“Öz iradəsindən qopub sözün iradəsinə sığınan İradə”

26168538_1973881102625558_3805349614218759972_nAçığını deyim ki, qadın yazarlarımızın yaradıcılığı mənim üçün həmişə maraqlı olub. Ona görə ki, kişi yazarlardan fərqli olaraq, onlar çox vaxtı öz iç dünyasını tam şəkilədə açıb qabarda bilmirlər. Yəqin, bir çəkinəcək yerləri var! Çox güman ki, bu mentalitetdən irəli gəlir. Amma fərqi yoxdur, ürək ürəkdi, o ürəyi hamıya tanrı verib, gərək sən o ürəklə yaşaya biləsən.

Mən bir xanım yazar haqqında söhbət açmaq istəyirəm. O, xanım, tam fərqli dünyaya və xarakterə malikdir. İradə Ayteli deyirəm. O, İradə Aytel ki, heç kəsə bənzəməyən, özünə məxsus bir iç dünyası var. Bəlkə də özü hiss etmir ki, onun iç dünyası onu harayasa sürükləyib, harayasa aparır. Bu onun qələbəsidirmi, ya məğlubiyyətidirmi? Bəlkə də bunun fərqinə varmır. Elə fərqinə varmasa yaxşıdır, çünki, insanın içindəki qısqanclıq, çəkinəcəklik sənət dünyasının məhvinə gətirib çıxarır. Hər halda bunu zaman göstərər. Orası da var ki, yaradıcılıq fədakarlıq tələb edir.

Onu da deyim ki, cəsarətli insanları həyatın burulğanından zaman özü qanadlarına alıb, üzə çıxarıb xilas edə bilir.

O da var ki, həmişə axtarışda olan bir xanımdır. Yenillik axtara-axtara yaşayıb yaradır. O, yenillik tərəfdarıdır, elə bir yenillik ki, o yenillik yaşanıla bilsin, yaşantılı olsun. Mən onun söhbətlərini dinləmişəm, şeirlərinidə də, elə nəsrində də bunun şahidi olmuşam. Hər şeydə özünü tamamlayıb özü kimi ola bilib, hər şeydə özü kimidir. Ona görə də mən onu ona bölə bilmirəm. Bir nüansı da önə çəkim, bu, mənim öz fkirmdir, düşüncəmdir. Bir insanın ruhundan qopan şeir olsun, ya nəsr olsun, bir-birinə çox oxşayır. Çünki, o onun ruhudur, canıdır. Bu mənada İradənin şeiri də, nəsri də, onun ruh və can yaşantısıdır. O yaşantını yazır, olduğu kimi görünməyə çalışır. Əsas odur ki, istədiyi ola bilir, başqasını yamsılamır.

Onu da deyim ki, İradə yaradıcılığında tam qadındır. Qadın hissləri ilə yaşayır, qadın hissləri ilə yazıb yaradır. İradənin qadın haqqında oxuduqlarını, eşitdiklərini, görüb duyduqlarını, və özünün keçirdiyi hissləri qəlbinin süzgəcindən keçirib şeir çələngi yaratdığını mən bu şeirində daha aydın, daha səlis görürəm. Onu da deyim, qadın istəkdən yoğrulmasa da butunu istəklərin başında durur.

 

İstəkdən yoğrulsan da,

İstəklə doğulmadın.

O qədər çox idi arzun

Arzundaca boğuldun!

Yum! Yum gözlərini, qadın!

 

Qadının iç dünyasını özünəməxsus tərzdə açır. Qadın arzusu, qadın istəyi nə qədər böyük, ali olsa da bir o qədər o istəyə qarşı biganəlik, laqeydlik görünür. Bu şeir hər şeyi özü danışır, öz deyir, sadəcə oxucudan bu ağrını, acını dərk edib duymaq tələb olunur. Yəqin ki, hər kəs özünəməxsus dərk edib, özünəməxsus duyacaq. Şeir çox gözəl sonluqla bitir. Qadın vuqarını, ucalığını, bütün ucalıqdan ucada görür İradə.

 

Dolaşdır bəmbəyaz buxağına…

– Ana!

Yenə…

Bala səsinə çevril,

Bala nəfəsinə səril…

Səril!

Səril!

Təkcə öz ayağına sərilmə!

Ayaqlama cənnəti!

 

Öz ayağına da sərilib ayaqlama cənnəti, -deyir. Bu onun içindən gələn bir hiss, duyğudur. Mən onu bütün hisləri ilə, duyğuları ilə tanıyıram, başa düşürəm. O özündən uzaqlaşıb özgələşə bilmir, bəlkə də uzaqlaşıb haraya qədərsə gedib çıxır bilər, amma yenə gəlib özünü özündə tapır, nə olmaq, necə olmaq istəsə də yenə də gəlib özü olur. Ətrafında dolanan hadisələrdən, gördüyü, hiss etdiyi, ilham aldığı hər ünsürdən bəhrlənməyi bacarır. Amma onu bilmirəm ilhamsız vaxtları olur, ya olmur. Onu deyə bilirəm ki, hər bir yazar öz dövrünün, zamanın yaşantılarına güzgü tutur.

O, qadının iç dünyasının hisslərini aça bilir və cəsarətlə demək qüdrətinə malikdir.

Bu şeir tam fərqli yanaşmadır, qadın hayqırtısı, harayı var. Qadında intiqam hissi baş qaldırır. “Ölüm gözümdən düşəcək”şeirindən bu parçaya diqqət yetirək.

 

Bax, indi bayaqdan

bəri arxamca sürünən

bu bahalı maşına əyləşəcəm!

Qapının boyuna əyılən kimi

Qamətim gözümnən düşəcək!

Sonra bahalı maşının

varlı sahibi ilə tanış olacam.

 

Bu qadın qürurunun sınması deyilmi? O qürur sındısa bu fəlakətə çevrilmirmi?

 

 

Bahalı maşının

Varlı sahibinin bahalı siqaretini yandırıb

Eynən onun kimi çəkəcəm.

Ciyərlərim (elə özüm kimi)

İlk gördüyünü ağuşuna alacaq.

Ayılacam və…

Özüm gözümnən düşəcəm.

Ah.. nə gözəl.

Uraaaaaaaaaaaaaaaa!!!

Ölüm gözümnən düşəcək!

 

Bəli, bu qadın intiqamıdır, qisasıdır. Qoy onu da qeyd edim ki, qadın mənəviyyatı bütün ucalıqdan ucada dayanır. Həmişə onu ucalıqda görmək lazımdır. Qadın mənəviyyatının alçalması cəmiyyətin alçalmasıdır, ayaqlar altına atılmasıdır. Ölüm ali hisdir, onu qadının gözündən saldınsa, o hər şeydən, hər şeyindən; – varlığından da, yoxluğundan da imtina edəcək. Bu, bir qadın usyankarlığıdır, hətta, o məqamda, birinci özünə qarşı.

 

 

***

 

 

İradənin hekayəsi də şeir kimidi. Ruhu eynidir. Adamı silkələyə bilir. Birini şeir dilində deyir, başqa birisini hekayə. Hekayələri də sanki zümzümə edir. “Yetim laylalar” hekayəsindən bir parçaya diqqət edək: “Birazdan ağxalatlılar çoxaldı. Onlar tələsir, vurnuxur, onun ürəyini qaytarmaq üçün çalışırdılar. “Ürəyinə” iynə vurdular, döyündürmək üçün süni nəfəs verdilər açmadı gözlərini ürəyi. Onun bədənindən qopduğu, çıxarıldığı üçün ağlamadı, hayqırmadı ürəyi. Susdu… susdu!”

Ananın ən böyük yaşantısı övlad sevgisidir. Övladına olan məhəbbəti, istəyi qədər o əziyyətə qatlaşır, o əziyyəti çəkdikcə ana analaşır, müqədəsləşir. Bəlkə də həkimliyimdən irəli gəlir, bilmirəm, onu deyim ki, hər bir qadının analıq hissiyatını qadınlıq hissiyatı üstələyir, bax, onda ana daha da müqəddəsləşir. O da var ki… mən onu çox görmüşəm. Onu görmüşəm ki, körpə qızcığazlar, hələ çox körpə olsalar da küklacığını müqədəsləşdirib, özlərində ana hissiyatı, ana duyğuları yaradıb yaşadırlar.

Nəsrdən dönüb yenə poeziyaya üz tutdum, çünki açdığım mövzunu – ana-bala müqəddəsliyinin tamamını məhz bu şeirdə – “Qəribəm” şeirində tapdım:

 

Məni doğan ögeyim,

Göynəmə göyüm-göyüm,

Suçuyam Yerin, Göyün,

Dolan gendə, qəribəm.

 

A balamın bələyi,

Yer, sənnəndir diləyim,

Aç köksünü gələyim,

Mən bu təndə qəribəm.

 

***

İstəkdən yoğrulsan da,

İstəklə doğulmadın.

O qədər çox idi arzun

Arzundaca boğuldun!

 

Övlad həsrəti ilə yaşayan ananın keçirdiyi hislər, arzular bu şeirin dili ilə söylənilir.

Ananın özlüyündə bala ilə dərləşməsi kimi, balanın da ana ilə dərləşməsi, qəlbinə, ruhuna bir xoş ovqat bəxş etməsi anları olur.

Bəs övladın anaya bağlılığı necə? o məhrəm hisslərələ yanaşmaq necə? Gəlin onda, müəllifin anasına xitabən yazdığı bu şeirini də dinləyək:

 

Bir dəli sevdaya düşmüşəm, ana,

İntihar sevdasına!

Amma

Qıymıram sənin ürəyinin bir parçasına,

Qıymıram sənə!

Bax, ana,

Bircə canımnan başqa

heç nəyim yoxdu.

Onu da borcluyam Sən Tanrıma!

Bilirəm, onsuz da qatiləm!

Mənli arzularının,

İstəklərinin,

Sənə verəmədiyim nəvələrinin “qatili”!

İndi də

balanın qatili olmaqdan qorxuram!

Ana!

Sənin ölümünü gözləyirəm!

Başımdakı bu sevdanın xatirinə!

Bağışla!!!

 

Şeirin yaranışından göründüyü kimi, İradə onu da yaxşı bilir ki, analar övlad üçün nələr çəkir, hansı əzablardan keçirlər. Həmin yaşantılar şeirdə özünü açıq şəkildə göstərə bilir.

Onu duyan övlad, onun nələr çəkdiyini başa düşən qələm sahibi, bütün ağrı və acılarını unudub onun arzuları ilə hesablaşmağa çalışır. Axı, anaların arzuzu, istəyi qədər, pak, müqəddəs arzu dalınca qaçmaq mümkin deyil. Ana istəyi insanı butun düşüncələrdən; xüsusən insanın qəlbində qəflətən yurd sala bilən bəd düşüncələrdən xilas edə bilir. “Dədə Qorqud”da deyildiyi kimi, “get övladım, tanrı köməyin olsun. Bütün yollar sənin üçün açıq olacaq”.

Onu da deyim ki, ananın göz yaşını heç nəyə dəyişmək olmur. Çox görmüşəm insanlar kövrək vaxtlarında anası ilə rühən, xəyalən dərdləşir, özündə rahatlıq tapır. Bu şeir hamı kimi İradənin də xəyalən anası ilə dərdləşməsidir.

Bu şeirdən sonra onu deyə bilərəm ki, duyğularınla, düşüncələrinlə , acılarınla, şirinlərinlə ana arzularına sığınmaq həyatda ən gözəl nemətdir, bəlkə də ağrı acıdır, bəlkə də xoşbəxtlikdir. Baxır kim necə bölüşə bilir. Hamı özünə görə düşünüb deyə bilər.

 

***

Özü kimi sevgisində də safdır, alidir, pakdır, müqədəsdir. O, sevgini köksünə sıxıb hamıdan gizlədib, hamıdan qoruyub, sevgini ilahiləşdirə bilir. Sevgi nağılı şeirində deyildiyi kimi.

 

Gəl, sənə bir nağıl söyləyim,

O nağıl ömrümün noğulu idi.

O nağılda biri vardı – o səndin,

O nağılda biri yoxdu – o məndim.

O nağılda sən Günəşdin, mən gecə.

O nağılda sən məndəydin,

Mən təkcə!

 

O, sevgidə büdrəmir, yıxılmır, mərd-mərdanə dayanıb öz sevgisinin qayğıları ilə yaşayır.

“Ona deyin” şeirində bu parçada deyildiyi kimi.

 

Ona deyin, verdiyi

Dərdi də sevər oldum.

Gözüm hər acısını

Gördü də, sevər oldum.

 

 

Qəribəsəmək, darıxmaq insan üçündür, baxır kimdə necə, nə cür darıxmaq olur. İradə darıxanda Allaha üzü tutur, dərdini uça Tanırı ilə bölüşür. Bu insanın Allaha sığınması, Allahın varlığına pənah gətirməsidir. Onda insan ruhu saflaşır, təmizlənir, ağ vərəq kimi ləkəsiz görünür.

 

Duam Allaha yetmir,

Mən bu dində qəribəm.

Bir qərib də içimdə,

Birəm mində, qəribəm.

 

Hər nədən yazır yazsın, onun istifadə etdiyi material sözdür, özü də dəyərli söz. O, sözdən böyük imarət yaratmağ bacarır.

Axırda onu deyə bilərəm ki, söz onu elə çəkir ,elə çəkir ki, öz iradəsindən qopub sözün iradəsinə sığınır İradə.

Qalib Şəfahət

qalib

Yazıya 504 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.