Boynuma dolanan hicran qoluymuş
Sənlə görüşümə gəlməz gümanım,
Boynuma dolanan hicran qoluymuş.
Vüsala yetməyə yoxdur gümanım,
Eşqin-məhəbbətin sanki yoxuymuş.
Qəmli könlüm ha alışa, ha yana,
Arif odur hay eşidə, hay ana.
Haçalandı ömrüm yolu hayana,
Ayların, illərin həsrət yoluymuş.
O keçən günlərim gəlməz yadına,
Qıyarsanmı Güldərəni yad ana?
Hicran günlərini yazdın adına,
Sən adlı sevincim qəmlə yoğrulmuş.
Qorxuram
Qətrə-qətrə yığılmışam özümə,
Damla-damla tökülməkdən qorxuram.
Xana kimi toxunmuşam özümə,
İlmələnib sökülməkdən qorxuram.
Nəyi tutdu, nəyi andı ürəyim?
Kimi atdı, kimə yandı ürəyim?
Ögeyliyi nə tez qandı ürəyim?
Ürəyimə təpinməkdən qorxuram.
Sevdamızın əvvəlimi? Sonumu?
İlk arzumuz dəyişdimi yolunu?
Asanlıqla tapmamışam yolumu,
Bu yolumdan çəkilməkdən qorxuram.
Cənub həsrəti
Sərhəd məftilləri göz damarımdır,
Narahat gecəmdə qızarar, sancar.
Araz ürəyimin qızıl qanıdır,
Bir dəli həsrətdir, kükrəyər, coşar.
Vətən məhəbbəti paydı, butadı,
Arazmı o taya böldü bu dadı?
Sərhəd məftilləri elə budadı,
Baxdıqca baxışım çəkinər, qorxar.
Sənsənmi qanlısı, ey Xan Arazım?
Güldərən, günahı mən kimə yazım?
Vətən həsrətiylə ötən bu sazım
Sim-sim ötər, tel-tel yanar, odlanar.
Dedim
Göyçənin dağları cərgə-cərgədir,
Dağları görməyim güman-bəlkədir.
Əlac nəyə qalıb, ümid kimədir?
“Əlvida” demədim, “Hələlik” dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Göyçənin dağları dağlardan göyçək,
Yazda ətir saçır hər gül, hər çiçək.
Sərin bulaqlardan doyunca içək,
Şehli çəmənində itərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Cənnətdir Göyçənin hər bir bucağı,
Şairlər yurdudur isti qucağı.
Miskin Abdal, Seyid Bayram ocağı,
Gedib ziyarətin edərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Susub Aşıq Alı, küsüb Ələsgər,
İman geri dönməz, dirilməz Bəylər.
Bizdən gileylidi nənəmiz Həcər,
Dolanıb başına öpərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Ozanımız qərib oldu, dinmədi,
Gümanımız itik düşdü, dönmədi.
Ünvanımız nömrələnmiş döngədi,
Laləli düzlərdə itərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Gavura qalıbdı doğma diyarım,
“Koroğlu qayası”, “Qızlar bulağım”,
Göyçə gölüm, o nərgizli yaylağım,
Gedib o torpaqda ölərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Neçə ləqəb qoydu qaçqına zaman,
Bu zülmə ağılar dedimi Bəhman?
Güldərən, ürəkdən gülmədi Tərlan,
Gedib göz yaşını silərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
***
Dünyanı seyr edən, ay vətən oğlu,
Öz ana yurduna gəlsənə gedək.
“Gədölən” dərədən çıxaq yuxarı,
“Qatarqaya”dan da bu yana enək.
“Mamalı yolu”ndan keç “Rusqırılan”a,
“Zirnicli bulaq”dan qalxaq “Qısır”a.
Oradan enəndə “Oruc oğlu”na,
“Piyalə bulaq”dan doyunca içək.
“Qısırın boynu”nda bir ayaq saxla,
“İsgəndər ocağı”na bir nəzir bağla.
Daşına üz sürtüb pirin qucaqla,
Çöküb diz üstünə torpağın öpək.
“Qaraçı yurdu”dur dağın ayağı,
“Sudəyən qaya”dan bir az aşağı.
Bax, “Bərə yeri”dir çayın qırağı,
Doqquzdəni yeyək, çiyələk dərək.
“Saqqızdı dərə”də gəzənlər hanı?
“Tüklü təpə”dədir futbol meydanı.
“Palıdlı meşə”si sorur halını,
Gəzdəyin başını gedək bir görək.
Elə ki, düşmüşük yolun ağına,
Gəl qonaq olaq “Qızlar bulağı”na.
Dodağını söykə buz dodağına,
Göynəyə-göynəyə biz sərinləyək.
“Danalıq” bəzəkli cehiz xalısı,
“Qoç qoruğu” onun bəylik xonçası.
“Nazlı bulağı”nda üzən sonası,
“Lilparlı dərə”dən gəl bir də keçək.
Dolama yollarda durmur ayağım,
Nə gözəl qaynayır “Çoban bulağı”m.
“Qara quzeyin başı” sərin yaylağım,
Əl-ələ verək biz, ürəklə gəzək…
“Ağ qaya”dan kəsə çıxa biləydim,
“Koroğlu” qayasından baxa biləydim.
“Gur bulaq” tək coşub axa biləydim,
Dərəni, təpəni gəl bir-bir gəzək.
“Gur bulaq”dan aşdı el “məntəqə”yə,
Hərə bir tərəfdə qurubdu dəyə.
Artıq ehtiyac yox, bir söz deməyə,
Obada oturub duz-çörək kəsək.
“Məntəqə”dən bəri, “Xınna”ya aşdım,
Gördüm gözəlliyi, düzü, mən çaşdım.
Elə bil sehrli qapılar açdım,
Qırmızı lalədən donunu biçək.
Xaşxaşı yeyirsən təzə bal kimi,
Baxırsan bu yurda nitqi lal kimi.
İstərəm başına atıb şal kimi,
Laləyə qarışıb bu çöldə bitək.
“Məntəqə” olubdur elin yaylağı,
Çalxanır nehrəsi, tutulur yağı.
Pendiri, motalı, təzə qaymağı,
Köpüklü südündən gəl biz də içək.
Şəlalə dərədə düşübdü səsə,
Üzünə bir sərin dağ yeli əsə.
Bu yerdə çiçəklər düşübdü bəhsə,
“Solmaz çiçəyi”ni çəməndə seçək.
Güldərən, xəyalın yolları aşdı,
Fikrin ana yurdu yenə dolaşdı.
Göyçəni tərk edib elləri, qaçdı,
Kaş “Göyçə gölü”ndə bir dəfə üzək.
Yazıya 531 dəfə baxılıb