Hər bir millətin, xalqın tarixini öz ömür yolunda yaşadan şəxsiyyətlər, simalar var. Bunlar hökmdarlar da ola bilər, siyasətçilər də, tarixçilər də ola bilər, yazıçılar da. Fitrətən, doğuluşdan kökünə bağlı olan bu şəxsiyyətlər milli-mənəvi irsin, mental dəyərlərin, genetik yaddaşın gələcək nəsillərə ötürülməsi kimi ağır bir missiyanın yükünü daşıyırlar. Özündən sonra layiqli miras – hər hansı bir abidə, sənət incisi ilə adlarını zaman və məkan müstəvisindən asılı olmayaraq tarixə həkk edən bu şəxslər mənsub olduqları millilikdən çıxıb bəşərilik qazanır. Zaman bizdən uzaqlaşdıqca tarix onları bizə daha da yaxınlaşdırır. Lakin az hökmdar, rəhbər tapılar ki, öz xalqını sevərək, eyni zamanda sevilərək ona rəhbərlik etsin. Tanınmış siyasətçi, şəxsi mənafeyini xalqın mənafeyinə qurban verən, tarixən formalaşmış və minilliklərdən bəri qorunub saxlanan mənəvi irslə silahlanan Heydər Əliyev belə şəxsiyyətlərdəndir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat amalının, qayəsinin bir dayaq nöqtəsi vardı: azərbaycançılıq. O hər addımında, hər əməlində Azərbaycanı düşünür, nədən danışır danışsın, ona müstəqil Azərbaycanın mirası kimi yanaşırdı. Dünya azərbaycanlılarının I qurultayında o öz qayəsini belə ifadə etmişdir: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycançılıq onun anlamında həyatın bütün sahələrinə şamil idi: təhsil, elm, səhiyyə, iqtisadiyyat, incəsənət və s. Heydər Əliyev bunların hər birində Azərbaycanın portretini görür, Azərbaycanın şəklini çəkir, Azərbaycanın musiqisini eşidirdi. “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalq sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb”.
Azərbaycançılıq onun yazmağa başladığı və gələcək nəsillərə ərməğan qoyduğu bir epopeyadır. Xalqın məişətindən tutmuş elminə, maaarifinə, səhiyyəsinə, incəsənətinə sədaqət bu romanın ideyasını təşkil edir. Azərbaycançılıq fəlsəfəsi ulu öndərin siyasi fəaliyyətini, milli dövlətçilik ideologiyasını, dil, ədəbiyyat, tarixi keçmiş, milli-mənəvi dəyərlər isə onun mənbələrini təşkil edir.
Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi Heydər Əliyevin adı ilə bağlıdır. O, mədəniyyətin bütün səhələrini sevir, bədii ədəbiyyata xüsusi sevgisini gizlətmirdi: “Ədəbiyyata olan məhəbbətimi sübut etməyə elə bir ehtiyac yoxur. Bunu Azərbaycanda yaxşı bilirlər. Bu, mənim vəzifəmə görə deyildir, mənim təbiətimdir, içimdən gələn hissiyyatımdır. Məndə həmişə – hələ uşaq, gənc yaşlarımdan şeirə, ədəbiyyata, incəsənətə, mədəniyyətə çox böyük həvəs olubdur, həmişə maraqlanmışam. İndi dövlət işi ilə məşğul olanda da mən bunun nə qədər əhəmiyyətli olduğunu bilirəm, dərk edirəm. Ona görə də əlimdən gələni edirəm”.
Heydər Əliyev pedaqoji ideyaların əsas vəzifəsini onun humanist mahiyyətində görürdü. Hələ postsovet məkanında sovet həyat tərzinin nəcib və gözəl cizgilərinin, insan arzularının və əməllərinin tərənnümünü yazıçıların həyatın ab-havasını duymaları ilə bağlayırdı. Cəmiyyətin yüksəlişi, iqtisadiyyatın inkişafına yönəlmiş fəaliyyəti, sülh və təhlükəsizlik uğrunda mübarizənin hərtərəfli bədii təsviri Heydər Əliyevə görə, ədəbiyyatın şərəfli vəzifəsidir. O bilirdi ki, xalqın mədəni səviyyəsini daha da inkişaf etdirmək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqlı yetişdirmək üçün bədii sözün, bədii ədəbiyyatın əvəzedilməz təsiri var. Bu anlamda ulu öndər xalq pedaqogikasına, folklor yaradıcılığına, klassik irsə, müasir ədəbi prosesə, ümumiyyətlə, bədii ədəbiyyata böyük önəm verirdi. Müstəqilliyimizin xalqımıza bəxş etdiyi sərvətlərdən biri kimi o, ədəbiyyatımızın zənginliyini vurğulayırdı.
Heydər Əliyev həmçinin bədii ədəbiyyatın imkanlarını ədəbiyyatşünas kimi təhlil edir və onlara güvənirdi. Onun fikrincə, ədəbiyyat, mədəniyyət xalqin milli sərvəti, xəzinəsidir. Bizim ədəbiyyatımızın xalqımıza bəxş etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa alışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.
Bədii ədəbiyyat və onu yaradan sənətkar məfhumu Heydər Əliyevin nəzərində qiyməti və dəyəri olmayan anlayışlar idi. O, bunlara tarixi-fəlsəfi prizmadan yanaşır, sənətkar şəxsiyyətinin qiyməti və dəyərini yaratdığı əsərlərində təbliğ etdiyi bəşəri ideyalarda, milli dəyərlərdə, əxlaqi-mənəvi keyfiyyətlərdə görürdü. 1975-ci ildə Azərbaycan sovet ədəbiyyatı günlərində çıxışında o demişdi: “Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xətainin məhəbbət və iztirabtərənnüm edən poemalarını, Vidadinin və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”.
Ulu öndər şeiri, bədii ədəbiyyati ürəkdən sevir, sözün təsir gücünü gözəl bilirdi. “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” – deyirdi. Xalqın bədii söz xəzinəsi, yaradılan hər bir əsər onun üçün hikmət dolu tərbiyə məktəbi idi. Bəlkə buna görədir ki, Dədə Qorqud müdrikliyi, Nizami humanizmi, Füzuli sevgisi, Nəsimi fəlsəfiliyi, Xətai hikməti, Vaqif nikbinliyi, Mirzə Cəlil gülüşü, Sabir lakonikliyi, Cavid düşüncəsi, Vurğun bədiiliyi, Vahabzadə yanğısı, Məmməd Araz dünyası onun ruhunda, nəfəsində yaşayırdı. “Heydər Əliyev qüdrətli türk millətinin ilk ən aqil, kamil, müdrik sərkərdələrindən olan Bilgə Xaqanın dövlətçiliyi, milləti, xalqı bütövlükdə saxlamağın yolları haqqındakı öyüd-nəsihətlərini mötəbər örnək kimi qəbul etmiş, dövlətçilik fəaliyyətini bu istiqamətdə davam etdirmişdi”.
Məhz Heydər Əliyevin xidmətləri sayəsində ədəbiyyat sözün həqiqi mənasında yüksəliş və intibah dövrü keçirdi. Bunu ümummilli liderin hakimiyyətdə olduğu vaxtlarda gördüyü işlər deyil, müxtəlif görüşlərdə, yubiley gecələrində söylədiyi fikirlər, ayrı-ayrı sənətkarlara göstərdiyi diqqət və qayğı sübut edir. Klassiklərinin yubileylərinin beynəlxalq səviyyədə qeyd olunması, ədəbi əsərlərin, külliyyatların toplanması və nəşri, fəxri adlar və mükafatların verilməsi, ev muzeylərinin yaradılması, heykəllər qoyulması doğma dilin saflığına məhəbbət, ucalığına pərəstiş hissi ilə yanaşı, görkəmli dövlət xadiminin bədii ədəbiyyata ehtiram və məhəbbətindən irəli gəlirdi. Bədii ədəbiyyatı yaradanların taleyi, gün-güzəranına qayğı və diqqət onun əməli fəaliyyətinin ayrılmaz hissəsi idi. Ulu öndər yaxşı bilirdi ki, dünyada əbədiyaşar yeganə qüvvə sözdür, sözü uca tutanları zaman da öz məhvərindən keçirə-keçirə yaşadır.
Heydər Əliyev tez-tez yazıçı və şairlərlə görüşür,bugörüşlərdə ədəbi əsərlərin yaranma istiqamətinin düzgün müəyyənləşdirilməsinə, həyat həqiqətlərinin real təsvirinin canlandırılmasına dair tövsiyələrini əsirgəmir, gah ədəbiyyat tarixçisi, gah da ədəbi tənqidçi mövqeyindən mülahizələrini bildirirdi. Heydər Əliyevə görə, yazıçı, şair dövrün nəbzini tutmağı bacarmalı, aktual mövzuları gündəmə gətirməli, ideya və bədii cəhətdən onları yüksək səviyyədə həll etməyi bacarmalıdır. Çünki cəmiyyətin inkişafının bütün mərhələlərində ədəbiyyatın və mədəniyyətin əsas vəzifəsi tərbiyələndirmək olmuşdur.
Dövrün nəbzini tutmağı bacaran, aktual mövzuları gündəmə gətirənlərdən biri böyük demokrat Cəlil Məmmədquluzadə və biri də romantik şair, dramaturq Hüseyn Cavid idi. “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir” – deyən Heydər Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti, mənəviyyat mənbəyi hesab edirdi. Çünki Cəlil Məmmədquluzadənin redaktorluq etdiyi “Molla Nəsrəddin” jurnalı xalqla, xalqın həyatı ilə, onun arzu və əməlləri ilə bağlanmışdı. Mirzə Cəlil xalqımızın daim xoşbəxt yaşamasına çalışmışdır. Onun həyatdan alınmış felyetonları, hekayə və şeirləri ayrı-ayrı şəxslərin tale və gələcəyi haqqında deyil, bütöv bir xalqın taleyini, onun gələcəyinin ümumiləşdirilmiş bir formasıdır. Cəlil Məmmədquluzadə deyəndə “Molla Nəsrəddin” jurnalı və “Molla Nəsrəddin” jurnalı deyəndə Cəlil Məmmədquluzadə yada düşür.
Ulu öndər Heydər Əliyevi valeh edən əsərlərdən biri də Mirzə Cəlilin “Ölülər” əsəri olmuşdur. Heydər Əliyev Cəlil Məmmədquluzadənin bu əsərinə (“Ölülər” əsərinə) hətta dünya ədəbiyyatında və ya bəşər tarixində buna bənzər bərabər bir əsərin olmadığını əminliklə bildirir: “Ölülər” əsəri haqqında mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını və özünəməxsus fikir istedadını əks etdirir”. Ümummilli lider əlavə edərək deyir: “Cəlil Məmmədquluzadə dahi insandır… Hesab edirəm ki, bəşər tarixində “Ölülər” kimi bir mövzuda əsər yaranmayıbdır… bu cür psixoloji bir mövzu, bunun kəşf edilməsi doğrudan da Cəlil Məmmədquluzadənin nə qədər dahi adam olduğunu göstərir”.
Ümummili liderin qeyd etdiyi kimi, Cəlil Məmmədquluzadə yaradıcılığında milli və bəşəri ideyalar daha çox üstünlük təşkil edir. Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadədə bu kimi milli xüsusiyyətləri, ümumbəşəri dəyərləri və milli idealogiyanı belə səciyyələndirir: “Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli idealogiyanın əsasıdır və həmin idealogiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir”.
Təbii ki, bu kimi milli xüsusiyyətlər, ümumbəşəri dəyərlər və milli idealogiya Hüseyn Cavidin şəxsi həyatı və yaradıcılığında öz əksini tapır. Hüseyn Cavidin ədəbi-ictimai-siyasi irsini səciyyələndirən ulu öndər demişdir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığıəsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyəçağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinəhəddindən artıq xidmət edən bir insan olmuşdur”.
1956-cı il mart ayının 6-da Hüseyn Cavidə bəraət verilmişdir. Onun cənazəsinin qalıqları ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 26 oktyabr 1982-ci ildə Bakıya, noyabrın 2-də Naxçıvana gətirilərək, noyabrın 3-də dəfn edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Cavidlər ailəsinə Naxçıvanda böyük məqbərə-sərdabə ucaldılmışdır. Cavidlər ailəsinin dörd üzvü (Hüseyn Cavid, Müşkinaz Cavid, Ərtoğrol Cavid və Turan Cavid) orada uyumaqdadır.
Uzun illərdən bəridir ki, Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin təkmilləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da maarifpərvər şairin yaradıcılığına verilən yüksək qiymətdir. Ümummilli lider Heydər Əliyev Hüseyn Cavid və Cavid irsi ilə bağlı belə deyirdi: “Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.
Ədəbiyyatın keçdiyi keşməkeşli yolun özünəməxsusluqlarını gözəl bilən Heydər Əliyevin bədii təfəkkür sahibləri, zaman və həyat, reallıq və xalq taleyi, tarixilik və müasirliklə bağlı ədəbi düşüncələri, qiymətli fikir və mülahizələri azərbaycançılıq ideologiyasının formalaşmasında qiymətli mənbələrdəndir.
Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Onun yorulmaz fəaliyyətinin Azərbaycan elminin müxtəlif sahələri ilə bağlı əlaqələrinin coğrafiyası və tarixi çox genişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək elə də asan deyil. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır. Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzuları bu idealın dövlət quruculuğu, tarix yaradıcılığı idealının ətrafında cəmlənmişdir. Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük mütəfəkkir idi. Heydər Əliyevin varlığı xalqa, onun mədəniyyətinə xidmətdən yoğrulmuşdur. Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər unudulmazdır. O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş yolunu seçməyi vacib saymışdır.
Yekun olaraq qeyd edək ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə repressiya qurbanı Hüseyn Cavidin 135 illik yebileyinin keçirilməsi haqqında imzaladığı sərəncam və 2019-cu ildə görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam bir daha qədim Naxçıvan torpağının yetirmələrinin yaradıcılığına olan sevgi və məhəbbətin tərənnümüdür.
Bütün bu deyilənlərdən aydın olur ki, tariximiz var olduqca Cəlil Məmmədquluzadə, Hüseyn Cavid irsi ilə bərabər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin irsi də yaşayacaq və var olacaqdır.
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Yazıya 613 dəfə baxılıb