Murad kişi kənd-kəsəkdə, həyat yoldaşı Zeynəb də tarlada olanda kimsə onların evini çalıb-çapır. Ev sahibləri gələndə görürlər ki, lələ köçüb, yurdu qalıb. Zeynəb qarı ağlayıb, qışqırıb üz-gözünü cırır. Murad kişi tədbirli adam idi. ani fikirləşib arvadını sakitləşdirməyə çalışır:
-Sən özünə əl qatma, oğrunu tapacağam!
Zeynəb qarı gözünün qorasını tökməkdə davam edərək:
-Haradan tapacaqsan, ay kişi? Necə tapacaqsan? Səfərlə Cəfər inəyini, qoynunu tapdılar? Yaxşısı budur, polisə şikayət ver. Bəlkə bir əncam qıldılar.
-Sən mənim sözümə baxsan, uzağı bir-iki günə mallarımız, qır-qızıllarımız, pullarımız olacaq evimizdə.
-Təklifin nədir, ay kişi?
-Bir xahişim var: dilini dinc qoy. Evin oğurlanmasını heç kimə demə.
-Necə deməyim, ay sağ olmuş? Oğul-uşaq qonaq gələndə duyuq düşəcəklər axı.
-O vaxta hamısı tapılar, inşallah! Sən mənə qulaq as. Oğurluq məsələsini bir sən bilirsən, bir mən, bir də oğrunun özü.
Zeynəb arvad qırıla-qırıla qalsa da, dərdini heç kimə demədi. Kişi onu arxayın eləmişdi.
Bir-iki gün keçdi. Kənd arasına çıxan, həyət-bacada dolaşan Murad kişi özünü tox tutur, başına gələn qəzanı kimsəyə bildirmirdi.
Bir gün çayxanaya getmişdi. Burada xeyli adam toplaşmışdı. Çayı bəhanə edib buraya gəlir, bir çaynik çay sifariş verir, səhərdən axşama kimi nərd və domino oynayırdılar. Sahə müvəkkili də burada idi. Vəli ilə nərd oynayırdı. Murad kişi salamlaşıb, bir tərəfdə oturdu:
-Ay oğul, mənə bir stəkan çay gətir, – dedi.
Çay gəldi. Murad kişi fikrə getmişdi. İçəridəkilərin başı qarışıq idi. İbiş çayxanaya gəldi. Ucadan:
-Oyunçu aparsın, – dedi. Gözü Murad kişiyə sataşanda:
-Nə olub, sənə qəm dəryasına batmısan, – dedi.
Gəib onunla üzbəüz oturdu:
-O məsələ necə oldu?
Murad kişi:
-Hansı məsələ, – deyə xəbər aldı.
-O məsələ də…
-Sən hansı məsələni soruşursan, axı? Bilmirəm. bilmədiyim şeyə nə cavab verim?
İbiş yerini rahatlayıb sözünə davam etdi:
-Tapıldı?
Murad kişi dikəldi:
-Nə tapıldı?
-Evinə oğru girib, evini talamışdı. Onu soruşuram.
İçəridəkilər əl saxladılar. Yeri-yerdən:
-Necə, necə? Murad, evinə oğru girib?
-Hə, girmişdi, tapdım.
-Kim imiş?
Sahə müvəkkili yaxın gəldi:
-Bizim niyə xəbərimiz olmayıb. Balam kimdir günün günorta vaxtı sənin evinə girən? De, ciyərini çıxarım.
Murad kişi dərindən nəfəs alıb:
-Uzağa getmək lazım deyil, – dedi. -Oğru mənimlə üz-üzə oturub.
Hamının diqqəti İbişə zilləndi. İbiş ayağa qalxıb:
-Danışığına fikir ver, ay kişi. Bu nə deməkdir? Mənə niyə şər-böhtan atırsan? Utanmırsan?
-Sən utan, qırışmal! Evimizə oğru girdiyini hələ heç kimə deməmişik. Elə isə sən haradan bilirsən ki, bizim evi yarıblar? Bu məsələdən üç nəfərin xəbəri vardı: mənim, arvadımın, bir də oğrunun. Bizim ağzımızdan bir kəlmə çıxmayıb. Darqursaq olub özünü ələ verdin.
Hamının nifrət dolu baxışları İbişə zilləndi. O, bu baxışlara dözə bilməyib özünə haqq qazandırmaq istədi, lakin bacarmadı. Yalnız:
-Mə… mə… mən… – deyə bildi.
Sahə müvəkkili onun qollarını buraraq:
-Mələmə, gəl gedək, – dedi. -Oğurladığın şeyləri gətir qoy yerinə. Bundan sonra səninlə danışacağam.
İbiş dinməz-söyləməz onun qabağına düşdü.
Yazıya 452 dəfə baxılıb