Salman Balakişiyev – D A Ğ L A R A

 

15800610_112019392637534_7985362930771431598_oQoşqardan baxanda Kəlbəcərə çox az yol – məsafə

qaldığı aydın görünür. Ürək atlanır, ancaq yağı düşmən

                                                               aranı kəsib.

 

Kəlbəcərə bir mənzillik yol qalıb,

Aç yolları, tanrım gedim dağlara.

Yaşamağa ümid, inam azalıb,

Aç yolları, tanrım, gedim dağlara.

 

              Sıxıntı var ürəyimdə, beynimdə,

              Bircə fədə açılmır ki, eynim də…

             Yurd həsrəti ağır yükdü çiynimdə,

             Aç yolları, tanrım, gedim dağlara.

 

Əzəmətdən yoğrulubdu mayası,

İlahidən verilibdi boyası.

Xəzinədir quru daşı, qayası,

Aç yolları, tanrım, gedim dağlara.

 

              Bir qazanı neçə çömçə bulayar,

              Gələn nəsil bizi söyüb – sulayar.

              Öz yurdunda qurd  aç qalmaz, ulayar,

              Aç yolları, tanrım, gedim dağlara.

 

Qara zurna səda verə qayada,

Yatmış eli “Cəngi” səsi oyada.

Olmaz belə qara yuxu, röya da,

Aç yolları, tanrım gedim dağlara.

 

              Dağlar ruhum, dağlar canım, iliyim,

              Dağlar zehnim, istedadım biliyim.

             Gündə yüz yol səcdə edim, ləliyim,

             Aç yolları, tanrım, gedim dağlara.

 

Dağlar Əsli köynəyitək toxundu,

Yüz keşişdən min cür əfsun oxundu.

Salman üçün şah damardan yaxındı,

Aç yolları, tanrım, gedim dağlara.

 

15.08.2016

 

 

Ç Ə K D İ

 

32 il bundan ayrıldığım Qəribə xanımla

təsadüfən görüşdük, (Zəyəm) çayın sahilində

əyləşib dərdləşdik.

 

Bir dəniz gözlünü, gül yanaqlını,

Tapıb itirməyim bircə an çəkdi.

Əksi göy sularda göründü, itdi,

Səsin, qəhqəhəsin asiman çəkdi.

 

             Haradan baş verdi bu sirr, möcüzə,

             Tale rast eylədi bizi üz – üzə.

            Oturduq diz – dizə, baxdıq göz – gözə,

            Əlini əlimdən peşiman çəkdi.

 

Fələk ayrı saldı bizi otuz il,

Yenidən ömrümə tuş oldu qəfil.

Həmsöhbət olduğum bir gün, elə bil,

Uzun illər oldu, çox zaman çəkdi.

 

              Dərdin danışdıqca kövrəldi, yandı,

              Özünü on səkkiz yaşında sandı.

              Niyə tərk eylədi ilk, eşqi andı,

              Hər sözdə yüz nalə, min aman çəkdi.

 

Andı Kəlbəcəri, dağlara baxıb,

Bulud tək qaralıb, şimşək tək çaxıb.

Tək – tənha canını odlara yaxıb,

Yalqız ömür yükün nə yaman çəkdi.

 

             Şaqraq gülüşünün altda qəm yatır,

             Naz – qəmzə içində həm də qəm satır.

            Göy gördü naləsi fələyə çatır,

            Yerlə arasına çən, duman çəkdi.

 

Üfürdüm içində köz olan külü,

Qəlbimi yandırdı alovun dili.

Səfasını çəkən on illik ölü,

Cəfasın bircə gün tək Salman çəkdi.

 

07.09.2016


 

Ö L Ü R Ə M

 

Hədər yerə bir ömrü

Verdim bada, ölürəm.

Qəm dəryası dörd yanım,

Könlüm ada, ölürəm.

 

       Tamamladım əllini,

       Sabahkı gün bəllimi?

       Belə şirin dillini,

       Verdim yada, ölürəm.

 

Ömrü başa yetirdim,

Hicran ilə bitirdim,

Mən səndən əl götürdüm,

Kəssin qada, ölürəm.

 

       Gizli qaldı niyyətim,

       Pozulmadı ismətim.

       Sənə yetmək qismətim,

       Yox dünyada, ölürəm.

 

Daş içində dürr kimi,

Eşqin canda sirr kimi,

Get – gəl, qəbrim pir kimi,

Çat murada, ölürəm.

 

2009.


 

D A Ğ L A R

 

Sübutdur tanrı gücünə

Alçaq təpə, uca dağlar.

Hər yaz dönür təzə gəncə,

Payız olur qoca dağlar.

 

         Bir mücrüdür qara daşı,

         Dahilər tək ağdı başı.

         Dərs də keçir addımbaşı

         Müəllim dağlar, Xoca dağlar.

 

Tutulanda qaş – qabağı,

Qaraldar qara çırağı.

Söndürər yanar ocağı,

Dolu tökər saca dağlar.

 

        Oğru taxan çubuq laxlar,

        Hər qonağı sınar, yoxlar.

        Saray – kaha qardan saxlar,

        Qoltuq açar aca dağlar.

 

Dağları da tutdu qəza,

Od düşdü Kiçik Qafqaza.

Düzülüb üzü Araza,

Yoxsa gedir haca dağlar?

 

         Müsəlmanlar quran saray,

         Uçulur, sökülür lay – lay.

         Görür Qərbdən yoxdu haray,

         Dərdin hacda aça dağlar.

 

Çən, sisə qatıb Salmanı,

Sorub havatək dumanı.

Yerdəki ahı – amanı

Göyə çəkən baca – dağlar.

 

27.12.2016


 

O L A R

 

Övlad ata başını

Ucaltsa şirin olar.

Ağıllıdan olanın

Kamalı dərin olar.

 

İgid yeməsin arın,

Şux saxlasın vüqarın.

Palıdın, xan çinarın

Kölgəsi sərin olar.

 

Mərdə söykə kürəyi,

Dərdə salma ürəyi.

Namərdin çay – çörəyi

Qan olar, irin olar.

 

Bu gün ana uşağı,

Sabah tutar çomağı.

Oğul düşmən töxmağı,

İgidin, nərin olar.

 

Xoş halına, ey insan,

Üz ağ getsən cahandan.

Allah yanında, Salman,

Məqamın, yerin olar.

 

Avqust 2016.

 

Yazıya 774 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.