VƏTƏNDİ, AY OĞUL, VƏTƏNDİ TORPAQ!
Eyvaz Əyyuba
Obanın o başı, bu başı olur,
Yurdun məhək daşı, yurd daşı olur,
Hər qarışdan ötrü savaşı olur,
Yurdun hər bərəsi, hər bəndi- torpaq
Vətəndi, ay oğul, vətəndi-torpaq!
Qılıncla qorudu Xətai yurdu,
Qılıncı zoruna dövlət də qurdu.
Qoruya bildinsə, gözünə nurdu,
Qoruya bilmədik, tükəndi –torpaq.
Vətəndi, ay oğul, vətəndi-torpaq!
Torpaq qorudunsa, papaq sənindi.
Yurdunda od sənin, ocaq sənindi.
Sonucda bir qarış torpaq sənindi,
Yaxşını, yamanı örtəndi, torpaq,
Vətəndi, ay oğul, vətəndi- torpaq!
İnsanın qəlbinin odu, ocağı,
Behiştin ünvanı- cənnət qucağı.
Cismin son gümanı, dayanacağı,
Şəhid ruhlarına kəfəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Bir qarış torpaq da vətəndi, oğul,
Vətənin qeyrətin çəkəndi oğul!
Qoruya bilmədik beş kəndi, oğul,
Bizdən o zamandan küsəndi- torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Yolunda oğul tək yarımadınsa,
Yurdunda qurd olub qarımadınsa,
Qanın bahasına qorumadınsa,
Yağı tapdağında itəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
Onun da canı var, canı insandı.
İliyi, damarı, qanı insandı.
Ay Yusif, ən böyük cani insandı,
Haqqın dərganında bədəndi- torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!
“KƏLBƏCƏR-BİR XARABALIQ,
YUSİF BİR BAYQUŞ YERİNDƏ”
Nə ağıl öz yerindəymiş,
Nə bir belə baş, yerində.
Yalançı can-cəsədimiz,
Perik düşmüş quş yerində.
Vaxtında kara gəlmədik,
Qeyrətlə ölə bilmədik,
Qala kimi hörülmədik,
Beş oğul -bir daş yerində.
Dəyməmişik, hələ kalıq,
Biz nə ətik, nə də balıq.
Kəlbəcər bir xarabalıq,
Yusif bir bayquş yerində..
“DEYİRLƏR, HARDASA NƏFİS ADAM VAR
Bir azca fərq qoyaq, adam deyəndə,
Ya yaxşı adam var, ya pis adam var.
Biz də ayırmasaq, kim ayıracaq?!
Gərəksiz adam var, xəbis adam var.
Adam var, tamahı gözünə yükdü,
Nəfsi dağ əridən odlu körükdü.
Gördüyüm üzlərin fərqi böyükdü,
Hər sifət adam var, hər üz adam var.
” Şeytandı” bilmirəm,” Haldı” bilmirəm?!
“Qoyundu”, bilmirəm,” Maldı” bilmirəm?!
“Beçədi” bilmirəm, “Quldu” bilmirəm?!
“Kişi qiyafədə”, “kəniz adam” var.
Kimsə yetmişində, bişə, bişməyə?!
Gərək haqq sözümə dözə, küsməyə.
” Qırmızı kitaba” düşə, düşməyə?!
Xeyirxah adam var. Təmiz adam var?!
Ay YUSİF, deyirsən,- Qanma!- qanmayım.
İçimdə dərd yanır, necə yanmayım?!
Bilmirəm inanım, ya inanmayım?!
Deyirlər hardasa, “NƏFİS” adam var!
“Deyirlər bir dərdin min əlacı var…
Vaxt olur min dərdə bir əlac olur”
Bir həyat eşqi var bir damla suda..
Bir fidan boy verib, bir ağac olur..
Vaxt olur taxtı-tac viranə qalır…
Miras yad əllərdə xam- xərac olur…
Tanrı nəzərində külli-ixtiyar…
Kimi dərd içində,..kimi bəxtiyar…
Deyirlər bir dərdin min əlacı var…
Vaxt olur min dərdə bir əlac olur…
Bayquşlar ulayır doğma elimdə…
Solub çiçəyim də..solub gülüm də…
Yüz mahal dağılır haram əlində…
Bir halal insana ehtiyac olur..
Ehh..kimlər baxacaq Yusif dalınca?!
Ac qılınca çapar,..xəstə balınca…
Nə qədər görsə də bollu-bolunca…
Dünyadan köçənin gözü ac olur…
MƏHƏBBƏT DƏ QƏDƏRİNDƏ GÖZƏLDİ
İstəyin də, nifrətin də həddi var,
Məhəbbət də qədərində gözəldi..
Hər əməlin sərhəddi var, səddi var,
Səxavət də qədərində gözəldi…
Haqsızlığa gendən baxma, mal olma,
Dilin-ağzın qurumaz ki, lal olma…
İnsan oğlu, vəzifəyə qul olma,
Sədaqət də qədərində gözəldi…
Aqil kəslər cahilliyi xoşlamır,
Dağdan gələn su, lilliyi xoşlamır,
Yusif, Tanrı zəlilliyi xoşlamır,
İbadət də qədərində gözəldi…
ÇOXLARI QUL OLDU PULUN EŞQİNƏ..
Tanrı özün qoru bizi nadannan,
Ulaq dingildəyir çulun eşqinə..
Heyiflər olsun ki, hələ çox nadan,
Nəfsinə qul olub yalın eşqinə..
Haram nə oldusa, nəfsimə yaddı..
Mənim yaşatdığım bir təmiz addı..
Gələni-gedəni qara yer uddu..
Çoxları qul oldu pulun eşqinə..
“Gördük imanını adi qulun da..
O nələr çəkmədi Haqqın yolunda?!
Yusif səcdə qıldı qandal qolunda,
Züleyxa yas tutdu, qulun eşqinə”..
Təkcə Tanrıdadı külli-ixtiyar..
Hər kəsə bir qismət, bir taleh yazar.
Yusifin qəlbində Allah eşqi var,
Quldu, bu müqəddəs yolun eşqinə..
BİR ŞAİR VAR….
Zaman-zaman haqsızlığın ağrısın,
Torpaq çəkib, millət çəkib, quş çəkib…
Nə yazıq ki, dərdimizin acısın,
Gözümüzdən axıb gələn yaş çəkib…
Torpaq kimdən əsirgəyib varını,
Yazın çiçəyini, qışın qarını?
Ta əzəldən bu dünyanın barını,
Yaz gətirib, payız yığıb, qış çəkib…
Bizim ulu babalardan məsəl var;
Dərd gələndə Yer titrəyər, Göy ağlar.
Axmaq başın əzabını ayaqlar,
Köntöy dilin bəlasını baş çəkib…
Yusif bu gün bu dünyanın köçündə,
Yox olacaq heçliklərin heçində…
Bir şair var, şairlərin içində,
Ömrü boyu daş daşıyıb, daş çəkib.
Yazıya 517 dəfə baxılıb