Cəbhədən cəbhəyə, yaxud, biz nədə uduzuruq?

vusalVüsal Məmmədov

Son iki günün hadisələri göstərdi ki, Azərbaycan xalqında qələbə ruhu, ehtirası və torpaqları qaytarmaq arzusu nə qədər güclüdür. Bir neçə mərkəzdən idarə olunan qrupları və onların tərəfdarlarını çıxmaqla, çoxlarının mövqeyi eyni idi: “Əsgərlərimizləyik!”, “Gərək dayanmayaydıq…”

Bu iki günlük test onun sübutu idi ki, Azərbaycan xalqı mənəvi və psixoloji cəhətdən Böyük Savaşa hazırdır. Texniki və strateji tərəfdən də öz yerində. Hərb elminə görə, hücum edən tərəfin itkiləri müdafiə tərəfindən təxminən 6 dəfə çox olur. Amma biz nə görürük? Hücum edən tərəf – Azərbaycan 12 şəhid verib, müdafiə olunan tərəfdən isə 100-dən artıq adam ölüb. Halbuki, hərb elminin nəzəriyyəsinə əsasən, tam tərsinə olmalı idi.

Bu, onu göstərir ki, istər texniki təchizat, istər planlaşdırma sarıdan Azərbaycan tərəfi ermənilərdən qat-qat üstün olub. Başqa sözlə, belə əməliyyatlar Azərbaycanın həm psixoloji, həm strateji, həm də texniki aspektlərdən Böyük Savaşa hazır olduğunu ortaya qoyur.

Amma müasir müharibə savaş meydanından çox, informasiya müstəvisində aparılır. Bax, biz buna tam hazır deyilik. Düzdür, bu dəfə xaricdən maliyyələşən bir neçə media orqanını çıxmaqla, saytlar daha təmkinli və korrekt davrandılar, demək olar ki, şayiə yaymadılar. Zəif yerimizin başqa tərəf olduğu üzə çıxdı: sosial şəbəkələr.

İnsafən demək lazımdır ki, sosial şəbəkə istifadəçilərinin də çoxu vətənpərvər və dövlətçi mövqedə idilər. Amma orada şayiələr daha asanlıqla və sürətlə yayılırdı. Məsələn, Suriyada kəsilmiş baş şəklinin `Tərtər` adı ilə paylaşılması kimi. Aydındır ki, bu şəkli dövriyyəyə buraxmaqda məqsəd dünyanın nəzərində “İŞİD-in bir tayı da Azərbaycandadır” təsəvvürünü yaratmaq, Azərbaycan xalqını terrorla assosiasiya etməkdir. Çünki indi `baş kəsmək` deyən kimi ağla İŞİD gəlir. Bəs həmişə azərbaycanlıları `terrorçu xalq` kimi tanıtmağa çalışan kimlərdir?

Təsəvvür edin, dünya mediasında əlində guya erməni başı tutmuş guya azərbaycanlıların şəkilləri yayılır… Azərbaycana bundan ağır zərbə ola bilərmi?
Şəkli paylaşan sadə insan bunu başqa məqsədlə edir, amma ortaya ayrı nəticə çıxır. Belə çıxır ki, onlar istəmədən erməni maraqlarına işləyblər.

Onları qınamalı deyil: hər bir sadə vətəndaşdan politoloji düşüncə gözləmək olmaz axı. Amma siyasi düşüncəsi olanlar, bir addım o tərəfi görməyi bacaranlar da bu işdə öz boynuna düşəni yerinə yetirməlidir. Biz savaş meydanında bu döyüşü udmuşuq, amma informasiya cəbhəsində də uda biliməyimiz üçün hər kəs özünü oranın əsgər kimi hiss etməlidir.

Bu şəkli sosial şəbəkəyə ötürən mərkəzlər onun sadə kütlənin hisslərində hansı rezonans doğuracağını əvvəlcədən hesablamışdılar. Onların yaxşı oynamağı bacardıqları sahə budur: kütlənin hisslərinə toxunub, rezonans yaradacaq tezisləri dövriyyəyə buraxmaq.

Elə tezislərdən biri də cəbhədə həlak olan şəhidlərimizlə bağlıdır: “Heyif o cavanlardan”. Deyəndə ki, “Torpağın qayıtmasını istəyiriksə, şəhid verməyə də hazır olmalıyıq”, bəziləri az qalırlar adamın gözünü deşsinlər. Ən çox verilən sual da bu olur: “Öz əzizlərinin ölməsinə razı olardın?!” BƏLİ! Guya mənim əzizlərim torpaq uğrunda ölməsələr, əbədi yaşayacaqlar?!

Nə qəribə yanaşmadır: “Heyif o cavanlara…” Hər gün neçə-neçə cavanımız qız üstündə davaya düşür, bəziləri öldürülür, bəziləri öldürüb həbsxanaya girir; bəziləri 500 eşşək gücündə olan mühərrikin gurultusundan həzz almaq üçün qazı basıb, sonra maşını vaxtında yığa bilmir; bəziləri siqaretdən ağ, o biriləri içkidən qara ciyərini zay edib, dünyaya son dəfə göz vurur; böyük bir kütlə orda-burda `taksovatlıq` eləməklə qazandığı 5-3 manatı “meqabayt”a verib, vatsapda `qız tutur`…

…Və bu cavanların heç biri heyif deyil, amma torpağı qaytarmaq uğrunda qəhrəmanlıqla şəhid olanlar heyifdir? Yox, əzizlərim, siz heyf olan cavanları yanlış yerdə axtarırsınız. Ümumiyyətlə, heyif olan cavanlar cəbhə xəttində deyil, onları görmək istəyirsinizsə, çıxın Bakıda bir az diqqətlə ora-bura baxın – özləri adamın gözünə girirlər.

Biz Türkiyədən çox mənasız şeylər öyrəndik, halbuki, ilk götürməli olduğumuz şey şəhid vermək dəyanəti olmalı idi. Şəhid verəndə başı dik tutmağı, “Vətən sağ olsun” deməyi öyrənməliydik. Bu dərsi bizə Mübariz İbrahimovun valideynləri keçmişdi axı, görünür, yaxşı əxz eləməmişik.

Mübariz İbrahimovun haqqında kimsə deyə bilərmi ki, “Gül kimi cavan idi, heyif oldu…” Onun adı çəkiləndə az qala insanlar ayağa dururlar. Tərtər əməliyyatında şəhid olanlar da qəhrəmanlardır, adları həmişə fəxrlə, hörmətlə anılacaq. Onların heç biri “heyif” olmayıb. 5 ermənini məhv edən Ruhin Qəhrəmanova necə heyif demək olar?!

Bizdə torpaq və torpaq uğrunda ölmək təfəkkürü deformasiya olunub. Cəmiyyətdə bir-birini istisna edən iki zidd fikir var: 1) “Müharibə edək, torpaqlarımızı alaq” və 2) “Uşaqlarımız ölməsin”. Bu ikisi necə eyni vaxtda mümkün ola bilər?

Azərbaycanlını ruhu döyüşə və qələbəyə köklənmiş olmalıdır. Biz tariximizin bu dövründə dünyaya gəlmişiksə, reallıqla barışmalıyıq. Və inamalıyıq ki, gələcəkdə övladlarımız müharibə şəraitində olmayan bir ölkədə yaşayacaqlar. Bunun üçün isə heç nə və heç kim “heyif” deyil.

Yazıya 660 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.