İslam Türkay – ARXANCA BAXIRDIM…

22338827_1967469166843160_1024700966764992366_o
1.
Əyninə gecə geymişdin
Başında –moruq yarpaqlar…
Ayağın altında—daşlar
Yad ayaq altda —torpaqlar…
Fikirlərdə bir dumanlıq
Coşmuş sellər tək bulannıq—
Yerə soxulmuşdu boylar,
Mıxda qalmışdı papaqlar…
Fikrində sənə vurulan,–
Nə itən, nə də yorulan…
Gedirdin başın dumanlı
Qaranlıq arzu-gumanlı…
Gedirdin ahlı-amanlı…
2
ilahı şerlər yazanı sevdin
hələ qiz yaşında ,bəyaz ,bakirə.
şirin günahlarda azanı sevdin
qara karvan keçər …milyon it hürə..

Gedirdin yarlı…qəlbi qaralı…
özündən aralı …məndən aralı…

***

Uzaqdan uzağa qoy sevim səni,
Uzaqdan –uzağa əlim çatmasın…
Uzaqdan-uzağa qoy sevim səni,
Sənə söz deməyə dilim çatmasın…

Uzaqdan –uzağa buluda dönüm
Dolub başın üstdə sıxım gözümü…
Uzaqdan –uzağa qoy sınım-enim,
Eşqimin önündə xıxım* özümü… (*əyim)

Uzaqdan –uzağa çəkim şəklini,
Qarqar sahilində bitən bənövşə.
Xəyaldan yıxılıb ,boylanıb baxsam
Dumanda röya tək itən bənövşə…

…Dinmə , boynubükük bənövşə kimi,
Bircə “yox”-sözünlə durma qəsdimə.
Qəlbimdə doğulan körpə eşqimi
Hicrana bələyib atma üstümə…

Uzaqdan –uzağa qoy sevim səni,
Başımın üstündə Ay kimi dolan…
Soyuq şəfəqlərin elə bəsimdi,
Təki sən göyümdə belə alış,yan…

Mən sənə yaraşmam , gözəlsən , gülüm,
Yazdığım şeirlər yaraşa , bəlkə …
Varsan sa ölmərəm ,yoxsan sa ölləm,
Cismim torpağına qarışa , bəlkə…

 

***

Payız gülü, soyuq baxma,
Baxma buzlaya- buzlaya.
Yoxsa, məni bəyənmədin?–
Di qal , gözləyə- gözləyə.

Yazın keçib , üzün qışa,
Sığınmısan qara daşa.
İstəyirsən belə yaşa,
Yaşa sızlaya- sızlaya.

Küsən səbri-qaral gəlməz,
İstər solub-saral, gəlməz…
Bu daşlara maral gəlməz,
Boylan duzlaya- duzlaya…

***

ORDA…XƏYALIMIN UZAQLIĞINDA…

Orda… xəyalımın uzaqlığında…
Bir gözəl qəlbiylə üz-üzə qalıb…
“Görən nə deyərlər…” məngənəsində,
Tənə tüstüsündə,qınaq hisində
Bu dərd kötüyündə möcüzə qalıb…

Həbs edib eşqini öz ürəyində.
Fəryadı göylərə ucalır, Allah!..
Qınaq qalasında—yalqız, çarəsiz
Yanır için-için–səssiz, naləsiz
Orda bir məhəbbət qocalır, Allah!..

Orda … xəyalımın uzaqlığında…
Bu dərd kötüyündə başı müntəzir…
torpağı müntəzir…daşı müntəzir…
Əl açıb göylərə…bir çarə gəzir…
Vurğunun yazdığı o Humay kimi,
Yerdə çiçək kimi, göydə Ay kmi…
Mavi pəncərəsi üzümə bağlı…
Mənim sinəm kimi sinəsi dağlı…

Orda…xəyalımın uzaqlığında…
Dərdiylə baş-başa bir qız ağlayır…
Atadan,anadan,qardaşdan uzaq,
Dostdan,aşinadan ,sirdaşdan uzaq
Başı dərd əlində…yalqız ağlayır…

Orda… xəyalımın uzaqlığında…
Bir boş məzar baxır yollara sarı…
Bitmiş çevrəsində dərdi-qubarı…
Bir gözəl dayanıb orda Gül kimi…
Elə bil çırtlayıb qarda gül kimi…
Gözündən yaş deyil bənövşə yağır…
Sükut qurğuşun tək…ağırdan ağır…

Orda …xəyalımın uzaqlığında…
Bir əsmər gözəlin göz yaşlarından
Boş məzar güllənir ,bənövşələnir…
Hardandı üzümü qarsan bu hənir?!…
Qəbirdən dirilb qalxıram,Allah!..
Nə qədər yaxındı arzu-kam , Allah!..

Orda …xəyalımın uzaqlığında…
Qəfil ayılıram dəli xəyaldan…
Hava aydınlaşır, Gün doğur yenə…
Qopur xəyalımın əli xəyaldan,
Göydən həsrət yağır …dərd yağır yenə…

Orda …xəyalımın uzaqlığında…
Orda göy gurlayar …bir leysan başlar…
Orda Qızılgül tək boynun əyərsən…
Gözündən sellənər bənövşə yaşlar….
Orda …xısın-xısın bir leysan başlar...

***

TÜRK OĞLU TÜRKƏM MƏN

.
Salam,ey mankurt qardaşlar,
koyunlaşan kurt qardaşlar.
Atın keçə papaqları,
Qulaq asın bir an barı:

Göydən gəlib əslim ,soyum,
Mənəm,türk oğlu türkəm mən.
Günəş –mayam.bulud-suyum,
Mənəm,türk oğlu türkəm mən.

Atam—Tanrı, Anam—Boz kurt
Min adım var,yerim-min yurt.
Tatar,türkman,kırğız,başkırt,
Mənəm,türk oğlu türkəm mən.

Bölüyündən uzaq olan,
Öz içində yasaq olan,
Təklənib yalquzaq olan
Mənəm,türk oğlu türkəm mən.

Toprak– bizə vətən,ana-
Düşübdür min bir dastana.
Gündoğandan –Günbatana
Saran* türkoğlu türkəm mən! (* tutan)

Qürbət bildim bu aləmi,
Sevdim onu ustad kimi.
Zamanı minib at kimi
Yoran türk oğlu türkəm mən!

Bir vaxt arzuma çatmışdım,
Cəngin daşını atmışdım.
Fil qulağında yatmışdım,
Duran* türk oğlu türkəm mən! (*oyanan)

Yadlaşıbdır bu kənd o kənd,
Altay,Təbriz,Kərkük,Dərbənd.
Parça-parça, böylə, bənd-bənd–
Viran türk oğlu türkəm mən!

Salam,ey mankurt qardaşlar,
Qoyunlaşan qurt qardaşlar,
Atın keçə papaqları
Tanıyın bu dostu,yarı.
Bölünşə də bir elimiz,
Yaşayır Tanrı dilimiz.
Açaq,açaq gözümüzü,
Tanıyaq öz-özümüzü–
Deyək: türk oğlu türkəm mən!

***

BU GECƏ NƏ YAMAN UZANDI BELƏ…

.
Bu gecə nə yaman uzandı belə,
Göylərə baxmaqdan qaraldı gözüm…
Bu gecə nə yaman uzandı belə,
Hardasan ,ay səhər, ay canım-gözüm?!..

Ümidim oyaqdır,qulağı səsdə,
Uçan xəyallara çata biləydim…
Daş kimi yatırdım torpağın üstdə,
İndi qu tükündə yata biləydim…

Gözüm baxa-baxa axır ulduzlar,
Hər ulduz bir tale , bir ömür-gündür.
Axib yaxalardan çıxır ulduzlar ,
Yer üzü ,göy üzü düyün-düyündür..
.
Gözlərim gecəyə öyrəşir daha,
Bəyaz tellərimdə açılır səhər…
Necə baxacağıq görən sabaha ?-
Yaşamaq birtəhər…ölmək birtəhər…

Ulduz soyuqluğu qalıb gözümdə,
Hər şey bir rəngdə, bir biçimdədir.
Məni qınamayın—kölgəm üzümdə,
İşıgım ,səhərim öz içimdədir…

Gecə adalara dönür otaqlar,
Yuxular,duyğular –ən zərif şüşə.
Yarasa yuvası olub papaqlar,
Necə baxacaqlar sabah Günəşə ?..

Qəriblik uyuyur dağ havasında,
Xınası göyərir daşının üstdə.
Qartallar dəvdənir öz yuvasında,
Uçur yapalaqlar başının üstdə…

Ay girib buluda, şöləsi sönüb,
Bağrı çatlayacaq İsaq-Musağın…
Bülbülün naləsi laylaya dönüb,-
Şirindir yuxusu uşaq-muşağın…

Bu gecə uzansa, uzansa bir az ,
Qəlbimdəki səhər oyanacaqdır.
Ömür sürəcəyəm öz işığımda,
Gecəm qırmızıya boyanacaqdır…

…Çəkilsə yolumdan gecə–qaranlıq
Neylərəm əriyən səbrə ,dözümə ?!…
Qəlbimin işığı yansa bir anlıq–
Düşmən kəsilərəm özüm özümə !!..
Bu gecə nə yaman uzandı belə! ..

***

SƏN MƏNİ ALDADA BİLMƏZSƏN , GÖZƏL..

.
Mən çox alldanmışam əsən yellərə,
Yağan yağışlara çox aldanmışam.
Nəğmələr qoşmuşam pambıq əllərə,
Bircə təbəssümçün oda yanmışam.–
Sən məni aldada bilməzsən ,gözəl..

Naşı ovçu kimi tor qurmamışam,
Yolumu azmışam düymə nar üçün.
Minnətli sevdaya əl vurmamışam
Bağrım dağ-dağ olub qışda qar üçün…
Sən məni aldada bilməzsən ,gözəl..

Daşa vurulmuşam—mamır olmuşam,
Daşlar diyirlənib mənim izimə.
Daşı güldürməkçün kömür olmuşam,
Sən də o daş kimi gülmə üzümə,
Sən məni aldada bilməzsən ,gözəl..

Mən eşq dəlisiyəm , sevda acıyam,
Eşqlə sən dirilib, ölə bilməzsən.
Mən qılıq möhtacı,söz möhtacıyam,
Eşqinlə sən məni sərxoş eyləyib,
Oynadıb, oynadıb gülə bilməzsən…
Sən məni aldada bilməzsən ,gözəl..

***

PAYIZ DUYĞULARI

Qəriblik bürüyüb cığırı,izi,
Köçübdü ,göllərin sonası yoxdu.
Bağların saralıb, solub bənizi,
Elə bil mənimtək anası yoxdu.

Tutulub göylərin qaşı-qabağı,
Əlləri qoynunda qalıbdı dağlar.
Meşənin çaylara yağan yarpağı,
Həsrət məktubudur,oxuyan ağlar.

Budaqlar—göylərə haykıran əllər,
Meşələr viranə şəhərdi,Allah!
Qayalar dibində titrəşən güllər–
Qarıyan qizlardı, qəhərdi,Allah!

Tək ağac anammı,həsrət qarımı–
Qəbirdən boy verən sədadı , bəlkə…
Tökülən yarpaqlar göz yaşlarımı,
Göz yaşı içində adadı ,bəlkə…

Hava nəmişkəndi, cığır—sürüşkən ,
Palıdlar odlara qalanıb gedir.
Səhərlər döşləri çulğalayan çən
Baharin ruhudu , dolanıb gedir…

Ağarır dağların silsilə tağı,
Qayalar dayanıb dəyanət kimi.
Göy tala — baharın itən yaylığı,
Duman ütü çəkir, əmanət kimi…

Çaylar yavaşıyıb, sular durulub,
Ayrılıq nəğməsi çalır bulaqlar.
Elə bil vaxt susub, zaman yorulub ,
Elə bil çağırır məni uzaqlar…
Elə bil çağırır məni uzaqlar…

***

Necə keçir ömrün-günün,
Mən çəkəni bilirsənmi?
Güldüyümüz anlar üçün 
Ağlayırmı, gülürsənmi?

Qış gəlib qapını alıb ,
Qara telinə dən salıb.
İndi ürəyin yuxalıb
Mən deyənə gəlirsənmi?..

İtirdik çəhlimi,izi,
Dumanlar aldatdı bizi.
Böləmmədik dərdimizi,
Öz-özünlə bölürsənmi?

Dağ darıxar bil ki çənsiz
Qan ağlayar gül çəmənsiz.
Ölərəm, deyirdin –sənsiz,
Mən ölürəm, ölürsənmi?!..

Yazıya 540 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.