Ağ rəngli nəsihət..
Yadındamı, gözəl qızım, lap balaca olanda?
Soruşdun ki,
– ” Gəlin qızlar gözəldi, amma niyə ağ geyinir ata can?”
Tutulmuşdum, bu sualdan o zaman,
Gözlərimdə böyütmüşdüm qızımı.
Ürəyimdən bir sızıltı keçmişdi,
Gəlinliyə bürümüşdüm arzumu.
Mən özümü toplayaraq bir təhər,
Onda sənə belə cavab vermişdim:
-“Fərqlənməkçün ağ geyinir gəlinlər”.
Sən o, gündən ağ istədin hər şeyi,
Ağ rəng oldu, ən sevdiyin oyuncaq.
Ağ don aldım, ağ başmağın çox oldu,
Ağlar ilə doldu, daşdı künc- bucaq.
Heç yadımdan çıxmaz qızım,
Bir də hələ, bir istəyin olmuşdu.
Ağ qələmdi,
İnad ilə istədin.
Ağ yazılar yazmaq üçün varağa.
Neçə- neçə mağazalar gəzmişdim,
Ağ qələmi sənin üçün almağa.
İndi sənə, bir şey deyim, gözəl qızım
Bu dünyada rənglər çoxdu,
Sevməyin öz rəngi var, yaşamağın öz rəngi.
Rənglərin də duyğusu var
Hər birinin öz ahəngi vardı qızım,
Ağ rəngində şərəfi var, sanı var.
Ən gözəl ağ, çöhrə ağı,
Abır, həya, ardı qızım.
Amma sənə bir sirr açım
Bir rəng vardı gizlinlərdə görünməyən.
Əgər ki, Sən həmin rəngə boyansan,
Kimsələrin görmədiyi bir qüvvəni görərsən.
O, ümidin rəngidi, inanmağın rəngidi.
O, rəng səni zülmətlərin qucağından qoparacaq.
O, rəng səni arzulara aparacaq.
Ümidlərin nəfəsində doğulacaq işiqlar,
İnamında, imanında işıq dolu yollar var.
Mən ki, səni böyüdərkən haqq yemədim,
Mən hər kəsin haqqın verdim dünyada,
Səndə haqq ol, günah etmə!
Günahların ruhu deşən oxu var!
Yaşamağın haqqın vermək üçün
Bu dünyada, ölüm adlı yuxu var!
Yuxu dolur gözlərimə,
Bir addımılıq yolu qalıb ömrümün.
Geyinəcəm ağ libası, ağ rənglərin işığına uçacam,
Bəlkə, səndən ayrılacam mən bu gün.
Sən dunyaya göz açanda ağlayıb,
Qoymaz idin bizə çimir almağa
İndi daha böyümüsən, ağlama.
Göz yaşların ürəyimə od salar
Atan rahat yatsın deyə sus qızım
Unutma ki, mənim də “Ağ” dünyam var.
Bilirəm, Dönəcəksən, əfsanələr bitəndə!
Bilirəm, dönəcəksən, yenə qaldığın yerə,
Bilirəm, bilirəm, nişanələr buraxmısan yollarda.
Deyirlər. Hər gördüyün dostan soraq almısan,
Gözlərin min ağızda, yalnız bir xəbər üçün.
İlişib məndən gələn, bir xəbərdə qalmısan,
Deyiblər: – ” Səndən sonra heç kim görməyib onu”.
Asılıb məktubların əzilmiş başlığında,
Deyibsən: – ” Kəsilməyib axı məktubun sonu!”
Sözləri kəsik- kəsik, sözləri udum- udum,
Dilində sürümüsən, içində çeynəmisən.
Deyiblər : – “İtgin düşüb tənha qoyduğun qadın,
Kimsə bilmir hardadı, kimsənin xəbəri yox”
Dəli kimi bağırıb: – ” Susun – susun” – demisən.
Əllərini üzünə dəli kimi sürtərək,
Ayağını sürüyüb, uzaqlaşıb getmisən .
Ondan sonra hər görən, üz gözünü şiş görüb,
Dodağın çat – çat olub , mənim susuzluğumdan.
Gözlərini qan kəsib, kipriyini yaş görüb.
Nə qədər uzaq olsan, içində bir mən varam.
Bilirəm ki, hələ də ətrimi unutmadın.
Qəlbini satan adam , yaddaşnı ki, satmadın!
Cismin əxlaqsız eşqin arxasınca getsədə,
Xatirələr içində pozulmadı bir qadın!
Özünü lənətləyib, qarğıyırsan fələyə.
Bəhanələr gəzirsən qayıtmağa deyəsən?
Artıq düşüb eynəyin, gözlərin də açılıb,
Bilirəm, dönəcəksən, unutduğun ürəyə.
Qürbətin yayı soyuq, qışı uzun olurmuş,
Sən ki, üşüyən adam ,necə isindi canın?
Qapısı açıq olur kirayə ürəklərin,
Yaman buza dönürmüş divarları səninçün.
Küləklər özü ilə nələri gətirirmiş,
Karvansara kimidi, gələni gedəni çox.
Məskən saldığın ürək tünlüyü çox sevirmiş.
Sən ki tünlük sevmirdin? Necə çatdı hövsələn?
Bilirəm ki, bağrını parçalayan günahın,
Tenometrin içində xəyanətdir yüksələn .
Yorulub bezəcəksən, eşq həvəsin ötəndə,
Bilirəm. Dönəcəksən, əfsanələr bitəndə!
Qoy Yanına tələsim……
Sənin evin soyuqdumu,
Pəncərəsi üşüyürmü gözlərinin içində?
Ürəyinə bir sızıltı girirmi,
Məndən bir az qalıbmı heç, ürəyinin küncündə?
Darıxırmı duyğuların,
Varmı indi dodağımın istisi?
Barmağının ücündadı köz – köz olan həsrətim,
Məni sənə gətirirmi papirosun tüstüsü?
Saçlarını yuyursanmı,
Yoxsa elə dağıtdığım kimidi?
Hərdən oyan bax üzünə,
Güzgülərə düşmənliyin, axı nəyin kinidi?
Axtar məni saçlarında
Axdar hər gün, dənə – dənə say məni.
Qoy əlini ürəyinin üstünə,
Səssiz dinlə… Dərinlərdə inildəyən bir nəğmədə duy məni.
Doldur yenə gözlərini,
Bir sağlıq de kölgələrin şərəfinə.
Köhnə , sınıq qarderobu dağıt, axtar,
Bürün yenə yalnızlığın şərfinə
Çıx həyətə biraz dolaş,
Qoy üzünə dəysin isti nəfəsim.
Çək gözünə uzatdığın yolları ,
Qoy yanına gəlmək üçün tələsim….
Mənim dünyam..
Mən susduqca bağıran bir nifrət var içimdə,
Kiçildikcə, böyüyən bir intizar.
Mən qaçdıqca, qovan bir həsrət var içimdə,
Qocaldıqca, körpələşən arzular!
Min yara var, ağır- ağır keçən ömrün dabanında,
Bu minvalla yola çıxar karvanı.
Kimlər gələr, kimlər keçər, kim dayanar yanında?
Sualların cavabı yox, Arzuların ünvanı .
Min qorxu var, Kabusların kölgəsində,
Bir yuxu tək uçub gedər doğrular.
Sancıların bitmədiyi küçələrin döngəsində,
Hər gün yenə doğulacaq ağrılar.
Xəyalların ölməyiymiş qaranlığın yayılması,
Fırtınalar qopur hər gün, ağrıların nəfəsində.
Gözlərindən başlayacaq, vulkanların ayılması,
Gileylərin fəryadı var, ürəyimin səsində.
Çat – çat olub, qan sızdırır, arzuların minarəsi,
Bünövrəsi oyuq – oyuq, divarları darmadağın.
Kimlər üçün sındırılıb, bu dünyanın pəncərəsi?
Yuva salıb xatirələr, qalaq – qalaq, yığın- yığın.
Şəhidlər xiyabanı..
Susan bizik “Vətən” , danışan onlar.!
Onların baxışı ah – nalə çəkir.
Niyə eşitmirik-niyə duymuruq?!
Bizi daş baxışlar suala çəkir.
Düzülüb igidlər, hamsı bir boyda,
Necə məğrur- məğrur duruşları var.
Qeyrət timsalıdı, namus timsalı,
Burda canlı olan, bütün daş məzar
Vətən harayıdı, torpaq harayı,
-“Can bala ” :söyləyən, ana naləsi.
Burda Şəhidlərə layla səsidi ,
Məğrur dalğalanan bayrağın səsi.
Sırayla düzülən dunya var burda,
Hərəsi bir ayrı, zamandan gəlib.
Eyni məkan üçün yonulmuş daşlar,
Eyni tarix altda, mərməri dəlib.
Arzuları fidan, hələ tər çiçək,
Gör neçə diləyi daşa oydular.
Neçə mühəndisin, neçə həkimin,
Adını bu yerdə “Şəhid” qoydular!
Bu məkan, bu xalqın, ibadət yeri,
Bu yerdən “Tanrıya” neçə yol gedir.
Vətən igidlərin olduğu yerdən
Başlayıb, yatdığı bu yerdə bitir.
Bura qan yaddaşın susduğu yerdi,
Burda zaman donub, fəsillər ötmür.
Bura arzuların məzarlığıdı,
Burda körpə qalıb, gör neçə ömür.
Ürək parçalanır, ürək yarılır,
Məzardan gör neçə göz baxır sənə.
Qisas qiyamətə qalmaz deyirdik,
Niyə susub indi, bu millət, niyə ?!
Susan bizik “Vətən” , danışan onlar.!
Onların baxışı ah – nalə çəkir.
Niyə eşitmirik-niyə duymruq?!
Bizi daş baxışlar suala çəkir.
Yazıya 608 dəfə baxılıb