Əsəd Cahangir – Budu, şah gəlir, şah gəlir!

36063135_1446210445525707_5726921143516921856_n

(Bu gün Əbülfəz Elçibəyin doğum günüdür! Mənə elə gəlir ki, ruhu Cənnətə varid olanda mələklər onu bu nəğməylə qarşılayıb. )

Bülbül uçur yuvasına,
Budu, şah gəlir, şah gəlir!
Süzür eşqin havasına,
Budu, şah gəlir, şah gəlir!
Çərxi-fələk savaşından,
Budu, şah gəlir, şah gəlir!
Cəhənnəmin o başından
Budu, şah gəlir, şah gəlir!

Nə enlidir kürəkləri,
Rəşidilər soyundandır.
Atı yorur küləkləri,
Düldül, Rəfrəf suyundandır.
Mat qoyubdur fələkləri,
Bir şah gəlib – oyundandır.
Nə gediş gedir – şah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Adı haqdan baratlıdr,
Haqqa nur saçır bu kişi!
Nə tanrısal qanadlıdır,
Uçduqca uçur bu kişi!
Səməndərlər soyadlıdır,
Yanır – gül açır bu kişi!
Yoxsa Xəlilullah gəlir!
Budu, şah gəlir, şah gəlir!

Gəzib-gəzib bir gül seçib –
Əlindəki silaha bax!
Doqquz qat göylərdən keçib –
Başındakı külaha bax!
Göz yaşını qanlı içib –
Çiynindəki günaha bax!
Dərya-ümman günah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Keşikçidir Günəşlə Ay,
Min huri-qılman gözləyir.
Açıb qapını taybatay,
Nə vaxtdı Rizvan gözləyir.
Düzülübdür o tay-bu tay,
Cümlə müsəlman gözləyir.
Görüşünə dərgah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Şükür olsun, o başdannan
Cənnətlərə çatasıdır.
Vüsal havasını başdan,
Nə silən, nə atasıdır.
Hələ ata olmamaışdan,
Fəzilətin atasıydı.
Nəimə Fəzlullah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Haqqa verib həyatını,
Dolub haqqın yarağına.
Alıb Elçi soyadını,
Düşüb eşqin sorağına.
Tanrı yazıb gül adını,
Kitabının qırağına.
Salamına Allah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Bizlərdə haqqın yolunu,
Şirin candan keçən bilər.
Cahil gül bilər kolunu,
Gül butanı içən bilər.
Qoyub mübarək qolunu,
Onu padşah seçən bilər.
Şah nədir, şahənşah gəlir,
Budu, şah gəlir, şah gəlir!

Hurilər, daraq götürün,
Darayın yorğun telini.
Qılmanlar, varaq götürün,
Yazın ayını, ilini.
Kim nə istəyir – bitirin,
Haqq açıb bu gün əlini.
Gəlir, haqqa pənah, gəlir,
Budu, şah gəlir, şah gəlir!

Yazıya 975 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.