Heydərbaba, yollarına çən düşüb,
Bir ürəyim iki yerə tən düşüb,
Saçlarıma bir gecədə dən düşüb,
Qoy çalınsın vüsalımın nəğməsi,
Gözlə məni, gələsiyəm-gələsi.
.
Bu ayrılıq – iki əsrin yaşıdı,
O tay-bu tay bu ağrını daşıdı.
Nakam Araz gözlərimin yaşıdı,
Damcı-damcı əriyibdi giləsi,
Səni görsəm siləsiyəm-siləsi.
.
Heydərbaba, soylarını harayla,
Dədə Qorqud boylarını harayla,
Tonqal çatıb, toylarını harayla…
Qoy ucalsın Ocağının şöləsi,
Sevincimi böləsiyəm-böləsi.
.
Heydərbaba, gədiyində itən iz,
Xudafərin ürəyimdən ötən iz,
Nakam getdi Şəhriyarım vətənsiz…
Göz yaşıdı çiçəklərin jaləsi,
Axsa qanım, laləsiyəm-laləsi.
.
Heydərbaba, kədərinə qovuşdum,
Bir tarixin dərd-sərinə qovuşdum,
Arazboyu çox dərinə qovuşdum,
Öyünməsin, çox da, düşmən tələsi…
O tay, bu tay güləsiyəm-güləsi!
.
Qarabağ
Havalanmır Xanın səsi dağlardan,
Könlüm düşmür saz vaxtına, Qarabağ.
Xarı bülbül incik düşüb bağlardan,
Çoxmu qalıb naz vaxtına, Qarabağ?
.
Sinəmdəki Xocalımın dağıdı,
Yağı elə həmin köhnə yağıdı.
Bu düyün də qara bəxtin bağıdı,
Açanadək döz vaxtına, Qarabağ.
.
Çox sirr yatır qara yerin altında,
Yorulmadın dərdin-sərin altında,
İnildəyir xeyir-şərin altında,
Heç düşmədi yaz vaxtına, Qarabağ.
.
Bir de görüm beləydikmi əzəllər,
Sağaltmayır yaramızı qəzəllər…
Uzaq düşüb Murovdağdan gözəllər,
Vüsal gəlmir düz vaxtına, Qarabağ.
.
Şuşam incim, tacım olsun yenə də,
Gur ocağım, sacım olsun yenə də.
Qoy qələbəm Laçın olsun yenə də,
Çəksin elə söz vaxtına, Qarabağ!
Qoşa düşmürük
Ay insafsız, bir az da
Tur eşqimdə ovuldum.
Günah görmə Arazda,
Gözlərimdə boğuldum.
.
Mən körpüyəm, sən divar,
Bu eşq ötəri belə?
Hər acıma tən də var,
Sevdim kədəri belə.
.
Daşa dəyir hər addım,
Bu sevda cuşa gəlmir.
Ha sınadım, zər atdım,
Bəxtimə qoşa gəlmir.
.
Sanma daha batmışam,
Gəlib təngdən keçirəm.
Bir günaha batmışam,
Yenə cəngdən keçirəm.
.
Mindikcə qəm atına,
Çək, göndər ahı mənə.
Çevirib üst qatına,
At hər günahı mənə.
.
Payız elə payızdır
“On yeddi”yə daha çələng düzmürəm,
Aramızda hey salıbdı davanı.
Bilirsən ki, “Ayrılığ”a dözmürəm,
Dəyişərsən “on səkkiz”də havanı.
.
Arxayın ol, bilirsən ki, çəkərəm
Ürəyimdə neçə-neçə ton yükü.
Dilin acı, mənsə hələ şəkərəm,
Elə bilmə, bu sevdanın son yükü.
.
İşıq kimi tut üzünə yenə də
Mənim qəlbim kağız kimi bəyazdı.
Qaranlığı qalasan da sinədə
İsinməzsən, payız elə payızdı.
.
Cəm elədim, bircə-bircə təkini,
Könlümdə yaz təzə çiçək açırdı.
Bu sevgidə istəmirdim “iki”ni,
Zəndin yenə bir fürsəti qaçırdı.
.
Daraldıqca ümidlərin dalanda,
Xəzan yellər saçlarını darayır.
Unudulub aramızda olan da,
İndi bizi xatirələr arayır…
.
Çəkilirsən uzaqlara yenə sən,
Dolanırsan xəyallarda yüz yeri.
Demirəm ki, şahlığından enəsən,
Qayıtmağa saxla bir az üz yeri.
.
Axır hələ aramızdan gur sular,
Bu günə də “Allah-kərim” deyərsən.
Xəbər alıb, məni bir də sorsalar,
Kəsəsinə, yenə “ərim” deyərsən.
.
“On yeddi”yə daha çələng düzmürəm,
Aramızda hey salıbdı davanı.
Bilirsən ki, “ayrılığ”a dözmürəm,
Dəyişərsən”on səkkiz”də havanı.
Qaragilə
Ötüb keçən bu da gündü,
Bu da bir səs, bu da ündü.
Qaranlığa hey büründü,
Ha çalışdım üzü gülə.
Daha gecdi, qaragilə!
.
Günəş çıxdı, oyanmadı,
Yolum üstə dayanmadı.
Töküb zülfün sayammadı,
Sığal çəkdim bir də telə…
Daha gecdi, qaragilə!
.
Eşqi bahar biçimdədir,
Qaranquşlar köçündədir.
Könlü hələ seçimdədir,
Bir də düşməz fürsət ələ.
Daha gecdi, qaragilə!
.
Lalə, nərgiz düzüm-düzüm,
Yollarına düzdüm özüm.
Sönməyibdi odum-közüm,
Bir gecədə döndər külə.
Daha gecdi, qaragilə!
.
Yüz demədim, min demədim,
Meysiz günə gün demədim.
Şahlığından en, demədim,
Saya-saya gözlə hələ…
Daha gecdi, qaragilə!
.
Eşq oduna necə saldı,
Sinəm üstən küçə saldı.
Ay üzünə gecə saldı,
Hara gedim indən belə?
Daha gecdi, qaragilə!
.
Azərbaycan əsgəri
Şərəf olar, şan olar,
Bir ürəkdə can olar.
Can Azərbaycan olar,
Canında can əsgəri.
Azərbaycan əsgəri!
.
Cəngi üstə yarışar,
Ulduzlara qarışar.
Üfüqlərdə sayrışar,
Açılanda səhəri.
Azərbaycan əsgəri!
.
Öyünməsin qoy yağı,
Sinəsinə çək dağı.
Göz üstə tut torpağı,
Şuşam olsun and yeri.
Azərbaycan əsgəri!
.
Vətən – Ana seçilməz,
Bir qarış da kiçilməz.
“Çanaqqala keçilməz”,
Qürurudu səngəri.
Azərbaycan əsgəri!
.
Ocaq çatıb ər Turda,
Bir nur ələ yer-yurda.
Oba burda, el burda,
Alnıaçıq, dik yeri.
Azərbaycan əsgəri!
.
Xəbər ver sabahlardan,
Müjdəylə açılsın dan.
Əmr edərsə komandan,
Oynadar göyü-yeri.
Azərbaycan əsgəri!
.
Şərəf olar, şan olar,
Bir ürəkdə can olar,
Can Azərbaycan olar,
Canında can əsgəri.
Azərbaycan əsgəri!
“Ədəbiyyat qəzeti”
Yazıya 576 dəfə baxılıb