Saday Şəkərlinin uzun illər öncəsi uşaqlar üçün yazdığı bu poemanı kultur.az-ın dəyərli oxucularına təqdim edirik:
(poema)
Hər insan bir dünyadı,
rəngarəngdi, gözəldi,
qol-budaqlı ağacdı,
saralmış bir xəzəldi.
Ya ağactək yaşıldı,
ya qurumuş budaqdı,
hər insan bir qayadı,
hər insan bir bulaqdı.
Bir də görürsən sudur,
çaylar kimi təmizdir,
ya bulanıq gölməçə,
ya tufanlı dənizdir.
Ya buluddu, üzür hey,
ya ildırım, şimşəkdir,
göylərin kürəyinə,
qırmancları kim çəkdi.
Bir də gördün yağır hey,
leysandı, bir yağışdı,
bir də gördün yay kimi,
öz qınına yığışdı.
Hər insan bir dünyadı,
çiçəkdi gördün biri,
yanından ötüb keçən,
küləkdi gördün biri.
Biri təpə, biri dağ,
biri dərin dərədi,
biri bacadı gördün,
biri də pəncərədi.
Biri yamyaşıl meşə,
biri güllü ormandı,
biri sünbüldü, dəndi,
biri dənli xırmandı.
Kimə oxşayır görən,
boynubükük bənövşə,
kol altından boylanır,
utancaqdır həmişə.
Biri şirin almadı,
biri nardı, pərdəli,
gizlənib dənələrdə,
üzə çıxmaz hər dəli.
Biri armuddu, sulu,
həm dadlı, həm şirindi,
biri turşdu, göyəmdi,
elə sənin birindi.
Baxır üzünə biri,
kal vaxtı gülə-gülə,
biri həsrət adında,
yetişmiş qaragilə.
Hər insan bir dünyadı,
bulanıq havası var,
özüylə baş-başadı,
cəngi var, davası var.
Biri sağsağandı ki,
biri xoruz, ban verir,
biri vətən yolunda,
əsirgəmir, can verir.
Biri zəlidir ancaq,
qan sorub, azan verir,
biri son nəfəsində,
yaralıya qan verir.
Baxırsan biri yonca,
biri tüklü qanqaldı,
biri quşəppəyidi,
biri ot kimi laldı.
Biri padişahdı ki,
birisi bəydi, xandı,
biri nurlu günəşdi,
biri günəbaxandı.
Biri işıqlı aydır,
ətrafında min ulduz,
biri yol bağlayandır,
qara buluddək quduz.
Hər insan bir dünyadır,
dumanı var, çəni var,
körpü salıb yol çəkən,
həm də yol kəsəni var.
Biri seldir, dağıdır,
biri tufan, burulğan,
biri quzu kimidir,
biri harın, qudurğan.
Biri itdir elə bil,
iyləyib tapır səni,
halalca qismətini,
əlindən qapır sənin.
Biri doymur, acdı hey,
gözü hey əllərdədir,
biri arvad düşgünü,
fikri gözəllərdədir.
Birinin günü şəndir,
o birininki qara,
ikiüzlü adamlar,
çıxır, tüpürsən hara.
Biri daşdı, üstündə,
min ilin xəritəsi,
qalıb daş adamların,
hələ də xatirəsi.
Yazısı ulu, qədim,
şəkilləri diridi,
o daşlardan əl edən,
əzizlərdən biridi.
Onlar yer şumlayıblar,
əkib də götürüblər,
onlar mədəniyyəti,
bizlərə ötürüblər.
O vaxtlardan bu sevgi,
xalqın içində qalıb,
kənd adamı hələ də,
əkin-biçində qalıb.
O vaxtalar hamı təndi,
hamı bərabəriydi,
axan göz yaşı deyil,
zəhmət adlı təriydi.
İş vaxtı, işdən qaçıb,
yatan olmazdı o vaxt,
havayı yeyən cüllüt,
qutan olmazdı o vaxt.
Hər insan bir dünyadı,
gəlib çatdıq quşlara,
yuvaları dağılmış,
eldən qovulmuşlara.
Biri ağ göyərçindi,
biri dişi turacdı,
biri leydi, qanadı,
baxın qulac-qulacdı.
Elə istəyirəm ki,
bildirçinlər çığırsın,
başıma dolansın qoy,
dəstə-dəstə sığırçın.
Dəniz quşları ayrı,
ayrıdı cüllüt, leylək,
bu vətəni sevməyi,
boz sərçədən öyrənək.
Dağlar qartal oylağı,
hər ovu bir əlikdi,
bir cəmdəyin üstündə,
yaman qələbəlikdi.
Biri parça-parçadı,
qalıb bircə dərisi,
biri leşdi, yeyilir,
leşyeyəndi birisi.
Heç demədik, bülbülün,
əsrarəngiz səsi var,
könülləri oxşayan,
hər ləhzə nəğməsi var.
Biri ördək kimi lal,
biri tutuquşudu,
biri ala qarğadı,
əsrlərin yaşıdı.
Biri ürkək kəklikdi,
ayağında xınası,
qu quşu ayrı quşdu,
suların qu sonası.
Biri qazdı, yonular,
biri qaz kimi ayıq,
quşlar haqqında şeirin,
çatmışıq, sonundayaıq.
Bir üzü Doğudursa,
bir üzü də Batıdı,
durnalar şeirimizin,
qərib nəqəratıdı.
Hər insan bir dünyadı,
eşqə bürünənləri,
uçanlara əlvida,
hanı sürünənləri?
Biri uzun bir ilan,
elə sanırsan yoldu,
quyruğundan başacan,
həm salam, həm sağoldu.
Kündə kimidi gecə,
ayılantək hər səhər,
çıxar öz yuvasından,
dilinin altda zəhər.
Ağıllıdı qaz kimi,
istərsən başını kəs,
ağzına yerləşməyən,
heç nəyə hücum etməz.
Boynundan zəncir kimi,
qurudub da asmasan,
ilan toxunmaz sənə,
quyruğunu basmasan.
Biri də var əqrəbdi,
dada çatar çətində,
ancaq zəhərləmək və,
çalmaq var xislətində.
Hər adam bir dünyadı,
hər kəsin öz baxtı var,
bir cürə bədbaxtı var,
min cürə xoşbaxtı var.
Yazıya 567 dəfə baxılıb