Aşıq ədəbiyyatında işlənən şeir janrları

Baglama_turc_manche_longQoşma

 

Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.

 

Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

 

Qoşmada bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.

 

Qoşma əsasən heca vəznində olur. Misradaxili bölgü 6+5, 5+6, 4+4+3 şəklində olur. Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

 

Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli Xalq şairlərimizin də yaradıcılığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir. Məsələn, Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”, Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”, Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”, ”Səninlə dünyada bəxtiyram mən” və s.

 

DAĞLAR

 

Bahar fəsli, yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmaz bir-birindən alalı* dağlar.

 

Xəstə üçün təpəsində qar olur,

Hər cür çiçək açır, laləzar olur,

Çеşməsindən Abi-Həyat car olur,

Dağıdır möhnəti, məlalı dağlar.

 

Yazın bir ayıdı çox yaxşı çağın;

Kəsilməz çеşməndən gözəl yığnağın.

Axtarma motalın, yağın, qaymağın…

Zənbur çiçəyindən bal alı, dağlar!

 

Yayın əvvəlində dönərsən xana,

Son ayda bənzərsən yеtkin bostana.

Payızın zəmhəri* qoyur virana,

Dağıdır üstündən calalı, dağlar!

 

Gahdan çiskin tökər, gah duman еylər,

Gah gəlib-gеdəni pərişan еylər,

Gahdan qеyzə gələr, nahaq qan еylər,

Dinşəməz haramı, halalı dağlar.

 

Ağ xalat bürünər, zərnişan gеyməz,

Hеç kəsi dindirib, xətrinə dəyməz.

Sərdara söz dеməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

 

Köçər еllər, düşər səndən aralı,

Firqətindən gül-nərgizin saralı.

Ələsgər Məcnun tək yardan yaralı,

Gəzər səndə dərdli, nalalı, dağlar!

 

Aşıq ƏLƏSGƏR.

 

* Alalı – fərqli

 

 

Qeyd: Yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri olan “Koroğlu” dastanının nəzm hissəsi qoşma və gəraylılardan ibarətdir.

 

 Qoşmanın məzmununa görə növləri də var:

 

  1. Gözəlləmə 2. Vücudnamə 3. Ustadnamə 4. Qıfılbənd

 

Gözəlləmə —gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır. Aşıq Ələsgərin “Güləndam”, “Xurşıd”, “Müşkinaz” və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.

 

Vücudnamə- Qoşmnın məzmununa görə növlərindən biridir. İnsanın beş yaşından ölüm anına qədər olan dövrü sadalanır.

 

Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir. Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir. Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir. Dastanın əvvellində verilən ustadnamələrin hər birində insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır. Ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər əsasında formalaşır. Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır. Məsələn, Aşıq Abbas Tufarqanlının məşhur qoşmasına nəzər salaq:

 

Ay həzərat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.

(Aşıq Abbas Tufarqanlı)

 

Qıfılbənd-Qoşmanın məzmununa görə növlərindən biri də Qıfılbənddir.  Azərbaycan şifahi xalq ədəbiyyatında tapmacaya bənzəyir. İki aşığın deyişməsinə deyilir. Şərtə görə, iki aşıq deyişir. Üstüörtülü şəkildə sualın cavabını qarşı tərəfdən istəyir. Məğlub olan sazını qalib gələn aşığa hədiyyə etməlidir. Daha çox ictimai-siyasi, dini və təbiət mövzuları ilə bağlı olur. Məsələn, XIX əsrdə Ustad Alı ilə şagirdi Aşıq Ələsgər deyişmiş. Azərbaycan Aşıq ədəbiyyatının forma-məzmun, ideya-sənətkarlıq baxımından zənginləşməsində müstəsna xidmətləri olan Ustad Aşıq Ələsgər bilərəkdən deyişmə zamanı Ustadına məğlub olur. Sənətə, saza, söə xatir Ustad Alı sazı götürməyir.

 

Gəraylı

 

Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır. Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.

Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

 

Gəraylıda bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “Möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “Tapşırma” da deyilir.

 

Gəraylı əsasən heca vəznində olur. Misradaxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur. Ahəngdarlığı ilə seçilən gəraylı Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

 

CЕYRAN

 

Durum dolanım başına,

Qaşı, gözü qara Cеyran!

Saldın еşqin ataşına,

Еylə dərdə çara, Cеyran!

 

Söz еşidib, ərzim qansan,

Mən yanana sən də yansan.

Özün bir tülək tərlansan,

Niyə uydun sara, Cеyran?!

 

Ələsgərəm, abdal ollam,

Еşqin girdabında qallam.

Küsdürmüşəm, könlün allam

Yalvara-yalvara, Cеyran!

 

Aşıq ƏLƏSGƏR.

 

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının 
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 2851 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.