UİLYAM SOMERSET MOEM (1874-1965)
(povest)
Tezliklə hamı yatağa uzanacaqdı. Sabah onlar yuxudan oyananda isə yer görünəcəkdi. Doktor Makfeyl çubuğunu alışdırdı. O, sürahiyə söykənərək baxışlarını mavi səmaya zilləmişdi. Odlu-alovlu, ölümlü-itimli cəbhə yollarını keçdikdən, yarası gözlənildikdən daha gec sağaldıqdan sonra o, sakit Apiyadakı bir illik istirahətdən dedikcə razı qalmışdı. Səyahət onun üçün xeyirli olmuşdu.
Sərnişinlərdən bəziləri sabah Paqo-Paqoda düşəcəkdi. Bunu nəzərə alaraq axşam gəmidə kiçik bir rəqs gecəsi təşkil etmişdilər. mexaniki pianonun gurultulu səsi doktorun qulaqlarında hələ də səslənirdi.
Göyərtəyə axır ki, sakitlik çökdü. Doktorun gözü bir qədər aralıda şezlonqda əyləşərək Devidsonlarla söhbət edən arvadına sataşdı. O, asta-asta onlara sarı getdi və fənərin altındakı oturacaqda əyləşdi. Doktor şlyapasını çıxararkən fənərin işığı onun saçlarında əks olundu. Onun parlaq, kürən saçları, təpəsinin ortasında dazı və kürən adamlara xas qırmızımtıl çil-çil dərisi vardı. O, qırx yaşlarında arıq, uzun sifətli, səliqəli və bir qədər də vasvası adam idi. Özü də həmişə şotland ləhcəsi ilə astadan və aramla danışırdı.
Makfeyllərlə missionerlər olan Devidsonlar arasındakı dostluğun qısa tarixçəsi vardı. Onlar gəmidə tanış olmuşdular. Bu tanışlıq təkcə baxışların və zövqlərin yaxınlığı nəticəsi kimi meydana gəlməmişdi. Onlar göyərtədə tez-tez rastlaşırdılar. Bu adamları gəmidəki digər şəxslərlə ünsiyyətin qeyri-mümkünlüyü haqqında onlarda baş qaldırmış fikir, onlara bəslədikləri kin-küdurət birləşdirmişdi.
Bu dörd nəfərdən savayı sərnişinlərin hamısı bütün günlərini siqar çəkilmə otağında poker, bric və şərab əhatəsində keçirirdilər.
Missis Makfeyl Devidsonların heç kimlə deyil, yalnız onlarla yaxınlaşmasından öyünürdü. Doktor vasvası olsa da qəlbinin dərinliyində özünü son dərəcə məmnun hiss edirdi. Onu razı salmaq müşkül məsələ idi. Həmin axşam o, kayutuna gedəndə özünü deyinməkdən saxlaya bilmədi. Missis Makfeyl üsulluca pariki başından çıxararaq:
– Missis Devidson deyir ki, biz olmasaydıq, görəsən, bu səyahət onlar üçün necə keçərdi. Deyir, gəmidə bizdən qeyri elə bir adam yoxdur ki, ona isnişə.
– Məncə, missioner sən deyən gərəkli adam da deyil ki, özünü çəkib dağ başına qoysun.
– Bu, lovğalıq deyil. Mən onu çox gözəl anlayıram. Siqar çəkilmə salonuna toplaşmış o kobud adamlar Devidsonlara yaraşmır.
Doktor:
– Heç onların dininin yaradıcısı bu qədər iddialı olmayıb, – deyə istehza etdi.
Qadın özündən çıxdı:
– Yüz kərə sənə demişəm ki, dini lağa qoymayasan. Allah düşmənimi də sən xasiyyətdə etməsin, Alek. Sən insanlarda yalnız və yalnız pis keyfiyyət axtarırsan.
Doktor boz-bulanıq gözlərini qıyaraq ona baxdı, amma heç nə demədi. Uzun illərin ailə həyatının təcrübəsi onu belə qənaətə gətirmişdir ki, dinclik xətrinə ev-eşikdə axırıncı sözü arvad üçün saxlamaq lazımdır.
O, arvadından əvvəl soyundu, yuxarı taxta qalxıb yuxuqabağı mütaliə etməyə hazırlaşdı. Ertəsi gün səhər tezdən doktor göyərtəyə çıxanda torpaq lap yaxından görünürdü. O, acgözlüklə tamaşa etməyə başladı. Gümüşü çimərliyin dar zolağı birdən-birə zirvəsinə qədər yaşıllığa bürünmüş uca dağlarla əvəz olundu. Yamyaşıl hindqozu ağacları az qala suya baş vururdular. Bu yaşıllıqların o tərəfində yerlilərin qamışdan quraşdırılmış komaları görünürdü.
Missis Devidson göyərtəyə qalxıb doktorla yanaşı dayandı. O, qara paltar geyinmişdi. Boynundakı qızıl zəncirdən xaç asılmışdı. Missis Devidson tutqun şabalıdı saçları səliqə ilə daranmış, ətrafı pensnenin şüşəsi arxasından seyr edən göy və domba gözlü balaca bir qadın idi. Sifətinin ifadəsi donuq olsa da sadədil və yüngül adam təsiri bağışlamırdı. Əksinə, sayıq və ehtiyatlı, həm də son dərəcə ciddi, quş kimi çevik idi. Onun gur və hər cür ifadəlikdən məhrum olan səsi diqqəti daha çox cəlb edir və əsəbləri oynadırdı.
Doktor Makfeyl adəti üzrə işgəncəyə məruz qalmış adamlar kimi, xəfif bir təbəssümlə:
– Yəqin özünüzü artıq ev-eşiyinizdə hiss edirsiniz, – dedi.
– Bir baxın. Bizim adalar bunlara oxşamır. Onlar hamardır, mərcan adalarıdır. Bunlar isə vulkanikdir. Vur-tut on günlük yolumuz qalır.
Doktor zarafatından qalmadı:
– Əsas elə buraya qədər idi. Mənzil başına çatdıqsa, təsəvvür edin, öz yerimizdəyik, sanki qonşu döngədə dayanıb öz evimizə tərəf baxırıq.
– Siz mübaliğə edirsiniz. Amma sözlərinizdə həqiqət var. Axı, cənub dənizlərində məsafə başqa cür görünür.
Doktor Makfeyl yüngülcə köksünü ötürdü. Missis Devidson:
– Adalarımızın bu missiyada olmadığına sevinirəm, – deyə davam etdi.
– Deyilənə görə, burada işləmək qeyri-mümkündür. Gəmilərin əlindən tərpənmək olmur. Bu isə yerli əhalinin əxlaqını pozur. Həm də deyirlər ki, burada hərbi gəmilər dayanır. Bu, yerlilərə daha pis təsir göstərir. Bizim tərəflərdə isə belə çətinliklərlə qarşılaşmalı olmursan. Hə, görünür orada vur-tut iki-üç tacir yaşayır. Biz isə onların hər addımına göz qoyuruq. Özbaşınalıq etdikdə isə elə təpinirik ki, şələ-külələrini yığışdırıb getməyi qalmaqdan daha üstün tuturlar.
O, pensneni düzəldib, rəhmsiz baxışlarla yaşıl adanı gözdən keçirdi:
– Buranın missionerlərinin vay halına! Yaxşı ki, Allah belə bir günü bizə göstərməyib!
Samoadan şimala doğru uzanan bir qrup ada Devidsona mənsub idi. Həmin adaları bir-birindən böyük məsafələr ayırırdı. Ona görə də Devidson il on iki ay dar və uzun qayıqda səfərə çıxmalı olurdu. Bu zaman missiyanı onun arvadı idarə edirdi.
Doktor Makfeyl qadının necə bir mətin iradəyə malik olduğunu təsəvvürünə gətirib heyrətləndi. Missis Devidson boğazının gur yerinə salıb adalarda yaşayan yerlilərin əxlaqsızlığından sonsuz hiddət və nifrətlə danışırdı. Qeyri-ciddilik barəsində onun fikri nə isə qəribə təsir bağışlayırdı. Hələ tanışlıqlarının ilk günündə o, doktora demişdi:
– Bir təsəvvür edin, biz təzəcə gələndə həmin adada nikah adətləri o qədər iyrənc şəkil almışdı ki, sadəcə, onları sizə təsvir etməyə utanıram. Mən bu barədə Missis Makfeylə danışaram, o da sizə söhbət edər.
Bir gün o, arvadı ilə missis Devidsonun şezloqları bir-birinə yaxın çəkərək oturduqlarını və şirin söhbət etdiklərini gördü. Doktor iki saata qədər onlara göz qoydu. Sonra qıçlarını açmaq üçün ayağa qalxıb gəzintiyə başladı. Onların yanından ötəndə doktor, missis Devidsonun dağ çayının boğuq nərəsini andıran təlaşlı pıçıltısını eşitdi. Eyni zamanda arvadının rəngi avazımış sifəti və yarı açılmış ağzı gözünə sataşdı.
Axşam onlar kayuta çəkiləndə qadın boğula-boğula eşitdiklərini birər-birər ərinə danışdı. Ertəsi gün missis Devidson sevincək halda ucadan:
– Bəs mən nə deyirdim? Dəhşətdir, elə deyil? Doktor olsanız da dünən onları sizə danışmağa cəsarətim çatmadı. İndi artıq buna təəccüblənməzsiniz.
Missis Devidson baxışlarını ona zillədi. O, arzu etdiyi təsirin oyanıb-oyanmadığına əmin olmaq istəyirdi.
– Əvvəlcə qolumuz yanımıza düşdü. Bilmirəm inanacaqsınız, yainki yox: kənd-kəsəkdə bir nəfər də əxlaqlı qız yox idi, – o, «qız» sözünü sərt texniki mənada işlətdi. Biz cənab Devidsonla vəziyyəti götür-qoy edib qərara aldıq ki, ilk növbədə rəqsə son qoyaq. Yerlilər rəqssiz keçinə bilmirdilər.
Doktor Makfeyl:
– Gəncliyimdə mən özüm də rəqsə biganə olmamışam, – dedi.
– Dünən axşam missis Makfeyli valsa dəvət etdiyinizi görəndə elə belə də fikirləşdim. Kişinin öz qadını ilə rəqs etməsində heç bir qəbahət görmürəm. Amma arvadınız rəqsdən boyun qaçıranda açığı, buna sevindim. Bir də bu kimi hallarda bizim qarışmağımıza lüzum yoxdur.
– Hansı hallarda?
Missis Devidson pensnedən ona iti nəzərlə baxdı, lakin dillənmədi. Sonra:
– Ağların rəqsində sən deyən qəbahət görünmür, – deyə söhbətini davam etdirdi. – Cənab Devidson deyir ki, insan qəribə məxluqdur. Axı necə ola bilər ki, kişilərdən biri o birinin arvadını qucaqlayıb rəqs edir, o isə lal-dinməz dayanıb baxır. Bu məsələdə cənab Devidsonla şərikəm. Şəxsən mən ərə gedəndən sonra bir dəfə də rəqs etməmişəm. Yerli sakinlərin oyunu tamam özgə cürdür. Onlar göz görə-görə adamları əxlaqsızlığa sürükləyirlər. Allaha min şükür ki, həmin rəqslərin axırına çıxa bildik. Səhv etmirəmsə, bizim adalarda artıq 8 ildir ki, rəqs məclisi qurulmur.
Gəmi yavaş-yavaş buxtanın girəcəyinə yaxınlaşırdı. Missis Makfeyl də göyərtəyə qalxdı. Gəmi limana daxil oldu. Bu, bir donanma yerləşə biləcək iri və qapalı buxta idi. Onu əhatəyə almış yamyaşıl dağlar sanki başlarını dikəldib səma ilə öpüşməyə hazırlaşırdılar. Boğazın lap yaxınlığında qubernatorun yaşıl ağaclarla əhatə olunmuş evi görünürdü. Evin üzərində Amerikanın bayrağı dalğalanırdı. Dəniz səmtdən əsən külək bağa xoş bir sərinlik gətirirdi.
Gəmi sahilə yan aldı. Missis Devidson üç yüz yard aralıda dayanmış şxunanı Makfeyllərə göstərdi. Həmin şnuxa onları Apiyaya aparacaqdı. Şən və mehriban yerlilər sahildə qaynaşırdılar. Onlar yaxınlıqdakı adaların sakinləri idilər. Kimisi elə-belə tamaşa etməyə, kimisi Sidneyə gedəcək sərnişinlərə mer-meyvə satmağa gəlmişdi. Özləri ilə ananas, banan, həsir, balıqqulağından, yaxud köpək balığı dişlərindən hazırlanmış boyunbağı, gavı üçün piyalələr, hərbi qayıqların modellərini gətirmişdilər. Bu adamların arasında üzlərini taraş etdirmiş şən çöhrəli, səliqəli, intizamlı amerikalı matroslar gəzişirdilər. Bir kənarda dəstə ilə liman xidmətçiləri dayanıb durmuşdular. Baqaj boşaldılana kimi Makfeyllər və missis Devidson camaata tamaşa etdilər. Doktor Makfeylin gözü uşaq və yeniyetmələrin dərisində idi. Frambeziyaya, sağalması çətin olan bir yaraya tutulmuşdular. Doktor ilk dəfə idi ki, öz gözləri ilə fil xəstəliyinə tutulmuş adamlar görürdü. Onların iri, yöndəmsiz əlləri vardı. Ayaqlarını dallarınca güclə sürüyürdülər. Bütün bunlar doktorda qarşısıalınmaz bir maraq oyatmışdı. Onun gözləri alışıb yanırdı. Kişilər də, qadınlar da əyinlərinə lava-lava geymişdilər.
Missis Devidson sükutu pozaraq:
– Çox xoşagəlməz kostyumdur, – dedi. – Cənab Devidson belə qənaətə gəlib ki, qanun yolu ilə tez bir vaxtda onu qadağan etmək lazımdır. Əyninə heç nə geyməyib, yalnız belinə qırmızı əski dolayan adamdan özünü əxlaqlı aparmağı necə tələb etmək olar?
Doktor alnının tərini silərək:
– Həmin geyim buranın iqliminə uyğundur, – dedi.
İndi onlar suda deyil, adada olduqları bir vaxtda isti daha dözülməz idi. Gün isə hələ günorta yerinə qalxmamışdı. Hər tərəfdən dağlar əhatəsində olan Paqo-Paqo istidən nəfəs ala bilmirdi.
Missis Devidson:
– Bizim adalarda, – deyə qulaqbatıran səsi ilə davam etdi, – lava-lavanın kökünü tamam kəsmişik. İndi tək-tük qoca-quca həmin paltarda gəzir. Qadınlar uzun balaxon, kişilər isə şalvar və köynək geyinirlər. Gəlişimizin ilk günlərində cənab Devidson öz hesabatlarının birində yazmışdı: «Bu adaların sakinləri yalnız və yalnız on yaşından yuxarı bütün oğlanları şalvar geyməyə məcbur etdikləri təqdirdə əsl xristian ruhuna yiyələnə bilərlər!»
Missis Devidson bir quş çevikliyi ilə başını döndərib buxtanın üzərində toplanmış qara buludlara baxdı. Yağış damcıları artıq düşürdü. O:
– Yaxşısı budur, bir yerdə daldalanaq, – dedi.
Onlar adamlara qoşulub dəmir damlı böyük talvarın altına keçdilər. Yağış yağmağa başladı.
Bir müddət orada dayandılar. Cənab Devidson da onlara qoşuldu. Doğrudur, gəmidə, o, bir neçə dəfə nəzakətlə Makfeyllərlə söhbət etmişdi, amma arvadına olan məhəbbətini cəmiyyətin ayrı-ayrı üzvləri ilə bölüşdürməyərək vaxtının çox hissəsini mütaliə etməklə keçirirdi.
O, qaradinməz və qaşqabaqlı adam idi. İltifatlı olmağa səy göstərdiyi hiss olunurdu. O, sadəcə, öz boynuna düşən xristianlıq borcunu yerinə yetirirdi. Cənab Devidsonun zahiri görkəmi nə isə qəribə təsir bağışlayırdı. O, ucaboy və arıq idi. Uzun və yöndəmsiz qolları və qıçları vardı. Sifətinin əti sanki çəkilmişdi. Ovurdu ovurdundan keçdiyindən almacıq sümüyü nisbətən iri, ətli dodaqları qəribə görünürdü. O, uzun saç saxlayırdı. Dərin çuxura düşmüş iri qara gözləri qüssəli idi. Yaraşıqlı əlləri, uzun barmaqları adamı onun böyük fiziki qüvvəyə malik olduğu qənaətinə gətirirdi. Gizli saxlamağa çalışsa da, onun daxilində həmişə coşqun bir təlatüm olardı. Narahat görünüşü istər-istəməz bunu büruzə verirdi.
O, yaxşı xəbərlə gəlməmişdi. Qızılca adada geniş yayılmışdı. Xəstəlik elə ciddi şəkil almışdı ki, bəzən ölümlə nəticələnirdi. Xəstəlik şxunada onlarla gedəcək matroslardan birinə də yoluxmuşdu. Onu sahildə düşürmüş, hospitalın karantin şöbəsinə qoymuşdular. Apiyadan teleqram alınmışdı. Xəbərdarlıq edirdilər ki, xəstəliyin gəmi heyətinə yoluxub-yoluxmadığını tam aydınlaşdırmamış şxunanı qəbul etməyəcəklər.
– Bu, o deməkdir ki, biz ən azı on gün burada qalmalı olacağıq.
Doktor Makfeyl:
– Axı məni Apiyada gözləyirlər, – dedi.
– Başqa çarəmiz yoxdur. Şxunada xəstə adam tapa bilməsələr, gəminin yola düşməsinə yalnız ağ irqə mənsub sərnişinləri götürmək şərti ilə icazə verəcəklər. Yerli sakinlərə isə üç ay gəmi ilə səfərə çıxmaq qadağan edilir.
Missis Makfeyl:
– Burada otel varmı? – deyə xəbər aldı.
Devidson istehzalı gülümsəyişlə:
– Yox, – dedi.
– Bəs nə edək?
– Qubernatorla danışmışam. Dənizkənarı şosedə otaq kirayə verən bir tacir yaşayır. Məsləhətim budur ki, yağış kəsən təki gedib baxaq. Görək orada yerləşə bilərik? Xüsusi rahatlıq gözləməyin. Əgər başımızı soxmağa bir yer, yatmağa yorğan-döşək tapa bilsək, demək, bizimki gətirdi.
Yağış ara vermək fikrində deyildi. Nəhayət, onlar plaşlarına büründülər. Çətir götürərək yola düzəldilər. Qəsəbə bir neçə inzibati binadan, iki dükandan, plantasiyalar və hindqozu ağacları ilə dövrələnmiş saysız-hesabsız komalardan ibarət idi. Haqqında danışılan evlə körpü arasındakı məsafə ayaqla beş dəqiqəlik yol olardı. Bu, iki mərtəbədən və hər mərtəbəsində böyük verandası olan, üstü dəmir örtüklü adi ev idi. Onun sahibi Xorn soyadlı bir metis idi. O, konserv və çit alveri ilə məşğul olurdu. Xorn yerli qadınla evlənmişdi. Onun qarabuğdayı uşaqları analarının həndəvərində dolanırdılar.
Ev sahibinin göstərdiyi otaqlarda mebel, demək olar ki, yox idi. Makfeyllərin otağında yalnız köhnə və yerində güclə dayanan çarpayı, sınıq-salxaq stul və əlüzyuyan vardı. Ağcaqanaddan qorunmaq üçün çarpayının üstündən bəzi yerləri cırılmış miçətkən asılmışdı. Makfeyllər qüssəli nəzərlərlə ətrafı gözdən keçirdilər.
Yağış elə hey tökür, kəsmək bilmirdi. Missis Makfeyl:
– Ən zəruri şeyləri çıxarım, – deyə çamadanı açanda missis Devidson içəri girdi. Ürəkaçmaz şərait ona qətiyyən təsir etməmişdi. O:
– Nə qədər ki, gec deyil, iynə götürüb bu miçətkəni yamayın, – deyə məsləhət gördü, yoxsa bütün gecəni çimir eləyə bilməyəcəksiniz.
Doktor Makfeyl:
– Burada ağcaqanad çoxdur? – deyə xəbər aldı.
– İndi ağcaqanadın qaynaşan vaxtıdır. Qismət olsun, qubernator sizi axşam yeməyinə dəvət edər, onda görərsiniz. Öz əl-ayaqlarını örtə bilsinlər deyə bütün xanımlara balış üzü paylayırlar.
Missis Makfeyl:
– Heç olmasa, yağış bir anlığa kəsəydi, – dedi. – Günəşli havada adamın əl-qolu işə yatır.
– Ümidinizi günəşə bağlasanız, xeyli gözləməli olacaqsınız. Paqo-Paqo Sakit okeanda ən yağışlı yerdir. Nəzərə alın ki, rütubəti çəkib gətirən gördyünüz bu dağlar, bir də buxtadır. Bundan savayı, indi yağışların düşən vaxtıdır.
O, karıxmış, nə edəcəklərini bilməyən və hərəsi otağın bir küncündə dayanıb duran Makfeyllərə baxdı və dodaqlarını dişlədi. Başa düşdü ki, onlara kömək göstərməli olacaq. Birisini köməksiz görəndə bu, onu əsəbiləşdirirdi. Səliqəsizlik hökm sürən yerdə isə onun əlləri gicişirdi.
– Yaxşı, iynə-sapı mənə verin. Siz çamadandan şeyləri çıxarana kimi mən miçətkəni yamayaram. Nahar saat birdə veriləcək. Doktor, baqajınız üçün quru yer seçsinlər deyə körpüyə getsəniz pis olmaz. Özünüz göz qoyarsınız. Yerli sakinlərin hansı yuvanın quşu olduqlarını mənsiz də yaxşı bilirsiniz. Birdən baqajı yaş yerə qoyarlar.
Doktor plaşını geyindi və pilləkənləri düşdü. Cənab Xorn qapının ağzında dayanmışdı. O, gəmi bosmanı və Makfeylin səfər zamanı bir neçə dəfə gördüyü ikinci dərəcəli kayutda gedən bir qadınla söhbət edirdi. Doktor onların yanından ötəndə bosman baş endirdi. O olduqca kök, sifəti qırışmış və son dərəcə çirkin bir adam idi.
– Qızılca başımıza yaman oyun açdı, doktor. Yerbəyer olmusunuz?
Bosman doktor Makfeylə sırtıq adam təsiri bağışladı. Amma qaraqabaq olduğundan incimək doktorun təbiətinə yad idi.
– Hə, ikinci mərtəbədə otaq tutmuşuq.
Bosman baş barmağı ilə yol yoldaşını göstərərək:
– Miss Tompson da sizinlə Apiyaya gedəcək. Onu da buraya gətirdim, – dedi.
Miss Tompson iyirmi yeddi yaşlarında dolğun bədənli, cazibədar, lakin üz cizgiləri bir qədər kobud olan bir qız idi. Ağ don geyinmiş, başına böyük, ağ şlyapa qoymuşdu. Ağ corab geydiyi ətli qıçlarını ağ laklı uzunboğaz çəkmələrinə sanki zorla pərçim etmişdilər. Qadın Makfeylə baxıb yaltaqcasına gülümsədi. Xırıltılı səslə:
– Bu heyvərəni görürsünüz, it damı üçün məndən günə dollar yarım istəyir.
Bosman:
– Qulaq as, Co, – dedi. – Gör nə deyirəm, bu qız mənim ən yaxşı tanışımdır. Gündə bir dollardan artıq verə bilməz. Bir başa düş.
Tacir dərisinə güclə sığırdı. Mehriban adam idi. Dodağından təbəssüm əskik olmazdı.
– Cənab Suson, madam ki, israr edirsiniz, onda qoy fikirləşim. Görüm yer düzəldə bilərəmmi? Gərək missis Xornla danışım. Qərara gələ bilsək, ağa durub, ağacan durub.
Missis Tompson:
– Mənim başımı aldada bilməzsiniz, – dedi. – Gəlin, məsələni elə indi yoluna qoyaq. Bu balaca otağa gündə bir dollardan artıq verə bilməyəcəyəm.
Doktor Makfeylin dodağı qaçdı. Qızın sırtıqlığı, sövdələşməyi bacarması onun xoşuna gəlmişdi. Doktor özü tez güzəştə gedən adamlardan idi. Çənə vurmaq əlindən gəlmirdi. Artıq pul verməyi dil tökməkdən üstün tutardı.
Xorn köksünü ötürdü:
– Yaxşı, cənab Susonun xətrinə razılıq verirəm.
Missis Tompson:
– Bax, bu oldu əsl kişi söhbəti, – dedi. – Di, içəri keçin. Bunu qeyd etmək lazımdır . Mənim çantamı götürün, cənab Suson, orada viski olmalıdır. Siz də içəri keçin, doktor.
Cənab Makfeyl:
– Təşəkkür edirəm. Boyun qaçırmalı olacağam, – deyə cavab verdi. – Körpüyə gedirəm. Gedim görüm baqajımız nə haldadır.
O, yola düzəldi. Yağış ara vermirdi. Yolda ins-cins görünmürdü. O, lava-lava geyinmiş bir neçə adamdan savayı heç kimlə rastlaşmadı. Onlar yerli sakinlər idilər. Əllərində çətir tutmuşdular. Gövdələrini dik saxlayırdılar. Ahəstə yerişləri olduqca gözəl görünürdü. Onun yanından ötəndə doktorun başa düşmədiyi dildə salamlaşdılar.
Doktor Makfeyl bir də nahar vaxtı geriyə qayıtdı. Tacirin qonaq otağında onlar üçün süfrə açılmışdı. Bura yalnız təntənəli günlərdə qapısı açılan otaq idi və digər otaqlardan heç nə ilə fərqlənmirdi. Divar boyunca səliqə ilə əlvan naxışlı xovlu stullar düzülmüş, tavandan isə qızılı rəngə çalan çil-çıraq asılmışdı. Milçəkdən qorumaq üçün çil-çırağı sarı rəngli papiros kağızına bürümüşdülər.
Devidson görünmürdü. Missis Devidson:
– O, qubernatorun görüşünə çağırılıb, – deyə izah etdi. – Yəqin nahara saxlayıblar.
Balaca bir qız nimçələrdə hamburqsayağı bişirilmiş bifşteks gətirdi. Az sonra onların razı qalıb-qalmadıqlarını öyrənmək məqsədilə ev sahibinin özü otağa daxil oldu. Doktor Makfeyl:
– Deyəsən, təzə qonşumuz var, cənab Xorn? – dedi.
Tacir:
– Otağı elə indicə tutdu, – deyə cavab verdi. – Yemək yeməyəcək.
O, qadınlara nəzər salaraq yaltaqcasına gülümsündü:
– Sizə mane olmasın deyə, onu aşağı mərtəbədə yerləşdirdim. O, sizi narahat etməyəcək.
Missis Makfeyl:
– O bizim gəmidə gəlib? – deyə xəbər aldı.
– Hə, mem, ikinci dərəcəli kayutda idi. Apiyaya gedir. Orada kassir vəzifəsinə düzəlib.
– Hə…ə!
Tacir gedəndən sonra Makfeyl:
– Yəqin öz otağına qapılıb, tək-tənha şam eləmək onunçun darıxdırıcıdır, – dedi.
Missis Devidson dilləndi:
– Madam ki, ikinci dərəcəli kayutda gedir, bədxərclik eləmək onun harasına yaraşar?! Özünün bişirib-düşürməsi onun üçün daha sərfəlidir. Bir də, kim bilir, hansı yuvanın quşudur?
– Bosman onu buraya gətirəndə yanlarından ötürdüm. Soyadı Tompsondur.
Missis Devidson:
– Dünən bosmanla rəqs edən qız deyil ki? – deyə söhbətə qoşuldu.
Missis Makfeyl:
– Elə o olacaq… – dedi. – O, əlüstü mənim diqqətimi cəlb etdi. Fikirləşdim ki, bircə onun yeri əskik idi. Sözün düzünü axtarsan, miss Tompson mənə olduqca əxlaqsız göründü.
Missis Devidson onunla razılaşdı:
– Hə, yolunu azmışa oxşayır.
Sonra söhbətin mövzusu dəyişdi. Yemək yeyildi və hərə öz otağına çəkildi. Bu gün həmişəkindən erkən durmuşdular. Yuxu gözlərindən tökülürdü.
Ertəsi gün yataqdan qalxanda səma boz və qara buludlarla örtülmüşdü. Artıq yağış kəsmişdi. Makfeyllər gəzintiyə çıxdılar. Qayıdanda Devidsonla qarşılaşdılar. O, təzəcə gəlmişdi.
– Bizi burada hələ iki həftə ləngidə bilərlər, – deyə narazılıqla dilləndi. – Mən etirazımı bildirdim. Qubernator deyir ki, heç nə etmək olmaz.
Onun arvadı narahat halda ərinə baxdı:
– Cənab Devidsonun yarı canı adalardadır. Səbri tükənmişdir.
Missioner addımları ilə verandanı ölçərək onun dediklərini təsdiq etdi:
– Düz bir ildir səfərdəyik. Missiya yerli missionerlərin ümidində qalıb. Qorxuram, adamları pis öyrədələr. Doğrudur, onlar ləyaqətli adamlar, həqiqi xristianlardır. Ancaq bir dəfə, iki dəfə sərtlik, səbatlıq göstərərlər, üçüncü, dördüncü dəfə yerli sakinlərin inadını qıra bilməzlər. Həm də nə qədər etibarlı olsalar da, yerli missionerlərdir, xəyanət baş verə bilər.
Cənab Devidson stolun yanında ayaq saxladı. Onun uca və arıq cüssəsi, iri parlaq gözləri, solğun çöhrəsi dedikcə zəhmli görünürdü. Bütün bunlarla yanaşı, cingiltili səsindən dərin bir səmimiyyət oxunurdu:
– Qarşıda məni böyük işlər gözləyir. Əlimi əlimin üstünə qoyub oturmayacağam. Dərhal işə girişəcəyəm. Əgər ağac çürüyübsə, o kəsiləcək və yanar oda atılacaq!
Axşam şam yerinə çay verildi. Onlar qonaq otağında oturmuşdular. Qadınlar toxuyur, doktor isə çubuq çəkirdi. Missioner adalarda gördüyü işlərdən söz açırdı:
– Biz oraya gələndə yerli adamlar eyib və qəbahətin nə olduğunu, sadəcə, təsəvvürlərinə belə gətirmirdilər. Günaha batdıqlarını anlamadan dini ehkamları bir-birinin ardınca pozurdular. Qarşımda duran ən çətin vəzifələrdən biri həmin adamlarda günah və qəbahət haqqında təsəvvür yaratmaq idi.
Devidson gələcək arvadı ilə tanış olanda artıq beş il idi ki, adaların birində yaşayırdı. Onun arvadı isə o vaxtlar Çində missioner idi. Onlar Bostonda – missionerlərin qurultayına gələrkən tanış olmuşdular. Nikahdan sonra hazırda çalışdıqları adalara göndərildilər. Bütün bunlar Makfeyllərə artıq məlum idi. Doktor və onun arvadı hər dəfə cənab Devidsonla danışarkən bu adamın igidliyinə və inadkarlığına daha çox təəccüblənirdilər. O təkcə missioner yox, həm də həkim idi. Adalarda onun köməyinə hər an ehtiyac duyulurdu. Yağışlar düşəndə Sakit okeanın təlatümlü dalğalarında nəqliyyat vasitəsi olmaq etibarilə velbot belə yaramadığı hallarda cənab Devidsonun ardınca kiçik bir qayıq göndərirdilər. Bu zaman təhlükə daha çox olurdu. Xəstə, yaxud yaralı üstünə çağırılan Devidson zərrəcə tərəddüd etmirdi. Sular qoynunda ölümlə əlbəyaxa olduğu günlər saya-hesaba gəlməzdi. Belə vaxtlarda missis Devidson ondan əlini tamam üzürdü.
Missis Devidson:
– Getməsin deyə ona yalvarıb-yaxarırdım. Ya da əlinə-ayağına düşürdüm ki, heç olmasa, dayanıb dənizin sakitləşməsini gözləsin. Amma kimə deyirdin? Bir qulağından alıb o biri qulağından ötürürdü. Çox inadkardır. Əgər qət edibsə, dünya dağılsa da yolundan dönməz!
Devidson həyəcanla:
– Əgər mən özüm Allaha bel bağlamaqdan qorxsam, onda yerli sakinlərə bu hissi necə təlqin edə bilərəm?!- deyə etirazını bildirdi. – Mən qorxmuram. Bu hiss heç zaman mənim hisslərimdən yüksəkdə durmayıb. Gecə saat birdə də dalımca adam göndərsəydilər, əmin idilər ki, bu gəliş insan qüvvəsi xaricində deyilsə, hökmən özümü yetirəcəyəm. Bir fikirləşin: əgər mən Allahın iradəsini həyata keçirmək üçün çalışıramsa, o qurban olduğum heç məni darda qoyar?! Axı, külək onun hökmü ilə əsir, coşqun dalğalar onun iradəsi ilə kükrəyir.
Doktor Makfeyl ağciyərin biri idi. Müharibədə olarkən səngərin üzərilə şütüyüb ötən güllələrin səsinə heç vəchlə uyuşa bilmirdi. Ön mövqedə yaralıları operasiya edərkən tər alnından puçur-puçur tökülərdi. Bu vaxt barmaqlarının titrəyişini zorla saxlayardı. O, təlaş içərisində missionerə baxdı:
– Heç vaxt qorxmadığımı deyə bilsəydim, mən də şad olardım.
Devidson etirazını bildirdi:
– Allaha inandığınızı söyləsəydiniz, mən də şad olardım.
Nədənsə bu gecə missionerin xəyalı yalnız və yalnız adalara getdikləri ilk günlərə qayıdırdı:
– Arabir ürkək nəzərlərlə missis Devidsonla bir-birimizə baxırdıq. Yanaqlarımızdan göz yaşları axırdı. Biz gecəni gündüzə qatıb işləyirdik. Lakin əziyyətimiz özümüzə qalırdı. Missis Devidsonsuz heç bilmirəm nə edərdim?! Qollarım yanıma düşəndə, ümidsizliyə qapılanda o, mənə ürək-dirək verir, məni cəsarətli olmağa vadar edirdi.
Missis Devidsonun baxışları toxuduğu paltara zillənmişdi. Ərinin son sözlərini eşidən kimi solğun yanaqları xəfifcə qızardı.
– Biz heç kimdən kömək uma bilməzdik. Bu şeytan yuvasında tək-tənha idik. Min kilometrlərlə məsafə hər ikimizi ruhən bizə yaxın adamlardan ayrı salmışdı. Kədər və yorğunluq məni bürüyəndə missis Devidson öz işini bir kənara qoyub incili götürür və mənimçin oxuyurdu. Yuxu körpənin gözünə çökən kimi dünya mənim qəlbimə enirdi. Nəhayət, o, müqəddəs kitabı örtərək: «Bütün bunlara baxmayaraq biz onları xilas edəcəyik!», – deyirdi.
Allahın mənimlə olduğunu qəlbən duyaraq: «Hə, allahın köməkliyi ilə onları xilas edəcəyəm. Mən onları xilas etməliyəm», – deyə cavab verirdim.
O, stola yaxınlaşdı, analoy (müqıddıs kitabların,Ş ikonanın qoyulduöu hündür stol) qarşısında dayanan kimi dayandı.
– Əxlaqsızlığa elə öyrəşmişdilər ki, özlərini necə pis apardıqlarını onlara başa salmaq qeyri-mümkün idi. Çox əziyyətdən sonra, nəhayət, onlara öyrətdik ki, nəinki yalnız zina, yalan və oğurluq, həm də öz bədənlərini çılpaqlaşdırmaq, lüt-üryan gəzmək, rəqs etmək və kilsəyə getməmək günahdır.
Doktor Makfeyl:
– Buna necə nail oldunuz? – deyə təəccüblə xəbər aldı.
– Mən cərimə müəyyənləşdirmişdim. İnsanı hər hansı bir hərəkətin yolverilməzliyinə inandırmaq üçün yeganə üsul həmin hərəkətinə görə onu cəzalandırmaqdır. Kilsəyə gəlmirdilərsə – cərimə edirdim, rəqsdən əl çəkmirdilərsə – cərimə alırdım, geyimləri xoşagəlməz olurdusa – cərimə edirdim… Taarif də müəyyənləşdirmişdim. Hər bir günaha, təqsirə görə pul vermək, yaxud iş görmək lazım gəlirdi. Axırda onları başa düşməyə məcbur etdim.
– Heç cərimə verməkdən boyun qaçıran olurmu?
– Bunu necə edə bilərlər?
Missis Devidson dodaqlarını büzüb:
– Cənab Devidsonun üzünə ağ olmaq üçün böyük cəsarət lazımdır, – dedi.
Doktor Makfeyl təlaş içərisində Devidsona baxdı. Eşitdikləri onu son dərəcə hiddətləndirmişdi. Ancaq narazılığını açıb-ağartmadı.
– Unutmayın ki, mən son tədbirə əl ata, onları kilsə təşkilatından kənar edə bilərəm.
– Yəni bunun bir elə böyük təsiri var?
Devidson xəfifcə gülümsünüb əlini yellədi:
– Kopranı sata bilməzdilər. Ümumi balıq ovundan onlara pay düşməzdi. Bu isə acından ölmək demək idi. Bəli, bütün bunlar əməlli-başlı təsir göstərirdi.
Missis Devidson söhbətə qarışdı:
– Ona Fred Olson barəsində danış.
Missioner atəş saçan gözlərini doktor Makfeylə zillədi:
– Fred Olson danimarkalı tacir idi. Lap çoxdan bizim adalarda yaşayırdı. Bir tacir kimi dövləti yer batırardı. Gəlişimiz onun ürəyincə deyildi. Elə qudurmuşdu ki, gözü ayağının altını görmürdü. Yerlilərdən hindqozunu dəyərinə-dəyməzinə alır, öz mallarına və satdığı arağa isə istədiyi qiyməti qoyurdu. Fred Olson yerli qızlardan biri ilə evlənmiş, sonra isə ona açıq-aşkar xəyanət etmişdi. Kefcilin, sərxoşun biri idi. Özünü düzəltmək üçün mən ona vaxt verdim. O isə bunu qiymətləndirmədi və məni ələ saldı.
Devidsonun axırıncı sözləri dərin təsir oyatdı. O, bir anlığa susdu. İçəridəki sükut otağı boğurdu. Devidson, nəhayət, sözünə davam etdi:
– İki il sonra o, iflasa uğradı. İyirmi beş ildə dişi ilə, dırnağı ilə yığdığı var-dövlət əlindən çıxdı. Mən onun iradəsini qırdım, axırda dilənçi kökündə yanıma gəlməyə məcbur oldu. Sidneyə getmək üçün məndən pul istədi.
Missionerin arvadı:
– Cənab Devidsonun yanına gələndə bir onu görəydiniz, – dedi. – Əvvəllər o, güclü, diribaş, yekəqarın və özündən razı bir kişi idi. İndi isə tazı kimi ətini tökmüşdü və tir-tir əsirdi. Lap qoca kişiyə oxşayırdı.
Devidson pəncərədən dalğın nəzərlərlə çiskinə baxdı. Yenə də yağırdı.
Birdən aşağıda nə isə səs-küy qopdu. Devidson qanrılıb sualedici nəzərlərlə arvadına baxdı. Qrammofon idi. Ucadan və xırıltılı səslə oxuyurdu. Coşqun bir musiqi eşidilməkdə idi. Missioner:
– Bu nədir? – deyə xəbər aldı.
Missis Devidson burnunun üstündəki pensneni düzəltdi:
– İkinci dərəcəli kayutda gedən sərnişin qız burada otaq tutub. Yəqin bu səs onun otağından gəlir.
Onlar susub qulaq asdılar. Atılıb-düşən adamların ayaqlarının tappıltısı eşidildi – aşağıda rəqs edirdilər. Sonra musiqi kəsildi. Adamların səs-küyü və havaya uçan tıxacın şarpıltılı səsi gəldi. Doktor Makfeyl:
– Görünür, gəmidəki yoldaşları üçün qonaqlıq təşkil edib, – dedi. –Gəmi saat 12-də geri qayıdır.
Devidson dinməyib saatına baxdı:
– Hazırsan? – deyə arvadından soruşdu.
– Hə, əlbəttə.
Doktor:
– Bu tezliklə yatmaq istəyirsiniz?
Missis Devidson:
– Hələ biz mütaliə də etməliyik. Harada olmağımızın əhəmiyyəti yoxdur. Yatmamışdan incilin bir fəslini oxuyuruq. Sonra təhlil və müzakirə edirik. Bu, təfəkkürü inkişaf etdirir.
Onlar bir-birlərinə şirin yuxu, xeyirli gecə dilədilər. Doktor və missis Makfeyl iklikdə qaldılar. Bir müddət sonra, nəhayət, doktor dilləndi:
– Gedim, kartı gətirim.
Missis Makfeyl inanmaz nəzərlərlə ərinə baxdı. Devidsonlarla söhbət onda xoşagəlməz təsir oyatmışdı. Missionerlər istənilən anda otağa girə bilərdilər. Missis Makfeyl bunu bilə-bilə kartın lazım olmadığını ərinə söyləmədi. Doktor Makfeyl öz kartını gətirdi. Missis Makfeyl isə nədənsə özünü günah işlətmiş onun kartları necə düzməsinə baxırdı. Aşağıda şadyanalıq davam edirdi.
Ertəsi gün müfəssəl öyrəndilər ki, Paqo-Paqoda iki həftə qalacaqlar. Bunu nəzərə alan Makfeyllər vaxtdan səmərəli istifadə etmək qərarına gəldilər və limana yollandılar. Baqajdakı çamadanlardan birini alıb mütaliə üçün iki-üç kitab seçdilər. Doktor donanma hospitalının baş həkiminə dəydi. Gəmi yola düşərkən onu ötürdü.
Makfeyllər öz vizit vərəqlərini qubernatora yolladılar. Şosedə miss Tompsonla qarşılaşdılar. Doktor şlyapasını çıxartdı. O da öz növbəsində ucadan və şən səslə:
– Sabahınız xeyir, doktor! – deyə salamladı.
O, yenə də ağ don, hündür dabanları olan laklı, ağ uzunboğaz çəkmələr geymidi. Onun yoğun baldırları bədəninə mütənasib deyildi.
Missis Makfeyl:
– Onun geyimi zərrəcə xoşuma gəlmədi, – dedi. – Çox bayağı idi.
Onlar evə dönəndə miss Tompson tacirin qara dərili balaca oğlu ilə eyvanda oynayırdı. Doktor arvadına:
– Onunla söhbət elə, – dedi. – Burada lap tək-tənhadır. Saymamaq, əhəmiyyət verməmək yaxşı deyil.
Əri kimi missis Makfeyl də vasvası idi, amma ərinin sözündən çıxmazdı. O, xala xətri qalmasın deyə miss Tompsona müraciət etdi:
– Səhv etmirəmsə, biz qonşuyuq!
Miss Tompson:
– Bu siçan yuvasında adamı vahimə basır, – dedi. – Hələ allahıma şükür edirəm ki, bəxtimə belə bir otaq düşüb. Yerlilərin daxmalarına baxanda adamı dəhşət bürüyür. Başa düşmürəm, axı niyə burada mehmanxana tikmirlər?!
Onlar bir qədər dərdləşdilər. Gur səsli və söhbətcil miss Tompson bu tezliklə əl çəkən deyildi, amma missis Makfeyl imkan vermədi:
– Evə getmək lazımdır.
Axşam çay süfrəsi ətrafına yığışanda Devidson daxil olub:
– Aşağıdakı qadının yanında iki matros oturub. Onlarla tanış olmağa necə macal tapıb? Heç cür ağlıma sığışdıra bilmirəm.
Missis Devidson:
– O, ciddi qıza oxşamır, – dedi.
Onlar mənasız və səmərəsiz ötüb keçən gündən sonra özlərini yorğun hiss edirdilər. Doktor Makfeyl:
– Əgər qalan iki həftəni də beləcə keçirsək, heç bilmirəm, axırımız necə olacaq?
Missioner:
-Başqa əlac yoxdur. Gərək günlərimizi rəngarəng tədbirlər hesabına mənalandıraq, – dedi. – Mən, şəxsən, vaxtımın bir hissəsini mütaliəyə sərf edirəm, müəyyən saatlarda gəzintiyə çıxıram. Bu vaxt havanın necə olmasının fərqinə varmıram. Yağış mövsümündə rütubətə fikir verməyin mənası yoxdur…
Doktor Makfeyl çəkinə-çəkinə həmsöhbətinə baxdı. Devidsonun planları ona nə isə darıxdırıcı göründü. Onlar yenə hamburqsayağı bifşteks yedilər. Görünür, aşpazın bişirə bildiyi elə bu idi. Qrammofon təzədən səsləndi. Devidsonun dərisinə elə bil köz doldurdular, tükləri biz-biz durdu, amma bir tövrlə acığını yeyib dinmədi. Kişi səsləri gəldi. Miss Tompsonun qonaqları xorla oxuyurdular. Az sonra onun zil səsi də onlara qoşuldu. Şən qışqırıqlar və gülüşlər qalxdı. Yuxarıdakı dörd nəfər söhbəti davam etdirmək istəyirdi, amma fikirləri qeyri-iradi olaraq aşağıdan eşidilən səslərə – stəkanların bir-birinə dəyib qopardığı cingiltiyə, yerindən tərpədilən stulların tıqqıltısına yönəlirdi. Görünür, qonaqların hamısı gəlib çıxmışdı. Miss Tompson yenə də şadyanalıq təşkil etmişdi.
Missis Makfeyl gözlənilmədən:
– Onlar hələ indi yerbəyer olurlar? – deyə nə isə tibbi problemi müzakirə edən əri ilə missionerin sözünü kəsdi.
Bu sual bayaqdan onun fikrinin aşağı mərtəbədəki adamlarla məşğul olduğunu göstərirdi.
Devidson qaşlarını çatdı. Məlum oldu ki, elmdən danışmağına baxmayaraq, onun da fikri həmin qadının yanında qalıbdır. Doktor olduqca həvəssiz halda Flandrinlə bağlı cəbhə təəssüratlarından, qarşılaşdığı hadisələrdən söz açırdı. Cənab Devidson qəflətən doktorun sözünü kəsərək cəld ayağa sıçradı. Ucadan səsləndi.
Missis Devidson:
– Nə olub, Alfred? – deyə xəbər aldı.
– Bir gör ha! Əlbəttə… lap yəqin… Axı, niyə dərhal başa düşməmişəm? ! O qadın İueleidəndir.
– Ola bilməz!
– O, gəmiyə Qonoluluda mindi. Yox, buna şəkk-şübhəm yoxdur. Demək, öz peşəsi ilə burada da məşğul olur? Burada!
Missioner axırıncı sözləri coşqun bir hiddətlə dedi.
Missis Makfeyl:
– İuelei haradır? – deyə xəbər aldı.
Devidson qaşqabaqlı halda ona baxdı. Onun səsi nifrətindən titrəyirdi:
– Qonolulunun taunlu, xoralı yeri… Qırmızı fənərli məhəllə! Bu, bizim mədəniyyətimizdə biabırçı bir ləkədir.
İuelei şəhər kənarında yerləşirdi. Oraya getmək üçün qaranlıq küçələri, limanın yanındakı laxlayan körpünü keçmək, sonra isə təkər izləri və çala-çuxurlar olan, adam-insan görünməyən yola çıxmaq lazım idi. Hançandan-haçana gəlib nisbətən işıqlı bir yerə çatırdın. Yolun hər iki tərəfində maşınlar üçün dayanacaqlar var idi, ətrafda tütün dükanları və bərbərxanalar görünürdü. Pionalların səs qopardığı barlardan işıq gəlir, hər yanda şadyanalıq və gərgin gözləmə, bir intizar hiss olunurdu. Dar döngələrdən birini sağa, yaxud sola burulub (yol İueleini iki hissəyə bölüb) özünü məhəllədə görürsən. Enli və düz səkilər boyunca yaşıl rəngli kiçik evlər səliqə ilə düzülmüşdür. Məhəllə yaylaq qəsəbəsi üslubunda planlı surətdə salınmışdı. Göz oxşayırdı.
Kişilər pəncərə qarşısında əyləşən, əllərində kitab, toxuma olan, ötüb keçənlərə isə qətiyyən əhəmiyyət verməyən qadınlara nəzər sala-sala yollarda gəzişirdilər. Burada müxtəlif millətlərin nümayəndələri ilə qarşılaşmaq olardı. Amerikalı matroslara, kanonerkadan olan sərxoş və qaraqabaq hərbi dənizçilərə, adada yerləşmiş hissələrdən gəlmiş ağ və qara rəngli əsgərlərə, iki-iki, üç-üç gəzişən yaponlara, uzun xələtli çinlilərə, qəribə, yöndəmsiz şlyapalı filippinlilərə burada tez-tez rast gəlmək mümkün idi.
Hamı qaşqabaqlı və qaradinməz görünürdü, elə bil bərk incidilmişdilər.
Devidson az qala qışqıraraq:
– Bütün Sakit okeanda belə qanqaraldan iyrənc hərəkətə yol verilmirdi, -dedi. – Missionerlər uzun müddət qəti etirazlarını bildirdilər. Nəhayət, işə yerli mətbuat qarışdı. Polis idarəsi çöpü çöp üstünə də qoymadı. Tədbir görəcəkləri barədə elə hey quru vədlər verirdilər. Barmənlər, qumarxana saxlayanlar, pozğun qadınlar onlara pul verirdilər. Ən nəhayət, tədbir görmək məcburiyyətində qaldılar.
Doktor Makfeyl xatırladı:
– Bu barədə, Qonoluluda çıxan qəzetlərdə oxumuşam.
– İuelei günahın, rüsvayçılığın məskənidir, biz oraya varid olan gündən bütün bunlara son qoyuldu. Adanın sakinləri hakimiyyətin əlinə verildi. Axı bu qadının kim olduğunu nə üçün bilməmişəm.
Missis Makfeyl:
– Aha…xatırladım. O, gəminin yola düşməsinə bir neçə dəqiqə qalmış borta qalxdı. Mən külbaş hələ onun özünü gəmiyə çatdırmasına sevindim də.
Devidson hiddətlə:
– O, buraya gəlməyə necə cəsarət edib? – deyə çığırdı. – Mən buna dözə bilmərəm.
O, qətiyyətlə qapıya doğru getdi. Makfeyl:
– Fikriniz nədir? – deyə xəbər aldı.
– Öhdəmə düşən vəzifəni yerinə yetirmək istəyirəm. Bütün bunlara son qoymağa hazırlaşıram. Mən bu evin, bu evin “…xanaya”, “…xanaya” çevrilməsinə imkan vermərəm.
Cənab Devidson “…xanaya” deyərək, sözün əvvəlini qadınların yanında ifadə etməkdən çəkindi. Onun gözləri acığından od tutub yandı, solğun çöhrəsi həyəcanından daha da saraldı. Doktor:
– Səs-küydən görünür ki, aşağıda ən azı dörd kişi var, – dedi. – Məgər indi oraya getmək qorxulu deyil?
Missioner ona nifrətlə nəzər yetirdi, lakin bir söz demədi, cəld otağı tərk etdi. Missis Devidson:
– Siz cənab Devidsonu pis tanıyırsınız. Heç bir təhlükə onu öz borcunu yerinə yetirməkdən saxlaya bilməz.
Onun almacıq sümüyündə qırmızı ləkələr yarandı. Aşağıdan gələn səsləri dinləyib əsəbi halda yumruqlarını düyünlədi. Hər üçü diqqət kəsildi. Onlar Devidsonun taxta pilləkənləri qaçaraq necə düşdüyünü və qapını taybatay açdığını eşitdilər. Xorla oxunan nəğmə bir anlığa kəsildi. Qrammofon isə hələ də şit havanı səsləndirməkdə davam edirdi. Onlar əvvəlcə Devidsonun səsini, sonra nə isə ağır bir şeyin yerə düşdüyünü eşitdilər. Musiqi kəsildi. Görünür, o, qrammofonu döşəməyə çırpmışdı.
Devidsonun səsi yenidən gəldi. Onun sözlərini ayırd etmək mümkün deyildi. Sonra miss Tompsonun gur və ciyiltili səsi eşidildi. Azacıq keçmiş hay-küy qopdu, aşağıdakılar bir ağızdan bağırırdılar. Missis Devidson təlaş içərisində ah çəkdi və yumruqlarını düyünlədi. Doktor Makfeyl karıxmış halda gah ona, gah da arvadına baxdı. O, aşağıya getmək istəmirdi, amma qadınların həmin niyyətdə olacağından ehtiyat edirdi.
Deyəsən, aşağıda əlbəyaxa olmuşdular. Səs-küy indi daha aydın gəlirdi. Yəqin Devidsonu otaqdan çölə çıxarırdılar. Qapı çırpıldı. Sakitlik çökdü. Devidsonun addım səsləri yaxınlaşırdı. O, pilləkənləri qalxıb öz otağına çəkildi. Missis Devidson:
– Gedim, bir baş çəkim, – dedi və yerindən qalxıb otağı tərk etdi.
Missis Makfeyl:
– Əgər lazım olsam, məni səsləyin, – dedi.
Missionerin arvadı qapını ardınca örtəndə:
– Məncə, ona xətər toxundurmayıblar, – deyə öz fikrini bildirdi.
Doktor Makfeyl:
– Axı özgənin işinə burnunu niyə soxur? – dedi.
Makfeyllər bir anlığa sakit oturdular, sonra hər ikisi köksünü ötürdü. Qramofon yenidən meydan oxuyurcasına səsləndi. Xırıltılı səslər rişxəndlə ədəbsiz bir mahnını oxumağa başladı.
Ertəsi gün missis Devidsonun rəngi avazımışdı. Başağrısından şikayətlənirdi. Bir gecənin içərisində sanki qocalmışdı. O, missionerin səhərə qədər yuxusuz qalması, bərk həyəcan keçirməsi barədə missis Makfeylə danışdı. Missioner obaşdan saat beşdə qalxıb evdən çıxmışdı. Dünənki toqquşma zamanı onu pivə ilə islatmışdılar, pal-paltarı ləkə-ləkə idi və pis iylənirdi.
Miss Tompsondan danışdıqca qadının gözləri hiddətdən alışıb yanırdı.
– Miss Tompson cənab Devidsonu ələ saldığına bərk peşmandır, – dedi. – Ərimin qızıl kimi ürəyi var. Onun yanına ümidlə gələn, təsəlli almamış geri qayıtmır. Ancaq günaha qarşı rəhmsizdir. Onun dindar qəzəbi dəhşətli olur.
Missis Makfeyl:
– Bəs, o nə edir? – deyə soruşdu.
– Bilmirəm, amma şəxsən mən heç vəchlə özümü həmin həşəratın yerində təsəvvür etmək istəməzdim.
Missis Makfeyli əsməcə tutdu. Missis Devidson tam arxayınlıqla danışırdı. Bu arxayınlıq qorxu törədirdi.
Bu gün səhər gəzintiyə çıxmağa hazırlaşırdılar. Birlikdə pilləkənləri enəndə aşağı mərtəbədəki otağın qapısı açıq idi. Köhnə xələt geymiş miss Tompson tavada nə isə qızardırdı. O:
– Sabahınıs xeyir, – deyə onlarla salamlaşdı. – Cənab Devidson nə təhərdir? Sakitləşdimi?
Onu görmürlərmiş kimi xanımlar başlarını dik tutaraq ötüb keçdilər. Miss Tompsonun istehzalı qəh-qəhəsi qulaqlarına çatanda hər ikisi rəng verib, rəng aldı. Missis Devidson dözə bilməyib geri döndü:
– Mənimlə danışmağa cəsarətiniz çatmasın! – deyə donquldandı. – Məni təhqir etmək xəyalına düşsəniz, sizi iti qovan kimi buradan qovarlar!
– Mən ki, cənab Devidsonu xahiş-minnətlə yanıma çağırmamışdım.
Missis Makfeyl cəld yol yoldaşına:
– Ona cavab verməyin, – deyə pıçıldadı.
Miss Tompsonun onları eşitməyəcəyinə əmin olduqda söhbətə başladılar. Missis Devidson:
– Çərhəya! Pozğunun biri pozğun! – deyə söyləndi və hirsindən rəngi qaraldı.
Gəzintidən qayıdarkən dəniz kənarına çıxmış miss Tompsonla qarşılaşdılar. O yenə də əvvəlki geyimində idi. Başına şit, güllü şlyapa qoymuşdu. Onların bərabərinə yetişəndə şən halda salamlaşdı. Qadınlar miss Tompsona soyuq nəzər salanda bir az aralıda dayanmış iki matros qımışdı.
Onlar evə təzəcə çatmışdılar ki, yağış başlandı. Missis Devidson acı bir istehza ilə:
– Çox abırsız geyimi vardı, – dedi.
Devidson nahardan sonra gəlib çıxdı. O, büsbütün islanmışdı, amma paltarını dəyişmək istəmirdi. Missioner yeməyə əl uzatmadı. Lal-dinməz oturaraq göz qırpmadan yağan yağışa baxırdı.
Missis Devidson miss Tompsonla olan hər iki görüş barəsində ərinə danışdı. O, cavab vermədi. Sifətini daha da turşutdu. Bu onu göstərirdi ki, arvadının dediklərini eşitmişdir. Missis Devidson:
– Necə fikirləşirsiniz, onu buradan qovmağı cənab Xorndan tələb etmək olmazmı? – deyə xəbər aldı. – O, açıq-aşkar bizi ələ salır. Buna yol vermək ağılsızlıqdır.
Doktor:
– Onun getməyə ayrı yeri yoxdur, – dedi.
– Yerlilərdən birinin evində qalar.
– Belə havada yerli koması çətin ki, əlverişli olsun.
Missioner:
– Yerli komasında o qədər yaşamışam ki! – deyə dilləndi.
Qara dərili qız onların gündəlik çərəzini – qızardılmış bananları gətirəndə cənab Devidson ona müraciət etdi:
– Miss Tompsondan öyrənin: onun yanına haçan gələ bilərəm?
Qız ürkək nəzərlərlə ona baxdı, baş endirdi və çıxdı.
Missis Devidson:
– Onun yanında nə işin, Alfred? – deyə soruşdu.
– Bu, mənim borcumdur. Ona özünü düzəltmək üçün imkan verməmiş, tədbir görmək istəmirəm.
– Miss Tompsonu yaxşı tanımırsan. O, səni təhqir edər.
– Eybi yoxdur. Qoy lap üzümə tüpürsün. Miss Tompsonun ölməz ruhu vardır. Onun xilası üçün var qüvvəmlə çalışacağam.
Fahişənin istehzalı qəh-qəhəsi hələ də missis Devidsonun qulaqlarında səslənirdi:
– O, arını yeyib oturub! Səyin əbəsdir!
– Mən onu haqq yoluna dəvət edəcəyəm.
Birdən missionerin gözlərinə elə bil işıq gəldi. Səsi mülayim və səmimi oldu:
– Gərək mənə qulaq asa. Nə qədər günaha batmış olsa belə, həzrəti İsa öz mərhəmətini bəndəsindən əsirgəməz!
Qız xəbərlə gəldi:
– Miss Tompson tapşırdı ki, onun salamını sizə yetirim. Deyir ki, mübarək Devidsonu hər vaxt görməyə şad olar.
Qızın sözləri dərin bir sükutla qarşılandı. Doktor təbəssümünü güclə boğdu. O bilirdi ki miss Tompsonun abırsızlığına şübhə etməsini zərrəcə açıb-ağartsa, bu, onun arvadına xoş gəlməz.
Nahar qurtarana qədər heç kim dillənmədi. Sonra qadınlar qalxıb millərini görürdülər (missis Makfeyl növbəti şərfi toxuyurdu-müharibə başlanandan o, saysız-hesabsız pal-paltar toxumuşdu), doktor isə çubuq çəkdi. Devidson yerindən tərpənmədi, dalğın nəzərlərini stola zillədi. Bir azdan isə heç bir söz demədən qalxıb otaqdan çıxdı. Pilləkənlərdə onun addım səslərini, o, qapını döyərkən miss Tompsonun meydan oxuyurcasına «buyurun» kəlməsini eşitdilər.
Devidson bir saata yaxın onun yanında oldu.
Doktor Makfeyl pəncərəyə baxırdı. Yağış artıq onun əsəblərinə təsir etməyə başlamışdı. Bu, ot üzərində xəfifcə xışıldayan ingilis yağışına bənzəmirdi, rəhmsiz və zəhlətökən idi. Onda təbiətin vəhşi qəzəbi hiss olunurdu. Yağış sadəcə yağmırdı, hər şeyi alt-üst edirdi. Göylər sanki coşub-kükrəmişdi. Yağış ara vermədən evin damını döyəcləyirdi. Günlər bir-birini əvəz etdikcə adama elə gəlirdi ki, bir qədər də keçsə artıq təngə gəlib qışqırmağa başlayacaqdır.
Missioner yenidən qonaq otağına daxil olanda, Makfeyl başını ona tərəf döndərdi. Qadınlar da baxışlarını millərdən ayırdılar.
– Mən əlimdən gələni etdim. Onu tövbə etməyə çağırdım. O, girdaba düşüb, çıxan deyil!
Missioner susdu. Doktor Makfeyl onun gözlərinin toran gətirdiyini, solğun çöhrəsinin əsəbi və sərt ifadə aldığını gördü. Başa düşdü ki, Devidsonu fikrindən daşındırmaq havayı söhbətdir.
Missioner otaqda var-gəl etməyə başladı. Onun dişləri bir-birinə sıxılmış, qara qaşları dartılmışdı.
– Heç eybi yoxdur! Qalsın qocaca qulluğunda!
Birdən o, cəld çevrildi və otağı tərk etdi. Onlar Devidsonun yenidən pilləkənləri necə düşdüyünü eşitdilər. Missis Makfeyl:
– Fikri nədir? – deyə xəbər aldı.
– Bilmirəm, – missis Devidson pensneni çıxarıb şüşəsini sildi. -Alfred Allah-taalanın mənafeyi naminə çalışanda ona sual vermirəm!
O, köksünü ötürdü.
– Sizə nə olub?
– O özünü həlak edir! Özünə rəhmi gəlmir!
Doktor Makfeyl missionerin nə kimi tədbir gördüyünü evində kirayənişin qaldıqları metis tacirdən öyrəndi. Doktor onun dükanının yanından ötüb keçəndə tacir artırmaya çıxıb onu əylədi. Tacirin yağlı sifətində təlaş vardı:
– Miss Tompsonu kirayənişin saxladığım üçün mübarək Devidsonun mənə acığı tutdu. Axı həmin qadınla sövdələşəndə onun kim olduğunu nə biləydim?! Adamlar otaq tutmaq istəyəndə məni yalnız bir şey maraqlandırır: kirayə haqqını verməyə pulları varmı? O qadın isə bir həftənin pulunu qabaqcadan ödədi.
Daktor Makfeyl öz fikrini bildirməməyi daha üstün tutdu:
– Bir də axı, bu sizin öz evinizdir! Bizə şərait yaratdığınız üçün sizə hədsiz minnətdarlığımızı bildiririk.
Xorn şübhə ilə baxdı. O, doktor Makfeylin missionerin fikrinə şərik olub-olmadığını öyrənə bilmədi. Ümidsiz halda:
– Missionerlər həmişə bir-birlərinin tərəfini saxlayırlar, – deyə davam etdi. – Əgər onlar üstümə düşsələr, axırıma çıxarlar.
– O, qadını qovmağı tələb edir?
-Yox. Dedi ki, əgər o özünü ədəbli aparsa, bunu tələb etməyə də bilər. Mənə qarşı münasibətdə də ədalətsiz hərəkətə yol vermək istəmədiyini bildirdi. Mən də söz verdim ki, bundan belə onun yanına heç kim gəlməz! İndicə bu barədə qadına da xəbərdarlıq etdim.
– Bəs o özü bunu necə qarşıladı.
– Məni söydü.
Tacir pərt halda boynunu bükdü. Miss Tompsonla söhbəti səmərəsiz olmuşdu.
– Hə, mənə elə gəlir ki, o özü öz başının çarəsini qılacaq və hara isə köçəcək. Madam ki, buraya qonaq dəvət edə bilmir, daha qalmağının nə mənası?
– Köçməyə yeri yoxdur. Yalnız yerli sakinlərdən birinin komasına pənah apara bilər, amma missionerlə arası olmadığından kim ona kirayə otaq verər?
Axşam Devidson qonaq otağında ötüb-keçən günlərdən – kollecdə oxuduğu illərdən danışmağa başladı. O, kasıb idi, kursu tətil günlərində işləmək hesabına bitirə bilmişdi.
Aşağıda sakitlik idi. Miss Tompson öz otağında tək-tənha əyləşmişdi. Birdən qrammofon səsləndi. Qadın öz tənhalığını unutsun deyə qəsdən onu qoşmuşdu. Amma kimsə oxumadığından musiqi həzin-həzin səslənirdi. Bu, bir köməyə çağırış idi. Devidson qaşını belə qaldırmadı. Sifətinin ifadəsini dəyişmədən hekayəsini davam etdirdi. Qrammofon susmaq bilmirdi. Miss Tompson plastinkaların birini götürüb, o birini qoyurdu. Görünür, qaranlıq və sakitlik onu qorxudurdu. Küləksiz və bürkülü gecə idi. Makfeyllər yatağa girdilər, amma uzun müddət gözlərinə yuxu getmədi. Onlar yanaşı uzanıb gözləri açıq halda miçətkəndən içəri keçə bilməyən ağcaqanadın vızıltısına qulaq asırdılar. Missis Makfeyl birdən:
– Bu nədir? – deyə pıçıldadı.
Taxta arakəsmədən Devidsonun səsi eşidilirdi. Onun səsi astadan deyil, yeknəsək, usandırıcı tərzdə, lakin təntənə ilə səslənirdi. Missioner ucadan dua edirdi. O, miss Tompsonun ruhu üçün dua oxuyurdu.
İki-üç gün keçdi. Şosedə miss Tompsonla rastlaşanda daha o, istehza ilə onları salamlamır və gülümsəmirdi: onları görmürmüş kimi rənglənmiş qaşlarını çataraq başını endirir, qaşqabaqlı halda yoluna davam edirdi.
Tacir onun başqa otaq axtarması, lakin tapa bilməməsi barədə Makfeylə danışdı. O, hər axşam bir-birinin ardınca plastinkaları oxutmaqda idi. Amma hamıya bəlli idi ki, artıq onları kefindən çaldırmırdı. Gur melodiyalar yanıqlı-yanıqlı, ümidsizlik və məyusluq doğuraraq səslənirdi.
Bazar günü qrammofon yenidən işə düşdü. Devidson Xornu miss Tompson dərhal musiqini kəssin tələbi ilə onun yanına göndərdi. İbadət günü idi. Qrammofon susdu. Evə sakitlik çökdü. Yalnız yağışın dəmir örtüyü döyəcləməsindən qopan səs eşidilməkdə idi. Növbəti gün tacir Mekfeylə:
– Miss Tompson yaman əsəbiləşir, – deyə bildirdi. – O, cənab Devidsonun hansı qərarı qəbul etdiyini bilmədiyi üçün qorxur.
Makfeyl bu səhər qadını özü də görmüş, ondakı lovğalığın yoxa çıxdığını dərhal sezmişdi. Miss Tompsonda təqib olunan adamlara xas görkəm vardı. Xorn doktora çəpəgi nəzər yetirib ehtiyatla xəbər aldı:
– Cənab Devidsonun hansı qərara gəldiyini bilmirsiniz ki?
– Bu barədə nə təsəvvürüm, nə də məlumatım var!
Xornun sualı doktoru təşvişə saldı. Ona da elə gəlirdi ki, missioner nə isə sirli bir fəaliyyətlə məşğuldur. Görünür, Devidson inadla və ehtiyatla qadını tora salmağa hazırlaşırdı. Hər şey hazır olanda qəflətən kəndiri çəkəcəkdi.
– Missioner tapşırıb ki, miss Tompsona çatdırım: ehtiyac duysa istədiyi vaxt onun dalınca adam göndərsin, missioner dərhal özünü yetirər!
– Bəs qadın nə cavab verdi?
– Bir söz demədi. Mən də gözləmədim. Cənab Devidsonun dediklərini çatdırdım, çıxıb getdim. Qorxdum ki, onu ağlamaq tutar.
Doktor:
– Yalqızlıq ona ağır təsir göstərir, – dedi. – Üstəlik yağış da ara vermir. Bu hər kəsin əsəblərini yerindən oynadar. – O, acıqla davam etdi. – Necə bilirsən, bu lənətə gəlmiş adada yağışın ara verdiyi gün olacaq?!
– Yağış mövsümündə bunu söyləmək çətindir! Bizdə bir ildə üç yüz dyüm yağıntı düşür. Buna səbəb buxtanın quruluşudur. Elə bil, o, okeanın bütün tərəflərindən yağışı özünə çəkir.
Doktor deyindi:
– O buxtanı, görüm, öz quruluşu ilə bir yerdə lənətə gəlsin!
Makfeyl ağcaqanadın sancdığı yeri qaşıdı. Qəzəb onu boğurdu. Yağış ara verib günəş boylananda adalar, içərisi başdan-başa rütubət, ağır, boğucu buxar olan bir oranjereyaya çevrildi. Uşaq təki qayğısız və bəxtiyar olan yerli sakinlər küçələrdə daha tez-tez görünməyə başladılar. Onların rəngli saçları vardı. Bədənlərini döydürmüşdülər. Arxanda onların yalın ayaqlarının şappıltısını eşidib qeyri-ixtiyari dönüb baxmağa məcbur olurdun! Adama elə gəlirdi ki, istənilən anda onlar yanında peyda ola və bir şimşək sürəti ilə kürəyinin ortasına uzun bıçağı soxa bilərlər! Lakin geniş açılmış gözlərdə hansı qara fikrin gizləndiyini haradan biləsən?! Bu adamlar Misir məbədlərinin divarlarındakı təsvirləri xatırladır və vahimə qoxusu səpirdilər.
Missioner gəlib çıxdı. Az sonra harasa getdi. O məşğul idi. Bəs nə ilə? Bunu Makfeyllər bilmirdilər. Xorn onun hər gün qubernatora baş çəkdiyini söyləyirdi. Bir dəfə Devidson özü bu barədə söz açdı:
– Qubernator ilk baxışdan qətiyyətli və cəsarətli adam təsiri bağışlayır, ancaq bir az bərkə-boşa salanda görürsən ki, ağciyərin birisidir.
Doktor zarafata saldı:
– Başqa sözlə desək, o, sizin tələblərinizə tabe olmaq istəmir!
Missioner ciddi:
– Mənim tələbim bircədir: qubernator necə lazımdırsa, eləcə hərəkət etsin! Əgər xəstənin pəncəsində qanqren başlamışsa, onu kəsmək, yaxud kəsməmək barədə fikirlərə qapılmaq, laqeyd dayanıb-durmaq olarmı?
– Qanqren tamam-kamal real olan şeydir!
– Bəs günah?
* * * *
Devidsonun gizli gördüyü iş tezliklə aşkara çıxdı. Onlar dördlükdə yenicə nahar etmişdilər. Adəti üzrə qadınlar və doktor isti düşməmiş uzanıb dincəlməyə hazırlaşırdılar. Devidson onlara mane oldu. Gözlənilmədən qapı taybatay açıldı və miss Tompson otağa soxuldu. O, hamını bir-bir gözdən keçirdi və Devidsona tərəf addımladı:
– Murdar adam, məndən qubernatora nə uydurub demisən?
Hiddətindən qadının dili topuq çalırdı. Bir anlığa sakitlik çökdü. Sonra missioner stulu ona sarı itələdi:
– Buyurun, əyləşin, miss Tompson! Çoxdan idi ki, sizinlə bir daha söhbət etmək istəyirdim.
– Əclafın biri əclaf!
Miss Tompson pis və təhqiredici söyüşlər yağdırırdı. Devidson diqqətlə ona baxırdı:
-Sizin söyüşlər qətiyyən vecimə deyil, miss Tompson. Ancaq burada qadınlar var. Xahiş edirəm, bunu unutmayasınız!
Miss Tompson hikkəsindən ağladı. Onun sifəti allandı və şişdi, elə bil nəsə onu boğurdu. Doktor Makfeyl:
– Nə olub? –deyə xəbər aldı.
– Bir tip mənə yaxınlaşıb dedi ki, şeylərimi yığışdırıb növbəti gəmi ilə yola düşüm!
Missionerin gözlərinə işıq gəldi, sifəti isə sakit idi:
– Səbir edin, bəlkə qubernator qalmağınıza razılıq verdi.
Miss Tompson:
– Bu, sənin işindir! –deyə zarıdı. – Hiylə gəlmə! Sənin işindir!
– Sizi aldatmağa hazırlaşmıram. Tədbir görsün deyə, qubernatoruhəqiqətən dilə tutmuşam.
– Axı niyə üstümə düşmüsən? Sənə yamanlığım dəyib?
-İnan ki, mənə qarşı pislik etsəydin belə, sənə zərrəcə zərər toxundurmazdım!
– Elə bilirsən bu siçan yuvasında qalmaq üçün gözüm atır? Mən həqiqi şəhərlərdə yaşamağa öyrəşmişəm.
– Bəs onda niyə şikayətlənirsən?
Miss Tompson hirsindən əsə-əsə otaqdan çıxdı. Devidson:
– Axır ki, qubernator hərəkətə gəldi! –deyə dilləndi. –Buna sevinirəm. Amma yaman zəif xarakterli adammış. İşi elə hey ləngidir, təxirə salırdı. Deyirdi: qadın onsuz da iki həftədən artıq burada qalmayacaq. Sonra isə öz xoşuna Britaniyanın hökmranlığı altında olan Apiyaya gedəcək. Orada haqq-hesabınızı çəkərsiniz!
Missioner ayağa sıçradı və otaqda var-gəl etməyə başladı.
– Əşi, dünyada qəribə adamlar var! Vəzifə daşıyırlar. Elə düşünürlər ki, bilavasitə onların gözü qarşısında baş verməyən günah-günah olmaq etibarı ilə öz qüvvəsini itirir. Miss Tompsonu götürək. O qadının mövcudluğunun özü rüsvayçılıqdır. Başqa adalara göndərilsə belə dəyişməyəcək. Nəhayət, öz fikrimi qubernatora açıq şəkildə bildirdim.
Doktor:
– Sizi anlamıram.
– Bizim missiyanın Vaşinqtonda nüfuzu böyükdür. Qubernatora eşitdirdim ki, onun öz vəzifə borcuna etinasızlıq göstərməsi barədə şikayət etsəm, bu onun xeyrinə olmaz!
Doktor:
– Miss Tompson havaxt getməlidir? –deyə soruşdu.
– Sidneydən San-Fransiskoya yola düşəcək gəmi növbəti çərşənbə axşamı buraya gələcək. Miss Tompson həmin gəmi ilə gedəcək.
* * * *
Çərşənbə axşamına beş gün qalırdı. Makfeyl bekarçılıqdan, demək olar ki, hər səhər hospitala baş çəkirdi. Bir dəfə oradan geri dönəndə pilləkəndə metis onu əylədi:
– Bağışlayın, doktor, miss Tompson özünü yaxşı hiss etmir, ona dəyməzsiniz ki?
– Bu saat.
Xorn doktoru onun otağına apardı. Qadın əllərini yanına salıb stulda oturmuşdu. İrəli baxırdı. Əynində ağ don, başında iri güllü şlyapa vardı. Makfeyl onun dərisinin pudra qatından sarımtıl-boz rəngə çaldığını, gözlərinin isə şişdiyini dərhal sezdi:
– Xəstələndiyiniz üçün hədsiz təəssüflənirəm.
– Mən əslində xəstə deyiləm, doktor. Bunu elə-belə sizi görmək üçün qondardım. Məni Friskaya gedən gəmi ilə yola salırlar.
Miss Tompson Makfeylə baxdı, doktor onun bəbəklərində əks olunmuş qorxunu duydu. Qadının əlləri qıc olubmuş kimi qəfildən yığıldı, sonra açıldı. Tacir qapının ağzında dayanıb qulaq asırdı. Doktor:
– Hə, bilirəm, -dedi.
Qadın udqundu:
– Bilirsiniz, indi mənim Friskoya yola düşməyimin adı yoxdur. Dünən qubernatoru görməyə getmişdim, amma məni onun yanına buraxmadılar. Katibigördüm. Dedi: danışıq ola bilməz, həmin gəmi ilə getməliyəm, vəssalam! Mənisə
hökmən qubernatoru görmək istəyirdim. Bu gün səhər evinin yanını kəsdirib durdum. Onunla söhbət etdim. Doğrusunu desəm, mənimlə danışmaq həvəsində deyildi, ancaq əl çəkmədim. Nəhayət, dedi ki, mübarək Devidson razılığını bildirsə, Sidneyə gedəcək gəmini gözləməyimə icazə verər.
Miss Tompson susub həyəcanla gözlərini doktor Makfeylə zillədi. Doktor:
– Sizə necə kömək edə bilərəm? –deyə xəbər aldı.
– Deyirəm bəlkə ondan soruşasınız. Əgər razılıq versə, Allah haqqı, özümü sakit aparacağam! Tələb etsə, evdən bayıra belə çıxmaram. Axı, cəmi-cümlətanı iki həftə qalır.
– Yaxşı, onun fikrini öyrənərəm.
Xorn:
– O, razılıq verməyəcək, – dedi. – Ümid etməyin!
– Ona deyin ki, mən Sidneydə işə girər, namuslu əməklə məşğul olaram. Axı, bir elə böyük xahiş etmirəm!
– Əlimdən gələn köməyi əsirgəməyəcəyəm!
– Nəticəsini dərhal mənə bildirərsiniz? Gərək hə-yoxunu bilim. Yoxsa… sadəcə olaraq özümə yer tapa bilmirəm!
Tapşırıq doktorun ürəyincə olmadı. Ona görə də bilavasitə özü yerinə yetirmədi. Tompsonla aralarında olan söhbəti arvadına danışdı və tapşırdı ki,missisDevidsonla söhbət etsin. Doktorun fikrincə, missionerin tələbi əsassız və sərt idi. Miss Tompson Paqo-Paqoda qalsa, ciddi bir hadisə baş verməz!
Doktorun gözləmədiyi halda missioner özü onun yanına gəldi.
– Arvadım xəbər verdi ki, siz miss Tompsonla söhbət etmisiniz.
Belə açıq danışıq doktor Makfeyldə hiddət doğurdu. Utancaq və qaradinməz olan birisini belə açıq olmağa məcbur edəndə həmin adamda, adətən, belə hiss oyanır. Doktor əsəbiləşməyə başlayırdı.
– Nə fərqi, San-Fransisko, yaxud Sidney? Hara getmək istəyir, qoy getsin! Madam ki, özünü yaxşı aparacağına söz verir, daha onun həyatını puç etməyin nəyə lazımdır?
Missioner ona sərt bir nəzər saldı:
– Bəs San-Fransiskoya niyə qayıtmaq istəmir ?
Doktor acıqla:
– Bunu soruşmadım, – dedi. – Bir də başqasının işinə qarışmaq yaxşı hal deyil!
Makfeylin cavabı çox da nəzakətli alınmadı.
– Qubernator sərəncam verib ki, onu yola düşəcək ilk gəmi ilə göndərsinlər. O, öz borcunu yenicə yerinə yetirmişdir və mən qarışmaq fikrində deyiləm. Miss Tompsonun burada olması ada üçün təhlükəlidir.
– Siz qəddar və yaramaz adamsınız!
Qadınlar təşvişlə doktora baxırdılar. Amma mübahisə baş verəcəyindən nahaq qorxurdular. Missioner xəfifcə gülümsədi:
– Məni belə təsəvvür etdiyiniz üçün yalnız təəssüflənirəm, doktor Makfeyl! İnanın ki, o bədbəxtə acıyıram və acıdığım üçün də ürəyimdən qara qanlar axır. Mən yalnız öz borcumu yerinə yetirməyə çalışıram.
Doktor dillənmədi. O, qaşqabaqlı halda pəncərəyə baxdı. Yağış sakitləşmişdi. Buxtanın o biri sahilində, ağacların arasından yerli kəndlilərin komaları görünürdü. Makfeyl:
– Axır ki, yağış ara verdi. Bundan istifadə edib bir az gəzmək istəyirəm, -dedi.
Devidson qüssəli təbəssümlə:
– Arzunuzu yerinə yetirə bilmədiyimə görə, xahiş edirəm, mənə acığınız tutmasın. Sizə sonsuz hörmətim var, doktor, mənim barəmdə bədgüman olmağınızı istəməzdim.
– Özünüz haqqında elə yüksək fikirdəsiniz ki, mənim rəyim sizin ovqatınızı bir elə təlx etməz!
Devidson güldü:
– Mən təslim!
Doktor Makfeyl bihudə yerə kobudluq etdiyi üçün özünü qınaya-qınaya pilləkənləri endi. Miss Tompson otağın qapısı ağzında dayanıb onu gözləyirdi:
– Söhbət etdiniz?
Doktor baxışlarını yayındıraraq:
– Bəli, amma təəssüf ki, boyun qaçırır, – deyə pərt halda cavab verdi. Elə o dəqiqə də hönkürtü səsi eşidib cəld qadına baxdı. O, miss Tompsonun sifətinin dəhşətdən ağardığını görüb qorxdu. Birdən doktorun ağlına yeni fikir gəldi:
– Hələlik ümidinizi üzməyin. Sizə qarşı ədalətli hərəkət etmirlər. Mən özüm qubernatorun yanına gedərəm.
– İndi?
Doktor başı ilə razılıq işarəsi verdi. Qadının üzü güldü:
– Mənim dadıma yaman çatırsınız. Əgər ona ağız açsanız, yəqin ki, qalmağıma razılıq verər. Allaha and olsun: nə qədər ki, buradayam heç bir pis iş tutmaram.
Doktor Makfeyl özü də bilmədi ki, nə üçün birdən-birə qubernatora müraciət etmək qərarına gəlib. Miss Tompson onu qətiyyən maraqlandırmırdı, onun taleyinə demək olar ki, biganə idi. Amma missioner onu elə haldan çıxarmışdı ki, uzun müddət özünə gələ bilməyəcəkdi.
Doktor qubernatoru evində tapdı. O, qədd-qamətli, yaraşıqlı bir kişi idi. Üst dodağının üzərində cod və bozumtul bığı qərar tutmuşdu. Qubernator sabiq matros idi, əyninə ağappaq mundir geyinmişdi. Doktor:
– Qonşuluğumuzda otaq tutmuş bir qadının işi ilə əlaqədar yanınıza gəlmişəm, onun soyadı Tompsondur.
Qubernatorun dodağı qaçdı:
– Onun barəsində kifayət qədər eşitmişəm. Miss Tompson üzümüzə gələn çərşənbə axşamı yola düşəcək.
– Bir xahişim var: olarmı miss Tompson Sidneyə getmək üçün hələlik burada qalsın və San-Fransiskodan gələcək gəmini gözləsin? Məsuliyyəti öz üzərimə götürürəm.
Qubernator gülümsəməkdə davam edirdi. Nəhayət, onun gözləri qıyıldı və sifəti ciddi görkəm aldı:
– Sizin qulluğunuzda durmaq mənə xoşdur, doktor, fəqət əmr verilmişdir, dəyişilə bilməz!
Doktor məsələni tam təfsilatı ilə, bacardığı qədər inandırıcı şəkildə izah etdi. Qubernatorun dodağındakı təbəssüm əriyib yoxa çıxdı. O, ətrafa baxaraq qaşqabaqlı halda qulaq asırdı. Makfeyl sözlərinin təsirsiz qalacağını başa düşdü.
– Qadını narahat etdiyinə görə özüm də xəcalət çəkirəm, amma başqa çarə yoxdur. Miss Tompson çərşənbə axşamı yola düşməlidir! Vəssalam!
– Axı, fərqi nədir?
– Üzr istəyirəm, doktor, mən öz qərarımla bağlı yalnız rəisimə izahat verməyə borcluyam!
Makfeyl diqqətlə qubernatora baxdı və Devidsonun dediklərini xatırladı. Qubernatorun davranışında nə isə anlaşılması qeyri-mümkün olan çaşqınlıq vardı. Doktor əsəbi:
– Devidsonu görüm lənətə gəlsin! – dedi. – Öz burnunu hara gəldi soxur!
– Öz aramızdır, doktor, sizin Devidson həlləm-qəlləm adam təsiri bağışlasa da, onun sözlərində həqiqət var. Hərbi xidmətçilər belə bir adada-yerli əhali arasında yaşadıqları üçün ayaqlarını əyri qoya bilmirlər. Miss Tompsonun gəlişi və uzun müddət burada qalması ada üçün təhlükədir. Əxlaqsızlıq toxumu səpə bilər. Bu barədə cənab Devidsonun məlumat verməsini tam düzgün hesab edirəm.
O, ayağa durdu. Doktor Makfeyl də qalxmağa məcbur oldu.
– Rica edirəm, məni bağışlayasınız. İşim var. Missis Makfeylə salamımı yetirin!
Doktor ümidsiz bir vəziyyətdə qubernatorun yanından getdi. O, miss Tompsonun onu gözlədiyini bilirdi. Uğursuzluğu haqqında özü məlumat verməsin deyə evə arxa qapıdan daxil oldu. Cinayətkar adamlar kimi ehtiyatla pilləkənləri qalxdı.
Şam zamanı o, özünü narahat hiss edir və az danışırdı. Missioner isə son dərəcə şən və mehriban idi. Devidson arada oğrun-oğrun doktora göz qoyurdu. Makfeyl bunu duydu və ona elə gəldi ki, qubernatorun qəbulunda olmasından və uğursuz halda geri qayıtmasından missionerin xəbəri var. Axı necə xəbər tutub?! Onun əli çatan yerlərə girişmək doğurdan da ağılsızlıq imiş!
Şamdan sonra verandada Xornu görən doktor ona yaxınlaşdı. Tacir:
– Qubernatorla danışa bildiniz? Miss Tompson bir xəbər bilmək istəyir, -deyə pıçıldadı.
– O, boyun qaçırdı. Çox təəssüflənirəm, amma əlimdən daha heç nə gəlmir.
– Elə beləcə də zənn edirdim. Onlar missionerə zidd getməkdən qorxurlar.
Devidson onlara yaxınlaşaraq:
– Söhbətiniz nə barədədir? –deyə şad-xuraman soruşdu.
Tacir özünü itirmədi:
– Elə indicə deyirdim ki, vaxtınıza bir həftə qalıb. Görəsən, bir-iki gün tez yola düşməyə müvəffəq olacaqsınızmı?
Xorn çıxıb getdi. Onlar qonaq otağına qayıtdılar. Yeməkdən sonra cənab Devidson vaxtının bir saatını əyləncəyə sərf etdi. Bu əsnada qapıda səs eşidildi. Kimsə ürəksiz halda onu tıqqıldadırdı. Missis Devidson qulaqbatıran səsi ilə:
– Buyurun! -dedi.
Qapını açan olmadı. Missis Devidson qalxıb özü açdı. Tanınmaz dərəcədə dəyişmiş miss Tompson astanada dayanmışdı. Bu, artıq vaxtı ilə şosedə onları lağa qoyan sırtıq qız deyildi. Fikirdən-xəyaldan əldən düşmüş zavallı bir qadın idi. Onun həmişə gözəl saç düzümü olardı. Səliqə ilə daradığı saçları indi pırtlaşıq idi. Ayaqlarında başmaqlar, əynində isə nimdaş, əzilmiş köynək və don vardı. O, qapının ağzında dayanaraq içəri girməyə ürək etmirdi, yanaqlarından göz yaşları axırdı. Missis Devidson sərt:
– Sizə nə lazımdır? –deyə xəbər aldı.
O, kəsik-kəsik:
– Cənab Devidsonla söhbət eləyə bilərəm?
Missioner qalxıb ona yaxınlaşdı. Səmimi ahənglə:
– Buyurun, buyurun, miss Tompson, – dedi. –Sizə nə xidmət göstərə bilərəm?
Miss Tompson otağa keçdi:
– Mən… mən… o vaxt sizə iftira dediyim… və… və… başqa hərəkətlərim üçün üzr istəyirəm. Görünür, kefli olmuşam. Məni əhv edin!
– Boş şeydir. Mənim kürəyim dəmir kimi möhkəmdir. Bir cüt kobud sözdən paralanmaz.
Miss Tompson ona sarı irəlilədi. Missionerin qarşısında özünü alçatmaqdan çəkinmədi:
– Siz mənim iradəmi tamam qırdınız! Məni məğlubiyyətə uğratdınız. Mən təslim! İndi məni Friskoya qayıtmağa məcbur etməzsiniz ki?
Devidsonun marağı bir anda söndü, səsi quru və rəhmsiz oldu:
– Oraya nə üçün qayıtmaq istəmirsən?
Qız büzüşərək:
– Orada mənim qohum-əqrəbam yaşayır. İstəmirəm ki, məni bu kökdə görsünlər. Oradan başqa hara desəniz gedərəm!
– San-Fransiskoya niyə qayıtmaq istəmirsən?
– Dedim axı…
Missioner irəli əyilib baxışlarını qadının iri, parıldayan gözlərinə dikdi, sanki onun qəlbinə nüfuz etmək istəyirdi. Birdən nəfəsini dərərək kəskin:
– İslahedici evə! –dedi.
Miss Tompson inildədi, döşəməyə düşüb onun ayaqlarını qucaqladı:
– Məni oraya göndərməyin! Allaha and içirəm ki, əxlaqlı olacağam! Hər şeyə son qoyacağam!
Miss Tompson qışqıraraq rabitəsiz yalvarışlar yağdırırdı. Boyanmış yanaqlarından göz yaşları axırdı. Devidson əyilib qadının başını qaldırdı və gözlərinin içərisinə baxdı:
– Hə, deməli, islahedici evə!
Miss Tompson rabitəsiz:
– Bir vaxt orada olmuşam! Əgər başımı götürüb qaçmasaydım, axırıma çıxacaqdılar! Bir də o yırtıcıların əlinə düşsəm, azından üç il iş alacağam!
Devidson onu buraxdı. O, yenidən döşəməyə düşərək ümidsiz halda hönkürdü. Doktor Makfeyl ayağa durdu:
– Bu, vəziyyəti dəyişir. İndi oraya qayıtmağı qızdan tələb etməyə də bilərsiniz. O, həyatını yenidən başlamaq istəyir. Bu axırıncı imkanı onun əlindən almayın!
– Ona heç şeylə müqayisə edilə bilməyəcək imkan vermək istyirəm. Əgər tutduğu əməldən peşmandırsa, qoy cəzasını çəksin!
Miss Tompson onun sözlərindəki əsl həqiqəti anlamadı və başını qaldırdı. Ağlamaqdan şişmiş gözlərində ümid qığılcımları oyandı:
– Məni buraxırsınız?
– Yox! Çərşənbə axşamı San-Fransiskoya yola düşürsən!
Miss Tompson dəhşətə gəldi və iniltisi otağı götürdü. Həmin inilti elə bir boğuq zingiltiyə çevrildi ki, onda insani heç bir şey yox idi. O, başını döşəməyə çırpmağa başladı. Doktor Makfeyl irəli yeriyib onu qaldırdı:
– Di, di, belə yaramaz! Otağınıza gedin. Uzanıb dincəlin. Sizə dərman verərəm.
O, miss Tompsonu birtəhər aşağı apardı. Qadınlar müdaxilə etmək istəmədikləri üçün doktorun onlara bərk acığı tutmuşdu. Metis meydançada dayanmışdı. Doktor onun köməkliyi ilə miss Tompsonu çarpayıya uzandırdı. O, zarıyır və için-için ağlayırdı. Adama elə gəlirdi ki, yavaş-yavaş hissiyyatını itirir.
Doktor ona iynə vurdu. Sonra qəzəbli və əldən düşmüş halda qonaq otağına qayıtdı.
– Güclə yatağa uzandırdıq.
Qadınlar və Devidson doktor onları tərk etdiyi şəkildə oturmuşdular. Görünür, o, burada olmayanda nə söhbət etmiş, nə də yerlərindən tərpənmişdilər. Devidson laqeyd səslə:
– Sizi gözləyirdim, -dedi. -İstəyirəm ki, öz yolunu azmış bacımızın ruhuna birlikdə dua oxuyaq.
O, Bibliyanı rəfdən götürüb nahar stolunun arxasında əyləşdi. Qab-qacaq şam yeməyindən sonra yığışdırılmamışdı. O, yer açmaq məqsədi ilə çaydanı yana itələdi. Gur və cingiltili səslə fəsillərdən birini oxudu. Burada zina etmiş bir qadının İsanın yanına gətirilməsindən danışılırdı.
– Siz də diz çökün və mənim ardımca dua oxuyun!
Missioner günahkar qadına rəhmi gəlsin deyə Allaha yalvarmağa başladı. Missis Makfeyl və missis Devidson oturub tamaşa edirdilər. Missioner son dərəcə gözəl və aydın, natiqlər sayağı dua oxuyurdu. O, özündə-sözündə deyildi, yanaqlarından göz yaşları axırdı. Bayırda isə yağış aravermədən, açıq inadla yağırdı. Nəhayət, missioner susdu. Bir anlığa sakitlik çökdü. Sonra o:
– İndi isə «Bizim atamız»ı oxuyaq!
Onlar həmin duanı oxudular. Missionerlərin ardınca qadınlar da ayağa qalxdılar. Missis Devidsonun sifəti solğun və sakit olmuşdu. Doktor Makfeyl:
– Aşağı düşüm, görüm o özünü necə hiss edir, – dedi.
O, miss Tompsonun qapısını döyəndə qapını Xorn açdı. Miss Tompson yırğalanan kürsüdə oturub sakitcə ağlayırdı. Doktor təəccüblə xəbər aldı:
– Ayağa niyə qalxmısan? İndicə yatağa uzandırmamışdıq?!
– Lazım deyil. Cənab Devidsonu görmək istəyirəm.
– Zavallı! Nəyinə lazımdır? Onsuz da onu inandıra bilməyəcəksən!
– O dedi ki, əgər dalınca adam göndərsəm – gələr.
Makfeyl işarə ilə tacirə:
– Onu çağırın, -dedi.
Onlar Xorn gedib-qayıdana kimi lal-dinməz gözlədilər. Devidson daxil oldu. Miss Tompson qaşqabaqlı ona baxaraq:
– Narahat etdiyim üçün üzr istəyirəm, – dedi.
– Dalımca adam göndərəcəyinizi gözləyirdim. Bilirdim ki, Tanrı duamı eşidəcək.
Onlar ani bir-birlərinə baxdılar, sonra qadın baxışlarını yayındırdı. Söhbət əsnasında o, həmişə ətrafa baxırdı.
– Mən indiyədək pozğun həyat keçirmişəm. Ona görə tövbə etmək istəyirəm.
-Şükür Allaha! O, duamızı eşitdi.
Devidson Makfeylə və tacirə tərəf döndü:
-Bizi yalqız buraxın. Missis Devidsona deyin ki, Allah duamızı eşidib.
Onlar otağı tərk etdilər və ardlarınca qapını örtdülər. Tacir:
-Hm…-dedi.
*****
Həmin gecə doktor Makfeyl heç cür yata bilmirdi. Missioner otağına qayıdanda saatına baxdı. Saat iki idi. Lakin Devidson dərhal yatağa uzanmadı. İbadətə başladı. Doktoru yuxu aparanda o, hələ də öz ibadətini qurtarmamışdı. Ertəsi gün görüşəndə missionerin görkəmi doktoru təəccübləndirdi. Devidson, həmişəkindən fərqli olaraq yorğun görünürdü. Onun rəngi qaçmışdı, gözləri isə qeyri-insani atəşlə yanırdı. Adama elə gəlirdi ki, onun sevinci aşıb-daşır.
– Sedinin yanına düşə bilməzsiniz ki? – deyə Devidson xəbər aldı. – Ola bilsin, onun bədəni hələ şəfa tapmasın, amma ruhu – onun ruhu artıq başqa şəklə düşmüşdür.
Doktor özünü əhvalı pozğun və düşkün hiss etdi:
– Axşam onun yanında çox ləngidiniz?
– Bəli. Mənsiz onunçun çətin idi.
Doktor qəzəblə:
– Siz onsuz da nur saçırsınız? –dedi.
Devidsonun gözlərində ekstaz parladı:
– Mənə böyük mərhəmət göstərilmişdi. Dünən mən pozğun ruhu İsanın ağuşunda pak etmək üçün vəkil olunmuşdum.
Miss Tompson yırğalanan kürsüdə oturmuşdu. Onun yatağı yığışdırılmamışdı. Otaqda səliqəsizlik hökm sürürdü. O, bəzənib-düzənmək qayğısına qalmamışdı. Çirkli xalatda əyləşmiş, saçlarını necə gəldi sancaqlayıb bir yerə yığmışdı. Sifəti göz yaşlarından şişmişdi. Əlqərəz, səliqəsiz və xoşagəlməz görkəmi vardı. Doktor içəri girəndə Miss Tompson laqeyd halda ona baxdı. Qadın son dərəcə yorulmuş və incidilmişdi.
– Cənab Devidson haradadır?
Doktor pərt:
– Əgər o sizə lazımdırsa, tezliklə gələr! – deyə cavab verdi.- Gəldim, görüm özünüzü necə hiss edirsiniz.
– Hər şey qaydasındadır. Mən sarıdan nigaran qalmayın.
– Bir şey yemisən?
– Xorn qəhvə gətirmişdi.
Miss Tompson narahat halda qapıya baxdı:
– Sizcə, o tez gələr? Cənab Devidson mənim yanımda olanda özümü yaxşı hiss edirəm.
– Çərşənbə axşamı gedirsən?
– Hə, o deyir ki, mən getməliyəm. Zəhmət olmasa, ona deyin: tez gəlsin. Siz heç cür mənə kömək edə bilməzsiniz! Ondan savayı indi mənə kimsə kömək göstərməyə qadir deyil!
Doktor Makfeyl:
– Çox gözəl, çox pakizə!
Növbəti üç günü missioner demək olar ki, Sedi Tompsonun yanında keçirdi. Başqaları ilə yalnız stolun arxasında görüşürdü. Missionerin həddindən ziyadə az yediyi doktor Makfeylin nəzərinə çarpdı. Misiss Devidson:
– Onun özünə rəhmi gəlmir, – deyə bildirdi. – Görərsiniz, özünü xəstələndirəcək.
Onun da rəngi avazımış və sifəti çəkilmişdi. Missis Makfeyllə söhbət zamanı o bildirdi ki, son günlər yuxu nə olduğunu bilmir.
Missioner miss Tompsonun yanından çıxıb öz otağına çəkiləndə əldən düşənə kimi dua oxudu. Lakin ibadəti qurtarandan sonra da az yatdı. Saat ikidə qalxıb geyindi və sahilə gəzintiyə çıxdı. O, qəribə yuxular görürdü.
Missis Devidson:
– Bir gün səhər mənə dedi ki, yuxusuna Nebraski dağları girib.
Doktor Makfeyl:
– Maraqlıdır, – dedi və Birləşmiş Ştatları səyahətə çıxarkən qatarın pəncərəsindən həmin dağları gördüyünü və o vaxt onları qadın döşlərinə oxşatdığını xatırladı.
Qızğın həvəs Devidsona əziyyət verirdi. Lakin bununla yanaşı, yenilməz sevinc onun qüvvəsini tükənməyə qoymurdu. O, miss Tompsonla birlikdə İncili oxuyur, onunla birgə dua edirdi. Şam vaxtı missioner:
– Sadəcə möcüzədir, – dedi. – Həqiqi intibahdır. Onun vaxtı ilə zülmət gecə kimi olan ruhu, indi ilk qar kimi təmiz və bəyazdır. Mən sakit və eyni zamanda həyəcanlıyam. Miss Tompsonun hər şeyi etiraf etməsi, bilirsiniz, necə gözəl təsir bağışladı. Mən onun paltarının ətəklərinə toxunmağa belə layiq deyiləm!
Doktor özünü saxlaya bilmədi:
– Elə buna görə də onu San-Fransiskoya göndərirsiniz?! Üç il Amerika məhbəslərində can çürütməyə! Siz ki, onu bu işgəncədən qurtara bilərsiniz!
– Axı niyə başa düşmürsünüz! Bu, vacibdir. Elə bilirsiniz ki, mənim ürəyimdən qara qanlar axmır? Onu öz arvadım, öz bacım kimi sevirəm. Məhbəsdə olduğu vaxt mən də əzab çəkəcəyəm.
Doktor qanıqara onun sözünü kəsdi:
– Cəfəngiyatdır!
– Siz başa düşmürsünüz. Ona görə ki, korsunuz. O, günah edib, buna görə də iztirab çəkməlidir. Doğrudur, dözməli olacaq. Onu acından öldürəcək, əzab-əziyyət verəcək, alçaldacaqlar. İstəyirəm ki, insanların ona verdiyi cəza onun Allaha verdiyi qurban olsun. İstəyirəm ki, o, bu cəzanı açıqürəklə, sevinclə qəbul etsin. Ona bizlərdən yalnız az bir qisminə nəsib olan imkan verilib. Allah son dərəcə xeyirxah və mərhəmətlidir.
Həyəcanından Devidsonun nəfəsi tənqidi, dodaqlarından qopan sözləri axıra qədər ifadə etməkdə çətinlik çəkdi:
– Miss Tompsonla olanda da, onu yalqız buraxanda da dua oxuyuram. Özümü bütünlüklə ibadətə həsr etmişəm. Ona mərhəmət göstərsin deyə Allaha yalvarıram. Miss Tompsona elə hisslər təlqin edirəm ki, çəkəcəyi cəzaya onun dözümü çatsın, indi mən ona yola düşməməyi buyursam belə o, özü buna təkid edər, getmək istədiyini bildirər.
Günlər ağır-ağır ötürdü. Evin bütün sakinləri yalnız aşağıdakı otaqda yaşayan zavallı və iztirab çəkən qadın haqqında fikirləşərək müstəsna gərginlik vəziyyətində günlərini keçirirdilər. Miss Tompson sanki qurban idi. Onu hansısa qanlı bütpərəstlik dininin kədərli ayini üçün hazırlayırdılar. Vahimə qadını ağzına almış, onu tamam-kamal qıc etmişdi. Miss Tompson Devidsonu bir anlığa belə özündən kənara buraxmırdı. Təkcə o, yanında olanda cəsarətə gəlirdi. Qadın itaətkar qul kimi missionerə bağlanmışdı, göz yaşlarını sinəsinə tökür, Bibliyanı oxuyur, dua edirdi. Hərdən o qədər yorulur, əldən düşürdü ki, hissiz, ölgün və key olurdu. Belə anlarda məhbəs, həqiqətən, nicat yeri kimi görünürdü. Çünki məhbəs hər halda onun mənəvi əzablarına son qoyacaq konkret həqiqət idi.
Zavallı qız xarici görkəminə fikir vermir, əlvan rəngli, lakin yuyulmamış nimdaş xalatda gəzirdi. Dörd gün ərzində bir dəfə də olsun gecə köynəyini əynindən çıxarmadı, ayağına corab geymədi. Otaq zir-zibillə dolmuşdu. Yağış isə inadla yağırdı. Adama elə gəlirdi ki, səma artıq bütün ehtiyat suyunu sərf edib qurtarmaq üzrədir. Lakin gündən-gündən fikrində yanıldığını başa düşürdün. Yağış əvvəlki kimi qəzəblə və eyni yeknəsəqliklə evin dəmir örtüyünü döyəcləməkdə idi. Hər şey yaş və yapışqan olmuşdu. Divarları və döşəmədəki başmaqları kif basmışdı. Yuxulaya bilmədiyin gecələrdə ağcaqanadlar acıqla vızıldayırdılar. Doktor elə hey deyinirdi:
– Yağış bircə gün ara versə idi, iki-üç gün də dözmək olardı!
Hamı Sidneydən gəminin gələcəyi günü – çərşənbə axşamını qurtulmuş kimi gözləyirdi. Gərginlik dözülməz olmuşdu. Gəmi gəlib-gedəndən sonra doktor da özündə yüngüllük tapacaqdı. Miss Tompsonu kapitana qubernatorun dəftərxana məmuru təhvil verməli idi. O, bazar ertəsi axşam miss Tompsonun yanına gəlmiş, növbəti gün saat on bir üçün hazır olmağı ondan xahiş etmişdi. Devidson Tompsonun yanında idi.
– Siz arxayın olun. O, vaxtında hazır olacaq. Onu mən özüm ötürmək niyyətindəyəm.
Miss Tompson susurdu. Doktor Makfeyl şamı söndürdü. Ehtiyatla miçətkənə girdi və yüngülcə köksünü ötürdü.
– Hə, Allaha şükür! Hər şeyə son qoyuldu. Sabah bu vaxt o, burada olmayacaq!
Missis Makfeyl:
– Missis Devidsonun da qaşqabağı açılacaq. O da əldən düşüb, tanınmayacaq dərəcədə dəyişib!
– Kim?
– Sedi. Gözlərimlə görməsəydim, belə şeyə inanmazdım. Zorla itaət etməyə alışdırdılar.
Doktor Makfeyl cavab vermədi və tezliklə yuxuya getdi. O, hədsiz yorğun idi və həmişəkindən daha möhkəm yatdı.
Gecənin bir aləmi kimsə onu yavaşca silkələdi. Doktor qorxu içərisində yerindən sıçradı. Xorn çarpayının yanında dayanmışdı. Tacir barmağını dodaqlarına aparıb ona ardınca gəlməyi tapşırdı. Xorn, adətən parusin kostyum geyinərdi. Bu dəfə isə əyni yalın idi. Yerli sakinlər kimi lava-lavada idi. Bu ona birdən-birə vəhşi görkəm vermişdi.
Doktor yataqdan qalxdı. Yalnız bu zaman tacirin bədəninin tatuirovka ilə örtülü olması onun nəzərinə çarpdı. Xorn verandaya çıxdı. Doktor çarpayıdan düşüb onun ardınca getdi. Tacir pıçıltı ilə:
– Səs salmayın, – dedi. – Siz çox lazımsınız. Üstünüzə bir şey atın, ayağınıza başmaq geyinin.
Doktor miss Tompsonun başına nə isə bir iş gəldiyini zənn etdi:
– Nolub? Tibbi alətləri götürüm?
– Tez olun, Allah xatirinə, tez olun!
Doktor yataq otağına qayıdıb pijama, sonra isə plaş geydi, rezin dabanlı tuflilərini ayağına keçirdi. O, tacirin yanına getdi və onlar barmaqlarının ucunda pilləkənləri düşdülər. Bayır qapısı açıq idi, onun qarşısında bir neçə yerli durmuşdu. Doktor:
-Nə olub? – deyə təkrar etdi.
– Gedək!
O çıxdı, doktor da onu izlədi. Yerlilər dəstə ilə arxada gəlirdilər. Onlarşoseni keçib çimərliyə yetişdilər. Makfeyl təxminən iyirmi beş yard kənarda bir dəstə yerli adam gördü. Onlar suyun içərisində uzanmış bir şeyin ətrafına toplaşmışdılar. Addımlarını yeyinlətdilər. Yerli sakinlər doktora yol verdilər. Tacir onu irəli apardı. O, yarıya qədər suda, yarıya qədər qumda olan bir meyit – Devidsonun cəsədini gördü. Doktor Makfeyl aşağıya əyildi (O, çətin anlarda özünü itirən adamlardan deyildi) və onu çevirdi. Onun boğazı kəsilmişdi. Sağ əli ilə hələ də məşum ülgücü sıxırdı. Doktor:
– Bədəni tamam soyuyub, – dedi. – Çoxdan ölüb!
– Bir nəfər elə indicə işə gedərkən onu görüb. Dərhal gəlib mənə xəbər verib. Necə fikirləşirsiniz bu onun öz işidir?
– Hə! Polis dalınca adam göndərmək lazımdır.
Xorn yerli dildə nə isə dedi. İki yeniyetmə var gücü ilə götürüldü. Doktor:
– Polis gələnə kimi ona toxunmaq olmaz, – deyə başa saldı.
– Onu mənim evimə aparmasınlar. Mən buna yol vermərəm.
– Sənə nə buyursalar, ona da əməl edəcəksən! Məncə, onu morqa göndərəcəklər.
Onlar dayanıb gözləyirdilər. Tacir lava-lavasının büzməsindən iki papiros çıxartdı və birini doktora uzatdı. Onlar papiros çəkir, meyitə baxırdılar. Doktor nə hadisə baş verdiyini heç cür anlaya bilmirdi. Xorn:
– Sizcə, o niyə belə etdi?
Makfeyl çiyinlərini çəkdi. Bir azdan ağ dərili matrosun komandasıaltında əli xərəkli yerli polislər, onların ardınca isə iki dəniz zabiti və donanma həkimi hadisə yerinə gəldi. Onlar özlərini işgüzar göstərərək sərəncam verməyə başladılar. Zabitlərdən biri:
– Mərhumun arvadına bildirmək lazımdır, – dedi.
Madam ki, siz burdasınız, onda mən evə gedim. Həm paltarımı dəyişim, həm də onun arvadına xəbər göndərim. Məncə, cəsəd səliqəyə salınınca qadının ona baxmasına lüzum yoxdur!
Donanma həkimi:
– Doğru buyurursunuz! –deyə onun fikri ilə şərik olduğunu bildirdi.
Doktor Makfeyl otağa girəndə arvadı artıq geyinmişdi.
– Missis Devidson ərindən ötrü bərk nigarandır. O, bütün gecəni yatağa girməyib. Saat ikidə ərinin miss Tompsonun otağından çıxdığını eşidib, amma cənab Devidson harasa yollanıb. Əgər bu neçə vaxtı gəzintidə olubsa, demək yorulub, əldən düşüb.
Doktor Makfeyl baş vermiş bədbəxt hadisəni ona danışdı və arvadından xahiş etdi ki, missis Devidsonu ehtiyatla bunu hazırlasın. Missis Makfeyl dəhşət içərisində:
– Axı nə üçün belə iş tutdu? – deyə soruşdu.
– Bilmirəm.
– Mən bacarmaram. Bacarmaram.
– Lazımdır.
Missis Makfeyl təlaş içərisində ona baxıb çıxdı. O, arvadının missis Devidsonun otağına necə girdiyini eşitdi. Doktor bir anlığa dayanıb nəfəsinidərdi, sonra üzünü qırxmağa və geyinməyə başladı. İşlərini qurtarıb çarpayıda oturdu və arvadını gözlədi. Nəhayət, o qayıtdı:
– Missis Devidson meyitə baxmaq istəyir.
– Meyiti morqa apardılar. Gərək missis Devidsonu müşayiət edək. O, xəbəri necə qarşıladı?
– Xəbər elə bil onun qulağını batırdı. Ağlamağına ağlamadı, ancaq ağcaqovaq yarpağı kimi hələ də əsir.
– Vaxt itirmək olmaz!
Onlar qapını döyən kimi missis Devidson çölə çıxdı. Onun bənizi solğun idi, amma ağlamırdı. Missis Devidsonun sakitliyi doktora nə isə qeyri-təbii göründü. Ancaq dillənmədi. Onlar şose ilə addımladılar. Morqa yaxınlaşanda missis Devidson:
– Onunla tənha qalmaq istəyirəm, – dedi.
Onlar kənara çəkildilər. Yerli qadın meyitin üzünü açdı. Missis Devidson otağa keçəndə isə örtdü. Oturub bir müddət gözlədilər. Bir neçə ağ dərili adam gəldi və pıçıltı ilə nə barədəsə söhbət etdilər. Doktor eşidib-bildiklərini yenidən danışdı. Nəhayət, qapı ehmalca açıldı, missis Devidson çıxaraq:
– İndi gedə bilərsiniz, -dedi.
Onun səsi sakit və eyni zamanda sərt idi. Doktor Makfeyl missis Devidsonun gözlərinin ifadəsindən heç bir şey başa düşmədi. Qadının solğun çöhrəsi çox ciddi idi.
Onlar sakitliyi pozmadan asta-asta yeriyirdilər. Nəhayət, Xornun evi yerləşən döngəyə çatdılar. Missis Devidson ah çəkdi, qalan üç nəfər ayaq saxladı. Onlar daş kimi yerlərində dondular. Ağlasığmaz səslər eşidildi. Xeyli müddət susmuş qrammofon ucadan və boğuq şəkildə oynaq bir musiqini səsləndirirdi. Missis Makfeyl qorxu içərisində:
– Bu nədir? –deyə xəbər aldı.
Missis Devidson:
-Gedək! –dedi.
Onlar artırmaya qalxıb dəhlizə daxil oldular. Miss Tompson öz otağının qarşısında dayanaraq bir matrosla çənə vururdu. Onda qəfil dəyişiklik baş vermişdi. Bu, artıq son günlər qorxudan və əsəbdən tir-tir əsən qadın deyildi. Əvvəlki kimi geyinib-keçinmişdi: əynində ağ don vardı, dolu baldırları laklı uzunboğaz çəkmələrə sanki zorla pərçim olunmuşdu. Saçları səliqə ilədaranmışdı. Başına parlaq gülləri olan şlyapa qoymuşdu. Yanaqları allanmış, dodaqları parlaq rənglə boyanmış, qaşları gecə kimi qara olmuşdu. O, şax dayanmışdı. Əlqərəz, onların qarşısındakı həmin abırsız qız idi.
Miss Tompson onları görəndə istehza ilə ucadan qəh-qəhə çəkdi. Missis Devidson qeyri-iradi ayaq saxlayanda isə ağzını tüpürcəklə doldurdu. Missis Devidson dal-dalı çəkildi. Onun yanaqlarında qırmızı ləkə əmələ gəldi. O, əlləri ilə sifətini qapayıb cəld pilləkənləri qalxdı.
Doktor Makfeyl hiddətlənmişdi. Miss Tompsonu itələyib onun otağına girdi:
– Özünüzü nə yerinə qoymusunuz? – deyə bağırdı. – Tez bunun səsini kəsin!
O, qrammofona yaxınlaşdı, plastinkaları götürüb qolu getdikcə tulladı.
– Bura bax, həkimciyəz, çox əl-qolunu ölçmə! Mənim otağımda sənin nə itin azıb?
Doktor:
– Bu nə deməkdir? – deyə bağırdı. –Bu nə deməkdir?
Miss Tompson əlini belinə vurdu. Onun gözlərində təsviri mümkün olmayan nifrət vardı:
– Eh, siz kişilər! Əclaf donuzlar! Hamınız bir bezin qırağındansınız! Donuzlar! Donuzlar!
Doktor Makfeyl köksünü ötürdü. O, hər şeyi başa düşmüşdü.
İngilis dilindən tərcümə edəni:
Akif ABBASOV
Yazıya 621 dəfə baxılıb