İmarət Cəlilqızı – “SİZ  ÖZÜNÜZ  QAZANDINIZ”

 

(“Adlar və adamlar” silsiləsindən)

  Bəy ərənlər düzülübdür cərgə-cərgə, qatar-qatar,
Çöhrələrdən zəhm yağır, öndə ağır döyüşlər var.
Dədəm Qorqud deyin gəlsin, boy boylasın, söz söyləşin,
Yağı üstə gedənlərə tanrıdan uğur diləsin.

  Dədəm Qorqud gəlib qolça qopuzunu dilləndirdi,
Qopuzunun tarım duran simlərini səsləndirdi.
Bu ilahi, qüdsi səsdən könüllərdə od qalandı,
Atlar coşub şahə qalxdı, irəliyə qanadlandı.
Boynu uzun qonur atda yala yatan ər igidlər,
Uzunluğu altmış tutam nizə tutan nər igidlər

  Şığıdı kafir üstünə, haray qopdu, yer-göy əsdi,
Qara, polad, uz qılınclar parıldadı, endi, kəsdi.
Ağ  tozluca tutacaqlı qatı yaylar gərilir, bax,
Sası dinli mərə kafir ayaqlara sərilir, bax!
Igidlərin sadağından səksən oxlar azaldıqca,
Pərən-pərən düşüb yağı cərgələri pozulduqca,
Xainlərin, namərdlərin ürəyini qorxu sarır,
Dovşan kimi sinə-sinə gizlənməyə yer axtarır.
Ərənlər nərə çəkirlər:“Çal qılıncın, yetdim!”-deyə,
“Yol vermərik oğuz eli kafir önündə baş əyə!”
Düşmənin döyüş sancağı ayaqlar altında qalır,
Igid oğuz ərənləri bu meydanda zəfər çalır.

Budur, yenə qoçaqlarım düzülübdür qatar-qatar,
Çağır gəlsin Dədəm Qorqud, görək indi nə sözü var.
Asta-asta yaxınlaşır ağ saqqallı, nurlu babam,
Oğulların mərdliyindən  ürəyi qürurlu babam.
Ah, Ilahi! Bu nə qədər təntənəli, ülvi bir an,
Igidlərin gözlərində yaş parlayır həyəcandan.
Pıçıldayır ürəkləri: “Dədə, qurban olaq sənə,
Nə durmusan, qopuz çalıb igidləri bir öysənə!
Qopuzunun nəğməsiylə könlümüzə sən od verdin,
Döyüşməyə ruhlandırıb sən bizə qol-qanad verdin,
Təz ol, dillən, bir de görək bu hünərə nə ad verdin,
Indiyəcən adsız gəzən igidlərə nə ad verdin?”
Dilə gəldi Dədəm Qorqud:”Əhsən sizə, ey igidlər,
Ərdəmlisiz, cürətlisiz, göstərdiniz böyük hünər.
Hamınıza ad verirəm, iftixarla daşıyasız,
Innən belə hərəniz öz adınızla yaşayasız.
Vətən, torpaq, el yolunda bir məşəl kimi yandınız,
Adınızı  mən vermədim, siz özünüz qazandınız!”

Yazıya 583 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.