Atam işıqları söndürərdi gecələr,
sırayla, bir-bir,
yalnız qəbir olur işıqsız, qəbir,
ən əvvəl tövlədən başlayardı düymələri basmağa,
sonra keçərdi həyətə,
salavat çevirib salam verərdi toyuq hinindəki heyətə,
və xırda addımlarla aya qədəm basırmış kimi
barmağının ucunda yetişərdi dəhlizə,
eyvanımız o zamanlar dənizə bənzəyərdi, dənizə,
qalırdı yatdığımız otağın işıqları,
qaranlıqda, zülmətlərdə qorxaq olur adətən kənd uşaqları,
ona görə basılmazdı sonuncu düymə,
bir ölkə zülmətə bürünəcəksə, sən də işıqlara dəymə…
DƏYMƏ!
Yazıya 733 dəfə baxılıb