Elçibəy haqqında yazı – “Bu noğayları da balalara aparın”

16174546_268875676862718_7644805476314714163_nGözləyirdim ki, Elçibəy haqqında yazı müsabiqəsi bitsin və bu yazını yazım.

İllər öncə heç bir müsabiqəyə qatılmamağa dair özümə söz vermişəm. Səbəbi də sadədir: udan bir olur, uduzan isə otuz, qırx nəfər. Qiymətləndirmə zövq və bir az da dəb məsələsidir, sən ən gözəl yazını yaza bilərsən, amma lazımi qədər bal almazsan. Belə də olanda incikliklər, umu-küsülər olur, ara yerdə müsabiqəyə qatılaraq ikinci, üçüncü, onuncu olanların eqosu zədələnir, müsabiqənin özünün də məramına xələl gəlir.

Ən yaxşısı, ürəkdən gələn yazıları müsabiqə üçün yazmamaqdır.

Elçibəy müsabiqdənkənar şəxsiyyət olduğu üçün bu, daha çox ona münasibətdə keçərlidir. Təbii ki, yazı yarışmasına qatılanlara bir sözüm yoxdur, ancaq hesab edirəm ki, sonra nəticələrlə barışmayacaqsansa, gərək buna öncədən hazır olasan.

***

2000-ci ilin əvvəlləri idi. “Reytinq” qəzetinin rəhbəri idim. Bir gün səhər planlaşdırmasında əməkdaşlarımız Zahid Mirəlioğluna və Firudin Qədiroğluna mövzu verdik: Elçibəydən müsahibə almaq.

O zamanlar AXCP daixilində ciddi bir çəkişmə, dartışma vardı və tərəflərin açıqlamları mediada intensiv şəkildə gedirdi. Dedik, partiyanın sədri, xalq hərəkatının lideri, eks-prezident statusu daşıyan şəxs də mövqe bildirsin.

Əməkdaşlarımız bir azdan qayıdıb gəldilər ki, Bəylə danışdıq, dedi, bir şərtlə müsahibə verər ki, redaktorunuz da gəlsin.

Ona qədər biz Əbülfəz bəylə bir neçə dəfə ayaqüstü görüşmüşdük, bir neçə dəfə də telefonla danışmışdıq. Özü də bu telefon danışıqları həmişə Bəyin təşəbbüsü ilə olmuşdu, xoşuna gələn yazılarımdan sonra zəng vurur, mövqeyini, fikrini bildirirdi. Bir dəfə ABŞ səfiri Eskuderoya dair yazdığım yazıya görə zəng etmiş, onun ölkəmizdəki fəaliyyətinə verdiyim qiymətlə yüzdəyüz razı olduğunu bildirmişdi, bir dəfə də özüylə bağlı yazdığım, hətta içində tənqidi fikirlər olan bir yazıya görə zəng etmiş, gülə-gülə “o padşahlıq məsələsini çox gözəl qeyd etmisən” demişdi.

Hələ də aktual olan mövzuya dair yazdığım həmin yazıda belə bir ifadə vardı ki, Elçibəyin öz hakimiyyətini Heydər Əliyevə qəsdən ötürdüyünə dair mülahizələr çox da inandırıcı deyil, çünki indiki dövrdə qardaş-qardaşa İH başçısının kənd nümayəndəsi vəzifəsini güzəştə getmir, kim öz padşahlığını könüllü şəkildə bir başqasına verər… Bu, bir az satirik, bir az da loru ifadə Bəyin xoşuna gəlmişdi.

2000-ci ilin əvvəllində əməkdaşlarımızla birlikdə Elçibəyin “Karl Marks”dakı evinə yollandıq. Bizi eks-prezidentin köməkçisi Əli Mürsəloğlu qarşıladı. Olduqca mütəvazi bir ev idi – sanki ev yeni alınıb, hələ içinə əşyalar daşınmayıb. Biz masada üzbəüz əyləşdik, gündəmdəki hadisələrə, AXCP-nin daxilindəki duruma dair geniş söhbət apardıq. Bəy suallarımıza əhatəli cavablar verdi, səmimi danışdı, səmimi ola bilməyəcəyi yerdə sadəcə susdu, biz də anladıq ki, hələ bu suala cavab verməsinin zamanı gəlməyib.

Müsahibə başa çatdı, diktofonları söndürdük, çay içməyə başladıq. “Bunu Təbrizdən göndəriblər, noğaydır, çayı bununla için” dedi bəy. İçdik. Arada Zahid Mirəlioğlu sufilikdən söz saldı, hətta bu mövzunu ölkədə ən yaxşı bilən Elçibəylə mübahisəyə girişdi. İşarə etdim ki, Zahid, gəl bu mövzuda dərinə getməyək. Amma Elçibəy gördü, dedi, niyə ki, qoy nə fikri var, desin. Sonra o bu mövzuda geniş danışdı.

Söz döndü, dolaşdı, ölkə siyasilərinin üstünə gəldi. Elçibəy heç vaxt güvənilməyəcək beş adamın adını çəkdi, dedi ki, o adamlara güvənmək, onlara hər hansı bir sirr vermək, onlarla səmimi olmaq olmaz, çünki elə ertəsi gün mətbuat konfransı keçirib eşitdiklərinin hamısı aləmə car çəkəcəklər. Üstündən 18 il keçib və Elçibəy həmin adamlara dair bir misqal da yanılmayıb. Elə də qalırlar.

Söhbət əsnasında Elçibəy mənim özümü çətin duruma saldı, gülümsər çöhrə ilə dedi, bilirəm, müsavatçısan, İsa Qəmbərin silahdaşısan, amma məni çox istəyirsən, seçim qarşısında qalsan, kimi seçərsən. Özümü “əmini çox istəyirsən, yoxsa dayını” sualı qarşısında kərəvəngə qalan uşaq kimi hiss etdim, amma durumdan belə bir ifadə ilə çıxmağa çalışdım: “Bəy, ikiniz də müdrik şəxsiyyətsiniz, ümidvaram ki, məni və mənim kimi düşünənləri heç vaxt belə bir seçim qarşısında qoymayacaqsınız”. Elçibəy ciddiləşdi, köks ötürdü və dedi: “Düz deyirsən… düz deyirsən”.

Söhbətimiz çox uzandı, amma axırda başa çatdı. O bizi qapıya qədər ötürdü. Bir az da kandarda durub söhbət elədik. Qapıdan çıxmaq istəyəndə dedi, bir dəqiqə dayanın. Dayandıq. Azərbaycan Respublikasının ikinci prezidenti içəri otağa keçdi, əlində bir ovuc noğay külçəsiylə qayıtdı, bizə verdi və dedi: “Bunu da balalara aparın”…

Bu, bizim üzbəsurət oturub danışdığımız son görüşümüz oldu. O görüşdən xatirə olaraq bir cüt fotoşəkil qalıbmı, qalmayıbmı, heç onu da bilmirəm.

P.S. Zahid Mirəlioğlu, biz o müsahibəyə fotoaparat aparmışdıq axı…

Yazıya 643 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.