“SINIR ACISINDAN BÖLÜNSƏK DƏ KÖNÜL ACISINDAN BÖLÜNMƏMİŞİK. BAKININ ACISI MƏNİM ACIM TƏBRİZİN ŞADLIĞI AZƏRBAYCANIN ŞADLIĞIDIR”
Bu günlərdə “ORHUN” nəşriyyatının qapısını ürəklə, sevinclə bir insan açıb içəri daxil oldu. Azərbaycandan gəldiyini zənn edib təbəssümlə qarşıladım. Qürbətdə öz dilində öz ləhcəndə danışan birini görüncə qeyri ixtiyari bir uşaq sevinci dolur ürəyinə. Sanırsan ki, ən əziz insanın gəlib. Qürbətin iki rəngi var… Ağ və qara! Salam sağ oldan sonra qonağım Cənubi Azərbaycanın Təbriz şəhərindən gəldiyini söylədi. Yazar, naşir, şair və araşdırmaçı olan Hamit Ahmedzadeh bəy ilk kəlməsini dəyərli şairimiz, Türk dünyasının sevimli şairi Zəlimxan Yaquba olan segisiylə başladı. Kiçik yaşlarından mətbəə işləri ilə məşğul olduğu üçün Təbrizin böyük ədəbi insanları ilə tanış olduğundan danışır. Ürəyi sevinclə, göz yaşları ilə dolub daşır.. Məni də duyğulandırır…
Nəşriyyatında Səməd Behrəngi, Ali Rza Oktay və Ustad Şəhriyarla daha yaxından tanış olur. Yazıb yaradır! Tanınır və sevilir. Bu zamana qədər 25 kitabı nəşr edilir. Türkiyədə dövlət dərgilərində əsərləri dərc edilməkdədir. “Bir Qərn Sukut” kitabında Ermənilərin Azərbaycanımıza basqın etdiyi günləri, qanlı tariximizi göz yaşları ilə yazır. Ermənilərin vəhşi qətliamlarını araşdırır. O, “Toplum məzarlıqları araşdırıb o kitabda yazmışam”, “Mən Qarabağ acısını bir Qarabağlı kimi yaşadım və yaşayıram” deyərkən göz yaşlarına boğulur, qaysaqlamayan yaralarımın gözünü acı kəlmələri ilə daha da qanadırdı…
ZƏLİMXAN SEVGİSİ…
Zəlimxan Yaqub ölən gün Təbriz matəm tutdu, ürəklərimizə Şəhriyar dağı çəkildi. Zəlimxan Yaqub dünasını dəyişən günü İran türkləri acı matəmə büründü. Axı o haqsız yerə ikiyə bölünmüş Azərbaycanın qeyrətli, şərəfli bir şair oğlu idi. O bizim böyük Şəhriyar idi. O rəhmətə gedəndə mən düşündüm ki, bizim ədəbi səmamızdan daha bir Şəhriyar da köçdü… Acılarımı şeirə tökdüm və bütün İranda yayımlandı bu şeirim…
Ömür boyu el yolunda çalışan,
Azərbaycan dərdi ilə alışan,
Bir məsəl var “Yaxşı saxlar balı şan”
Zəlimxanım, Zəlimxanım, Zəlimxan!
O ki bizi qardaş deyib çağırdı,
Təbriz, Bakı birliyini bağırdı,
Getdin, amma dərdin yaman ağırdı,
Zəlimxanım, Zəlimxanım, Zəlimxan!
Allah bilir Şəhriyara tay idin,
Süleyman tək Bəxtiyara say idin,
Xalqımıza Allah verən pay idin
Zəlimxanım, Zəlimxanım, Zəlimxan!
Son xəbərin yaman bükdü belimi,
Lal olmuşam bağlamısan dilimi,
Batırıbsan ağır yasa “tilimi”
Zəlimxanım, Zəlimxanım, Zəlimxan!
İRANDA İLK OLARAQ AZƏRBAYCAN DİLİNDƏ QƏZET VƏ JURNAL DƏRC ETDİNİZ… BU ÇƏTİNLİKLƏR YARATDIMIZ SİZƏ?
Mən şah qaçan gün, Pəhləvi höküməti devrilən zaman qardaşlarım İbad və Novruz ilə birlikdə İranda ilk olaraq ana dilimizdə “Ulduz” qəzetini çıxarmağa başladıq. Daha sonra “Minnler” “Varlıq” “Koroğlu” “Dədə Qorqud”, “Yoldaş” və başqa dərgilər türk dilində İranda çıxmağa başladı… Mən, Azərbaycan türküyəm və tarixin heç bir dönəmində öz dilimdə yazıb yaratmaqdan qorxmadım. Bir insan öz nəcabətini, kökünü necə danar, necə unudar? Azərbaycan mənim şah damarımdır!
AZƏRBAYCANI ÇOX SEVİRSİNİZ, AMMA HEÇ VAXT GETMƏDİNİZ… NİYƏ?
Ziyarətə getmək nəsib olmasa da könlüm hər zaman ordadır. 1985 ci illərdə mən bir şeir yazdım Azərbaycan haqqında. O şeir Süleyman Rüstəmin əlinə çatmışdı. Bu şeirim böyük Süleyman Rüstəmi duyğulandırmışdı. 1987 ci ildə öz əli ilə mənə şəklini və məktubunu göndərmişdir. Hamit bəy, mənə gətirdiyi kitablarını açıb həmən imzaları da göstərir. O imzalı şəkilli məktubları öz kitablarında dərc etdirib əbədiləşdirib… Bu vətəni millətini nə qədər sevməsi üçün gözümün önündə öz tablosunu açıq gösterirdi. S. Rüstəm bir şeirində söyləmişdi ki mən öldükdən sonra üzümü Təbrizə sarı basdırın. Qibləm olsun Arazın o tayı… mən də onun cavabında söyləmişdim:
Üz üzə dayansın qəbir daşımız,
Ya kəsilsin ya bir olsun başımız
Həsrıtdir qardaşa qan qardaşımız
Misalsız şairin adını söylə…
Süleyman Rüstəmə bu şeirim yetişir və o mənə öz şəklini və bu məktubunu yazıb göndərmişdi. Şəhriyarın ikinci il dönümü yas törənində Təbrizin Bakıdan qonağı olmuşdur. O cümlədən rəhmətlik Bəxdiyar Vahabzadə, Cabir Novruz, Rüstəm Əliyev, Nəriman Həsənzadə və bir çox unutduğum böyük şairlər Təbrizə gəlmişdir. O qardaşlığımız dərdimizə ortaq ağladıq. O günü heç vaxt yaddaşımdan silməyəcəyəm. Danışdıq ağladıq… ağladıq danışdıq…
HAMİT BƏY, KEÇƏN İL TƏBRİZƏ QONAQ GƏLDİYİMDƏ ŞƏHRİYARIN MƏZARINI ZİYARƏT EDƏRKƏN ORDA MÖHTƏŞƏM ƏL İŞLƏRİ GÖRDÜM. BU ƏL İŞLƏRİ SİZİN XANIMINIZ RAHİMƏ XANIMA MƏXSUS OLDUĞUNU SÖYLƏDİLƏR…
Mənim həyat yoldaşım Rəhimə Məhəmmədi 40 ildən artıq olar ki ustad Şəhriyarın Heydər baba mənzuməsini gül sapıyla ipək, sırma, məlilə, muncuq ilə əl işi kimi işləmişdir. İranda ana dilimiz yasaq olunDuğu zaman Rəhimə xanım ana dilinə dəyər verib və bu tabloları yaratmışdır. Ustad Şəhriyar bu tabloların bir neçəsinə imza attığı halda tablolar məzarlıqda hədiyyə olaraq durmaqdadır. Məzarın məsulu söyləyirdi ki, rəhmətlik Heydər Əliyev Şəhriyarın məzarına hər zaman ziyarətə gələrkən bu tabloların qarşısında maraqla dayanar, diqqətlə baxar və bu əl işlərini işləyənə əhsən deyərdi. O cümlədən Nəriman Həsənzadə bu tabloları görəndə Azərbaycan televiziyalarında dedi ki, kaş ki Bakıdada kimsə tapılsın ki, Bəxtiyar Vahabzadənin şeirlərini belə əbədiləşdirə bilsin. Bu bir ədəbi sevgidir…
AZƏRBAYCAN ƏDƏBİYYATINDAN ÇOX TƏRCÜMƏLƏR ETMİSİNİZ… YARADICILIĞINIZDA AZƏRBAYCAN ƏDƏBİYYATINA MARAQ SƏRHƏDSİZDİR…
Bəli, Abdulla Şaiqdən, Süleyman Rüstəmdən, Bəxtiyar Vahabzadədən, Nəriman Həsənzadədən tərcümələr etmişəm. Mənən hər zaman onların nəfəsini hiss etmişəm. Azərbaycan mənim ürəyimin bir parçasıdır. Ədəbiyyatın qaymaqları da Azərbaycanın yetirmələridir… Mən şeirlərimin ruhunu türk dünyasından alıram… Azərbaycan, Türkiyə mənim sözümdür, ədəbiyyatımdır, ruhumdur!
Aşıqlar sazının səndə sözü var,
Məhəbbət kanının səndə özü var,
Şəhidlər getsə də səndə gözü var
Könüllər mülkünü alan bayrağım,
Ay mənim ay ulduz nişan bayrağım!
Doğransa qollarım min bir kərə də,
Sümüyün kəsilsə qəddar ərədə,
Vücudum dağılsa dağda dərədə
Qoymaram dağılsın qalan bayrağım
Ay mənim ay ulduz nişan bayrağım!
Bir zaman zülmlə bölünmüşük biz,
İllərcə həsrətdən döyünmüşük biz,
Yenə də bir millət bilinmişik biz
Bir damar qanından coşan bayrağım
Ay mənim ay ulduz nişan bayrağım!
Tilimin borcudur uğrunda canı,
Qorumaq yadlardan Azərbaycanı,
Dili bal pətəyi, türküdür şanı,
Sınırdan sınıra aşan bayrağım
Ay mənim ay ulduz nişan bayrağım!
Aləmdə işıq yaydı “Tilimxanlı” el içrə,
Dan ulduzuyan, türk elinin zərrəsiyəm mən!
Gözəl yazmısınız…
Nəzmiyyə xanım, bilirsiniz ki, “Tilimxanlı” mənim ədəbi təxəllüsümdür, və o şeiri də məqalənizdə yazın məncə…
Dünyada əzəldən tanınan xəttə izn var,
Daşlarda bitən “qıl qəmişin” qonçasıyam mən.
Tarix boyu yüksəldi dilim dillər içində
Baldanda şirin türkü dilin pöhrəsiyəm mən.
Yoxdur bizə ölmək bilirsiz “ərkənə kündə”
Bozqurd törədən bir durumun pəncəsiyəm mən.
Min qol budağım vardı izim vardı cahanda
Turanda bitən türk elinin rişəsiyəm mən.
Aşıq Qəribəm, Əsli Kərəm, Tahiri Zöhrə,
Qorqud babamın bayrağının kölgəsiyəm mən.
Dünyanı tutubdur ulusum ədli kərəmlə,
Göytürkü yaxan bir alovun şöləsiyəm mən
Türkün elinə xor baxanı parçalaram mən,
Yalqız deyil Kərkük Qarabağ gülləsiyəm mən.
Gah Ərslanam, İldırımam, gah da Xətai,
“Fateh” qazanan bir ödülün zirvəsiyəm mən.
Aləmdə işıq yaydı “Tilimxanlı” el içrə,
Dan ulduzuyan, türk elinin zərrəsiyəm mən!
BAYAQ CƏBRAYIL İLƏ İRAN ARASINDA XARABA QALAN XUDAFƏRİN KÖRPÜSÜNDƏN, ORDA Kİ, ERMƏNİ HƏRBİ HİSSƏSİNDƏ GƏLİB TƏMİZLİK GÖRƏN AZƏRBAYCANLI ƏSİRLƏRDƏN DƏ BƏHS ETDİNİZ…?
Bəli, bu bir dəhşətdir! Ürəyim doludur, amma əlimizdən nə gəlir ki… Cəbrayılın Xudafərinə yaxın yerində erməni hərbi hissələri yerləşir. Dustaq maşınları gəlmişdi. Dəmir reşotkalı həbs maşınları idi. Arxa qapıları açdılar 60-a yaxın qadın tökülüşdü. Üst başları nimdaş, rəngləri solğun… dilə gətirilməyəcək görkəmlərdə… bir neçə saat ərzində hərbi hissənin dörd tərəfini təmizləyib maşına doldurulub aparıldılar. Ayda bir dəfə müşahidə olunan bu görüntü insanlarımızın diqqətini çəkmişdi… Erməni hərbi hissədən bu qadınların kimliyi soruşulduqda “Qarabağdan götürdüyümüz cavan qızlardır, yaşlanıblar”, “Belə işləri görməyə isdifadə edirik və yenədə qaçmamaları üçün işimizi ehtiyatlı tuturuq” demişdilər…
(Ardı var…)
Nəzmiyyə Hicran
Şair-Publisist
Sakarya, 24 Noyabır 2019
Yazıya 706 dəfə baxılıb