Kilsədə gizlənən səkkiz nəfər azərbaycanlı döyüşçü yeddı gün ac-susuz mühasirədə qalıb. Yeddi yoldaşı həlak olduqdan sonra onların ən cavanı yenə də müqavimət göstərməkdə davam edib. Nəhayət, əlacı kəsilmiş oğlan əlində Azərbaycan bayrağı meydana çıxıb.
Xankəndinə ezamiyyətə gəlmiş rus jurnalisti təsadüfən bu səhnənin şahidi olub. Oğlanın şəklini çəkib. Şəkil “Oqonyok” jurnalında çap olunmuş du. Müəllifin sözlərində həzin bir sızıltı vardı: “Təə ssüf ki, mən o oğlanın nə adını, nə də sonrakı taleyini bildim”.
17-18 yaşında arıq, qarabuğdayı oğlan. Əlində Azərbaycan bayrağı. Sağı nda və solunda əli avtomatlı iki erməni yaraqlıs ı. Oğlan bəlkə , aparatın qəfıl şıqqıltısına dönüb, düz obyektivə baxıb. Bəlkə, ona atəş açıldığını zənn edib, ölümün gözünün içinə dik baxmaq istəyib. Geniş açılmış o gözlərdə nələr vardı. Allah…
Top atılıb gənc bəbirə,
Cələ qurulub qartala,
Mat qalıbdı bu dünyaya,
Pöhrə çinar, cavan qala…
Can ay oğul, can ay bala!
Ulu tanrım, bir cavab ver,
Bu nə dərddir, bu nə bəla?!
Yoğurub tutdun, torpaq adlı
bu kündəni.
Bu kündədən yaratmısan
bu gün məni.
Bu kündənin hər bir dəni
Əkilməli, biçilməli,
döyülməli,
Daş altından keçilməli,
üyünməli.
Bu xəmirə qatılmalı,
Bu kündənin xasalına
atılmalı,
yeyilməli.
Bəli, bəli…
Dərd üyüdüb,
Göz yaşıyla yoğurmusan,
Bir az hicran, bir az vüsal,
Bir az nifrət, bir az sevgi
qata-qata.
Bu müqəddəs xəmiri
sən kündələyib
Düzdün sonsuz kainata.
Ulu tanrım, böyük ata,
Sən arada bizi də gör.
Bu şəkildən
dərgahına sual verən
gözü də gör.
* * *
Deyəcəksən: “İşıq sanı
Dərgaha əl açanlar var.
Cansız-canlı, üzənlər var,
Sürünənlər, yeriyənlər,
uçanlar var”.
Deyəcəksən: “Fəza sonsuz
Milyon illər – andı keçir,
Dünya xəmri yoğurursan,
Hardasa karvanın köçür”.
Bu da yola gördüyün bir
tədarükdü.
Mən baxıram bu şəkilə,
Bir də sənə,
vallah, billah,
Heç bilmirəm kim böyükdü.
Əfv et məni, ulu tanrım.
Yandığımdan danışıram.
Bu da sənin öz işindi –
Yandırırsan, alışıram.
Tanrım, sənin yaratdığın
Biz görməyən milyon qatdı.
Böyüklüyün ondadır ki,
Sən yaradan hər zərrənin
Özü böyük kainatdı.
Bəlkə, onu sevdiyindən
Bu bəlaya göndərmisən.
Bəlkə, elə sevirsən ki,
Bizim həzrət peyğəmbərin
Nəvəsinə döndərmisən?!
Anlat, bilək.
Kirpiklərində göz yaşları,
Məşəqqətə baxaq gülək.
Şəkildən baxan o gözlər
Elə sözdü, elə səsdi,
Əlindəki bayraq kimi
müqəddəsdi.
Əbədiyyət qazanmağa bu da bəsdi.
Yenilməzlik, haqlıq,
düzlük
elə budu.
Sən əsir düşmədin belə,
Əlindəki bayraq ilə.
Xankəndini tapdaladın,
Qisas aldın.
Azərbaycan bayrağıyla
Keçdin ordan, zəfər çaldın.
* * *
Rus da ora gəlmişdi ki,
erməniyə tərif desin.
Qəhrəmanlıq görüb çəksin,
Sonra da göstərib desin…
Səni gördü,
Obyektivdən keçib onun
Ürəyinə hökm verdin.
Azərbaycan bayrağına
Sən ona da baş əyirdin.
İnsanlıqdan ucalmısan,
Sən müqəddəs bir ocaqsan.
Elə orda, Xankəndində
Nəhəng heykəl olacaqsan.
Əlində də öz bayrağın.
Bayrağının altından da
İllər, nəsillər keçəcək
Zaman -zaman, axın-axın,
Sən oğulsan,
Mənim də atadır adım.
Şəklinə baxdım-baxdım,
Gözlərinə qurban olum,
ağlamadım.
Ağlamadım,
Oğul, kişi ağlayarmı
bərkdə, darda???
Bu günə də şükür olsun,
Çox şükür ki,
Bayraq da var, bayraq
tutan oğullar da.
Yazıya 1489 dəfə baxılıb