Yoxluğun fəlsəfəsi və ya bir sualın cavabı
(esse)
Varlıq və yoxluq arasında nazik bir pərdə var və istənilən an bu pərdə dartıla bilər; varlıq yoxluğa, yoxluq varlığa çevrilər. Nədən? – çünki hər varlıq tərsini saxlayar özündə daima. Burası məlum.
Bəs nəyəsə “yoxdu” deyən zaman nə baş verir? O nəsnənin, ümumiyyətlə, yoxluğundan – mövcud olmamasından söhbət gedir? – bax burası isə çox maraqlıdı. Axı yox olmaq üçün ilk növbədə var olmaq gərəkdi. Bir şey yoxdusa, o, necə yox ola bilər. Bütün “yoxdu”lar “varolma”dan xəbər verir əslində. Sadə bir misal: otağın qapısını açıb, bir adamı soruşarkən, məlum olur ki, həmən adam o otaqda yoxdu. Amma bu onun, ümumiyyətlə, yox olması demək deyil. Həmin məkanda və zaman kəsiyində məhz o otaqda olmamasıdır. (Məntiqə söykənsək, o adamı soruşarkən elə onun varlığı sübut olunur). Nəyəsə “yoxdu” deməklə, əslində, o nəsnənin var olması təsdiq olunur öncə.
Sevgi yoxdu, həqiqət yoxdu, ədalət yoxdu və s. Deməli, onlar mövcuddur və elə movcud olduğundan hər hansı konkret bir situasiyada və məkan-zaman müstəvisində onların yoxluğundan söhbət gedə bilər. Bir də nəsnənin varlığı və ya yoxluğu barədə fikir yürüdərkən onun barəsində informasiyanın həcmi (az və ya çox olması) xüsusi rol oynayır. Nəsnə barədə informasiya qıtlığı və ya informasiyanın olmaması da, onun barəsində “yoxdu” hökmünün çıxarılmasına səbəb ola bilir bəzi hallarda.
Elə ölümün də fəlsəfəsi yoxluq barəsində söylədiklərimizə analoji qurulur. Ölmək üçün əvvəlcə yaşamaq – mövcud olmaq gərəkdi. Yalnız yaşayanlar ölə bilərlər (və ya ölüm adlı dəyişməyə məruz qalarlar). Çünki yox olmaq (və ya dəyişmək) üçün əvvəlcə var olmaq lazımdı. Ölüm ən böyük yoxolmadırsa belə, o da varolmanın bir forması – yoxolmanın varlığıdır…
Və bu məntiqə istinad etsək, bütün “yoxdu” lar yalnız varolanlara şamil oluna bilərlər və beləliklə də, bütün “yoxolma”lar yeni varolmanın başlanğıcıdır qənaətinə gəlirik.
Belə olan halda bir sualın cavabı çox maraqlıdı: “Tanrı yoxdu?”
Qaranlıq
(esse)
– İşığı çox sevirsən, yoxsa qaranlığı?
– İşığı.
– Qaranlığı necə, onu heç sevmirsən?
– Onu da sevirəm. Çünki, əslində, qaranlıq yoxdu, qaranlıq – işığın əksi, işığın yox olduğu məqamdı.
– Elə buna görə sevirsən qaranlığı, yəni elə işığın əksi olduğuna görə?
– Təkcə buna görə yox. Qaranlıqda, onun əsli olan işıqlı mənzərələr daha gözəl görünür. Məhz bu gözəlliyi doğurduğuna görə sevirəm qaranlığı həm də. Bir söz də deyim və bununla da, bu söhbətə son verə bilərik, məncə: Gözəllik döğuran bütün yoxluqlar sevgiyə layiqdi əslində …
… – 22.08.2016
Yazıya 904 dəfə baxılıb