Pərvanə O-nurlu – “Ruhumuz və dilimiz”.

56965545_367158934010188_6700346782183849984_n              Ruhumuz və dilimiz.

Tanınmış şəxsiyyətlərin dil haqqındakı fikirlərini oxuduqca, dilimizə sevgimin artmasına və bu dildə danışan bir xalqın övladı olmağımdan qürür duymağıma rəğmən, onunla bağlı dərdim də təzələndi. Ani olaraq ali təhsilli olsam da, xarici dil bilmədiyimdən qapıları üzümə açılmayan ofislər, şirkətlər, təhsil kompleksləri yadıma düşdü. O qapılardan hər dəfə qayıdanda düşünürdüm ki, müstəqillik davamız, dilimizin dövlət dili olması heç kimdən asılı olmamaq, azad vətəndaş olmaq üçün deyildimi? Məgər biz bu davanı başqalarının dilini yurdumuzda hakim etmək üçünmü aparmışdıq? Bütün bu düşündüklərim, “Niyə mən öz dilimdə işləyə bilmərəm ?” kimi suallar sanki məni ruhdan salırdı.

Bestujev-Marlinskinin “Azərbaycan (türk) dilini bilməklə bütün Şərqi gəzib dolaşmaq mümkündür” ifadəsi, Lermantovun dilimizi  Şərqin fransız dili adlandırması bu dilin əzəmətindən, böyüklüyündən xəbər vermirmi? Böyük rus şairi təsadüfənmi belə yazırdı: “Tatarca (azərbaycanca) öyrənməyə başlamışam, bu dil burada və ümumiyyətlə, Asiyada, fransız dili Avropada vacib olan qədər lazımdır. Heyf ki, indi öyrənib başa çatdıra bilməyəcəm, sonra lazımola bilərdi”.

Dilimizin gözəlliyi “Kitabi-Dədə Qorqud” dastanlarında, “Divani- lüğət-ət türk” də, ustad Əbülüla Məərrinin XI əsrdə şagirdi Xətib Təbriziyə anlatdığı sözlərdə, Füzuli qəzəllərinin ruhunda, Aşıq Ələsgər qoşmalarının nəfəsində, Məmməd Araz  şeiriyyətinin istiliyində deyilmi?

Bu, həqiqətən, belədirsə, dilimiz bütün leksik-semantik fikir çalarlarına sahibdirsə, digər dillərə məhəbbət, sevgi, ana dilinə biganəlik haradan qaynaqlanır? Niyə vaxtilə Şərqin aparıcı dili kimi qiymətləndirilən bir dili ölkəmizin aparıcı dili edə bilmirik? Bu qədər zəngin bir dilimiz olmasına rəğmən, niyə xarici şirkətlərdə işləyən süpürgəçilərimizə belə az qala xarici dil kursları təşkil edirik? “Öz ana dilimizdə danışmağı ar bilən fasonlu ədəbazlar” üzündəndirmi bunlar ?

“Nə qədər dil bilsən, o qədər insansan” ən çox sevdiyim ifadələrdəndir. Təbii ki, mən Hüqonu, Bayronu, Geteni, Danteni orjinaldan oxumağı ürəkdən istərdim. Bütün dillərə sevgim və rəğbətim də sonsuzdur. Amma mənim öz anam,öz ana dilim var. Böyük ədibimiz F.Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir… Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. Anamızı sevdiyimiz kimi dilimizi sevməliyik, onu ruhi qidamız kimi qorumalıyıq. Oz dilini yaşatmayan xalqın dilini başqası yaşatmayacaq, öz ruhunu qaranlıq dalana salanı başqa ruhlular günəş işığına çıxarmayacaq. Unutmayaq ki, bu dil 50 milyonluq Azərbaycan və 300 milyonluq dünya türklərinin dilidir. Bu dili sevməyənlər, bu dilə xor baxanlara, bu dili ögey bilənlərə son olaraq böyük şairimiz B.Vahabzadənin aşağıdakı misralarını xatırladıram:

Bu dil –  bizim ruhumuz,

Eşqimiz, canımızdır.

Bu dil – bir-birimizlə

əhdi – peymanımızdır.

Dilimizi sevək, qoruyaq,yaşadaq!

 

 

Yazıya 483 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.