Şair qardaşımın yazılarını izləyir, kitablarını oxuyr, uğurlarına sevinirəm; imkan düşəndə Türkiyədə, Azərbaycanda görüşürük. Bu günlərdə mətbuatda bir narazılığı gözümə dəydi. Şerinin başqa bir müəllif tərəfondən mənimsənilməsinə etirazını bildirmişdi. Məktub yerinə bu şeiri yazdım…
***
Bir ovuc dən getmiş söz xırmanından,
Burda haq aranmaz, haq gəzən kişi!
Düzlük də qismətdir, azır çox zaman,
Ay əyri dünyada şax gəzən kişi!
Sənə ümidini yedirtdi Ana
Savaş aclığında tox gəzən kişi!
İlhamla gərilmiş şerin yayına
Hər gün misra-misra ox gəzən kişi!
İlantək ölümün üstünə uçan,
Əzrayıl ovcunda sağ gəzən kişi!
Tanrıdan nurlanan verməz şərə can,
Ay qaradan keçib ağ gəzən kişi!
Çoxdan görüşmürük, sozalır ocaq,
Yaş artır, qarşıda zaman azalır.
Ürəyə dammaqdan yazırdın bir vaxt,
Daha qəlbimizə daman azalır…
Dörd fəsil sıxılıb qış ilə yaya
Bərəkət gəturən duman azalır.
Sızıltı sırınır sazlı dünyaya,
Harın haraylarda kaman azalır.
Kənarda başına dönür sevənlər,
Bizə evimizdə yanan azalır.
Qanını sorsa da qürbətdə kədər,
Nə ürək yorulur, nə qan azalır!..
Ay söz milyonçusu, söz oliqarxı,
Şerin də öz xumsu, zəkatı varmı?
Nə olsun əl açıb üzünə baxır,
Sədəqə bir fikrin muradı varmı?
Bərəkət haqdandır ehsan verənə,
Yük çatıb getməyə öz atı varmı?
Sərçə yelpiyiylə qoşulsun sənə,
Qartal uçuşuna qanadı varmı?
Deyək ki, sözünlə açdı bir qapı,
Min ürək açmağa inadı varml?
Hər ağac gücünü kökündə tapır,
Kəsilən budağın həyatı varmı?
Bülbül yuvasıydı o kirayə ev,
Biz də pərvazlanan iki nəğməsi.
O cavan Məmməd də ğocaldı, heyif,
Di gəl, cığallığa bəhanə gəzir..
Qaranlıq dərələr kəssə yolları,
Onsuz da bəyazdır sözün zirvəsi.
Boğar bazarında milyonçuları
Bir kasıb şairin haq deyən səsi.
Yoluna göz dikib yenə də daglar.
Səninçin darıxır Əsrik dərəsi,
Hər evdən bir sazın sifarişi var,
Deyir Sabiri də götürüb gəlsin!..
5.08.2018
Yazıya 726 dəfə baxılıb