Ölüm ac idi, ov axtarırdı yeyib canını rahatlatsın. Kimsə yolunun üstünə çıxıb, ona yem olmaq istəmirdi.
Canına xof düşənlər ya həkimə qaçır, ya onu qapısından it kimi qovur, ya da yalvarıb – yapışıb möhlət alırdılar. Ölüm başını itirmişdi. Axı onun da planı vardı. O da kiminsə həyatına son qoyub yaşamalıydı.yoxsa adı Ölüm olmazdı .
Axtarıb – axtarıb acından lap nəfəsi kəsiləndə, yüngülcə öskürən Zərqələm arvadı yaxaladı. Yapışdı xirtdəyindən ki, bəs səni öldürəcəm. Qadın qorxub çəkinmədən Ölümün üzünə gülümsədi. Belə gülümsəmə Ölümün çox xoşuna gəldiyliindən az qaldı qadının canını anındaca alsın.
Zərqələmin oğlu telefonla oynayırdı. Anasının öskürməsini duyan kimi özünü Ölümdən bir addım qabaq yetirdi,təlaşla soruşdu:
– Sənə noolub ana, xəstələnmisən? Öskürürsən?
Ana xəfifcə dilləndi:
– Hə, qadan alım…
– Bu saat, bu saat deyib oğlu aptekə cumdu.
Ölüm bir anlıq çaşıb kənara sıçradı.
Oğlu əlində siroplar, öskürək həblərı, boğaza fıskırtma dərmanları ilə geri döndü.
Siropu və həbləri aptek həkiminin dediyi qaydada anasına içirdi, boğazına da dərman fıskırtdı, yatağına uzatdı:
– İndi yaxşısanmı, ana, dedi.
– Hə, qadan alım… Zərqələm başını yırğaladı.
Oğlu arxayınca otağına keçdi. Telefonla xeyli məşğul olandan sonra dərin yuxuya getdi.
Zərqələm uzun illər məktəbdə xadimə işləmişdi. Bir neçə ay əvvəl pensiyaya çıxıb, işdən azad olmuşdu. Ömrünün qalan hissəsini rahat yaşamağı düşünürdü.
Onun bəxti əvvəldən gətirməmişdi. Kiçik yaşında ərə vermişdilər. İki qızı, iki oğlu dünyaya gələndən sonra, 20 yaşında işləmək məcburiyyətində qalmışdı. Qoçaqlığı, təmizliyi, üzüyolalığıyla hörmət qazanmışdı.
Qohum – qonşunun ağır işlərini görmək üçün özünü hamıdan tez yetirərdi.
Zərqələmin əri cavanikən dünyasını dəyişmiş , uşaqlarını çətinliklə böyütmüşdü.
İki qızını köçürüb, bir oğlunu evləndirmişdi. Nəvələrini canından artıq istəyirdi.
Ancaq bu qadının kiçik oğlu sarıdan gədəri, nisgili heç azalıb yox olmadı.Çünki, oğlu əsgər gedib Rusiyadan geri dönməmişdi. İlk illər ara- sıra xəbəri gəlir, məktublaşırdılar. Sonralar əlaqə kəsilmiş, öldüsündən, qaldısından xəbər çıxmamışdı.
Böyük oğlu imkanı daxilində nə qədər soraqlayıb axtarsa da, nəticə səhih xəbərlə bitmədi.
Bacıları, qardaşı , itkin qardaşlarından əllərini üzsələr də, ananın ümidi tükənib yoxalmadı. Daim ürəyində oğlu ilə danışdı, onu gözlədi, dərdlədi və dərdini kimsəylə bölüşmədi.
Gecəyarı Zərqələmin öskürəyi bərkidi. Nəfəsi daralanda gəl , gəl, qadan alım, gəl ananı gör, deyib göz yaşlarını yorğan – döşəyə səpələdi. Bu yaşlar gözlərindən deyil, sanki ürəyindən çıxırdı.
Öskürəyi səhərə yaxın azalsa da, boğazında kəskin ağrı hiss elədi. Sanki udlağını qaynar şişlə dağlayıb, yerinə duz basmışdılar. Udqunanda ağrının şiddətindən hətta itkin oğlunu da yaddan çıxarırdı.
Səhər oğlu da, gəlini də əllərində telefon kiminləsə danışa – danışa o yatan otağa keçdilər. Telefon söhbətlərini qurtarıb halını soruşdular :
– Necəsən ana? Yaxşısanmı?
Bunu oğlu dedi.
– Bir az yaxşısanmı ana, axşam yorulmuşdum, yanına keçə bilmədim, bunu da gəlini söylədi.
– Sağ olun, qadanız alım, qadının səsi xırıldadı.
Oğlu cəld dünən aldığı həblərdən, siropdan anasına içirtdi. Xəstə rahat nəfəs aldı. İşarəylə bildirdi ki, boğazı ağrıyır.
Oğlu dərhal boğaz ağrısı dərmanı üçün aptekə tələsdi.Yenə əlində bir sellafon torba dərmanla geri döndü.
Öz əliylə boğaz ağrısına aid dərmanları birbəbir anasına içirtdi. Üstündən də ağzına sorma dərmanı qoyub dərindən nəfəs aldı. Gülümsünüb söylədi:
– Ana, tezliklə sağalacaqsan. Dərmanların hamısı xeyirlidi, aptekçinin məsləhəti ilə aldım. İkicə dəfə içsən ayağa duracaqsan.
Oğlu işini və sözünü bitirib ,tezcə telefonunu açdı yarımçıq
oyununa davam elədi.
Gəlin telefondan ayrılıb dünəndən bişirdiyi yarpaq dolmasını isitdi. Ərinə, oğluna və qızına xörək çəkdi.
Dolmanın ətri xəstənin ürəyini bulandırır, olmayan iştahasını tamam küsdürürdü.
Gəlin bir boşqab dolmanı da xırda mizin üstündə qaynanasının qabağına qoydu. Qadın başını qaldırmadan , götür, qadan alım, yemirəm , dedi.
Bunu gözləyirmiş kimi gəlin alıcı quş kimi boşqabı götürüb öz qabağına qoydu. Kiçik oğlunu da qucağına alıb ləzzətlə dolmaya girişdi.
Xəstə başını bərk – bərk yorğana bürüyüb gözlərini yumdu. Günortaya kimi heç nədən, heç kimdən xəbəri olmadı.
Dolma qazanda qurtarmamışdı. Hələ bir dəfə də bütün ailə yeyə bilərdi. Gəlin buna arxayınlanıb anasıgilnən, rəfiqələriynən vatsapda həvəslə yazışırdı.
Naharda oğlu telefonla ucadan danışa – danışa içəri girdi. Kiminləsə xeyli mübahisə edib kiridi. Anasının yatağından qalxmadığını görüb təəccüblə soruşdu : – Ana, bəs sağalmadın? Yaxşı deyilsən? Nooldu ey sənə? Bir azca yaxşısan eləmi?
Xəstə zəif səslə : – Yaxşıyam qadan alım, mızıldanıb susdu.
*Yaxşıyam* sözündən sevinən oğul telefon söhbətinin davamına başladı . Qurtaran kimi anasının dərmanlarını bircə – bircə içirtdi. Xəstə dərmanları qeyri – ixtiyari içdikcə, pusquda duran Ölümün hirsi başına vurur, az qalırdı dərmanları torbasıyla birlikdə zibil qutusuna atsın.
Ancaq oğul dərmanları özü içirir, heç arvadına da etibar etmirdi. Ona görə Ölümün oğuldan zəhləsi gedirdi. Əlacı olsaydı əvvəl onun canını alar, sonra anasının xirtdəyinə çökərdi. Lakin oğulun Ölümə can verən vaxtı çatmamışdı.
Günorta yemyinə yenə yarpaq dolması gəldi. Gəlin iri boşqabla dolu dolmanı qaynanasının qabağına qoyulmuş mizin üstünə tolazladı. Qadın başını qaldirmadan , götür a bala, dedi, mən yemirəm.
Gəlin bu sözləri gözləyirmiş kimi boşqabı qamarlayıb, öz qabağına qoydu. Kiçik oğlunu qucağına alıb yeməyə soxuldu.
Oğul yeyə – yeyə telefonda nəyəsə baxır, arada öz – özünə gülümsəyir, gah da hirslənirdi. Uşaqlar da yeməklə məşğul idilər.
Ananın ürəyi heç nə istəmirdi. İştahası pozulmuşdu. Cənnətdən meyvə gəlsəydi dönüb üzünə baxmazdı. Fikirləşirdi…
Yaşı altmışı keçib. İndən belə yaşayıb nə məna kəsb edəcək, axı…
Uzaqda olan oğlundan da əli üzülüb, lakin ümidi kəsilməyib. Elə ölməyi məsləhətdi. Ölsə nigarançılıqdan canı qurtarardı.
Gəlinin əli – ayağı yerə dəymirdi.Ölümlə sazişə giribmiş kimi qadının son nəfəsinin çıxmasını səbirsizliklə gözləyirdi. Anasıgilnən, rəfiqələriynən danışmaqdan telefon yorulub istilənir, gəlinin çənəsi yenə dayanmırdı.
Əl altından evi – eşiyi necə təmizləyib səliqəyə salmasından , ölü üçün nə lazımdı hamısını alıb yığmasından, yas yerini necə yola verəcəyindən uzun – uzadı həvəslə danışır, sanki, oğlunun xeyir işindən söhbət açırdı. Yorulanda telefonu əlindən yerə qoymur, yarımçıq oyunlarına davam edirdi.
Zərqələmlə gəlini həmişə mehriban dolanmışdılar. Birdən birə gəlinin içinə elə bil şeytan girmişdi. Şeytan onu elə həvəsləndirib, elə coşdururdu ki, az qalırdı arvadı boğub öldürsün, sonra da vay – şüvən salıb üstündə ağı desin, dil deyib qonum- qonşuya özünü göstərsin. Hamı görsün, onun necə qoçaq olduğunu bilsinlər. Bilsinlər ona heyran qalsınlar.
Özünü göstərmək həvəsi,işini – gücünü , qabiliyyətini göstərmək arzusuyla alışıb yanırdı. Arzusuna çatmaq isə qaynanasının ölümü ilə mümkünləşərdi.
…Gəlin qaynanasının yerində bir neçə aydı xadimə işləyirdii. İşə girəndən xasiyyətində qeyri – adi dəyişiklər sezilirdi. Özündən razılıq, təkəbbür, yerişində, oturub durmasında forslanmağa adət eləmişdi.
Qaynanasının yas mərasimində “bərəkallah” alıb, danəndə arvadlar cərgəsinə qoşulacaqdı.
Gəlinin bu halı Ölümün də çox xoşuna gəlirdi.Ancaq o da hər xoşuna gələni oldürə bilməzdi. Öldürə bilsəydi ürəyinin yanğısını söndürərdi.ancaq gəlin ölümə yaxa verən deyildi.
Ən üzüyola Zərqələm arvadı manşırlamışdı. Ondan bəpk yapışmalıydı. O da hər an zəiflədiyini, haldan düşdüyünü hiss edir, gözüyumulu vaxtını sovururdu.
Oğlu telefon qulağında aptekçinin məsləhətini unutmur, dərmanlarını içirdir, bircə dənəsinin də vaxtını keçirmirdi.
Gəlin də yemir deyə qaynanasına daha yemək təklif etmirdi. Məktəbə gedib gəlir, vacib ev işlərini görür, öz otağına çəkilib telefonla danışır, oyunlarının birini qurtarıb, o birinə başlayırdı. Gah da ninnini çala – çala həyət bacada qurdalanırdı.
Zərqələmin xəstələndiyini eşidən qardaşı ilə arvadı yoluxmağa gəldilər. Xəstənin əhvalının yaxşı olmadığını görüb hansı dərmanları qəbul etməsiylə maraqlandılar. Hamısının xeyirli dərman olduğunu söylədilər. Çay içə- içə ordan – burdan danışıb , xəstəyə şəfalar diləyib getdilər.
Böyük qızı da anasının xəstələndiyini öyrənən kimi özünü yetirdi. Gəldiyindən telefonu heç susmadı. Gah qonşuları ölü yerinə çağırdı, gah baldızı alverçidə təzə mallar olduğunu bildirdi, gah da əri evə gec gələcəyini xəbər verdi.
Əvvəl anasının əyin başını, sonra da yorğan döşəyinin üzlərini dəyişdidi. Yığıb öz evində yumaq üçün qapının ağzına qoydu.
Telefon susan kimi anasına dadlı, ləzzətli kənd toyuğundan sıyıq bişirdi. Günlərlə ac qalan, dərmandan savayı dilinin altından su da keçməyən qadının danışmağa heyi qalmamışdı. Çuxura düşmüş ölgün gözləri gah yumulur, gah da açılırdı.
Qızı sıyığı bişirib boçqaba çəkdi. Anasının çarpayısının qabağında , mizin üstünə göy göyərtisindən tutmuş, turşuya kimi hamısını hazırladı, düzdü. Çörəyi də xırdaca xırdaca doğrayıb süfrəyə qoydu.
Qadının burnuna xəstələndiyi müddətdən bəri ilk dəfə yeməyin xoş ətri vurdu. Ağlı başından çıxacaqmış kimi dərindən bu gözəl ətri içinə çəkdi. Dəhşətli aclıq mədəsini yandırıb yaxdı.
Ürəyi sıxıldı. Başını qaldırıb kimisə haraylaya bilmədi. Böyründəki qızı da onun halının pisləşib, özündən getməsini duymadı. Çünki yenə telefonla kiminləsə danışırdı. Söhbət o qədər maraqlı idi ki, ana qadan alım , mənim vacib işim var deyib, ayaqqabılarını geydi. Telefondan aralanmadan pal paltarları da götürüb gedə – gedə səsləndi:
– Ana,sən mənim ölmüşüm, dur bu ləzzətli xörəyini ye , dedi. Bax hər şeyi hazırladım, eləcə dur ye. Ana! Bax, ye haa… Qurban olum ay ana, ac qalma, ye, yeməsən narahat olacam. Yarı canım yanında qalacaq. Anası bir kəlmə də eşitmədi.
Qızı, az səninlə deyiləm, anam ağrıyır, telefondakını başa salıb, danışa – danışa çıxıb getdi.
Zərqələmin bacısı tənginəfəs özünü içəri saldı.Vacib zəng ğözləyirmiş kimi, telefonunu çıxarıb gözünün qabağına, stolun üstünə tulladı.
-Az,qadaların alım, sən niyə xəstələndin? Nooldu az sənə birdən – birə. Atamızın, anamzın goru haqqı özüm ölürəm. Ara evdə, ara da məktəb dağılmışda ( o, başqa bir məktəbdə xadimə işləyirdi ) canımı üzmüşəm. Hayıf əməyimdən, qədrimi bilən hanı?
Xəstə yavaşca ufuldandı. Bacısı güman elədi ki, sözləri onun ürəyini ağrıdıb, adətincə, a bacın ölsün, sənin də yükün ağırdı, hoyuna çata bilmirəm , demək istəyir.
Lakin xəstədən səs çıxmadı. Bacısı yenidən ağrı – acısını tökdü:
-O tək balamın başı üçün, əlim, ayağım özümün deyil. Ağrısından gecələri diri açıram.
Xəstə gözlərini yumub huşa getmişdi. Bacısı kiriyib, gəlinə səsləndi, a bala, yeməyə nəyin var, gətir bir qaşıq qoy, zəhərlənim. Səhərdən acam. O biri evə keçək, bu yazıq, dincəlib yatsın.
Gəlin xalanın qabağını yeməklə doldurdu. O da özü demişkən, * dura – tıxa* qarnını doyuzdurub, üstündən də özünün alıb gətirdiyi şokaladla iki stəkan çay içib rahatlandı.
Kiminləsə telefon söhbətinə ağzı qızışdı. Bərkdən – bərkdən qonşu qızının nişanını təriflədi, qaynının oğlunun Rusetə gedib anasına çoxlu pullar göndərməsini söylədi, baldızlarından xeyli qeybət qırıb, çənəsi yorulanda xəstə yadına düşdü.
Bacısının yatdığı otağa keçib nəsihət verdi : – Zərqələm, eşidirsən məni? Onu bil, yeməsən sağalmayacaqsan.Yemək adamı iki eləmir, yekə eləyir. Ye, canına bax! Heç kim sənə can verməyəcək. Oğul da sağ olsun, qız da, hamısı özünədi. Sən ye, yeməyindən qalma, xəstəninki yeməkdi. Yeməsən öləcəksən, sənə deyirəm haa… Bu söz qadının batmış qulaqlarında uğuldadı, əks – səda vedi. Beyninə nüfüz elədi. Ürəyi sıxıldı.
Ölüm qəşş elədi. Zərqələm bacısı gedəndən çox sonra özünə gəldi.
Xəstənin danışmağa taqəti qalmamışdı. Oğlu anasının dərmanlarını tez – tez təzələyir, vaxtını keçirmədən içirir, eyni zamanda təəccübünü də gizlətmirdi.
– Ana, heç fərq eləmir? Sən niyə sağaımırsan? Bəlkə həkim çağırım? Axı aptekçi deyir bu dərmanları içsə yaxşı olacaq. Vallah elə həkim də bu dərmanları yazacaq. Oğlu qəfil susub fikrə getdi. Nə düşündüsə yenidən sözünə davam elədi.
– Ana, sən özün tənbəlsən, dur bir havaya çıx. Yatmaqdan yorulmadın? Belə olmaz axı? Bütün günü yerin içindəsən…
Ananı huş aparmışdı. Oğlu elə bildi, o, rahatlanıb yatdı, daha heç nə deməyib işinin dalınca yollandı.
Xəstənin nəfəs alması çətinləşmişdi. Özündə güc tapıb başını qaldıra bilmirdi. Hərdən yanına gələn nəvələrini bağrına basıb öpmək istəsə də buna taqəti çatmırdı.
Nəvələri nənənin qurumuş əlini, üzünü öpür, nənə, tez sağal deyir, yenə öpürdülər. Bax bu zaman Ölüm hirslənir, qorxur xəstə sağalar, durar, gözlədiyi boşa gedər.
Lakin Zərqələm özündə deyildi. Ağlını başına yığa bilmir, şüurunu hər an itirirdi.
Gəlin əlində telefon dingildəyə – dingildəyə, ninini çala – çala evini, eşiyini səhmana salır, künc – bucağı tökür, silib təmizləyir, gələn mesajlara əlüstü cavab yazır, yenidən həvəslə işə başlayırdı.
Ölüm səbirsizliklə gözləyirdi. Ovunu udmağa az qalırdı.
Xəstə yarı oyaq, yarı yuxulu əri , ata – anası, nənə – babas ilə danışır, gah da onlara layla çalırdı.
Qadına dəhşətli aclıq gəlmişdi. Ancaq tərpənə bilmirdi. Bütün varlığı qurumuşdu, təkcə ürəyi döyünürdü. İndi də aclıq hissini duydu.
Nəvəsi əlində bir parça təzə çörək onun yastığının yanında durub, tikələyib tökürdü. Nənənin əlacı olsaydı uşağın çörəyini əlindən alar, bir andaca ləzzətlə yeyərdi.
Bu istək onun ağlını başından alırdı. Bütün gücünü toplayıb cəhd etsə də, səsini çıxara bilmədi, əlini uşağa tərəf uzadıb əsdirdi. Nəvəsi çörək tutduğu əlini ona yaxınlaşdırdı. Nənənin əli çörəyə toxundu, ölmüş canı gizildədi. Başını tərpətmədən gözlərini yanakı çevirib vəhşi bir ehtirasla çörəyə zillədi. Ürəyindən keçirdi : – kaş nəvəsi çörəkdən bir tikəsini onun ağzına qoya, o da ləzzətlə yeyərdi.
Uşaqdan çörək istəməkdənsə ölmək yaxşıdı, düşündü. Qüruru nəfsinə qalib gəlsə də, əli çörəyə uzaqlı qaldı.
Uşaq nənəsinin hədəqədən çıxmış gözünü görüb qorxdu. Çörəyi nənəsinin yastığının yanına atıb, qaçdı.
Çörəyin bihuşedici ətri xəstənin olan – qalan huşunu başından çıxarmaqda ydı. Əlini çəkib rahatlana bilmirdi.
Canına isti tər gəldi. Sanki hündür dağ aşmışdı. Birdən – birə yüngülləşdi. Əli çörəyə toxunanda gözünə qaranlıq çökdü, şüuru pozuldu.
… İtkin oğlu tənginəfəs özünü anasına yetirdi. Onun ac olduğunu bildi. Çantasından löyün – löyün, dadlı, ləzzətli yeməklər çıxarıb, öz əlləriylə anasını yedirtməyə başladı. Anası yeyib doyanda yuxusu gəldi. Balasının boynnu qucaqlayıb, üzünü – üzünə söykədi və yatdı.
Yatdı ki, bir daha oyanmasın.
Gəlinin çığırıb, qara – qışqırıq salması qonşuları bir andaca buraya topladı.
Oğlunu meyitdən aralaya bilmirdilər:
-Getmə, ana, getmə…
Qızları saşlarını yolub üz gözlərini cırır, qışqırıb özlərinə divan tuturdular.
Böyük qızı -Heç nə yemədin, ay ana, hər şeyə gözlərinlə baxdın, ay ana…Ac qarnına qurban olum ana …
Kiçik qızı – Sağ üzünü görəmmədim ay ana, mən nə bilim sən gerçəkləmişdin. Qıçım sınaydı, mən öləydim, gəlib sağ üzünü bircə dəfə görəydim. Yanıram, ana, yanıram .
Çörəyi tullayıb, qorxub qaçan nəvəsi ağlayanlara baxıb, için – için hıçqırırdı. Nə baş verdiyini anışdırmağa yaşı çatmırdı.
Gəlin səsini kəsib hamama cumdu ki, anasıgilə xəbər versin. Kafel sulu olduğundan ayağı sürüşüb guppultuyla divara dəyib, yerə sərələndi. Telefon əlindən çıxıb, parçalandı.
Gəlin özünə gələndə qaranlıq otaqda vahiməyə düşdü. Harada olduğunun fərqinə varammadı. Canının bütün əzaları ağrıyır, sızıldayir, qolu – qıçı tərpənmirdi.
Tibb bacısı otağa girib işığı yandırdı. Gəlinin ağrılı, sual dolu baxışlarına cavab verdi: – Anangil gətirdilər bura. Sağ qolun iki, sağ qıçın üç yerindən qırılıb. Bədəninin parası möhkəm əzilib.
Gəlin ağrının şiddətindən gözlərini bərk – bərk yumub, dişlərini bir – birinə kilidlədi. Tibb bacısı sözünə davam elədi: – Allah qaynanana rəhmət eləsin, anangil burada qalmağını məsləhət gördülər.
Evdə başları yasa qarışdığından onun harayına çatan olmayacaqdı. Münasib yeri xəstəxana bilib, bura qoymuşdular. Sanki gəlinin canını tikə – tikə doğrayıb dərisinə doldurmuşdular. Dözülməz ağrının dəhşətindən “öldüm Allah, öldüm Allah” çığırıb bağırmağa başladı.
Tibb bacısı daha bərk çığırıb, onun sözünü ağızında qoydu: – Özünü yorub, boğazını cırma. Üç gündü yatırsan, müftə iynə dərman eləyirik,heç demirsən al bu beşcə manatı qoy cibinə. Dədənə borcumuz yoxdu.
Bir anlıq gəlin ağrısını unutdu. Deməli bu gün qaynanasının aza günüdü. Onun yanına sabah da gələn olmayacaqdı. Axı qaynanası yaşlı – başlı, sayılıb, seçilən arvad olub. Onun yas mərasimi də özünə layiq aparılmalıydı. Gəlinin özünü göstərmək istəyi tamam yadından çıxmışdı.
Tibb bacısının sərt sözlərindən sonra səsini yavaşıtmış, ağrısını içində çəkməyi gözaltına almışdı.
Zərqələmi urlu – urvatlı yola salıb, ehsan verdilər, axirətinə dualar oxudular. Bu evdə gəlinin varlığı yada düşmədi.
Zərqələmin oğlu özünə gəlmirdi. Bu qədər dava dərmandan sonra anasının ölümünü sinirə bilmirdi. Gözü ölüm kağızına sataşdı, maraqlandı, oxudu. Əlində kağız sanki kresloya yapışıb qaldı.
Yazıya 882 dəfə baxılıb