İMARƏT CƏLİLQIZI – “Qoşa fincan”

47578301_1439668872836871_1252917985459306496_n (1)

 

QOŞA FİNCAN
O zamanlar atam sanatoriyalardan, kurortlardan qayıdanda bizə cürbəcür hədiyyələrlə yanaşı, üstü yazılı

qablar-suvenirlər də gətirərdi. Uşaqlıq xatirələrimin içində üstü zərli hərflərlə yazılmış iki fincan da var. Bu fincanlar həmişə servantın üstündə olurdu. Birinin üstündə “Oğlum Həsənə atasından hədiyyə” , o birisinin üstündə isə “Qızım Reyhana atasından hədiyyə” sözləri yazılmışdı. Lap aşağıda isə “Qaqra” sözü və mənim doğum tariximdən iki il əvvəli göstərən tarix qeyd edilmişdi. Servantın alt gözündə üzərində zərlə anamın adı və yenə həmin tarixin qeyd olunduğu bir dəst nəfis boşqab da vardı. Mənim işim isə o boşqablarla deyil, servantın üstündəki həmin o iki fincanla idi. Tez-tez gedib onları əlimə alar, üstündəki yazıları oxuyar və qibtə ilə köks ötürərdim…
Mən hərfləri çox tez öyrənmişdim deyə harda nə yazı görsəydim, oxuyurdum. Fincanların üstünü ilk dəfə oxuyanda anamın yanına qaçıb ondan soruşdum ki, bəs atam mənə niyə üstünə adım yazılmış fincan gətirməyib? Anam dedi:
-Qızım, sən onda hələ anadan olmamışdın axı.
Mən bu cavabla razı düşməyib dedim:
-Nolsun anadan olmamışdım? O yazdırıb gətirəydi, iki ildən sonra anadan olasıydım da mən.
Anam mənim bu sözlərimə ucadan güldü, məni bərk-bərk qucaqlayıb bağrına basdı, saçlarımdan öpdü. Mən elə bildim, məni ovutmaq üçün belə edir.
Amma mən ovunmayıb şikayətləndim:
– Qaqaşnan bacının üstündə adları yazılmış fincanları var, amma mənim yoxdur. Niyə?
Bu sözləri deyərkən ağlamağa dolurdum. Mənə elə gəlirdi ki, atam böyük bacı-qardaşımı məndən daha çox istədiyinə görə onların şəxsən adına xüsusi hədiyyə alıb, mənə isə yox (bəzi böyüklərin belə başa düşmədiyi bir həqiqəti balaca uşaq olan mən necə anlaya idim ki, sevginin böyüyü, kiçiyi, çoxu, azı olmur, sevgi müstəsna bir duyğudur: o ya var, ya da yoxdur, atanın sevgisi isə olmaya bilməz!)
…Sonralar atam səyahətlərdən qayıdanda yenə hamımıza üstü yazılı-yazısız suvenirlər, aksesuarlar alıb gətirərdi. Mən də bir az böyüyəndən sonra anamın mənim sözlərimə niyə güldüyünü, mənim uşaq saflığıma qarşı riqqətli hərəkətinin mənasını anlamışdım, amma bununla belə mənim üstünə adımın yazıldığı fincan həsrətim eləcə ürəyimdə qaldı. Ondan sonra mənə hər ildə bir dənə üstünə zərlə adım yazılmış fincan bağışlasaydılar belə, bu, yenə ürəyimdəki o həsrəti əridə bilməzdi, çünki o həsrət mənim fincanların sırasında özümə aid olan birisini görmədiyim anda cızılmış uşaq könlümün çatları arasına dolub orda bərkimişdi…

 

İMARƏT  CƏLİLQIZI

 

Yazıya 1062 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.