İmamverdi İbrahimov – Sən yaz günəşindən süzülən nur…

PhotoSən bəxtimə narın yağan ağ qar,

Sən ömrümün ulduzlu səması,

Başda dolanır gizli xəyallar,

Sən qəlbimin Allaha duası.

 

Sən yaz günəşindən süzülən nur,

Gözlərdəki məsum mələyimsən,

Sən yaz yağışı -damlası büllur,

Sən ilk baharım, ağ çiçəyimsən.

 

Sən bir gülüşü ömrə bərabər,

Saçlar salır ay çöhrənə kölgə,

Dünyada tapılmaz sənə bənzər,

Cənnətdə taparlar -o da bəlkə.

 

Sən sönmüş ümidlərdə səadət,

Yollarda qalan gözlərə məlhəm,

Sən donmuş ürəklərdə hərarət,

Sevgi dolu, sevda dolu aləm.

 

Sən səsdə dənizlərdəki nəğmə,

Titrək baxışın ruhuma dəydi,

Sən Allahın eşqindəki kəlmə,

Sən şeirimin ən sevgili beyti.

 

***

Yenə canlandı xəyalımda səninlə ikimiz,

Ayaq altda yaşıl otlar, önümüz mavi dəniz.

 

Sarır ətrafımızı inci günəş zərrələri,

Pərdə-pərdə çalınır dalğaların nəğmələri.

 

Sürünür şeirimin hər beytinə doğru ləpələr,

Səsin ahənginə uyğun düzülür qafiyələr.

 

Tuturam körpə göyərçin kimi ağ əllərini,

Əridir istisi ruhun donan heykəllərini.

 

Qulaq asdıqca üfüqlərdə sükutun səsinə,

Çıxırıq birgə səmalarda xəyal zirvəsinə.

 

Mən özümdən də xəbərsiz bu gözəl mənzərədə,

Alıram varlığının zövqünü hər mərtəbədə.

 

Bu günün qiyməti ömrümdə on ildən artıq,

En azından bu xəyal olsa da bir gün yaşadıq.

 

 

***

İstanbula gəldim yenə həsrət qucağında,

Görmək nəsib oldu onu ömrün bu çağında.

 

Bənzər ona dünyada məkan varsa da çox az,

Bir başqa yerə tay onu tutmaq da yaraşmaz.

 

Göylər bürünübdür dənizin rənginə mavi,

İstanbulun hər torpağı, hər daşı səmavi.

 

Uğrunda şəhid qanları axdıqca ucaldı

Yüzlərcə müqəddəslə dolu torpağın altı.

 

Təkbir səsinin dalğası ətrafını sarmış,

Ruhun əbədi məskəni cənnət buralarmış.

 

Bir nuri İlahi səpələnmiş yerə göydən,

Baxsa görəcəkdir bunu gözlər Kadıköydən.

 

Gündüzləri bu yanda gəz, axşamsa o tayda,

Qəlbin qurulan taxtı dağılmaz bu sarayda.

 

İstanbulu sevdim neçə il xatirələrdə,

Kaş ki, keçirəydim qalan ömrü bu şəhərdə.

 

 

 

Yazıya 551 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.