(hekayə)
Eldar düşüncələr burulğanından qurtula bilmirdi. Bir-birini təkzib edən fikirlərin mübarizəsində qalibi müəyyən etməkdə çətinlik çəkirdi. Bu səfər ona nüfuzunu itirmək bahasına başa gələ bilərdi. Ermənilər Qarabağı işğal edəndən görüşməmişdilər. Ediklə aralarında qırx illik dostluq əlaqələri var idi. Bir ailə kimi yaşamışdılar. Edik araya iğtişaş salanları lənətləyərək, ailəsinə Ermənistanda, Qarabağda vəd edilən “cənnətdən” imtina edib Moskvaya köçdü. Əlamətdar günlərdə dostu Eldara zəng vurur, hal-əhval tutur, yaşadığı yerləri xatırlayaraq ağlayırdı. Sonuncu dəfə Novruz bayramında qızı Siranuş zəng vurdu. Atasının ağır xəstə olduğunu, dostunu görmək istədiyini bildirdi. Qız Eldarın gəlməsi üçün yalvarırdı. Eldar qalmışdı dilemma qarşısında. “Dostum həyatının son anlarını yaşayır. Yəqin halallıq istəyir məndən. Gərək gedəm. Yox, bizimkilər nə deyərlər buna? Şəhid ailələri üzümə tüpürməzlərmi? Nə dost, erməninin hamısı bir bezin qırağıdır, ilanın ağına da lənət, qarasına da, deyəcəklər. Mən hər kəsi necə inandırım ki, Edik elələrindən deyil. O, dəfələrlə iki qonşu xalq arasına dava salan ermənilərin əleyhinə yazılar yazıb, çıxışlar edib. Buna görə onu, ailəsini gözümçıxdıya salıblar. Rus generalı olan qaynını evindən qovub, qohumluqdan çıxarıb. Məncə, belələrini özümüzdən uzaqlaşdırmamalıyıq. Mütləq getməliyəm. Qız dedi ki, atası böyüyüb boya-başa çatdığı həyətdən bir ovuc torpaq gətirməyimi istəyir.”
Torpaq məsələsi Eldarı əməlli-başlı çaşdırdı: “Bu, artıq oldu siyasi məsələ, mənəviyyat məsələsi… Gərək lazımi yerlərlə məsləhətləşim.” Lazımi yerlər deyəndə, o, daxili işlər orqanında işləyən qardaşı oğlunu nəzərdə tuturdu, bir də dostu, Ediki yaxşı tanıyan Əhmədi.
…Uçuş vaxtını heç kimə bildirmədi. Bir günlük səfər olduğu üçün Moskvadakı tanışlarına da məlumat vermədi. Şəhəri yaxşı tanıyırdı. Cavanlığında Ediklə Bakıdan, İrəvandan o qədər meyvə-tərəvəz daşıyıb satmışdılar ki bu şəhərdə. Yaxşı pul qazanırdılar. Ailələrinin dolanışığını göndərib, qalanını keyfə xərcləyirdilər. Edikin indi yaşadığı mənzildə kirayədə qalırdılar. Köçaköç başlayanda Edik Bakıdakı, rayondakı evlərini babat qiymətə satıb o evi almışdı. Eldar oranı gözüyumulu tapardı.
Taksiyə minib ünvanı dedi və xəyala daldı. Aeroportdan şəhərə uzanan bu yolla o qədər getmişdi ki! Amma yol, yolətrafı ərazilər əvvəlkindən gözəl idi. Hər iki tərəfdə naxışlanmış gül-çiçək, hamarlanmış çəmənlik, daranmış ağaclar… göz oxşayırdı. Eldar təbiətin gözəlliyini köks dolusu içinə çəkdi və sanki neçə vaxtdır qəlbini dolduran narahatçılıqdan qurtuldu. Beynini deşən ictimai qınaq lingi yoxa çıxdı və yerində təmiz xatirələr oyandı. Ediklə keçirdiyi uşaqlıq, gənclik illəri xəyalında canlandı. Ahıl yaşlarında onları ayıran erməni şovinizminə lənət dedi. Bir hadisəni saymasaq, aralarında bir dəfə də olsun, narazılıq olmayıb. Hadisə isə belə baş verib: Qarabağın ermənilər yaşayan kəndlərindən birində Edikin xalasının yas mərasiminə gediblərmiş. Ehsan süfrəsində yemək, içmək (Edikin xalasının ərinin çəkdiyi araq oralarda “bərk gedən” imiş) bol olub. Mərhumun xatirəsinə o ki var, vurublar. Edik Eldara acıq vermək üçün deyib ki, biz yasımızda verdiyimiz yemək-içməyi siz heç toyunuzda verə bilmirsiniz. Eldar da qayıdıb ki, düz deyirsən, Edik, həmişə belə ola, sizdə yas, bizdə toy. Bu sözə doyunca gülüşüblər. Səhərisi ayılanda Edik küsüb ki, sən necə dostsan, bizə yas arzulayırsan. Küsülükləri uzun çəkib-düz bir həftə. Axırda Eldar dözməyib Edikin könlünü alıb. Deyib ki, ayə, biz dostuq, bir həyətdə, bir torpaqda yaşayırıq, gəl barışaq…
“…Bir həyət, bir torpaq, bir ovuc torpaq…” Eldar diksinərək xəyaldan ayıldı. “Nə təhər yadımdan çıxıb. Edikin qızı atasının yaşadığı həyətdən bir ovuc torpaq gətirməsini istəmişdi. Qəbrinin üstünə səpmək üçün. İndi mən nə deyəcəyəm Edikə? Elə biləcəklər qəsdən gətirməmişəm. Heç kim də yadıma salmadı. Kimə demişdim ki, yadıma da salsın? Ta gəlməyimin nə mənası? Yox, belə olmaz. Kişi halallıq istəyir məndən.”
Eldar çox narahat hiss etdi özünü. İstədi geri qayıtsın. Amma gec idi. Alnını ovuşdura-ovuşdura fikirləşdi, ürək döyüntüləri artdığı üçün nəfəsi daraldı, qalstukunu, yaxasını açdı, bir neçə dəfə dərindən nəfəs aldı, qeyri-ixtiyari maşının pəncərəsindən ətrafa göz gəzdirdi. Birdən diqqəti nəyəsə ilişib qaldı, sürücüyə “dayan” işarəsi verdi. Sürücü taksini yolun kənarında, şam ağaclarının sıx olduğu bir yerdə saxladı. Eldar maşından düşərək, iri gövdəli bir ağacın dibinə tərəf getdi. Əyilib otları yoldu, torpağa çatanda cibindən dəsmalını çıxardı, dəsmala bir ovuc torpaq yığdı, səliqə ilə dəsmalı bükdü və cibinə qoydu. Ayağa qalxmadan bir yerə, bir göyə baxdı, dodaqaltı nə isə pıçıldadı. Xeyli o vəziyyətdə qaldı. Yol boyu üzünün yandığını, bədəninə iynələrin batdığını hiss etdi…
… Bu xoşagəlməz hissdən o, illərlə görüşmədiyi xəstə dostu Edikin onu görən kimi yataqdan sıçrayaraq boynuna sarılması və hönkür-hönkür ağlaması səhnəsindən sonra qurtuldu. O da dostuna qoşulub ağladı və xeyli Ediki qolları arasından buraxmadı. Bu ziyarəti səbirsizliklə gözləmiş xəstənin qohum-qonşuları da göz yaşlarını saxlaya bilmədilər. Qirx ilin dostluğu, otuz ilin ayrılığı və ürək dağladan görüş… Bu məqam daşqəlbliləri də riqqətə gətirərdi. Heyrətdən gözlərin hədəqədən çıxmasına bir səbəb də uzun müddət hərəkətsiz yatan xəstənin qurumuş bədəni ilə ayağa qalxması və yarım saatadək ayaqüstə durması idi. Hətta təcrübəli həkimlər də bu mənzərəyə təəccüblənərdilər. Arada tibb elminin izah edə bilmədiyi ilahi bir bağ olmalıydı “ölü”nü ayağa qaldırmaq üçün…
Ediki birtəhər Eldardan ayırıb çarpayıya uzandıdılar. Hamı əl-ayağa düşdü. Qonağı qucaqlayan kim, çiynini sığallayan kim, əlini öpən kim… Eldara çarpayının baş tərəfindəki kresloda yer göstərdilər. Xəstəlikdən dolayı aylarla danışmayan Edik dil boğaza qoymurdu:
– Qardaş, ağrımırsan ki? Oralarda nə var, nə yox? Uşaqlar nə təhərdir? Nəvədən-nəticədən nəyin var? Həyətdəki ağaclar durur? Tut ağacı qurumayıb ki? Çırpanda yıxılıb qolumu sındırmışdım ha, yadındadır? Bunlar nəvələrimdir. Hamısı sənə qurbandır. Cənnət-məkan Azərbaycanı görməyiblər. Allah baislərin evini yıxsın! O qədər danışmışam ki, sizlərdən. Uşaqlarımı tanıyırsan. O gördüyün balacalar qocalıblar. De görüm, tay-tuşlardan kimlər qalıb, kimlər köçüb?
– Edik, hər şey yaxşıdır. Narahat olma, həyəcanlanma! Səni gördüm, rahatlandım, – deyə Eldar onu sakitləşdirdi.
Çay süfrəsi açıldı. Növbənöv yeməklər gətirildi. Xəstə ziyarətçiləri çoxalırdı. Azərbaycanlı qonağa görə maraqdan ölənlər də təşrif buyurmuşdular. Amma heç kəs ağzını açıb bir kəlmə də demirdi. Yalnız Edikin qızı qonağa qulluq edə-edə, qısa suallar verir, xüsusi olaraq qonaq üçün hazırladığı xörəklərdən dadmağı təklif edirdi. Sevindiyindən az qalırdı Eldar əmisini uşaq kimi yedizdirsin. Eldar qıza:
– Siranuş qızım, o zənbildəki meyvələri boşalt, yu, gətir süfrəyə düz, qoy hamı dadsın. Həyətimizdəki ağacların barıdır. Alma, ərik, şaftalı, armud… hərəsindən bir az sovqat gətirmişəm sizə, – deyəndə Edik qəfildən dikəldi, gözləri yaşardı, taqətsiz əllərini zənbilə tərəf uzatdı və uşaq yalvarışı ilə dedi:
– Nooolar, mənə də verin də o meyvələrdən!
Qızı sevincək tez hər meyvədən yuyub dərin boşqabda atasının çarpayısının yanına qoydu. Edik hərisliklə meyvələrin hərəsindən bir-iki dişlək ala-ala yeməyə girişdi. Bu yeyiş torpaq, meyvə həsrətindən çox, son günlərini yaşayan xəstənin meyvəyə yerikləməsinə oxşayırdı. Hamı donub Edikin iştahla meyvələrin suyunu çənəsi aşağı axıda-axıda yeməsinə tamaşa edirdi. Edik nəzərlərin üzərində olduğunu duydumu, ya doydumu, qəfil əllərini boşqabdan çəkdi, Eldarı minnətdarlıq dolu baxışla süzdü və ciddi görkəm alıb soruşdu:
– Əzizim, meyvələrə görə çox sağ ol, mənə can verdin. Sənə həyətimizdən bir ovuc torpaq gətirməyini istəmişdim, qəbrimə tökmək üçün. Gətirmisən? Yoxsa yadından çıxıb?!
Eldar sualdan tutuldu, yanaqları allandı, ovucları tərlədi. Dostunun canı cibindəymiş kimi, həyəcanla ciblərini axtardı və dəsmalı çıxardı. Aeroport yolundan yığdığı rus torpağını Edikə verdi. Edik dəsmalı aldı, açıb torpağı öpdü, gözlərinə sıxaraq ağladı, Eldara tərəf qollarını uzatdı, onun boynunu qucaqladı. Xeyli hər ikisi çiyinləri əsə-əsə səssizcə hönkürdü. Eldar dostunun baxışları ilə qarşılaşmaq istəmirdi. Bu anda onun ən böyük arzusu tez oradan uzaqlaşmaq idi.
Otaqdakılar da bu mənzərə qarşısında təmkinlərini itirdilər, ağlaşmağa başladılar. Sanki xəstənin canını tapşırdığı xəbərini almışdılar. Yaşanan hisslər ani olaraq onları bütövləşdirdi, ailəviləşdirdi, saflaşdırdı… Paklıq məqamı Edikin general qaynının oğlu ilə qəfil otağa daxil olması anınadək davam etdi. Araya sükut çökdü. Xəstə ziyarətinə gəlmiş qonum-qonşular tələsik göz yaşlarını silib kimisi qorxudan, kimisi nifrətdən oranı tərk etdi. Otaqda yalnız ev adamları qaldılar. General Samvel Qriqoryanın bacısı evi olsa da, o, burada arzuolunmaz şəxs sayılırdı. Rus ordusunun tərkibində Xocalı soyqırımının iştirakçısı olmuş bu şəxsdən yaxın qohumları imtina etmişdilər. Edik onun üzünə tüpürüb evindən qovmuşdu. Samvelin bu gəlişinin səbəbi heç də yeznəsindən ölüm ayağında halallıq almaq istəyi deyildi. O eşitmişdi ki, Edikin Azərbaycandan dostu gəlib. Elə bir dost ki, yeznəsi onun kəsilib atılmış dırnağını qaynının generallığından üstün tutur. Ona görə də bura qonağı sancmaq, araya qanıqaralıq salmaq üçün gəlmişdi. Eldar da bu rus-erməni generalı haqqında eşitmişdi. Onun arzusunu ürəyində qoymaq üçün ona qoşulmamağa özünə söz verdi. Ayağa durdu, Samveli gözünün içinə baxaraq nifrətlə süzdü, çarpayıya yaxınlaşıb Ediki qucaqladı, alnından öpərək:
– Mən gedim. Yastığın yüngül olsun! – dedi – Qarğalar qarıldamamış, vidalaşaq!
Edik torpaqla dolu dəsmalı sinəsinə sıxdı, nəmli gözləriylə dostuna şükranlığını çatdırdı, sərt baxışla qaynına baxdı, nəsə demək istədi, ağzı tərpənsə də, səsi çıxmadı. Eldar onu eşitdi, nə demək istədiyini anladı. O başa düşürdü ki, Edik qaynı kimi qatillərə görə xəcalət çəkir. Eldar dostuna baxışlarıyla halallıq verərək, qapıya tərəf addımladı. Edikin qızı əyilib onun ayaqqabısının ipini bağladı, pencəyini tutdu və ağlayaraq onu qucaqladı: “Gəldiyiniz üçün sağ olun, əmi!”
Bayaqdan bu mənzərəni sakitcə seyr edən Samvel başını bulayaraq rusca özününkülərə söyüşlər yağdırdı. Edikin sinəsinə bərk-bərk sıxdığı dəsmalı zorla ondan alaraq oğluna sarı döndü və Eldara eşitdirmək üçün çığırdı:
– Serjikcan, bu torpaq Azərbaycandan gətirilib. Al bu dəsmalı, içindəki türk torpağıdır, apar Hayastana səp, qoy torpağımıza qarışsın. Biz əsrlərlə türk torpaqlarına qarış-qarış, ovuc-ovuc yiyələnmişik. Hər ovuc torpaq arzumuza – böyük Hayastana bizi qovuşdurur. Ha-ha-ha!
– Sən xəstəsən, faşistsən. Allahın köməkliyi ilə cəzanızı verəcəyik, – deyərək Eldar qapını çırpdı, həyətə düşüb taksiyə mindi.
… Təyyarə buludları yarıb səmada yoluna düzələndə Eldar özünə gəldi, dərindən köks ötürdü. O, dostu Edikin halına acıdı, gözlərini təyyarənin tavanına zilləyib dodaqaltı pıçıldadı: “Allah, keç günahımdan. Bir sən şahidsən ki, bilərəkdən aldatmadım dostumu…” Əliqanlı general yadına düşəndə isə: ” Bəlkə də, elə belə olması məsləhət imiş…” – deyə rahatlandı.
Yazıya 740 dəfə baxılıb