Allahu-Təala birdir, bunda şüphə ola bilməz. Eyni anda təkcə insanları deyil, bütün məxluqatı, yaratdığı hər şeyi də görür. Göyləri və yeri yaradan Uca Rəbbimiz gecənin bir vaxtında qəlbi nisgilli bir inanclının səssiz yalvarışlarını eşitdiyi anda meşənin dərinliklərində kiçik bir qarışqanın ehtiyacını da görür və bilir. Həmçinin eyni anda Yerdən milyard dəfələrlə böyük olan ulduzları, qalaktikaları da görür və tam ahəng içində idarə edir. Allah zaman və məkan kimi hər hansısa bir məfhumla məhdud deyildir. O zaman və məkana sığmaz. Onun elmi və qüdrəti sonsuzdur. Heç bir şey Allahın iradəsində çətin deyildir. Hər an, hər yerdə olmaq, hər kəsi və hər şeyi eyni anda görmək Ona çətin gəlməz. Allahın «Nur” isminin bir təcəllisi olan günəş bu məsələni anlamağı bir azda asanlaşdıracaq. Günəş bir olsa da, işığı, istisi və yeddi rəngi ilə yer səthindəki bütün cisimlərə eyni anda çatır. Bununla da kifayətlənməyib evlərimizə, otaqlarımıza girir, hər şeyi eyni anda işıqlandırır və isidir. Gəlin fərz edək ki, günəş şüurlu varlıqdır. İstilik gücü, işıq elmi və yeddi rəng də eşitmə, görmə, nitq kimi yeddi cəhətidir. O zaman günəş əksər cisimləri, varlıqları eyni anda görə, eşidə, onlarla danışa və onlara hökm edə bilər. Şüursuz, aciz, ağılsız və donuq bir varlıq olan günəş »Nur” isminin təcəllisi sayəsində eyni anda milyonlarla yerdə ola bilirsə, kainatı yaradan Uca Allahın eyni anda bütün məxluqatı görməsi və onlara hökm etməsində nə qəribəlik ola bilər?. Əslində, Allaha məhdud təsəvvürümüzlə yanaşdığımıza, özümüz kimi düşündüyümüzə görə Onun kainatdakı bütün varlıqları eyni anda görməsini və idarə etməsini dərk etməkdə çətinlik çəkirik. Belə bir düşüncə bir stolla onun ustasını müqayisə etməkdən də mənasız və məntiqsizdir. Bir masanın otağın içərisində hərəkət etməsi, darıxdıqda bayıra çıxıb gəzişməsi, avtomobil və ya təyyarə ilə başqa şəhərlərə, başqa ölkələrə səyahət etməsi qeyri-mümkündür. Hətta o, kənar müdaxilə olmasa, yerindən bir millimetr belə tərpənə bilməz. Bir anlıq bu masanın ağıllı olduğunu düşünək. Sonra ona ustasının nə etdiyini və edə biləcəyini sadalayaq: «Səni düzəldən usta sənin kimi bir yerdə dayanmağa məcbur deyil. O, istədiyi kimi oturub qalxır, istədiyi yerə asanlıqla gedə bilir. İndi burada, bir az sonra başqa yerdə ola bilir. Avtomobillə, yaxud təyyarə ilə qısa müddət ərzində uzaq şəhərlərə, ölkələrə gedə bilir”. Əgər masa ustasını özü ilə müqayisə etsə, özü kimi cansız, donuq bir varlıq şəklində təsəvvür etsə, onun avtomobillə, təyyarə ilə səfər etməsi bir yana qalsın, hətta otaqda istədiyi kimi hərəkət etməsini belə qavramaqda çətinlik çəkəcək. İnsanın Uca Allahı özü ilə müqayisə etməsi bundan daha böyük yanlışlıqdır. İnsan bir gün, hətta bir saatdan sonra başına nə gələcəyini bilmir. Bəzən ensiz bir divar bircə metr o tərəfi görməsinə mane olur. Bircə gün yemək yeməsə, su içməsə, tərpənməyə belə taqəti qalmır. Biliyi, gücü məhduddur. Allah isə yeməkdən, içməkdən, zamandan, məkandan münəzzəh, hər cür nöqsan və qüsurdan uzaqdır. Göyləri, yeri və yerlə göy arasında hər şeyi yaradan Odur. Onun elminin, qüdrətinin həddi-hüdudu, sərhədi yoxdur. Hər şeyi bilir və hər şeyə gücü yetir. Kiçik, böyük fərqi yoxdur, bir şeyin olması üçün »Ol!” deməsi kifayətdir. Onun əlində bir baharı yaratmaq bir gülü yaratmaq qədər asandır. Onun üçün hamını eyni anda görmək heç çətin ola bilərmi? Kainata bir az diqqət və ibrətlə baxanda ilahi isimlərin hər yeri əhatə etdiyini görə bilərik. Yalnız mikroskop altında görünən kiçik varlıqlardan insanlaradək bütün canlıların ruzisi tam və vaxtlı-vaxtında verilir. Bu, bizlərə Allahın Rəhman və Rəzzaq (mərhəmətli və ruzi verən) isimləri ilə hər yerdə, hər an hazır və rəhbər olduğunu göstərmirmi? Yenə hər yaz mövsümündə milyonlarla gülün, tərəvəz və meyvənin, arının, quşun, kəpənəyin mükəmməl şəkildə yaradılması Onun elmi, qüdrəti və bütün isimləri ilə hər yeri, hər şeyi əhatə etdiyini açıq-aşkar ortaya qoymurmu? Unutmayaq ki, bizlər bilavasitə Onun özünü görməsək də –O, hər an və hər yerdə bizi görür. Biz isə Onun bütün sifətlərini yaradılışın hər birində təcəlla etməsini görürük! Müsəlmanların 3-cü İmamı Həzrəti Hüseyn (ə)-ın insanın Rəbbinə olan münasibətdə söylədiyi mübarək kəlamla fikirlərimi tamamlayıram: “Kor olsun o gözlər ki, Allahı qarşısında görmür!”
Elvin ARİFOĞLU
“Dost” jurnalının baş redaktoru
Yazıya 581 dəfə baxılıb