadə etməsinə mane olmur, əksinə ona öz iddiasını sübut etmək üçün möhlət belə verir.
Bir tək yuxarıdakı iki fakt Allahın belə nəyisə yaratmaq və ya öz yaratdıqları ilə ünsiyyət qurmaq üçün sözə möhtac olduğunu, habelə, qarşı tərəfin düşüncə və zehniyyətinin nədən ibarət olmasından asılı olmayaraq, onların fikirlərini azad şəkildə – heç bir qorxu və təhdid altında olmadan ifadə etməsini vacib hesab etdiyini göstərir.
Bu baxımdan insan oğlunun da bundan nümunə götürməsi zəruridir.
Qandi xəbərdarlığının fəlsəfəsi – söz azadlığı boğulanda nə baş verir?
Bugünə qədər baş verən ictimai-siyasi proseslər, saysız-hesabsız tarixi faktlar göstərir ki, istənilən ölkədə söz azadlığının pozulması sadəcə hüquq pozuntusu olaraq qalmır, bəlli bir müddətdən sonra ciddi təlatümlərə, qarşıdurmalara səbəb olur. Məşhur Hindistan siaysətçisi Qandi söz azadlığının boğulması cəhdini coşğun dağ çayının doğurduğu seli önləmək cəhdi ilə müqayisə edir. O, iddia edir ki, selin qarşısını kəsmək üçün edilən cəhdlər həmin seli müvəqqəti olaraq yubada, onu müəyyən qədər əngəlləyə bilər. Lakin bu, sonda selin bütün bəndləri aşması, bütün sədləri dağıtması ilə nəticələnən bir proses olur ki, nəticədə dağıntı və itki daha çox olur. Odur ki, Qandi dövlət və hakimiyyətin maraqları baxımından xoşagəlməz hallarda belə söz və fikir azadlığını boğmaqdan çəkinməyə çağırır, plüralizmin inkişafının vacibliyini vurğulayır.
Azərbaycanda söz azadlığının vəziyyəti qənaətbəxşdirmi?
Azərbaycanda söz azadlığının mövcud durumu ilə bağlı ictimai rəydə birmənalı fikir mövcud deyil. Müxalif siyasilər və bəzi media təmsilçiləri hesab edir ki, ölkədə söz azadlığının vəziyyəti o qədər də ürəkaçan deyil. Lakin hakimiyyət təmsilçiləri, habelə bəzi millət vəkilləri tamamilə başqa fikirdədir. Məsələn, YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, Azərbaycanda söz azadlığı sahəsində heç bir problem yoxdur. Əksinə, Azərbaycanda söz azadlığının mövcud durumu digər ökələr üçün nümunə hesab edilə bilər: “Azərbaycanda bütün demokratik azadlıqlar, konstitusyon hüquqlar kimi söz azadlığı da təmin edilib. Bu gün ölkədə nəşr edilən qəzetlərin sayı, çeşidi, internet mediasının vəziyyəti, tənqidi medianın durumu bunu söyləməyə əsas verir. Bundan başqa, dövlət medianın inkişafına dəstək məqsədi ilə ciddi addımlar atır ki, bunlardan da biri aparıcı media orqanlarının maddi bazasının möhkəmlənməsi ilə bağlıdır”.
Millət vəkili Rövşən Rzayev də Azərbaycanda fikir plüralizminin mövcudluğunu vurğuladı: “Azərbaycanda söz azadlığının mövcudluğu inkaredilməzdir. Hər kəsə öz fikrini azad şəkildə oratya qoymaq imkanı yaradılıb. Azərbaycan söz azadlığının vəziyyətinə görə, dünyanın qabqcıl demokratik dövlətlərindən geri qalmır”.
Söz azadlığı ictimai cərrah rolunda
Söz azadlığının demokratik cəmiyyətin formalaşmasındakı ən böyük xidmətlərindən biri onun ictimai cərrah rolunda çıxış etməsi ilə bağlıdır. Söz azadlığının mövcud olduğu ölkələrdə media bütün proses və hadisələri qeyri-adi amansızlıq və diqqətlə təftiş edir. Heç bir eybəcərlik, heç bir çatışmazlıq, heç bir neqativ meyl onun nəzərindən yayınmır. O, hələ başlanğıc ərəfəsində olan istənilən problemi, onu doğuran səbəbləri açıb göstərir. Bu problemin artmasına, genişlənməsinə, tendensiyaya çevrilməsinə imkan vermir.
Söz azadlığı mediaya hadisə və proseslərlə yanaşı, bütün rəsmi və qeyri-rəsmi qurumlarını nəzarətdə saxlamağa, onların qanunun müəyyənləşdirdiyi relslər üzərində hərəkət etməsini təmin etməyə vadar edir. Ona görə də söz azadlığının, plüralizmin inkişafı ictimai maraqların müdafiəsi, aşkarlıq və şəffaflığın artırılması, demokratik dəyərlərin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Söz azadlığının digər müstəsna özəlliyi onun qalan digər azadlıqların nüvəsi rolunda çıxış etməsi ilə bağlıdır. Başqa sözlə desək söz azadlığı bütün demokratik azadlıqların nüvəsini təşkil edir. Bütün demokratik azadlıqlar söz azadlığının “kölgəsi altında” inkişaf edir, şaxələnir. O yerdə ki, gerçək söz azadlığı yoxdur, orada hər hansı demokratik azadlığın olması mümkünsüzdür. Məhz bu baxımdan istənilən dövlət və cəmiyyətdə demokratiyanın durumunu, demokratik azadlıqların vəziyyətini araşdırmaq üçün sadəcə söz azadlığı sahəsindəki vəziyyəti təhlil etmək kifayətdir. Çünki bütün digər demokratik hüquqların vəziyyəti söz azadlığının durumu ilə düz mütənasibdir. O yerdə ki, söz azadlığı var, orada bütün demokratik azadlıqların mövcud olduğu şübhəsizdir. O yerdə ki, söz azadlığı yoxdur, o yerdə ki, söz azadlığı adına yalnız imitasiya mövcuddur, orada hər cür demokratik azadlığın dəfn edildiyindən əmin olmaq olar. Məhz bu səbəbdən də dünyanın bütün dempkratik ölkələrində tənqidi medianın inkişafına, onun hər cür hücum və təzyiqdən, eləcə də dövlət orqanlarının basqısından qorunmasına böyük diqqət yetirilir. Sivil ölkələrdə yaxşı başa düşürlər ki, söz azadlığı, bu azadlığın göstəricisi olan azad media anti-demokratik meyl və davranışların önünü kəsən ən böyük qaladır. Bu qala yenik düşərsə, o zaman heç bir qüvvə demokratiyanın tənəzzülünü əngəlləyə bilməz.
Söz azadlığı ilə günah və qanun pozuntusu arasındakı “Tolstoy səddi”
Bəlli bir müddətdir ki, ölkədə diffamasiya haqqında qanuna hazırlıq gedir ki, bu qanunun qəbulunun söz azadlığına daha böyük töhfə verəcəyi gözlənilir. Çünki bu qanun media əməkaşlarının yazdıqları məqaləyə, səsləndirdikləri fikirlərə görə həbs edilməsini əngəlləyir. Lakin söz azadlığı və bu azadlığın hüquqda təsdiqlənən statusu media əməkdaşlarını müəllifi olduqları fikrə görə mənəvi və hüquqi məsuliyyətdən azad etmir.
Əslində söz azadlığı ilə sözə, ictimai maraqlara xəyanət arasında incə və aydın bir sədd mövcuddur. Hansı ki, bu səddi “Tolstoy” səddi də adlandırmaq olar. Çünki məhz məşhur rus yazıçısı Tolstoy bu incə səddi qısa və anlamlı ifadə ilə heyrətamiz dəqqiliklə təsvir edərək deyir: “Yer üzünün-ən ağır günahı – sözlə zinalıq etməkdir!”
Bəli, söz azadlığı bu azadlıqdan sui-istifadə olunduğu elə ilk cəhddə ciddi qanun pozuntusuna, ağır məsuliyyətə, mənəvi suça çevrilir. Bu, Tolstoy dünyasına görə, yer üzünün ən ağır, ən böyük günahıdır. Odur ki, hər bir media əməkdaşı söz azadlığı məsələsində diqqətli olmalı, bu azadlığın özünün də qalan bütün azadlıqlar kimi bəlli bir sərhədə malik olduğunu unutmamalıdır. Unutmamalıdır ki, bütün günahlar və qanun pozuntuları kimi sözlə zinalıq da bumeranq effektinə malikdir və gec-tez hökmən öz sahibinə geri dönür. Həm də bütün şiddət və əzəməti ilə…
Seymur Əliyev
Yazıya 566 dəfə baxılıb