Bu ayrılıq yük olurmu sənə də,
Əzablarım sol çiynini əyirmi?
Görən məni bitirən bu suallar,
Sənin bircə cavabına dəyirmi?!
Nə demədim, sənə, “unut”, “ayrılaq”,
Nə demədim, “dəli kimi sev məni”.
Görən yenə tövbə edib gecələr,
Gündüzləri pozursanmi tövbəni?!
Fikirlərin qarışırmı ara bir,
Xəyalların yenə duyuq düşürmü?!
Mənim burda itirdiyim yuxular,
Sənin orda yastığını deşirmi?!
Qaçmaq üçün gecələri kabusdan,
Verirsənmi yuxularda nəzir sən?!
Baxışların soyunurmu əksimi
Yoxsa yenə hamıda mən gəzirsən?!
**************************
Bir uşaq əl edir xatirələrdən,
Elə uzaqlardan boylanır hərdən.
Məni o uşağa qaytar,İlahi.
O uşaq əlində bir ovuc dua,
Tək sənə boylanir, sənə əl açır,
Töküb ətəyindən ümidlərini
Yağmura,rüzgara qoşulub,qaçır
Yarpaqdan hördüyü o evciyini,
Küləklər dağıdıb, yellər sovurub.
Hardasa itirib gəlinciyini,
Uşaq yaddaşını qayğılar yorub.
Məni o uşağa qaytar, İlahi
Qaytar tapa bilim gəlinciyini.
Hardasa yıxılıb qanayib dizi
Yarasını sarıb,basım bağrıma,
düzəldim qırılan yelləncəyini.
Büzüb dodağını, dinib, danışmır
Körpə ürəyini qəhər boğacaq.
Yığıb gözlərinə susduqlarını-
Hönkürsə,
gözündən sellər yağacaq.
Məni o uşağa qaytar,İlahi,
O uşaq gözüylə baxım dünyaya
Qaçmayım həyata qəm yemək üçün.
Məni o uşağa qaytar, İlahi.
Bir də tələsməyim böyümək üçün.
***************************
Bilirsən, necə olur,
ürəyi səksəkəli
gözləri açıq yatmaq?
Ürəyinin səsindən,
ya da öz nəfəsindən
diksinib gecə yarı,
canbəsər ümidlərlə
qaçmaq qapıya sarı…
bilirsən necə olur,
Biləyinin yerinə
ümidlərini kəsmək?
bütün xəyallarını
bir gecədə doğramaq…
Yada salıb torpağın
səndən aldıqlarını,
bilirsən ,necə olur,
ölüm üçün darıxmaq?
qəlbində ki, üsyanı
duyan olmasın deyə,
saxta qəh-qəhələrlə
nə bilim, daha nələrlə,
özünə rol oynamaq.
sənə aid olanı
bir suç kimi gizləmək,
özündən itgin düşüb,
özündən firar etmək
bilirsən, necə olur?
bilirsən, necə olur,
Qəlbini yola salmaq
özgəsinin köçündə.
Sonra…
sonra bircə günün içində
xəyalını boşamaq.
bilirsən, necə olur,
səni sənsiz yaşamaq?
bilirsən, necə olur…?
Bilmirsən… heç bilmədə…
*************************
Bir gün dinəcək inan,
qəlbində ki, ağrılar.
Səni incitməyəcək,
Bu naxələf doğrular.
Biləndə ki, ən doğma,
ən yaxın, kəsin yoxdur.
Yəni intihar etsən,
ipini kəsən yoxdur.
Biləndə ki, bu dünya,
Hələ çox dəyişəcək.
Atmadığin tilova,
“Qızıl balıq” düşəcək.
Biləndə ki, səninki,
Yalquzaq tənhalığı.
dəryaya atacaqsan
O gün qızıl balığı.
Səni incitməyəcək,
işgəncələr zülümlər.
Adiləşəcək inan,
Ayrılıqlar, ölümlər..
Gözlərin dolsa belə
hönkürüb, susacaqsan.
Bütün peşmanlıqları
gözündən qusacaqsan.
Tutacaq əllərindən
keçmişin əsa kimi
Çəkiləcək çarmıxa,
Ürəyin “İsa”kimi.
Dəyişə bilmədinsə,
Sən bu “ağ-qara” fonu
Bağlanacaq perdeler,
Buda filimin sonu…
KEÇƏM KÜÇƏNİZDƏN…
Keçəm küçənizdən bir qış gecəsi,
ya adi dost kimi, ya tanış kimi.
O gecə yuvandan perik düşəsən,
yuvası dağılan qaranquş kimi.
Bir “ah” çəkəsən ki, göylər alışa,
fəryadın dünyanın ucuna düşə.
Keçəm küçənizdən bir payız günü,
ürəyin sürüşüb, ovcuna düşə.
Məni gözləməyi adət edəsən,
özünə sevimli bir “peşə” kimi.
Keçəm küçənizdən bir yaz səhəri,
boynunu bükəsən bənövşə kimi.
Bütün günahların yuyula o gün,
günahın olmaya, suçun olmaya.
Soruşam necəsən? – alışa qəlbin,
“sənsizəm..!” deməyə gücün olmaya.
Yazıya 731 dəfə baxılıb