Bir-birinə bənzəyən iki şair ömrü
Bizə Azərbaycanda, Anadoluda, xalq tərəfindən sevilən, sayılıb-seçilən bir çox el aşıqlarının olduğu məlumdur. Onların əksəriyyəti Quranı, ərəb və fars dillərini bilən, təhsilli şəxslər olmuşlar. Belə el sənətkarlarından biri də, Rəcəb Hıfzı adı ilə tanınan Qarslı xalq ozanıdır. Geniş dünya görüşünə sahib, aşıq sənətinə, dini biliklərə, təsəvvüfə bələd olan insanların arasında dünyaya göz açan Rəcəb, bütün bunlardan xoş nəsibini almışdı. İyirmi beş illik ömrü ərzində Hafiz olub biliyi və zəkası ilə ətrafındakı insanların hörmətini qazanmağı, ucqar bir qəsəbədə gənc nəslin savadlanmasına xidmət etməyi və bütün bunlarla bərabər qəlblərə yol tapan təsirli şeirlər müəllifi kimi tanınmağı bacarmışdı. Hıfzı təxəllüsünü hafizliyinə görə alan şair 25 yaşında ikən Qarsda ermənilər tərəfindən törədilən qırğınlar zamanı böyük amansızlıqla qətlə yetirilmişdir. Rəcəb Hıfzının həyat hekayəsi və əsərləri bizə qəlbi vətən sevgisi ilə döyünən nakam ömürlü şairimiz Mikayıl Müşfiqi xatırladır. Şeirlərindəki kövrəkliyə, coşqu və güclü hisslərin ifadəsinə görə aşıq Hıfzı, Mikayıl Müşfiqlə eyni ruhi-mənəvi müstəvidə durur desək, yanılmarıq. Onları bir-birinə yaxınlaşdıran zəngin daxili dünyaları, aşıb-daşan duyğularıdır. Bu iki şairin yaşam hekayələrindəki ortaq hüznlü notlar, şeirlərindəki üslub və mövzu oxşarlığı aralarında qarşılaşdırma aparmağa imkan verir. Mikayıl Müşfiq yazır:
Sabah Novruz bayramıdır
Deyə-deyə yatıyorduq.
Çəкdiyimiz acıları
Sеvinclərə qatıyorduq.
Bu axşamsa mən yalnızam,
Ətrafımda yox bir кimsə.
Qapdırmıyor bu yalnızlıq
Fəqət məni qeyri hissə.
Şair hər kəsin sevinərək həyatdan zövq aldığı bayram günlərində qəlbindəki qəmginliyi dərin qüssə hissi ilə ifadə edir. Şeirlərində yaratdığı təsirli lövhələrlə oxucunu xəyalən qəlbinin qəmli hisslərlə dolduğu o bayram gecəsinə aparır. Eyni hüzn və kədəri biz Hıfzının “Mübarək olsun” adlı şeirində də görürük. Şair sevinc və xoşbəxtlik duyğularının yaşanmalı olduğu əziz bayram günündə üzüntülərin ən acısını yaşayır. Ayrılıq acısını.. Hıfzı deyir:
Herkes sevgiliyle bayramlaşıyor
Ben ağlarım gözüm yaşı taşıyor
Gönül mecnun olmuş dağlar aşıyor
Leyla can bayramın mübarek olsun
Eller bayram eder ben yas çekerim
Mor menekşe gibi boyun bükerim
Alıştı vücudum misal-i Kerem
Aslı can bayramın mübarek olsun
Hıfzı kimi Mikayıl Müşfiq də gənc yaşında həyata vida etmişdir. Ömrünün otuzuncu baharında pantürkist adlandırılaraq, dövlət əleyhinə çıxmaqda günahlandırılmış və edam edilərək nəşi Xəzər dənizinə atılmışdır. Şeirlərində yurd və millət sevgisinin, insan və təbiət gözəlliklərinin tərənnüm edildiyi, bir duyğu və qəlb şairi olan Müşfiq 30 illik qısa ömründə dili rəvan, oxunaqlı, könüllərə sirayət edən, xalq şeiri üslubunda qələmə aldığı bir-birindən gözəl əsərləri ilə şöhrət qazanmışdır. Müşfiqin şeirlərini xalqa sevdirən ən mühüm cəhət isə onların məhz aşıq qoşmaları kimi heca vəznində yazılması, xalq dilində söylənən folklor nümunələrini xatırlatmasıdır.
Dolaşma sıldırım sal qayalıqda,
Daşlar ayağını əzər, maralım!
Gəl səni bəsləyim gözümün üstə,
Etmə aşiqindən həzər, maralım!
Ömürləri bir-birinə çox da uzaq olmayan tarixlərə təsadüf edən bu iki şairin şeirlərindəki yaxınlıq eyni soydan gələn iki qardaşın qəlb və ruh yaxınlığıdır, desək, yanılmarıq. “Yine hayalime düştü sevdiğim, Di gel yollarına kurban olduğum” deyən Hıfzıdan bir neçə il sonra Müşfiq bu sətirləri yazacaqdı: “Bilməm harda qaldı o nazlı durnam, O xoş sədasına qurban olduğum”. Şair Hıfzının “Esen rüzgarlarla yine bir selam söyle dillerine kurban olduğum” deməsinə Müşfiq sanki bu sözlərlə cavab verəcəkdi: “Mən iltifat etdim, o qaçdı məndən, qaçqın ədasına qurban olduğum”. Gətirdiyimiz nümunələrdə bir-birindən xəbərsiz iki şairin şeirlərindəki könül bağlılığını görməmək mümkün deyil. Bu bağlılıq şairlərimizin sahib olduğu türk təfəkkürü və düşüncəsindən, ruhlarına hakim olan o böyük sevgidən və bu sevgi yolunda heç nədən qorxmamaq, eşq fədaisi olmaq duyğusundan irəli gəlirdi. Hıfzının qorxmazlığı Vətənə, xalqa, gözəlliyə olan vurğunluğundan qaynaqlanırdı. Ətrafında baş verən bir çox sosial-siyasi hadisələr şəraitində şairin qətiyyətli mövqeyi qələmə aldığı şeirlərində öz bədii ifadəsini tapmışdır. Mikayıl Müşfiq də əsərlərindəki cəsur və mübariz ruhu ilə bu günədək oxucularının rəğbətini qazanmaqdadır. Hər iki şair həyatları boyunca qarşılaşdıqları kədərli hadisələrə, mənfi hallara ürək ağrısı ilə yanaşmış, həssaslıq nümayiş etdirmişlər. Sevgiliyə münasibətdə qayğı dolu səmimiyyət, coşğun məhəbbət, sevdiyini qoruma duyğusu və eşq yolunda hər cür çətinliyə hazır olmaq hissi bu şairlərin sevgi şeirlərinin əsas xüsusiyyətləridir. Mikayıl Müşfiq yazır:
Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəкdiğim nalədən neçin oyanmaz
Şirin röyasına qurban olduğum?
Kilometrlərcə uzaqda digər bir türk torpağında yetişən Rəcəb Hıfzının aşağıdakı sətirləri də eyni hiss və həyəcanı ifadə edir.
İşitsen sedamı uyanır mısın?
Yok yere kanıma boyanır mısın?
Sevdam sende olsa dayanır mısın?
Uyan gözlerine kurban olduğum
Şeirlərdəki səmimiyyət hissi, məhrəmlik duygusu şairlərin incə ruhundan, sevgiyə və sevilənə qarşı duyduqları sayğıdan, bəslədikləri mərhəmət hissindən xəbər verir. Ayrı-ayrı sosial mühitlərdə yetişmələrinə, bir qədər fərqli təhsil almalarına rəğmən mənəvi dünyaları, sənət sevgiləri bir-birinə çox yaxın olan Mikayıl Müşfiq və Rəcəb Hıfzı yazdıqları şeirlərlə oxucularının ürəyinə və yaddaşına həm böyük şair, həm həssas qəlbli insan, həm də biliyini gənc nəsildən əsirgəməyən nümunəvi bir ziyalı olaraq həkk olunmuşlar. Hər iki şairin könüllə söhbətinin əks olunduğu şeiri vardır. Müşfiqin “Könül” rədifli şeirində oxuyuruq:
Ah, bu uzun sеvda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, кaman atdım,
Dəydi oxum daşa, könül!
Hıfzı da eşq naləsi ilə onu qəflət yuxusundan oyandırıb dəli-divanə edən könlünə müraciətlə belə deyir:
Nârası gafletten beni uyarttı
Kıldı kendi gibi divane gönül
Eyledi şulesi aşkın şemisi
Başladı dönmeye pervane gönül
Eşqin alışıb-yanan şama, könlün isə şamın ətrafında fırlanan pərvanəyə bənzədilməsi bədii təsvir gücünü artırmış, şeirin poetik təsirini qüvvətləndirmişdir. Müşfiq də sevda yolunun uzun və məşəqqətli olmasından şikayətçidir. Şair bu yolun çətinliyindən, “oxunun daşa” dəyməsindən bəhs edir. Bu məhrəm söhbətdə onun da xitab etdiyi sirdaşı könlüdür. Bu sənətkarların duyğu dolu qəlb şairi olduqlarını bir çox şeirlərində görmək mümkündür. Hər biri yazdığı “Könül” adlı şeirində gileyini dilə gətirir. “Sever bir gül gibi mahbubesini, düşer bülbül gibi bizare gönül” deyən Hıfzının atdınca Müşfiq sanki onun sözünün davamını gətirərcəsinə belə söyləyir: “Qaldın hicran umuduna, Ey qırılan şişə könül”. Beləcə, bir türk ozanının düşüncələrini başqa bir türk şairi, başqa bir zamanda, başqa bir məkanda davam etdirərək onun yürütdüyü fikir karvanını tamamlayır.
Böyük türk dünyasının, türk ellərinin möhtəşəm təbiət gözəlliklərinin olduğu torpaqlarda doğulub böyümələri hər iki şairin əsərlərinə öz təsirini göstərmişdir. Belə ki, şeirlərindəki yüksək ruh və coşğun ilham bu şairlərin təbiətlə iç-içə yaşadığını, yaradıcı güc-qüvvəti qoynunda böyüdükləri təbii gözəlliklərdən aldığını göstərir.Biri Qarsn gözəlliklərini seyr edərək təbiətin yaratdığı lövhələri sətirlərə köçürmüş, “Çiçəklər”, “Ovçuya səsləniş”, “Səhər yelləri”, “Qar çiçəyi” kimi şeirlər yazmışdır. Digəri isə, Xızı dağlarından, gözəl Azərbaycanımızın təbiət mənzərələrindən aldığı ilhamın təsiri ilə “Ölkəm”, “Dağlar”, “Yalnız ağac”, “Göy göl”, “Bəyaz çöllər” adlı şeirlərini qələmə almışdır.Şairlərin ayrı-ayrı şeirləri əsasında apardığımız bu cür qarşılaşdırmalar, onlardakı düşüncə bənzərliyini və poetik ifadə yaxınlığını görməyə imkan verir. Mikayıl Müşfiqlə Rəcəb Hıfzının ömür hekayələri və sənət yolları arasında edilən müqayisələr onların tale bənzərliklərini, oxşar yaradıcılıq yönlərini yaxından izləməyə şərait yaradır.
Rəcəb Hıfzının və Mikayıl Muşfiqin şeirlərindəki canlılıq, mövzu müxtəlifliyi və məna genişliyi yaxşı təhsillə gəncliyin verdiyi yaşamaq həvəsinin vəhdətindən doğmuştur. Həyat sevgisi, yaratmaq şövqü ilə döyünən gənc şair qəlbi və istedadla yoğrulmuş bir ziyalı ruhun birləşməsindən yalnız bu cür dühalar yetişə bilərdi. Bu yazımızda türk dünyasının iki böyük şairi arasında qarşılaşdırma aparmağa, onları bir-birinə yaxınlaşdıran cəhətləri üzə çixarmağa çalışdıq. Ümid edirik, ki, Mikayıl Müşfiqin 110 illiyində Rəcəb Hıfzının isə vəfatının 100-cü ildönümündə, Müşfiqin Türkiyədə, Hıfzının isə Azərbaycanda tanıdılması yolunda kiçik də olsa xidmət etmiş olduq.
fil.ü f.d.,dos. Könül Hacıyeva
Yazıya 520 dəfə baxılıb