Əbülfət MƏDƏTOĞLU: “EŞQƏ BATIR YANAQLARINI”

 

78881288_1387818574723240_7123923410467422208_oÇoxdandı görüşmürdük. Necə deyələr, həyat, iş, vəziyyət bizi bir qədər uzaq salmışdı. Amma könüldən-könül olan yollarımız, internet yazışmalarımız bu uzaqlığı unutdurmuşdu bizə. Demək olar ki, günaşırı FB-də görüşürdük. Və bilirdim ki, o indi paytaxtdan uzaqda, Naftalanda yaşayıb-işləyir. Necə deyərlər, onu Bakıdan həmin şəhərə işləməyə göndəriblər.

 İxtisasca həkim olan Qalib Şəfaət həm də bədii sözə, yaradıcılığa könül verib. Onunla şəxsi tanışlığımın ilk vasitəçisi mərhum yazıçımız, gözəl insan, mənim də üzərimdə haqqı-sayı olan Nahid Hacızadə olubdur. Məhz onun söylədiyi isti sözlər bizi bir-birimizə yaxınlaşdırıb, doğmalaşdırıb. Və bir də baxıb görmüşük ki, dostlaşmışıq.

Ötən ayın sonlarında paytaxta qonaq gəlmiş Qaliblə redaksiyamızda görüşdük, hal-əhval tutduq. İşindən, iş şəraitindən və bir də təbii ki ədəbiyyatdan danışdıq. Hiss etdim ki, sevincli anlar yaşayır. Elə bu sevincin ipucunu da özü mənə verdi. Kiçik əl çantasından iki kitab çıxardı. Biri onun nəsr əsərləri, digərləri isə şeirlərinin toplusu idi. Kardioloq-şair Qalib Şəfaətin “Eşqə batır yanaqlarını” kitabına ön sözü şair-həkim Tofiq Nurəli yazıbdı. Bu kitabın ön səhifələrində Avdı Qoşqarin, Musa Ələkbərlinin, Bilal Alarlının, Qiymət Məhərrəmlinin, eləcə də, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Qalib Şəfaətin yaradıcılığı ilə bağlı qısa fikirləri öz əksini tapıb. Bu format onsuz da yaradıcılığı ilə maraqlandığım dostumun kitabına diqqətimi bir az da artırdı. Və zaman tapan kimi onun şeirlər kitabını bir oxucu sevgisiylə mütaliə etməyə başladım. Gördüm ki, hər bir yeni əsəriylə oxucularına daha da yaxınlaşan Qalib bu kitabında da duyğularını yaradıcı şəkildə ifadə etməyi bacarıbdı. O yazır:

 

Gündüzü söndür, dincəlim,

Bir az yatmaq istəyirəm.

Həyatda itirdim səni,

Yuxuda tapmaq istəyirəm.

 

Bir az şirin yuxu görüm,

Gündüzlər qanım qaradı.

Səndən bu yandakı mənəm,

Səndən o yanı haradı?

 

Çölümdə, düzümdə itdin,

İçimdə axtarım səni.

Gözümdə, izimdə itdin,

Sözümdə axtarım səni.

 

Əgər sən özünü görsən,

Yerini deyərsən mənə.

Danışaq boş vaxt eyləyək,

Arada baş çəkək sənə.

Açığını deyim ki, bu şeir səmimiyyətilə və özünün yaratdığı mənzərə ilə könlümü oxşadı. Mən burda fikrin obrazlılığına, həmçini həmin obrazın özündəki görüntüyə vuruldum. Yəni Qalib şairliklə yanaşı, həm də rəssamlıq etmişdi. Onun:

 

Ürək sənin ürəyinsə,

Harda olsam tapar məni.

Arzu, istək gərəyinsə,

Gəl könlümdən qopar məni.

 

 – deməsinə də mən bax, əvvləki ovqatın içərisində həm inandım, həm də haqq verdim. Axı, söhbət halal, pak sevgidən gedir. Ümumiyyətlə, bu kitabdakı mövzu rəngarəngliyi oxucunu kitaba daha da çəkir. Eyni aurada, eyni fikir müstəvisində qalmır. Və deməli, onun üçün şairin açdığı mənzərə könlünü oxşayır. Mən də Qalibin oxucularından biri kimi onun “Eşqə batır yanaqlarını” kitabını maraqla oxuyub başa çıxarkən bir daha özüm üçün əmin oldum ki, Qalibin şeirlərindəki səmimiyyət və özünüifadə yerindədi. Şeirdə isə oxucuya ən çox lazım olan məhz səmimiyyət və bir də oynaq obrazların olması daha önəmlidir.

 Kitabla bağlı fikirlərimin sonunda dostumun bir şeirini həm özüm, həm də sizin üçün təkrar etmək istəyirəm. Zənnimcə, burdakı məqamları mənim kimi siz də yaşamısınız:

 

Sən mənim nə vaxtdır

yuxuma girirsən…

Görmürəm

ayılanda səni-

yuxularımda yatıb durursan…

Eh! Bu nə xasiyyətdi…

Bir az gec get

ayılım dərdləşək.

Bəli, Qalib Şəfaət, sözün, yolun uğurlu olsun. Və bir də paytaxta yolun düşəndə sən də bir az ləngi, biz də dərdləşək.

Mənbə: Ədalət qəzeti

 

 

 

 

 

 

Yazıya 661 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.