Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunda anadan olub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir. ”Sözün Sehri” qəzetinin təsisçisidir. Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorudur. ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəridir.
.
Şuşam
8 may 1992 – Şuşanın işğal günüdür
Nadan gözlərində qiymətsiz oldun,
Dönüb oyuncağa satılan Şuşam!
Alışdın bir anda, yandın bir anda,
Ocaqtək qalanıb çatılan Şuşam,
Dönüb oyuncağa satılan Şuşam!
Şuşa alınarsa bir paslı güllə,
Vurmayıb başına söz verən hələ…
Dönüb ümidlərim tamam müşkülə,
Düşən yuvasından pərən bir quşam,
Dönüb oyuncağa satılan Şuşam!
Tər güllü qucağın, çiçəkli çölün,
Qanına bələndi neçə oğulun –
Didəmdə yurd salıb sovrulan külün,
Qəlbindən gözünə süzülən yaşam,
Dönüb oyuncağa satılan Şuşam!
Hələ bir kimsəyə çatmayır ünün,
Hələ bir zülmətdi hər gələn günün.
Sinəsi gülləli neçə büstünün,
Ümid qığılcımı sönür hər axşam,
Dönüb oyuncağa satılan Şuşam!
Olmasa bu qədər qeyrət çəkənin,
Qoynuna qayıtmaq gümandı sənin!
İnanıb vədinə yadın, özgənin,
Hələ xəyallarla qucaqlaşmışam,
Dönüb oyuncağa satılan Şuşam!
.
Gedir
Ey Gül, bil qədrini sən cavanlığın,
Gün keçir, ay ötür, il əldən gedir.
Özün bilə-bilə, göz görə-görə,
Solur gülüstanın, gül əldən gedir!
Piyalə gözlərin xumarlanıbdı,
Qönçə dodaqların qaymaqlanıbdı,
Saçların sığala möhtac qalıbdı,
Zülfün pərişandı, tel əldən gedir!
Dilin şəkərləşib dönübdü bala,
Ləblərin öpüşə qalıb mübtəla,
Gərdənin həsrətdir bir qulac qola,
Titrəyir bədənin, bel əldən gedir!
Gəl dola boynuma şümşad qolunu,
Baş vurub dolanım cənnət qoynunu,
Qoy sevib-oxşayım gözəl boyunu.
Dözmür Əvəzoğlu, bil, əldən dedir!
.
Ana, qurban olum, dön evimizə!!!
.
Sənsiz ocağımın ta istisi yox,
Hay-küylü evimin hənirtisi yox,
Vallah, ürəyinin bənzərtisi yox,
Ana, qurban olum, dön evimizə!
Səni oxşamadım öz ürəyimcən,
Didər ürəyimi bu dərd ölüncən.
Yolunu gözləyir nəvən-nəticən,
Ana, qurban olum, dön evimizə!
Hər qapı döyülcək bir-birin basıb,
Sanırlar bu sənsən, qapıya qaçıb…
Artıq fidanların qol-qanad açıb,
Ana, qurban olum, dön evimizə!
Dərk edə bilmirəm mən yoxluğunu,
Gəl doldur qəlbimin oyuğluğunu,
İsit ocağımın soyuğluğunu,
Ana, qurban olum, dön evimizə!!!
.
Oyanmır, oyanmır, vallah, oyanmır
.
Oyanmır, oyanmır, vallah, oyanmır,
Nə qədər desən də, oyan, millətə!
İllərdi Arazın harayı çatmır,
Nə bu yan, nə də ki o yan millətə!
Yatmışı oyatmaq olar bir təhər,
Özün yuxuluğa vurandan həzər.
Bir millət oyanıb qalxarsa əgər,
Kimsə deyə bilməz,- dayan, millətə!
Yadlar hey salacaq üstünə kölgə,
O millət birləşib qalxmasa cəngə.
Bu, bir həqiqətdir, özündən özgə,
Kimsə ola bilməz hayan millətə!
Ha qışqır, ha bağır, lap belə çatda,
Bu millət bir şeyi saxlamır yadda:
Quyular qazılıb ayağı altda,
Başın naz balınca qoyan millətə!..
… Hələ, Əvəzoğlu, başlar yastıqda,
Heçdən düşüb bitmə bu ortalıqda.
Abbasılıq nədir, heç şahılıq da,
Verilməz qiymətin, ha yan millətə!
noyabr 1993.
.
Sonradan oduma qalandın bəlkə!
.
Dedim, günəşim ol, hərarətim ol,
Ərit ürəyimdən həsrət buzunu.
Dedim, taleyimdə bəxt Ulduzum ol,
Parla yollarımda ömrüm uzunu!
Özümü dağ sandım, səni vüqarım,
Sandım, sarsılmayan bir qüdrətin var.
Sənin hər sözünə uydum, inandım,
Sandım, öz vədinə sədaqətin var!
Qara bulud tutmuş aydın səmamı,
Sayrışan Ulduzum, ayım bəs hanı?
Demə dəyişmədim mən öz andımı,
Sədaqət, etibar deyən kəs hanı?
Qalan xatirədir səndən yadigar,
Sən sönük bir ocaq – közün köz deyil.
İndi gözlərində başqa aləm var,
Məni soraqlayıb gəzən göz deyil!
Gedirsən – saxlamaq səni çox çətin,
Dönsəydin o yoldan – qalandın bəlkə…
Get-get, qoy zülfünə yad sığal çəksin,
Sonradan oduma qalandın bəlkə!
1995.
Yazıya 540 dəfə baxılıb