Azərbaycan filoloji elminin tanınmış nümayəndələrindən biri olan Əli Sultanlı Qərbi Avropa ədəbiyyatı ilə 30-cu illərdən etibarən Bakı Dövlət Universiteti “Xarici ədəbiyyat” kafedrasının müəllimi kimi məşğul olmağa başlamışdır. Sırf qədim yunan ədəbiyyatına aid onun ilk elmi işi 1946-cı ildə (“Antik dövrdə bədiyyat və ədəbiyyatşünaslıq məsələləri”), son işi isə 1959-cu ildə (“Roma ədəbiyyatı müntəxabatı”) işiq üzü görmüşdür. Alimin bu sahədə fəaliyyətinin əsas istiqaməti dərslik hazırlamaq, eyni zamanda antik ədəbiyyatın tədrisi ilə məşğul olmaq idi. Qeyd etmək lazımdır ki, ondan daha öncə bu işlə kifayət qədər sistematik məşğul olan digər Azərbaycan alimi Əkbər Ağayev idi və onun 1938-ci ildə “Yunan ədəbiyyatı tarixi oçerkləri” dərsliyi işıq üzü görmüşdü. Yeri gəlmişkən, Ə. Ağayev dərsliyini hazırlayarkən ittifaq ərazisində bu sahədə təcrübənin az olmasından şikayətlənə bilərdisə, Ə. Sultanlının belə şikayətlər üçün heç bir əsası yox idi, belə ki, 1930-cu illərin sonlarından başlayaraq, 60-cı illərə qədər bu sahədə bir-birinin ardınca müxtəlif müəlliflərin dərslikləri işıq üzü görmüşdü (məs., Deratani N.F. Antiçnaya literatura,1938; Radsiq S.İ. İstoriya drevneqreçeskoy literaturı, 1940; İstoriya qreçeskoy literaturı (Red. koll.), 1946; İstoriya qreçeskoy literaturı (Red. koll.), 1955; Boruxoviç V. Oçerki po istorii drevneqreçeskoy literaturı klassiçeskoqo perioda, 1957; Tronski İ.M. İstoriya antiçnoy literaturı, 1946 və s.). Bundan əlavə, alimin yaradıcılığı ilə yaxından tanış olarkən, onun antik ədəbiyyata dair yazdığı elmi işlərə, xüsusilə “Antik ədəbiyyat tarixi” (1958) dərsliyindəki bir çox məqalələrə A.M. Mudrovun güclü “təsir” buraxdığını görməmək mümkün deyil. Əfsuslar olsun ki, bu alimin həyat və fəaliyyəti haqqında məlumatlarımız çox azdır. Yalnız onu deyə bilərik ki, o, BDU-nun ilk buraxılış məzunlarından biri olmuşdur (1925-ci ilədək Universiteti bitirmişdir). Ə. Sultanlı “Filologiya fakültəsinin tarixindən” məqaləsində 1930-cu ildə “Dil və ədəbiyyat” fakültəsi yeni təşkilatlanma prosesi keçirərkən, oradakı kafedraların tərkibi haqqında məlumat verir və bu zaman “Qərbi Avropa ədəbiyyatı” kafedrasında prof. Ə. Sultanlının və dos. A.M. Mudrovun adlarını çəkir. Onu da nəzərə almaq lazımdır ki, hələ çar Rusiyası dövründə fəlsəfə və klassik filologiya sahəsində tanınmış alimlərdən biri olan Vyaçeslav İvanov məhz Mudrovun təhsil aldığı illərdə universitetimizdə antik ədəbiyyatdan dərs deyirdi. Ona görə bu alimin peşəkarlıq səviyyəsini təyin etmək o qədər də çətin deyil. A.M. Mudrovun “Roma ədəbiyyatı müntəxabatı”na daxil olmuş məqalələri də onun bu sahədə dərin savada malik olduğunu sübut edir. Alimin qələmindən çıxmış məqalələr öz nəzəri səviyyəsinə görə klassik filologiya sahəsində bu günə qədər Azərbaycanda yazılmış bir çox elmi işlərdən üstündür.
Azərbaycanda 50-ci illərin sonlarında antik ədəbiyyatın tədrisi işini keyfiyyətcə yüksəltmək məqsədini qarşıya qoyan iki böyük hadisə baş verdi. 1958-ci ildə “Antik ədəbiyyat tarixi” dərsliyi (redaktor C. Cəfərov), 1959-cu ildə isə “Roma ədəbiyyatı müntəxabatı” (redaktor Ə. Ağayev) nəşr olunaraq tələbələrin, həmçinin bu sahə ilə maraqlanan geniş elmi ictimaiyyətin ixtiyarına verildi. Hər iki dərsliyin Azərbaycanda klassik filologiya sahəsinə marağın yüksəlməsinə böyük təsiri olsa da, onların heç biri, əlbəttə, elmi-tədqiqat xarakteri daşımırdı. Hər iki dərslik filologiya fakültəsində oxuyan tələbələr üçün nəzərdə tutulmuş, antik ədəbiyyatdan keçilən dərslərin proqramına uyğun hazırlanmışdı. Nəhayət, bu dərsliklərin ümumi cəhətlərindən biri də hər iki dərsliyin tərtibçisinin Ə. Sultanlının olması idi. Bəli, biz təsadüfi olaraq “tərtibçi” ifadəsini işlətmədik. Belə ki, Ə. Sultanlı “Antik ədəbiyyat tarixi” dərsliyinin müəllifi deyil, məhz tərtibçisi adlandırılsa daha doğru olar. Fikrimizi sübut etmək üçün hər iki dərsliyi müqayisəli təhlilə cəlb etmək zərurəti var .
Ilk növbədə qeyd etmək lazımdır ki, hər iki dərslikdə verilən məqalələrin ümumi səviyyəsi o dövrə qədər sovet Azərbaycanında antik ədəbiyyat sahəsində yaradılmış bütün məqalələrin səviyyəsindən xeyli yüksəkdir. Biz artıq bu dərsliklərdə əvvəlki kobud, tez-tez təkrarlanan nöqsanlara rast gəlmirik. Nöqsanlar çox azdır və əsasən kitabın I hissəsində (“Yunan ədəbiyyatı”) müşahidə olunur. Əvvəlki dərslik ənənəmizdə üzə çıxan ciddi metodoloji qüsurlara da rast gəlinmir. Məs., bəhslər kifayət qədər kiçik dövrləri ehtiva edir ki, bu da bir tərəfdən müəllifə həmin bəhslərdə toxunulan mövzunu daha dərindən işləmək imkanı yaradır, digər tərəfdən tələbələrin materialı daha asan qavramasına kömək edir.
Lakin “Antik ədəbiyyat tarixi”nin bir mühüm cəhəti vardır ki, o ümumikdə qeyri-peşəkar səviyyədə klassik filologiya ilə məşğul olanlar üçün spesifik əlamətdir. Dərslikdə plagiat halları mövcuddur.
Qeyd etmək lazımdır ki, Ə. Sultanlının antik ədəbiyyata dair yazdığı elmi işlərinin sonunda ədəbiyyat siyahısı nədənsə göstərilmir. Bunu bir alim kimi onun başlıca nöqsanı hesab etmək olar. Bundan əlavə, “Roma ədəbiyyatı müntəxabatı”nın “İlk söz”ündə Ə. Siltanlı “tərcüməçilərə və bəzi məqalələrin müəlliflərinə” öz təşəkkürünü bildirsə də, həmin müəlliflərin adlarını və onların konkret olaraq Müntəxabatın hansı məqalələrini yazdıqlarını göstərmir. Yalnız dərsliyin “Mündəricat”ında cəmi üç yazının qarşısında A.M. Mudrov imzası verilmişdir.
Əvvəlcə bu hissələr haqqında. Müntəxabatda A.M. Mudrov imzası ilə gedən ilk yazı “Respublika dövründə Roma ədəbiyyatı”dır. Bu bəhs eyni adlı başlıqla Ə. Sultanlının “Antik ədəbiyyat tarixi” dərsliyində “Roma ədəbiyyatı” hissəsində getmişdir. Hər iki dərslikdə verilən yaziların tamamilə eyni olmalarını əyani şəkildə göstərmək üçün aşağıdakı sitatları gətiririk.
Müntəxabatda: “Yunan cəmiyyəti kimi, Roma quldarlıq cəmiyyəti də bir sıra inkişaf mərhələri keçirmiş, lakin Engelsin təbirincə, burada “bütün proseslər yeni yüksək pillədə təkrar olunurdu”. Yunan cəmiyyəti üçün xarakter olan ziddiyyətlər Roma cəmiyyəti tarixində, xüsusən Roma imperiyası dövründə ən kəskin ziddiyyətlərə keçir ki, bu da Antik quldarlıq cəmiyyətinin məhvinə səbəb olur” (A.M. Mudrov).
Dərslikdə: “Yunan cəmiyyəti kimi, Roma quldarlıq cəmiyyəti də bir sıra inkişaf mərhələri keçirmiş, lakin Elgelsin təbirincə, “bütün prosesi daha yüksək pillədə təkrar” etmişdir. Yunan cəmiyyəti üçün səciyyəvi olan ziddiyyətlər, Roma cəmiyyəti tarixində, xüsusilə imperiya dövründə ən kəskin şəkil alaraq quldarlıq ictimai quruluşunun məhvinə səbəb olmuşdur” (Ə. Sultanlı).
Redaktə xarakterli düzəlişləri nəzərə almasaq, eynilik göz qarşısındadır.
Müntəxabatda A.M. Mudrovun imzası ilə gedən ikinci bəhs “Avqust əsrində Roma cəmiyyəti və mədəniyyəti” adlanır. Ə. Sultanlının “Antik ədəbiyyat tarixi”ndə isə bu bəhs “İmperiya dövründə Roma ədəbiyyatı” fəslinin “Müqəddimə”si kimi getmişdir. Burada dəyişikliklər əvvəlki bəhsə nisbətən çoxdur. Lakin bu dəyişikliklər ümumilikdə yazıya əlavə yenilik gətirmir, onu keyfiyyət baxımından yüksəldə bilmir. Dərslik müəllifi sadəcə A.M. Mudrovun məqaləsində qeyd olunan məqamları öz cümlələri ilə yenidən qələmə almışdır. Konkret nümunə:
Müntəxabatda: “Senat tərəfindən “Avqust” adlandırılan Oktavianın təsis etdiyi dövlət quruluşu əslində Roma quldarlıq cəmiyyətinin bütün qüvvələrinin birləşdirilməsi məqsədini güdən hərbi diktatura idi” (A.M. Mudrov).
Dərslikdə: “Avqust” adı ilə tarixə daxil olan Oktavianın Romada yaratdığı ictimai quruluş, əslində quldarlıq cəmiyyətinin bütün qüvvələrini bir mərkəzdə birləşdirmək məqsədini güdən hərbi diktatura idi” ( Ə. Sultanlı).
Ə. Sultanlının A.M. Mudrova məxsus məqalələri necə dəyişdiyini aşağıdakı sitat daha aydın göstərir.
Müntəxabatda: “Avqust həmin dövlət quruluşunu birdən-birə yaratmamış; Roma imperiyasında xalq məclisi, senat, konsullar, tribunlar və b. bir çox köhnə vəzifələr kimi bir çox respublika orqanları formal olaraq uzun müddət yaşamışdır. Lakin bu respublika formaları Avqustun rejimi üçün yararlı olmadığına görə Avqust ardıcıl olaraq bir neçə müəyyən islahat yolu ilə tamam hakimiyyəti öz əlinə alır” (A.M. Mudrov).
Dərslikdə: “Dövlət idarə üsulunu dəyişdirməkdə isə Oktavian tələsmirdi, tədriclə hərəkət edirdi. Buna görədir ki, yeni nizam-intizam şəraitində senat, konsullar, tribunlar və b. bu kimi bir çox respublika orqanları və vəzifələri formal olaraq uzun müddət saxlanılmışdır. Halbuki, bu respublika orqanları Avqust rejimi üçün yararlı deyildi. Avqust bir sıra islahatlar, yeni qanunlar vasitəsilə yavaş-yavaş bütün hakimiyyəti öz əlinə alır” (Ə. Sultanlı).
Müntəxabatda “Eramızın I əsrində Roma cəmiyyəti və onun mədəniyyəti” adlı bəhs A.M. Mudrovun imzası ilə gedən üçüncü məqalədir. “Antik ədəbiyyat tarixi” dərsliyində “Roma ədəbiyyatında “Gümüş dövr” başlığı ilə gedən bəhslə yaxından səsləşir. Burada da Ə. Sultanlı birbaşa köçürmə yolu ilə getməmiş, A. Mudrovda qeyd olunan başlıca hissələri kiçik dəyişikliklərlə öz dərsliyinə daxil etmişdir.
Beləliklə, adı çəkilən 3 fəslin istər “Antik ədəbiyyat tarixi” dərsliyində, istərsə də 1959-cu il Müntəxabatında A.M. Mudrova məxsus olması heç bir şübhə doğurmur. Lakin məsələ bu 3 məqalə ilə də qurtarmır. Böyük ehtimalla deyə bilərik ki, Müntəxabatda gedən bütün bəhslər A.M. Mudrova məxsusdur. Digər məqalələr imzasız verildiyindən, belə çıxır ki, onlar tərtibçinin, yəni Ə. Sultanlınındır. Bunun əksini, yəni yazıların Ə. Sultanlıya deyil, A.M. Mudrova məxsus olduğunu başa düşmək üçün bir qədər diqqətli olmaq yetər. Müntəxabatda imzalı verilən 3 fəsillə imzasız gedən digər fəsillərin stilistikası, daxili strukturu eynidir. A.M. Mudrovun yazıları öz yüksək elmi-nəzəri səviyyələri ilə fərqlənir. Adətən o, hər hansı antik müəllif haqqında yazırsa, əvvəlcə həmin ədibin həyatı və dövrü haqqında qısa məlumat verir. Bu hissənin yığcamlığına baxmayaraq, orada oxucu üçün gərəkli olan bütün məlumatlar əhatə edilir. Sonra bütünlükdə ədibin yaradıcılığına həsr olunmuş hissə gəlir ki, burada antik əsərlərin adlarını çəkir, onların məzmunu haqqında danışır, ən məşhurları isə ciddi təhlilə cəlb edilir. Təhlildən sonra həmin ədibin yaradıcılığına xas olan spesifik əlamətlər bir-bir göstərilir, bu əlamətlərin tələbə üçün başa düşüləcək formada izahı verilir, onların dövrlə, konkret ictimai-siyasi quruluşla əlaqələri unudulmur. A.M. Mudrov həmçinin antik ədəbi nümunələrin dilinə də xüsusi toxunur, bu dilin özünəməxsusluğunu, folklor və ya klassik, təntənəli ədəbi üslubla bağlılığını aşkarlayır. Çox güman ki, Mudrov qədim yunan dilindən xəbərdar olmuşdur. Belə ki, qədim abidələri orijinaldan oxuya bilməyən alim onların dili haqqında belə sərbəst təhlil verə bilməzdi. A.M. Mudrov qələminə xas olan bu xüsusiyyətləri biz “Roma ədəbiyyatı müntəxabatı”na daxil edilmiş bütün bəhslərdə aşkar görürük. Bu bəhslər “Antik ədəbiyyat tarixi”nin “Roma ədəbiyyatı” hissəsində də eynilə təkrarlandığından, biz dərslikdə bu hissənin Ə. Sultanlıya deyil, A.M. Mudova məxsus olduğunu qətiyyətlə söyləyə bilərik.
“Antik ədəbiyyat tarixi”nin birinci “Yunan ədəbiyyatı” hissəsi haqda da bir neçə kəlmə deməyə ehtiyac var. Ə. Sultanlının antik ədəbiyyata və müəlliflərə həsr etidiyi ən uğurlu yazıları nəzərdən keçirərkən bəzi spesifik xüsusiyyətlər aşkarlanır. A.M. Mudrovdan fərqli olaraq, o, antik ədiblərin həyatları haqqında adətən geniş məlumat verməyə çalışır, bu sahəyə aid bütün folklor mənbələri, miflər bir-bir xatırlanır. Çox zaman müəllifin yaşadığı dövr haqqında da geniş məlumat verilir, lakin bunlar sırf tarixi xarakter daşıyır, ədibin yaradıcılığı ilə əlaqələndirilmir. Yaradıcılığa gəldikdə isə burada təhlil deyil, təsvirçilik hökm sürür. Belə ki, bütün əsərlərin təfsilatı ilə məzmunları verilir. Sırf məzmunun təsvir edilməsinə neçə-neçə səhifələr həsr edilir, təhlil isə ya heç yoxdur, ya da çox qısa və səthidir. A.M. Mudrovdan fərqli olaraq, Ə. Sultanlı antik ədəbi nümunələrin dili haqqında adətən çox qısa, bir neçə səthi məlumat verməklə kifayətlənir. Bu tip yazılar dərsliyin “Yunan ədəbiyyatı” hissəsində (Homerə, Hesioda, yunan faciəsinə və komediyasına, qədim yunan lirikasına həsr olunan fəsillər) aşkar şəkildə müşahidə olunur. “Yunan ədəbiyyatı” hissəsinin Ə. Sultanlıya məxsus olmasını daha bir əlamət sübut edir. Əgər “Roma ədəbiyyatı” hissəsində Roma ədəbiyyatının bütün dövrləri və bu dövrlərdə fəaliyyət göstərən məşhur ədiblər əhatə olunmuşdursa, dərsliyin “Yunan ədəbiyyatı” hissəsində biz bunu görmürük. Müəllif burada ədəbiyyat tarixini “Ellinizm dövrü”nə qədər gətirib çatdırır, Roma dövründə yunan ədəbiyyatı haqqında, bu dövrün Plutarx, Lukian, Yunan romanı kimi böyük bəhsləri haqqında heç bir məlumat verilmir.
Deyilənlərdən məlum olur ki“Antik ədəbiyyat tarixi” dərsliyinin müəllifi yalnız Ə. Sultanlı deyil, həm də A.M. Mudrovdur. Maraqlıdır ki, Ə. Sultanlının Dövlət arxivində saxlanılan Fondunda dərsliyə daxil olmuş heç bir məqalənin qaralaması, yaxud makinada yazılmış variantı yoxdur. Bu da, fikrimcə, onun müəllifliyi ilə bağlı irəli sürdüyümüz şübhələri təsdiqləyən ən güclü arqumentdir.
Yazıya 1025 dəfə baxılıb