AKİF ABBASOV – “AĞ ŞƏMSƏDDİNİN MÜƏLLİMİ HACI BAYRAM VƏLİ”

akif abbasov(“Fateh Sultan Məhmət” romanından)

Hacı Bayram Vəlinin əsl adı Numandır. 1340-1350-ci illər arasında Ankaranın Solfasol (Zülfazl) kəndində anadan olduğu fərz edilir. Atasının adı Əhməd, babasının adı isə Mahmud idi. Anasının adı məlum deyil.

“Bayram” adı ona “Somuncu Baba” təxəllüsü  Şeyx Hamidüddin Aksarayi müəllimi tərəfindən vermişdir. Hacı Bayram Vəli ali təhsil görmüş dəyərli bir şəxs, həm də sufi idi. Ən qədim Osmanlı tarixini qələmə alan Aşıqpaşazadə Hacı Bayram Vəliyə aşağıdakı kimi böyük qiymət vermişdir: “Anadoluda Hacı Bayram ortaya çıxdı. Bu, duaları qəbul olunan övliyalardan idi”.

Hacı Bayram Vəlinin özündən kiçik Safiyüddin və Abdal Murad adında qardaşları vardı. Özünün beş oğlu və üç qızı olmuşdur. Oğulları Əhməd Baba, Baba Sultan, Ədhəm Baba, İbrahim Baba və Əli Babadır. Qızlarından Hayrünnisa xatunun adı bu günümüzə gəlib çıxmışdır.   Oğullarından Əhməd Baba Ankarada “Pir evi” adlı dərgahın şeyxi; qızı Hayrünnisa xatun  Türk ədəbiyyatına və mədəniyyətinə böyük töhfələr vermiş Şair Əşrəfoğlu Rüminin həyat yoldaşı idi.

Hacı Bayram Vəlinin nəsli oğlu Şeyx Əhməd Baba və qızı Hayrünnisa xatundan davam etmişdir.

           Ankara və onun ətrafı 1354-cü ildə Osmanlı Sultanı Orxan Qazinin oğlu Qazi Suleyman Paşa tərəfindən Osmanlı torpaqlarına qatılmışdı. Bu,  Hacı Bayram Vəlinin  uşaqlıq illərinə təsadüf edirdi. Əyalət mərkəzi olan Ankara Osmanlı hakimiyyəti dövründə mühüm  rol oynamış,  Anadolu bəylərbəyliyinin idarəetmə mərkəzi kimi fəaliyyət göstərmişdir.

Hacı Bayram öz müəllimi Somuncu Babanın məsləhətinə əsasən kənd təsərrüfatı ilə məşğul olan bir əxi lideri olmuşdur. O, bir müddət  Məlikə xanım mədrəsəsində müəllimlik etmişdi.

Hacı Bayram Vəli bir bilikli, məntiqli, idraklı və  uzaqgörən şəxs idi. Konstantinopolun kimlər tərəfindən fəth olunacağını bilməsi və Sultan II Murada deməsi onun uzaqgörənliyindən xəbər verir.

Sultan II Murad dəfələrlə onu saraya dəvət etsə də, ona vəzirlik rütbəsi boyun olsa da, Hacı Bayram Vəli etiraz etmişdir. Sultan onun məsləhəti ilə  Konstantinopolu ala biləcəyini fərz edirdi.

Hacı Bayram Vəli qənaətində doğru-düzgün idi. Düz demişdi. Konstantinopolun fəthi Sultan II Muradın oğlu Sultan II Məhmətə qismət oldu. Qələbənin memarı  və İstanbulun mənəvi  fatehi isə, Göynüklü Ağ Şəmsəddin idi.

İldırım Bəyazid orta Anadoluya səfərləri zamanı Hacı Bayramla tanış olmuş, qabiliyyətlərini və xidmətlərini nəzərə alaraq onu eşik ağası (nökər başı)  vəzifəsinə təyin etmişdi.

İldırım Bəyazidin ordusu 1402-ci il Ankara Müharibəsində Əmir Teymura məğlub olduğu üçün Hacı Bayram Vəli Somuncu Baba ilə birlikdə Bursadan köçərək Adana vilayətində Ceyhan Çayının kənarındakı bir kənddə məskən salmışlar. Hacı Bayram bir müddət burda yaşadıqdan sonra Bursaya köçmüşdür. Somuncu Baba Aksaraya  dönməsi səbəbindən Hacı Bayram da Ankaraya gəlir və burada  dərs deməyə başlayır.Hacı Bayram eyni zamanda bir sufi məktəbinin  öndəri idi. O, dünyasını dəyişəndən sonra həmin məktəbə “Bayramlıq” adıverilmişdir.

Hacı Bayram Vəlinin istedadlı yetirmələri vardı. Onlardan   Göynüklü Ağ Şəmsəddin,  Akbıyık Sultan, Göynüklü Uzun Səlahəddin, Yazıçızadə Muhammed və Əhməd Bican, İncə Bədrəddin, Hızır Dədə, Muhammed Üftadə həzrətləri, həmçinin yeznəsi Əşrəfoğlu Rumi (Abdullah Əfəndi) xüsusilə fərqlənirdilər.

Yetirmələri arasında Akbıyık Sultan və  Ağ Şəmsəddin öndə olub, öz ustadlarına daha yaxın idilər.  Sultan II Muradın dövründə Akbıyık Sultan böyük vəlilərdən biri kimi tanınırdı. O eyni zamanda müharibələrdə iştirak etmiş, göstərdiyi şücaətlərinə görə Sultan II Murad ona böyük bir kənd hədiyyə vermişdi.

Həmin kənddən qazandığı gəlir tez bir zamanda Akbıyık Sultanı ən varlı adamlardan birinə çevirmişdi. Bu onda özündənbədgümanlıq, başını uca tutmaq, lovğalanmaq, laqeydlik kimi xoşagəlməz sifətlər yaratmışdı. Hətta Hacı Bayramı da unutmağa başlamış, ona az-az baş çəkməyə  başlamışdı.

Yetirməsinin hərəkətləri  Hacı Bayram Vəlinin qanını qaraltmışdı.   Hacı Bayram Vəli şagirdinin dünya malına dərin sevgisini görüb, onu bu yoldan çəkindirmək üçün: “Övladım, Allaha sığın, dünya malına tamah salmaqdan çəkin, üzünü həm bu dünyada, həm də axirətdə ağ edəcək işlərlə məşğul ol“, –  demişdi.

Ustadının öyüd-nəsihətindən nəticə çıxarmaq əvəzinə Akbıyık Sultan ona: “Ustadım, peyğəmbər əfəndimiz deyib ki, bu dünya axirətin tarlasıdır. Bu səbəbdən də biz dünya malını rədd etməməliyik, elə deyilmi?” – söyləyərək ustadını daha da məyus və peşman etmişdi. Odur ki: Hacı Bayram Vəli acıqla: “Övladım, bir halda ki, dünya malını hər şeydən üstün tutursan, onda bizi tərk et və bir daha yanımıza gəlmə”, – deyib ondan bərk incidiyini göstərmişdi.

Həmin sözlərdən bərk təsirlənən Akbıyık Sultan ustadından üzr istəmiş, onu bağışlamağı xahiş etmişdi.

Hacı Bayramın məsləhəti və nəsihəti təsirsiz qalmamış, Akbıyık Sultan  var-dövlətini kasıblara paylamağa,  qazancını Allah yolunda xərcləməyə başlamışdı. Beləliklə, ustadının arzu etdiyi insan, zəmanəsinin çox hörmətli nümayəndələrindən  biri olmuşdur.

Sultan II Murad Hacı Bayram Vəlinin nurani və ağıllı bir şəxs olduğunu görübsaraya dəvət etdi və bir müddət burada saxladı. Hacı Bayram az vaxtda saray əhlinin hörmət və nüfuzunu qazandı.   Eyni zamanda məscidlərə baş çəkərək xalqın da sevimlisi oldu. Sultan II Murad Hacı Bayramın sarayda qalmasını istəyirdi. Lakin Hacı Bayram razılıq vermir və Ankaraya qayıtmağa can atırdı. Çarəsiz qalan   Sultan ona xeyli qiymətli hədiyyələr verdi.   Hədiyyələri götürməyən Hacı Bayram bildirdi ki,  onları kasıblara paylamaq fikrindədir.

Sultan:

-Hədiyyələr sənə verilib. Ona görə də özünlə götürməlisən, – deyə təkid etdi.

Cavabında Hacı Bayram Vəli dedi:

-Padşahım, görürəm  mənə yaxşılıq etmək istəyirsiniz. Elə isə sizdən bir xahişim var, onu yerinə yetirsəydiniz, çox xoşhal olardım.

Sultan II Murad:

-Buyurun, Hacı.

Hacı Bayram:

-Əmr verərdiniz mənim tələbələrimdən vergi tutulmasın, -dedi.

Sultan II Murad gülümsəyərək:

-İndi sənin tələbələrindən vergi tutulmaması və onların əsgərliyə aparılmaması barədə fərman imzalayacağam.

Fərman imzalandı. Sultan II Murad Hacı Bayrama müraciətlə dedi:

-Mənim üçün maraqlıdır. Mənə nə kimi məsləhətlər verərdin?

Hacı Bayram Vəli:

– Dövləti idarə edən zaman hər bir şəxsin öz yerində olmasına fikir ver, – dedi. -Elm və ürfan sahiblərinə qayğı göstər. Gənclərə sevgi, yaşlılara hörmət et. Xalqla görüşəndə səninlə eyni fikirdə olmayanlara pis münasibət bəsləmə, kinli, xəsis adamlardan uzaq dur. Xalqla yumşaq davran, tam inanmadığın adama sirrini açma. Padşahım, bir də heç vaxt doğru olduğuna əmin olmadığın bir iş haqqında hökm vermə.

Hacı Bayram Ankaraya döndü. Burada onu istəməyən adamlar vardı.  Onlar Hacı Bayramın günü-gündən artan şöhrətinin, hörmət və nüfuzunun qısqanclığını çəkir, ona paxıllıq edirdilər. Çalışırdılar ki, nəyin bahasına olursa-olsun onu hörmətdən salsınlar.

Bu adamlar bir-birinin ardınca yeniyetmə və gəncləri Hacı Bayram Vəlinin yanına göndərirdilər ki, onun tələbəsi olsunlar. Məqsəd ondan ibarət idi ki, bu gənclər əsgərlikdən və vergidən azad olsunlar. Həqiqətdə isə müraciət edənlərin bir qismi qabiliyyətsiz idi. Hər yetənin əsgərlik və vergidən yayınması Hacı Bayram Vəlini hörmətdən salardı. Hacı Bayram bu təxribata uymadı. Şagirdlərin sayının birdən-birə, süni şəkildə çoxaldığını görüb məsələni anladı. Həmin yalançı şagirdlərdən yaxa qurtarmaq lazım idi. Amma necə? Hacı Bayram çox düşünüb-daşındıqdan sonra Ankaranın Qanlı Göl adlanan yerində bir çadır qurdu. Bundan sonra car çəkdi ki, təhsil almağa gələnlər buyursunlar, burada onlar qurban kəsiləcək. Həmin gənclər bu xəbəri eşidib qaçdılar. Hacı Bayramın hüzurunda bir gənc qadın və iki cavan oğlan qaldı. Fəxrlə onlara baxan  Hacı Bayram ucadan səsləndi:

– Mənim şagirdlərim yalnız bu üç nəfərdir. O biriləri  vergi də verəcək, əsgər də gedəcəklər!

Beləliklə, Hacı Bayramı ləkələmək fikrinə düşənlərin planı baş tutmadı.

Anadoluda yaşayan türklər çox zaman köçəri həyat tərzi keçirir, sənətə maraq göstərmir, oturaq həyata keçmək istəmirdilər. Odur ki, Hacı Bayram Vəli    müridlərini əkinçilik və sənətlə məşğul olmağa səslədi və buna nail oldu. Bu, köçəri həyat sürən türklərin oturaq həyata keçməsində, əkin-biçinlə məşğul olmasında böyük əhəmiyyətə malik oldu.

Cəmiyyət yoxsullara və varlılara bölünmüşdü. Ona görə də onlar arasında müəyyən ziddiyyətlər yaranırdı. Bunu əsas götürərək Hacı Bayram Vəli həmin ziddiyyətləri yox etmək üçün mübarək aylarda müridlərini də götürüb  Ankaranın ticarət mərkəzlərini gəzir, dükan sahiblərindən zəkatlarını yığırdı. Həmin zəkatlar kasıblara, ərsiz qadınlara, yetim uşaqlara, imkansız tələbələrə paylayırdı. Hacı Bayram Vəli öz zəmanəsində böyük bir xeyriyyəçilik məktəbinin təməlini qoymuşdu.

Hacı Bayram təkkəsində böyük bir qazan qaynadardı. Bu onun ən yaxşı adətlərindən biri sayılırdı. Həmin adət əslində Xoca Əhməd Yasəvidən gəlirdi. Yəsəvi təkkəsində qazan qaynadır,  kasıblar, yetimlər,  dul qadınlar, imkansızlar, səfərdə olanlar gəlib bişmişi yeyərdilər.

Hacı Bayram Vəli  1430-cu ildə Ankarada vəfat etdi.

  Onun uzaqgörənliyi həm də bunda idi ki, öz ölümünü qabaqcadan duymuş və hazırlıq işlərini həyata keçirməyə başlamışdı. Yetirmələrinə demişdi: “Qəm yeməyin. Bu dünyaya gələn gedər, heç kim qalmaz. Qalan onun var-dövləti deyil, təmiz adı, əməlləri olacaq”.

XIV və XV əsrlərin böyük övliyalarından və alimlərindən olan  Hacı Bayram Vəli öz cənazə namazını  Ağ Şəmsəddinin qılmasını arzulamışdı. Axır nəfəsində bu sözləri deyib haqqın rəhmətinə qovuşdu: “Mənim namazımı Ağ Şəmsəddin qılsın və cənazəmi yusun. Bu xəbərimi ona çatdırarsınız”

 

Yazıya 446 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.