Cabir Umud – KÖNLÜMÜN SINAĞIYMIŞAM

Cabir Umud

 

 

 

 

 

 

 

 

ÖMRÜM ANILDIĞIM QƏDƏR

 

Beşikdən məzara deyil,

Ömrüm anıldığım qədər.

Artıb boy verə bildimmi?

Zirvəm sanıldığım qədər.

 

Bəlkə də yatdım, bilmədim

Bəlkə yan ötdüm, bilmədim.

Nə qədər yetdim bilmədim

Haqqım – danıldığım qədər.

 

“Dünya fani” – el məsəli,

Bu məsəl mənə təsəlli?!

Tək bircə hikmətə bəlli –

Cəzam – yanıldığım qədər.

 

Cabir! Çaldığın saz susar,

Sazda neçə avaz susar.

Bundan o yana söz susar –

Özüm son olduğum qədər.

09.02.2013

 

MÜBARƏKMİ?

 

Bilmirəm bu dünyaya

Gəlimim mübarəkmi?

Gələndən bölünürəm,

Bölümüm mübarəkmi?

 

Ac oldum tox içində,

Az oldum çox içində.

Görəsən yox içində

Olumum mübarəkmi?

 

Bir dünya ki, beşgünlük

Beşdən hansı seçkinlik?!

Olum…, ölüm…, köçkünlük…

Zülümüm mübarəkmi?!

 

Təbib məcaz, nə şəfa?!

Bu isə zövqü-səfa.

Yaşamım cövrü – cəfa,

Ölümüm mübarəkmi?

15.01.2013

 

KÖNLÜMÜN SINAĞIYMIŞAM

 

Bir də ayılıb gördüm ki,

Dünyanın qonağıymışam.

Qonaq bir gün, qonaq beş gün…

Günlərin qınağıymışam.

 

Yolçunun yolu dərkinə,

Bu yolda haqqı gör ki nə?!

Sonun əvvələ görkünə,

Könlümün sınağıymışam.

 

Od mənim ad yalançının

Qədri bilinməz yançının.

Cabirtək dəyirmançının,

Şahadı, çanağıymışam.

17.10.2014

 

GƏLİR

 

Hicran olan yerdə hər şey yalandı,

Hicran yolçusuyam, qəm ordan gəlir.

Nə var cütdu, bir vüsalım yalındı

Təki ovudaram, cəm ordan gəlir.

 

Göy üzündə lələk-lələk buludam,

Haqqım varmı yer üzünü unudam?!

Yağmadım da səhraları ovudam

Gözlərim göllənib, nəm ordan gəlir.

 

Dərdimdən çəkinmə, dərdim yad deyil

Dərdim canımda can, dərdim ad deyil,

Kim deyir ki, mənim könlüm od deyil,

Kim görüb oranı, kim ordan gəlir?

 

Dünyanı şər evi biləsi Cabir,

Dünyanın cövrünün lələsi Cabir,

Kəlbəcərtək yurdda öləsi Cabir,

Həm orda dəfn olub, həm ordan gəlir.

 

09.07.2013

DƏRDİMİN

 

Bax sinəmə, ufuldama, ufff… demə!

Əlvan-əlvan xınası var dərdimin.

Bu fələyin sitəminə offf… demə!

Tərs qoyulmuş binası var dərdimin.

 

Açmamış soluxan gülün axtaran,

Diyar-diyar düşən elin axtaran,

Üstün duman almış gölün axtaran,

Bir yaşılbaş sonası var dərdimin.

 

Yançısı yox, dərdi dərddən baş düşüb,

Vədə payızaydı, indi qış düşüb.

Naxışlanmır, ilmələri çaş düşüb

Darda qalan hanası var dərdimin.

 

Halına bax! Dərd içində təklənib,

Cabir ona, o Cabirə yüklənib.

İncitməyin bayatıya köklənib –

Kəlbəcərtək anası var dərdimin.

22.08.2014.

Təcnislər

 

YAY GÖZLƏR

 

Od almışam, pərvanə mən, yaxan Sən

Bu yanmağı diyar-diyar yay, gözlər!

Mürid mənəm, mürşüdmüsən, ya xan sən?!

Yığnağını yaz qarşılar, yay gözlər.

 

Al geyinər, başa örtər yar ağı

Yarına da içirərmi yar, ağı?!

Kaman qaşlar cəllad yarın yarağı,

Ox kirpiklər gərilməyə yay gözlər.

 

Bu nə həsrət? Bu nə yanğı? Nə oxxx…du?

Bu nə neştər, bu nə qıyıq, nə oxdu!

Cabirini oxlamırsa, nə oxdu:

Gərilibdi, nə vaxtacan yay gözlər?!

26.05.2013

YAS.., AĞI…

 

Vətən! Var olandan yarın yarandı,

Zaman – zaman qövr eləyir yas.., ağı…

Qiyafən ələmdən yasdan yarandı,

Göy bağlatdı, qara düydü yas, ağı.

 

Bitər olsam, min dən olan bir dənən

O sarıdan ümidimdi bir dənəm.

Gözlərimdə hicran yükü, bir də nəm

Dodağımda gülüşümün yasağı.

 

Cabir! Canı yurd istəyir qıy, nədi?

Tərlan bilər qıyya nədi, qıy nədi

Qaş çatılar, göz süzülər, qıy nədi?

Qıya baxan ya sol gözlər, ya sağı.

20.06.2013

 

BU LALA, LALA

 

Köynək yaşıl, qucaqlayıb al alı,

Yaxa açdı, dilləndirdi a, lalı

Taxt üstündə yar dəstinə alalı,

Başda taca döndü bu lala, lala.

 

Ələm hansı? Bağrındakı qara?! Xal?!

Bağrı kimi bağrımdadı qara xal.

Görmüsənmi necə düşür qara xal:

Sinəmdə dərdimtək bul, ala-ala.

 

Bu nazəndə gözəl hansı soyundu?

Ləngə qoyma, dur sinəmi soy, indi

Gözəlliyin qırçın – qırçın soyundu,

Dil verdi Cabirtək bu lala, lala.

25.05.2013

 

Yazıya 501 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.