Quzey gülləri
Quzey güllərinin arzusu-Günəş,
Arılar bal çəkər yuxularında.
Məktublar gözləyən qara qız kimi,
Cavablar saralar yaxalarında…
Başı sərin olar,ayağı-buztək,
Həsrət keçilməzdi dad kimi-duztək.
Zorla qaçırılan könülsüz qıztək,
Üşüyər ərinin çuxalarında…
Şaxtaya yaz qərib,çiçəyə də qar,
Buz bulaq üstündən kim arzular nar…
Quzey çiçəkləri özün ovudar,
Quşların nisgilli oxularında.
Şairlərə iş verməyin
Bir düşünün dərin-dərin,
Ağlınızı günə sərin.
Şairə işgəncə verin,
Şairlərə iş verməyin.
Dərdi-fələyin ahıdı,
Savabların günahıdı…
Şair-duyğular şahıdı,
Şairlərə iş verməyin.
Sussa-sözündən utanar,
Görməz,gözündən utanar.
Millət özündən utanar,
Şairlərə iş verməyin!
Sevgi-zəlzələ kimidir
Sevgi zəlzələ kimidir,
Ən uca evləri yıxar.
Kiçiklərlə işi yoxdu,
O,məğrur devləri yıxar.
Zəlzələdən çox ev yıxar,
Alovdan atəşin yaxar.
İçindən ürək sağ çıxar
Sevgi yıxdığı evlərin.
Başıüstə günəş gülər,
Suyunu buludlar çilər,
Divarın mələklər hörər
Sevgi yıxdığı evlərin.
Hər şeyin gözəli xoşdu,
Yaşayırsan,sev,gözəldi!
Nifrət qurduğu saraydan,
Sevgi yıxan ev gözəldi!
Apardı sellər Saranı
Sudan gələn sürməli qız,
Hörükləri hörməli qız,
Ay sinəsi körüklü qız,
Yaxan düymələ-düymələ,
Apardı sellər Saranı
Çay sığmadı dərisinə,
Su baxmadı gerisinə,
Görk üçün su pərisinə
Apardı sellər Saranı
Bulud olub yağmaq üçün,
Çiçəkləri yığmaq üçün,
Nəğmələrdən axmaq üçün,
Apardı sellər Saranı
Tanrı da etmədi kərəm,
Gavur qıza çatmaz nərən.
Arxayın yan Yanıq Kərəm!
Sular Saraynan getdilər,
Apardı sellər Saranı
Dərdliyə göydə Gün ahmış,
Arpa yeməyi bilirdim,
Arpa çayda çimmək günahmış?!
Yurdun Qaraca Çobanı,
Gedib xana arxa oldu,
Axar sular qurumadı.
Bu yurdun Xan Çobanları,
Bu yurdun çoban xanları,
Özcə yarın qorumadı,
Apardı sellər Saranı
Gözlər
Yamacda-çiçəyi,göydə-ulduzu,
Əlim yetməyəni göz dərib,gözlər.
Gəl öpüm gözündən ay qara şair,
Nə qədər mənalı göz görüb gözlər…
Alınan canlardır verilən buta,
Kirpik qovuşdurur,sanmayın yata.
Hamı doğma gəzir əlindən tuta,
Görəsən nədəndi,göz qərib gözlər.
Bölünmüş ömrümə qalıq-ğöz idi,
Sevdamız tutmayan calaq gözüdü.
O qızın gözləri bulaq gözüdü,
Suyunu Xəqani göndərib,gözlər!
Ömür
Mən bu ömrü yaşamışam,
Hansı gününə quş qoyum.
Göz tökməklə öyrənmişəm,
Gəl sənə qəşəng qaş qoyum.
Çəkəmmədim dərdin nazın,
Yaramda kef sürür duzu.
Ölüm tariximi yazın,
Doğum yerini boş qoyun.
Söz çağırdım naşı-naşı,
Ötmədi ömrün təlaşı.
Gəl ətəyindən tök daşı,
Qoymur dizinə baş qoyum.
Daş
Allah,daş yağ!-
Deyən adam.
Daş yox yağış yağanda
Dünyanın yeddi arxadönəninə söyən adam!
Məkkəyə bir daş düşüb,
Min illərdi bizə diz çökdürür,
Daş yağsaydı neynərdik…
Allah daş da yağar,
Yağış da,təkcə baş yağan deyil!
Yazıya 514 dəfə baxılıb