Hər səhər açılar bir ismarışa
Yaxın gələcəkdən gələn istəyə.
Günlər də insanlar kimi yarışar
Günlər də tarixdə qalmaq istəyər…
Ay doğur, gün doğur, doğanlar bilər
Yoxdan var olanlar yox olmur yəqin.
Əbədi yaşayır böyük sevgilər,
Doğan, özü üçün doğulmur yəqin.
Kimə zövq verəcək boyu-buxunu,
Kimə dərd! Bir dərd ki, çəksən çəkilməz.
Doğar, kimin üçün doğulduğunu,
Çox zaman doğulan özü də bilməz.
Məhəbbət dilimi bildiyin lisan,
Könül genişliyin göyün əngini.
Doğulduğu günü doğmaz ki, insan
Doğar, sevən günü, sevilən günü…
Arada boşuna qürbət baş qatar,
Eşqin nuru düşsə könül evinə;
Sənin ad günündə səndən başqa da
Əyər səni qədər varsa sevinən.
Ömründə, günündə sirr düyün-düyün,
Açsan da açılmaz indi bəlkə də.
Adi gün deyildi sən doğulan gün
Eşqin doğuldu gündü bəlkə də…
Bir eşqin oduna verdin ömrünü,
Yoxsa gözlədiyin o gün bu gündü.
Bəlkə də dünyanın ən gözəl günü
Sevdiyin adamın doğduğu gündü…
Yazıya 780 dəfə baxılıb