Akif Abbasov – AİLƏNİN FOTOŞƏKLİ

akif abbasov 9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜDÜR

(hekayə)

“Xəndi xo!” səslərini eşitməyi ilə dörd tərəfdən əli avtomatlı almanın ona tərəf irəlilədiyini gördü. Gülləsi qurtarmışdı. Faşistlər­dən heç olmasa bir neçəsini də öldürə bilmədiyinə təəssüfləndi. Qə­hər onu boğdu. Ehtiyatsızlıq edib özü üçün patron saxlamamışdı. On­ların gülləsindən, əzab-işgəncəsindən, əsir düşməsindən öz gül­ləsi ilə ölməyi daha şərəfli sayırdı. Nə etməli? Taleyin qisməti imiş.

Bəxtiyar ayağa qalxdı. Avtomatı bir tərəfə tulladı. Qumbarası da qalmamışdı. Yalın əllə bu qədər faşistə qarşı necə dayana bilər­di?!

Yenə qışqırdılar: «Xəndi xo!» Bəxtiyar alman dilini bilməsə də, bu kəlmələrin mənasını anlayırdı: yəni «əllər yuxarı». Lakin o, əllərini qaldırmadı. İti nifrət yağan baxışlarını zabit geyimində olan almanın gözlərinə zillədi. Zabitin bədənindən gizilti keçdi. Lakin o, qalib idi, Bəxtiyar ona əsir düşmüşdü. Zabit nədən qorxacaqdı?

-Bir buna bax, gör nə məğrurdur! Əllərini də qaldırmır. Əmrə tabe olmağı ona öyrədin!

Zabit işarə etdi. Arxa tərəfdən əsgərlərdən biri irəli yeriyib avtomatın qundağını var gücü ilə Bəxtiyarın kürəyinə endirdi. Bəxtiyarın dizləri qatlandı və üzü üstə torpağa düşdü. Həmin əsgər uzunboğaz çəkməsi ilə onun belindən, başından, ayaqlarından daha bir neçə zərbə endirdi. Bəxtiyar ağrının təsirindən qışqırmamaq üçün dişlərini bir-birinə sıxdı. Lakin zərbələr güclü idi. O zarıdı. Zabit deyindi:

-Əllərini yuxarı qaldırmağı şəninə sığışdırmırdın. Ayaqlar altına düşməyi necə sığışdırırsan? Xoşluqla əmrə qulaq asmayanı zorla asdırırlar, üstəlik anasını da ağladırlar.

Zabit əsgərlərdən birini səslədi:

-Hans, apar, bunun işini bitir.

Hans əlini yuxarı qaldırıb: “Hayl Hitler!” deyə bağırdı, əmri yerinə yetirməyə hazır olduğunu bildirdi. Sonra Bəxtiyara əmr etdi ki, onun qabağına düşsün.

Bəxtiyar əlləri boynunun ardında qabaqda, Hans isə əlində avtomat arxada gedirdi. Gəlib meşənin sıx yerinə çatdılar. Hans onu arxadan vurmağı şəninə sığışdırmayaraq əmr etdi:

-Üzünü çevir…

Bəxtiyar çevrildi. Hans gülləni ayağa çəkdi. Ölüm gözlə qaş arasında idi. Tətik çəkiləcək, Bəxtiyarın cəsədi yerdə qalacaqdı. “Görəsən, uşaqlar nə edirlər? Bu çətin zamanda necə dolanırlar? Qara kağızım evə çatanda anam saçlarını yolacaq”.

Hans atəş açmağa hazırlaşırdı. Bəxtiyarın gözləri dolsa da, göz yaşlarını bir təhər saxladı. Düşmən qabağında özünü sındırmayacaqdı ki…

Hans atəş açmağa tələsmədi. Onu həm də əsgərin cibindəkilər maraqlandırırdı. Meyitdən qorxduğu üçün sağ ikən onu soymaq istəyirdi. Odur ki silahı aşağı salıb:

-Ciblərini çevir, saatını çıxar, ayağımın altına at.

Bəxtiyar deyilənlərə əməl etdi. Döş cibinə Bəxtiyarın əl vurmadığını gördükdə maraq Hansa güc gəldi. Yaxınlaşıb özü yoxladı. Cibindən bir fotoşəkil çıxartdı. Bəxtiyar idi, arvadı Gülsənəm idi, bir də üç uşaq – ikisi qız, biri oğlan. Şəkli görəndə Hansın əlləri boşaldı, əl-qolu ilə soruşdu ki, bu sənin ailəndir?

Bəxtiyar başını endirdi. Bir də başını qaldıranda gördü ki, Hans əlində başqa bir şəkil tutub baxır, gözləri də yaşarıb. Bəxtiyara şəkli göstərərək onu başa salmağa çalışdı:

– Mayn ailə, ailə…

Sonra Hans özünü ələ alıb, ciddiləşdi. Tez avtomatı qaldırıb Bəxtiyara üzünü çevirməyi tapşırdı. Bəxtiyar artıq güllələri kürəyində hiss edirdi. Az sonra kürəyi od tutub yanacaq, o, əbədi torpağa gömüləcəkdi.

Atəş açıldı. Bəxtiyar ağrını hiss etmədi. Avtomat yenidən səsləndi. Bəxtiyar yerə sərildi. Hans ağır addımlarla uzaqlaşdı və sonra gözdən itdi.

Bəxtiyar əli ilə kürəyini yoxladı. Əli qana batmadı, kürəyi elə bil ağrımırdı. Çevrilib baxdı. Hans getmişdi. Yaxınlıqdakı iri ağacın gövdəsi güllə yağışından dağılmışdı. Ailəsi ilə birlikdə çəkdirdiyi şəkil Bəxtiyarı ölümün pəncəsindən qurtarmışdı.

 

* * *

Müharibə yenicə sona yetmişdi. Azərbaycan xalqı ikinci dünya müharibəsi cəbhələrində xeyli itki versə də, camaat sevinirdi. Qan-qada çəkilmişdi, adamlar daha rahat nəfəs ala biləcək, dağın­tıları aradan qaldıracaq, yaralarını, ağır olsa da, sağaldacaqdılar.

Bəxtiyar ixtisasca mühəndis idi. Əsirlikdən qaçıb bizimkilərə qoşulandan sonra bir müddət də döyüşmüş, orden-medalla geri dön­müşdü. İndi o, yeni təyinat almışdı. Sumqayıtdakı zavodlardan birində direktor işləyirdi. Zavodu təzəcə təhvil aldığından sexləri əməlli-başlı gəzib dolaşmamışdı. Bu gün baş mühəndisi də götürüb sexlərə çıxmışdı.

Fəhlələr gülər çöhrəli, xoşrəftarlı Bəxtiyarı gördükləri ilk gündən başa düşmüşdülər ki, bəxtləri gətirib. Belə direktorla nə qədər desən işləmək olardı. İndi onun sexə gəlişini hamı hörmətlə, baş endirmək, salam verməklə qarşılayırdı. Bəxtiyar da öz növbəsində onları xoş dillə dindirir, söhbətə tuturdu. Əli Bayramlı rayonunda boya-başa çatmış, təhsil almış, oradan cəbhəyə yollanmış Bəxtiyar bu sadə adamlarla tanış deyildi, onları birinci dəfə görürdü. Lakin bu, o demək deyildi ki, tələbkarlığını azaldacaqdı. Ruslar demişkən, “drujba drujba, slujba slujba”.

Birdən Bəxtiyarın baxışları dəzgah arxasında dayanıb əl saxlamadan işləyən, diqqəti yalnız istehsal etdiyi məhsulda olan başı bretkalı adama sataşdı. Həmin şəxs ona tanış gəlirdi. Onu harada görmüşdü? Xatırlaya bilmirdi. “Bəlkə onun yadına düşdü” fikriylə ona yaxınlaşdı. Salam verdi. O, Bəxtiyarı görəndə sanki gözlərinə işıq gəldi. Tez əlini döş cibinə atdı və iki şəkil çıxartdı: biri Bəxtiyarın ailəsinin, digəri isə öz ailəsinin şəkli idi.

Hadisələr kino lenti kimi Bəxtiyarın gözləri önündən gəlib keçdi. Hans alman zabitinin əmrinə zidd gedərək onu öldürməmiş, meşədə qoyub getmişdi ki, o öz canını qurtarsın.

Bəs Hans burada Sumqayıtda nə edirdi?

Köhnə dostlar qucaqlaşdılar. Fəhlələr mat-məəttəl qalmışdılar. Zavod direktoru əsirlikdə olan faşist əsgəri ilə qucaqlaşıb öpüşürdü.        Bəziləri hətta təəssüfləndilər də: “Heyf, cavan oğlandır. Tutub damlayacaqlar. Bunun dünyadan xəbəri yoxdur nədir?! Siyasətdə kor olanlar, düşmənə tərəf çıxanlar, vətəni satanlar həbsxanalarda çürüyür, bəzilərini də çoxdan öldürüblər, yerləri də bilinmir. Bu da belə getdi”.

Bəxtiyar bir qolu Hansın boynunda, digər əlini qaldıraraq:

– Yoldaşlar, bilirsiniz bu kimdir? Hansdır.

Kimsə mızıldandı:

-Hans olduğunu bilirik. Özü də faşistdir. Əsirdir.

Bəxtiyar:

-Ay canım, almanların hamısı faşist deyil. Sadə xalq, əməkçi insan müharibə istəmir, müharibəyə istəyinin ziddinə olaraq cəlb edilir. Mən bu Hansın sayəsində sağ qalmışam.

Sonra Bəxtiyar olub-keçənləri başına toplaşan fəhlələrə danışdı. Fəhlələr susdular. Bunu görən Bəxtiyar:

– Yaxşı, yoldaşlar, sağ olun, mən getdim. Hamı iş başına.

Sonra əlini Hansın çiyninə qoyub:

-Hans, sən də işində ol. Sonra bir kabinetə gələrsən.

Bəxtiyar kabinetinə qayıdıb bir xeyli kresloda hərəkətsiz qaldı. Çox düşünüb-daşındı. Hansın meşədəki xeyirxah, alicənab, mərd hərəkəti, onun ailəsi gözlərinin önündən getmirdi. Bəxtiyar qəti qərara gəlib kağız-qələm götürdü. Üç nüsxədə bir məktub hazırladı. Burada başına gələnləri, Hansın ona etdiyi yaxşılıqları təfsilatı ilə yazdı. Məktublardan birini Mircəfər Bağırova, digərini Jukova, birini də Stalinə ünvanladı. Bir müddət keçdi.

Zavodun qayğıları ilə yaşadığı narahat günlərinin birində telefon zəng çaldı. Dəstəyi qaldırdı. Təhlükəsizlik orqanlarından idi. Onu komitəyə çağırırdılar. Cəld ayağa qalxdı. Bu yolu gedənlər çox vaxt geri dönmürdülər. Lakin indi dinclik dövrü idi. Buna baxmayaraq, Bəxtiyarın rəngi ağarmışdı: “Görəsən, məktubuma nə savab verəcəklər?”

Təhlükəsizlik komitəsinin əməkdaşı onu gülərüz qarşıladı. Bu, narahatçılıq üçün əsas olmadığını göstərirdi. Orqan işçisi yer göstərdi və söhbəti uzatmadan tez mətləbə keçdi. Bir kağızı onun qarşısına qoyub dedi:

-Məktubunuza müsbət cavab gəlib. Hans əsirlikdən azad olunub.

 

 

Yazıya 435 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.