Sevdamızın mələyi,
axı harda qalmısan?
Yollarınmı bağlanıb?
Niyə səssiz-səmirsiz,
boynubükük durmusan?
Sevdamızın mələyi,
qayıt, getmə uzağa,
Bir az ovut qəlbimi,
Həsrət, hicran pərdəsin
çəkib tulla qırağa.
Bir az keçmişdən danış,
Bir az öyüd ver mənə.
Bir azca təsəllim ol,
dillən, dərdləş, harayla,
bir az ümid ver mənə,
Sevdamızın mələyi,
niyə yaxın gəlmirsən?
Yoxsa sən də özünü
mənim kimi hey suçlu,
Hey günahkar bilirsən?
Sən ki mənim sirdaşım,
Sən ki tək şahidimsən.
Sən ki son güman yerim,
son təsəllim, pənahım,
inamım, ümidimsən.
Sevdamızın mələyi,
Kənar gəzmə, yaxın gəl,
sil gözümün yaşını.
Ya Onu qaytar mənə,
ya da al, apar məni,
Qovuşdur əbədilik,
At hicranın daşını,
At hicranın daşını.
***
Sənin iş otağın
İllərlə həsrətin çəkdiyim otaq,
Budur qarşındayam,
gəlmişəm, axır.
Əllərim uzanıb
qapına sarı,
Ayaqsa yerimir,
dayanıb baxır.
İllərlə həsrətin çəkdiyim otaq,
Məni niyə
belə qarşılayırsan?
Nədir bu soyuqluq,
nədir bu sükut,
Niyə dil-ağzını
qıfıllayırsan?..
Durub astanada
səssizcə, sakit
Gözdən keçirirəm
iş otağını.
Qəmli nəzərlərlə
süzüb dörd yanı,
Astaca gəzirəm
boş otağını.
İllərlə həsrətin çəkdiyim otaq
İndi elə bil ki
üstümə gəlir.
Boylanan hər kitab,
baxan hər varaq
Sanki küskün-küskün
Onu gözləyir.
Bir yanda qələmlər,
bir yanda dəftər,
Üst-üstə yığdığı
cild-cild lüğətlər,
Gör necə həsrətlə
dikib gözünü,
Kitablar, jurnallar intizardadır,
Hərəsi bir yanda
incik baxışla
Sanki dilə gəlib
çağırır məni,
Soruşur:
“Sahibim
axı hardadır?”
Astaca bir addım
atıb irəli,
Stul arxasında
donub qalmışam.
Dikib çantasına
nəzərlərimi
Qəhərə boğulub,
qəmə dalmışam.
İllərlə həsrətin çəkdiyim otaq,
Cavab ver, duy
qəlbin hayqırtısını.
Axı mən gəlmişəm,
O, niyə çıxmır,
niyə qarşılamır sevdalısını?
İllərlə həsrətin çəkdiyim otaq,
Niyə ümidimi
puç eyləyirsən?
Niyə qoymursan ki,
duyum səsini,
Mənə “gülüm” deyən
xoş kəlməsini?
Mən Onu görməyə
gəlmişəm axı.
Niyə xəyalımı
heç eyləyirsən?
Axı nə deyim mən
indi rəsminə?
Necə söyləyim ki, niyə gəlmişəm?
Əhdimə sadiqəm deyə gəlmişəm.
İllərlə həsrətin çəkdiyim otaq,
Sükuta dalmısan niyə beləcə?..
Niyə bircə kəlmə
cavab vermirsən,
Niyə qurumusan, niyə beləcə?
İndi mən burdayam,
O isə yoxdur…
Nə qədər səssizcə
dayanaq, baxaq?
Cavab ver, cavab ver,
O, niyə yoxdur?
Cavab ver,
həsrətin çəkdiyim otaq,
Cavab ver, söylə ki,
O, niyə yoxdur?!
Cavab ver, söylə ki,
O, niyə yoxdur?
***
Sənsiz mən də yaşamıram!
Sənsiz mən də yaşamıram,
Ruhsuz qala bilərəmmi?
Adın dilimin əzbəri
Ürəyimdən silərəmmi?!
Dərd ələnir dörd yanımdan,
Qəm, kədər yağır halımdan,
Dərdləşdiyim xəyalından
Uzaq dura bilərəmmi?!
Ahım yüksəlir göylərə,
Hey qarğaram kor taleyə,
Yalvarıram ”ölüm” deyə
Sənsiz qala bilərəmmi?!
Durub yollarının üstə,
Yandım ahəstə-ahəstə,
Hər həftə məzarın üstə
Ağlamasam, dözərəmmi?!
Yaşaram, ölmüşdən betər,
Nə gün keçər, nə ay bitər,
Daha həsrət, hicran yetər,
Sənlə qala bilərəmmi?
Sənsiz günüm ahu-vayda,
Ömrüm bitdi qeylü-qalda,
Məzarının sol yanında
Torpaq ola bilərəmmi?
***
Günəş kimi
Hamıya baxan gözlərlə yox,
ürəyimin gözləriylə baxdım Sənə.
Baxışların əbədilik
qaldı orda.
Dönüb oldun Kəbə evim,
ürəyimin qibləgahı dedim Sənə.
Səni sevən, Səni duyan
qəlbim oldu.
Şirin-şirin sözləriylə
səni hər an əzizləyən
dilim deyil, ruhum oldu.
Yorulmadım illər boyu
Səni sevib oxşamaqdan,
Gecələri-gündüzləri
yoxluğunda xəyalınla
dərdləşməkdən, danışmaqdan.
Düşünmə ki, nə zamansa
zəifləyər qəlbimdəki sevgi odu,
Eşqin sönməz alov kimi
sarmış bütün vücudumu.
Qəlbim yanır məşəl kimi,
atəş kimi,
Əbədilik yaşadacaq
bu sevgini
Səma kimi,
Günəş kimi!
***
Vətən nəğməsi
Qürbət eldə ürəyimdə
gör nə qədər sözüm qaldı,
Yurd həsrəti yaxdı məni,
nə səbir, nə dözüm qaldı,
Vətən adlı al günəşin
gözlərində gözüm qaldı.
Anam, anam, gözəl anam,
o üçrəngli bayrağımı
qalxıb mənim yerimə öp,
Al, aç mənim qollarımı,
O yaralı Vətənimi sarıb
mənim yerimə öp.
Yeganə Qəhrəmanova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
Yazıya 885 dəfə baxılıb