İmarət Cəlilqızı – AĞACLAR ƏK, GÖYƏRSİN (şeirlər)

Bağa baxsan, bağ olur,
baxmadınsa, dağ olur,
Əvvəl dərin yarğanlar
xırdaca çatlaq olur.
.
Bu fikri yormaq çətin,
səddini yarmaq çətin,
Haqqını istəyirsə,
önündə durmaq çətin.
.
(Görüb qara buludu,
dedim, içi doludu,
Gecikdilər hayıma,
bağçamı dolu vurdu..)
.
…Bu çilə keçsin, Tanrım,
vədə yetişsin, Tanrım,
Qövr eyləmiş yaralar
artıq bitişsin, Tanrım –
.
Ağaclar ək, göyərsin,
qəhrini çək, göyərsin,
Məni yandır, külümü
dibinə tök, göyərsin.
.
BU PAYIZ GƏLMƏ
.
Yağış, sevirəm səni,
amma yağma bu payız,
Yağsan da, tez ara ver,
nolar, yağma aramsız.
“Yağmasam, olmaz axı!..”
.
Onda hər yerə yağma,
çaya, gölə, çölə yağ,
bircə səngərə yağma.
Sənin ağır yükündən
.
gileylənsə buludlar,
yağ mənim kürəyimə,
bəlkə, bu nəmli yükdən,
(gah şad, gah qəmli yükdən)
bir sərinlik süzülər
qarışiq duyğulardan
qovrulan ürəyimə.
.
Səni sevirəm, amma
bu payız gəlmə, yağış,
gəlsən də, çox dayanma,
qayıt, yuvana yığış.
.
Darıxsan, damlalardan
bir nəğmə toxuyarsan,
bir gün bizimlə birgə
şən səslə oxuyarsan:
“Tez ötüşsün hər çilə,
qoy yağim gilə-gilə,
yurddan düşmən izini
biryolluq silə-silə.
.
Yağım çölə, çəmənə
yağım sünbülə, dənə,
yağım Azad Vətənə,
sevincdən gülə-gülə! “

Yazıya 415 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.