Əbülfət Mədətoğlu – GƏRƏK BELƏ ETMƏYƏYDİN

Ebulfat_Memedoglu_yazarAĞRILI ANIN ŞEİRİ

( ” Bir qadına … və hamıya” silsiləsindən )

Dərdi bədbəxt etmişəm
könlümə köçürəndən…
Ayağına getmişəm –
könlümdən keçirəndən …

Baxmışam ki , yol dardı
uçurumdu … və qardı…
Amma neçə dərd vardı –
hamısı keçir məndən!..

Ömrüm . özüm önündə
hansısa bir dönümdə …
Yaşamağım könlündə –
aslıdı köçürməndən…

Bil ki sevinc almaram
alıb dərdə salmaram…
Gileyli də qalmaram –
ümidi keçirəndən!..

 

***

ADAMI

( “Bir qadına … və hamıya ” silsiləsindən)

Səssiz seçib deyirsən –
söz öldürür adamı…
Tüstüsü başdan çıxan –
köz öldürür adamı…

Qəm – kədər əvvəl . axır
həm yandırır , həm yaxır…
Bucaq altından baxır –
göz öldürür adamı!..

Hər işdə var bir nədən?!
nə çoxdu baxıb , gedən…
Dilini qabar edən –
Döz! – öldürür , adamı…

 

***

GƏRƏK BELƏ ETMƏYƏYDİN

” Xatirə”( şeirlərdən )

Bu bir yazılmayan məktub…
gərək belə etməyəydin…
Mənim haqqımın üstünə –
haqlı kimi getməyəydin…

Duyaydın içimi tamam
görəydin əriyən şamam!..
Yolunu öpdüyüm adam –
gərək belə etməyəydin…

… gəlib – gedən çox olacaq
qəlbin bir az yuxalacaq…
Sənə hər söz toxunacaq –
gərək belə etməyəydin…

Oldu . keçdi – qədərim bu…
Sevincim bu . kədərim bu!..
Dur , ağlama , üzünü yu –
gərək belə etməyəydin…

Dur qarşıla . dur çıx önə
Baş sağlığı düşür sənə!..
ürəyində demə mənə –
Gərək belə etməyəydin!..

 

***

SƏNİN ÜÇÜN GÜNAHAM

( ” Bir qadına… və hamıya ” silsiləsindən )

Gözlərimin dibinə
bir qaranlıq çökübdü…
Dərd ümid köynəyimi –
ilmə – ilmə sökübdü…

Pəncərəmə daş sükut
hörülüb ,. yol qəfəsdə…
Aşa bilmir sükutu –
üşüyən son nəfəs də…

Ürəyimə ağrılar
şırım çəkir -aratsız…
Şırımlara baxırlar –
ehtinasız… maraqsız…

Bu ömürün zərrələr –
anlar toplumu “ah” dı…
Mənim olmamağım tək –
olmağım da – günahdı!..

***

YARIMÇIQ NAĞIL
( ” Bir qadına … və hamıya ” silsiləsindən )

Tökülüb qurtarmadı…
almalar göydə qaldı…
Ümidləri əlimdən –
göz yaşı göydə aldı…

Sındı dəyirman daşım
dən axdı arasından…
Əhlətə dəydi başım –
qan axdı yarasından…

Gözümün dibi öldü –
sanki sönmüş çıraqdı…
Ovcumun içi göldü –
kölgən göldən qıraqdı…

Dilim dişin içində
kilidlənib , küsdürmə…
Kim var işin içində –
kim ” ah” töküb üstümə?!

… Qupquru bir səs göndər –
Canım tapşırsın ruhun…
Mənə gəmində yer yox –
mənsiz üzüb get , Nuhum!…

***

XATIRLADIR

“Özümə” silsiləsindən

Ürəyim billur camdı…
çat-çat oldu , cam damdı…
Bu qandakı nə tamdı –
torpağı xatırladır?!.

Canım yandı , közərdi
yandığım dərd gözəldi…
Dilim sanki xəzəldi –
Yarpağı xatırladır…

Ruhum şamdı – keçəndi
Gündüzümdü . gecəmdi…
Pərvanəsi gec gəldi –
ortağı xatırladır!

İçimdəki ələmim –
sözdü , bir də qələmim!
Öz dünyama ələnim –
Gorgahı xatırladır…

 

***

XATİRƏ ŞEİRLƏRDƏN
( ” Bir qadına … və hamıya ” silsiləsindən )

Səni düşünürəm … yenə fikrimə –
o anlar …o günlər … o aylar gəlir…
Baxıram səninlə birgə şəklimə –
dilimə gör hansı olaylar gəlir…

Sevgi tumurcuğu çartlayan vaxtı
dönüb gözlərimə bir gözəl baxdı…
Gözündən könlümə bir işıq axdı –
aşıb dağ- dərəni – dolaylar gəlir…

Üstümə doğan gün buluda düşdü
sabahım ün yetməz umuda düşdü…
Dilindən qaçaraq ” unut “-da düşdü –
Dol gözüm , umudsuz , dol , aylar gəlir…

Toxundu dizlərim çaylaq daşına …
dərd məni qaldırdı yaylaq qaşına!..
Gəlməz Əbülfətin bir də başına –
bu sevgi! – nə qədər bol aylar gəlir…

Yazıya 518 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.