Ağrının nişan üzüyü
(İntihar etmiş və edəcək bütün şairlərə)
Adam var ovucundan,
adam var cibindən atır özünü…
Ağrının nişan üzüyüdür intihar kəndiri.
Tanrı çadrasından bir cüt göz ağardır deyə
hər yağışa düşən ölümlə kəbin kəsdirə bilmir.
…İplə ağac arasında ölüm böyüdürük indi.
Deyirlər,
dar ağacı küçəsində kirayə heç nə yoxdur.
Bu dünyada
tək kirayə varlıq– Yaradanın son mənzili!
…Aparın ölkənin bayrağın asın
şairlər özünü asdığı yerdən.
Axı,
hər intihar xəbərinin başlığında
bir Vətən asılır dar ağacından,
bir Vətən!
16 ocaq 2018
Bakı
Ayağını itirmiş şəkillər
…Hərdən
ayaqlarını itirmiş şəkillərinə baxıram,
günahlarım can verir baxışlarında,
uzaqların islandığı payız yağışlarında.
Gözlərimi o qədər döyüb ki, ayrılıq,
göz yaşlarım yanaqlarımda büdrəyir…
Yadındamı,
son görüşümüzdə
əllərinə söykəmişdim üzümü.
Öləndən sonra gördüm
əllərin ayrılığın məzar daşıymış…
Əkin, 2018
Tanrının taykeş ayaqqabıları
(4 iyul 2017-cı ildə Azərbaycanın Füzuli rayonunda erməni hərbçilərinin öldürdüyü 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə)
“…Bütün zabit rütbələri
sabahın alın yazılarına
duzlu qəhvə hazırlayan
gümüşü çay qaşıqlarıdır.”
Yaradanın yer üzünə səpələdiyi
taykeş ayaqqabılarmış
müharibə uşaqları,
gicgahlarından öpüb
canını alır güllələr.
Bir ovuc torpaq can verir
bir körpənin ürəyində.
Bir cənazə önündə hamı ata olur,
bir top arxasında ata ölür
bir anın içində.
Gördünüzmü,
gicgahına qəlpələr aypara çəkib Zəhranın.
Bayrağımızdakı ayı da çıxarıb verin ona,
bu dünyada bir gördüyünü,
sağ qalan tərəfində qoşa görsün.
…Tanrı, bütün gilizləri Zəhraya oyuncaq elə,
dostları gələnə kimi başı qarışsın.
Hələ bu gedişlə
çox “qızılı ay”lar çəkiləcək
qığıltı dillilərin alnına.
P.S: …hara ölürsünüz yavrular,
gələn müharibədə ana olacaqsınız!
Qorxulu röya görüncə
analarınızı söyməyə tələsməyin gecələr.
Sabahkı savaşda siz qoyub “qaçacaqsınız” övladınızı…
5 bürkü 2017
Bakı
Ciblərim bələk olub ayaq izlərinə…
Səndən əvvəl
daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra
mamır uzaqlıqlar böyütdü
bu daxmanın pəncərələri…
Kaş bu evin güzgüsünü də aparaydın;
süslü-süslü toxuyaydın
ayrılığın xalçasına ilmə kimi…
…Üşüməsin deyə
ayaq izlərini bir cüt coraba büküb cibimə atmışam,
ciblərim bələk olub ayaq izlərinə…
Qayıt,
özün yürgələ,
yürgələ, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı.
…Qayıt,
əlindən tut ayaqları keyimiş məhəccərlərin,
qayıt,
qadınsız yaşaya bilmir bu evin döşəməsi.
…və sən gedəli
tavanlar iməkləyir döşəmənin üstündə,
divarlar daş-daş göz yaşları tökür günəş doğan tərəfə…
10 qaraqış 2016
Bakı
Gözlərində intihar sürməsi
Tanrıları öləndə fahişələr doğulmağa başlayar…
Çünki bütün fahişələr ana südünü
arzularını qucaqladığı külqablarından içir…
… və ata qucağı axtarır sevişdiyi kişilərdə,
gözlərində intihar sürməsi.
Analarsa,
ibadət içində hamilə qaldıqca övlad günahlarına
ehtirasdan yırğalanan bir çarpayıda dəfn olunar,
ayağı sürüşkənlərin kəndirlənmiş dünyası.
…Hər gün
bətnində bir qumbara basdırılan fahişənin
gecələrgözlərində bir cüt ölüm yetim qalar.
Ölümə dayəlik də hər qadının işi deyil;
axı çadralı bir sonsuzluq ağlayır
geridə qalan ayaq izlərində.
Göyçay, 2017
Axşamın çadralı soyuğunda
(Emil Rasimoğlunun danışdıqlarına….)
İyirmi qəpiklik dəsmalı
sata bilməyən qızcığazın
dualarında iməkləyir tanrı.
…Bir qarın çörək ağrısı
dar ayaqqabı kimi döyür
onu küçələrə salanbir ananın ismət topuğunu.
…Qızcığazın göz yaşlarını
gödəkcə kimi geyinib gedir,
cibində qara qəpiyi olmayan bir şair.
Qızcığazsa
kilim kimi sərir göz yaşlarını
dizinin dibindən keçənbu adamın ayaqları altına.
Axşamın çadralı soyuğunda
dəsmal-dəsmal ilan mələyir,
işıq gələn tərəfin köpəkləri ulayır
səki üstündəki yağışlara…
Beləcə,
o dilənçi qızcığazın
ovuclarına bir Vətən bükülür,
bir Vətən!
11 bürkü 2017
Bakı
Müharibə uşaqlarının sükutu
(Bəzən ataları belə oxuya bilmir
müharibə uşaqlarının alnındakı
kimsəsiz yazıları…)
Əzrailin eniş meydançasıdır bütün insan sinələri…
Tanrı da
üstünə qurğuşun əridirürəksiz yaratdıqlarının.
Ekvatordan aşağıda döyülür son mənzillərin qapısı…
Hər səhər
keşişlər təşəkkür alırmüsəlman başdaşlarından.
…Sonra
həmin məktublara narıncı gülümsəyir
bütün arzularınxaç atası.
…Ömür nərgiz qoxusudurbir meh drijorluğunda.
Hər qoxunu canına çəkdikcə
özünə vurulur ölülərin ruhları…
Ölülərsə
ittiham olunur işıq oğurluğunda.
…Başdaşları təqvimində
təkcə nərgiz qoxusu bayramı var.
Hər il
qurğuşun əridir ölülər də öz ad günlərinə.
6 qızmar 2017
Gəncə
Bütün saatlar tanrıya işləyir …
Bütün saatlar tanrıya işləyir,
əqrəblər vurur ömrümüzün boynunu
birdən altmışa saya-saya…
…Bir də
yaşamağa həvəssiz olduğumuz həftələrimiz var –
daşı ölmüş saatların belə
geri qaytarmayacağı həftələrimiz!
Onlara da
çevrə qollardakı əqrəblər verirəlillik dərəcəsi.
…Gah qarğılar yerinə oturmur,
gah da ki, kəndir…
Beləcə yığılır ömrün tərəcəsi.
8 çiçək 2017
Bakı
Yazıya 1011 dəfə baxılıb