Zeynalabdin Novruzoğlunun “Yazdım-yazmadım” kitabı barədə təəssüratlarım…
Başı qorumaq üçün,
Dili qorumalısan.
Dili qorumaq üçün,
Bəzən lal olmalısan.
Abrı qorumaq üçün
Nəfsi qorumalısan
Nəfsi qorumaq üçün,
İnsan doğulmalısan.
Elə bir zamanda yaşayırıq ki, gənclərə “bu yolla get” deyə tövsiyyə edə, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi həyatnamələri oxuda bilmirik. Çünki indiki “Z” nəsil nümayəndələrinin öz cığırı, öz yolu var. O yolda yanlışlıq da olsa, bu nəsil çəkinmir, sürətli addımlarla yalnız irəliyə doğru gedir. Bizə isə onların addımlarını saymaq, yıxılanda “vay” deyə uflamaq, yıxanda “ah” deyə ahlamaq qalır.
Çox şikayətçiydik yeni nəsildən. Amma son olaylar göstərdi ki, əslində, bu nəsil bizdən qat-qat məntiqli, ürəkli, cəsarətlidir. Bu qərara Qarabağ döyüşlərinə gözlərini belə qırpmadan atılan gənclərimizi görəndə gəldik. Bəli, “Z” nəslinin gəncləri birdən-birə ahıllaşdılar, müdrikləşdilər, qəlblərində Vətən sevgisi, qollarında güc, gözlərində düşmənə nifrət döyüşə atıldılar, azad etdilər tapdaq altında inləyən torpaqları, tarixi mədəniyyəti, qeyrəti, kişiliyi…
Bəs, bu gənc nəsil necə yetişdi? Onlar öz kiçik ürəklərində bu böyüklükdə sevgini, cəsarəti necə sığışdırdılar? İndi haqqında danışacağım adamlar – öyrətmənlər, alimlər, sənətkarlar, yaradıcılar yetişdirdi onları. Həmin öyrətmənlərdən biri və birincisi də yazımın girişində örnək gətirdiyim nəsihətnamənin müəllifi Zeynalabdin Novruzoğludur. Yaşadığı dövr ərzində dilini, başını, abrını, gendən gələrək onunla doğulan nəfsini qoruyan və əsil insan olan Zeynalabdin Novruzoğlu!
O, bu insani keyfiyyətlərlə tək özünü qorumur, həm də ətrafındakılara – sürət, texnika əsrinin gənclərinə əsil insan olmağı öyrədir. Tarix müəllimi Zeynalabdin Novruzoğlu tarixi yazacaq (yazan) balalara üzünü tutaraq:
Bu torpaq düşmənə verilə bilməz,
Bu torpaq nənəmin şal örpəyidir.
-deyir, neçə-neçə ananın sinəsinə vurulacaq oğul dağının qarşısını alan, Vətənin başını uca edənləri əzizləyir:
Qəhrəmanlar Vətən üçün can verir,
Öz ömründən sənə, mənə pay verir.
– misralarıyla müqəddəs Şəhidlərimizin ruhuna abidələr yaradır, “Vətən! Vətən!” deyə “qəhrəman”lıq edənləri qınayır:
Gəl yazaq
Şəhidlərin başdaşına
Kim ki Vətəni sevdi,
əcəl aldı apardı.
“Vətən!” “Vətən!” deyənlər,
Rütbə aldı, ad aldı.
.
…Bəzən elə hadisələr olur ki, ilk vaxtlar həmin hadisəni faciə kimi qəbul edirik. Zaman keçəndən sonra olayın əslində zərurət – vacibiyyət olduğunu görür, özümüzü yenidən tanıyırıq. Özünüdərk isə onurumuzu artırır, başımızı uca, üzümüzü ağ edir. Belə hadisələrə örnək olaraq yaxın tariximizi – 20 Yanvarı misal çəkə bilərəm.
Qanlı Yanvara hamımız kimi Zeynalabdin Novruzoğlu da faciə olaraq yanaşdı və elə həmin illərdə “Qurğuşun yağışı yağdı Bakıya” adlı şeirini yazdı. O dəhşətli gecəni təsvir edən şeirin sonuncu misrası belədir:
.
Asfalt səkilərdə lalə göyərdi,
Şəhidlər can verdi, Vətən qurtuldu.
Şair bu faciəni söz edən şeirini Vətənin qurtuluşuyla sonlandırdı. Şairlər Tanrının söz adamları, öz adamlarıdır deyirlər. Ona görə də Tanrının öz adamı Zeynalabdin Novruzoğlu irəlini gördü, o ağrının altında sevincimizdən bəhs etdi. Bu gün biz 20 Yanvar olayını faciə, matəm günü kimi deyil, fəxarət, qurtuluş, Azərbaycan xalqının kimlik tarixi kimi qeyd edirik. Bu barədə danışmaq tez olsa da, əminəm ki, zaman gələcək, 2020-ci ilin 44 günlük müharibə günləri də tariximizə bayram kimi düşəcək, gələcək nəsillər bu gündən sevinclə söz açacaqlar….
***
Zeynalabdin Novruzoğlunun əsərlərini oxuduqca, bu yaradıcılığın ana xəttinin müdrik kəlamlar – aforizmlərdən ibarət olduğunu görürük: “Hər kəs ağlı boyda görür, dərk edir”, “Təklənən bir öküz çaqqaldan qorxar”, Başı buludlara söykənən dağın, ayağı uçurumda, dərədə olar!”, Ağlın hünərindən çox olsa əgər, ağırlıq eyləyib, səni əzəcək”, “Qoşa qanadlardır ağıl və hünər, birləşsə, səmada qartal görünər”, “Daha da böyüyür, gözəl görünür, kiçik dairəyə sığan böyüklük”, “Arximed axtardı elə bir nöqtə, dünyanı yerindən oynada bilə”, “Bir damla göz yaşı bacarar bunu, onun ağrısını qəlb duya bilməz”, “Bulaq suyu kimi təmiz adamlar, selə qarışanda murdarlanırlar!”, “Kütlə təfəkkürü hər şeyə qadirdir!”, “Siyasətin ticarətlə qohumluğu var, ikisi də alıb-satır, dəllaldır onlar!”, “Xalqı qəlbən sevənlər, bunu xalqa demirlər!”, “İnsanlıqdan üz döndərən bir tula, ya zora baş əyər, ya da ki pula!”, “Lalın dili beynəlxalq dil” və s…
***
Bölmə yeri qitələrə, Tanrı bütöv yaradıb,
Tövrat, Zabur, İncil, Quran” hamımıza irs qalıb.
Şair bu misralarında evangelist təfəkkürə söykənərək, müqəddəs dördlüyü ( “Tövrat”, “Zabur”, “İncil”, “Quran”) biri-birindən ayırmadan Allahın yaratdığı ali irqi bir olmağa çağırır, Allahın adından istifadə edərək, yerlərdə – fani dünyada qurulan Allah evlərinin (“Kilsəni şeytan yaratdı. Kilsə yalanlarını Allaha doğruldan qurumun adıdır” L.N.Tolstoy) əslində ürəyimizdə olmağının vacibliyindən bəhs edir, din, dil, irq, millət, təbəqə ayrıseçkiliyə “yox” deyir, bütün dünyanın dərdini çiyninə alaraq bəşəriyyəti mutlu görmək istəyir:
İstərəm dünyanın dərdlərini mən,
Alam öz çiynimə, baş alıb gedəm…
***
Aşağıdakı misralara diqqət edək:
İnanan inansın, inanmayan heç,
Araz içimizdən axırmış bizim.
Buyur, bu Araz, bu da körpü, keç,
Araz içimizdən axırmış bizim!
.
Bu misralarda Araz təkcə hamımızın bildiyi tanıdığı iki qardaşın ayrılıq simvolu deyil. Araz fanilərin tapındığı din olaraq qabarır. Araz safdır, Araz müqəddəsdir, Araz qovuşduran, Araz ayırandır, Araz yaradandır, Araz Tanrıdır! O tanrıya inanan da var, inanmayan da. Bəlkə də Siratdır – doğru yolumuzdur Araz. Bu, içimizdən axan Arazın tükdən nazik, qılıncdan kəsərli körpüsündən hər kəs keçə bilərmi? Bu körpüdən keçmək üçün cəsarətin, dəyanətin, qüdrətin, nurun olmalı, işıqlandırmalısan ətrafı… Arazı keçərsək, Tanrı sevgimizi, Tanrı əmanəti yurd-yuvamızı, qeyrətimizi, adımızı, dilimizi… qaytaracağıq deyə içindən keçirir şair (Bu yerdə böyük şairimiz Bəxtiyar Vahabzadəni xatırlamaq çox gözəldir: “Arazın üstündən keçə bilmirəm, Araz dərdim olub sinəmdən keçir…”)…
…“Analar gecənin simaforları” misralarında isə şair analar üçün ölməz bir abidə yaradır. O, “gecənin simaforları” deyərkən, anaların əslində həyatın simaforları, həyatın özü, üzü olduğunu qeyd edərək, anaları Tanrı üzlü – nurlu, Tanrı xislətli – yaradan, Tanrı heysiyyatlı – qoruyan, Tanrı ürəkli – sevən, Tanrı cəsarətli… adlandırır.
Zeynalabdin Novruzoğlunun yaradıcılığında təmsillər də geniş yer alıb. O, zamanımızdakı eybəcərlikləri lirizmin yumşaq qəlibində deyil, təmsildə qınağa çəkməyi daha məqsədəuyğun bilir:
Qurdun ağzı bağlanar,
Qoyun yeyər, yağlanar.
Nehrədə yağ çalxanar,
Tərəzi düz çəkəndə
***
Torpaq ölər, dirilməz,
Dirilməsə bitirməz.
Əkən-biçən bilinməz,
Tərəzi səhv çəkəndə.
Bəzən bu eybəcərliklər təmsilin də qəlibindən daşaraq satiraya yol açır:
.
Harda buyruq var, bilir,
Harda quyruq, var, bilir,
Harda yumruq var, bilir,
Yaltaq tərif deyəcək.
.
Və yaxud:
.
Çıxdığın baş, durduğun yer özgənin,
Öz kölgəsi ola bilməz kölgənin.
.
Yaxud:
.
Tərif kiçikləri böyük göstərir,
Üfürür, şişirdir, öyür göstərir.
Tənqid yol göstərir, döyür, göstərir,
Tənqiddən qorxuram, yaman qorxuram.
Bu müdrik kəlamlı, geniş ürəkli insanın içində məsum, ağıllı, həm də dəcəl bir körpənin yatdığını görürük. Müəllifin uşaqlar üçün yazdığı əsərlərində həmin körpə özünü daha yaxından göstərir:
.
Göy üzü qarajdı,
Ulduzlar maşın.
.
Şair, uşaq dilində danışmağı, uşaqlar kimi düşünməyi elə bacarır ki, bu məsumiyyətə böyüklər də qoşulur.
“Quşcuğaz” şeirinə diqqət edək. Bu misralarda canlı təbiətə qayğı qabarır, xoşbəxtliyin açarının sevgidə olduğu önə çıxır:
.
Bir sarı dimdik,
Qondu budağa.
Görüncə onu
Çıxdım eyvana.
O var səsiylə
“Cik-cik” edirdi.
Quru budağı
Dimdikləyirdi.
Gördüm ki acdı,
Yemə möhtacdı.
Gətirdim dəni,
Uzatdım ona.
Budaqdan uçub,
Qondu qoluma.
Yedikcə-yedi,
Doydu quşcuğaz.
O gündən mənim
Oldu quşcuğaz.
.
“Anlarsan” şeiri də uşaqların dilinə yatımlığı, uşaq təfəkkürünə uyumu, çətin tələffüs edilən kəlmələrdən uzaqlığı ilə diqqəti çəkir. Burada da müəllifin əksər uşaq şeirlərindəki kimi ailəyə, ətrafa, heyvanlara, təbiətə məhəbbət aşılanır, halallığın ən yüksək keyfiyyət olduğu qabarır, bir sözlə, maarifləndirmə prinsipi önə çəkilir. Şeirin qəhrəmanı Pərvizin “Qara inəkdən ağ süd, necə sağır nənəsi?” kimi suallarına atası bir cavab verir: “Kitab oxumalı, elmələrə sahib olmalısan! O zaman bütün sualların cavabını biləcəksən!”
Bu baxımdan, şairin “Qoca və çörəksatan” poması da təqdirəlayiqdir. Tək yaşayan adama çörəkçi: “Tək olduğun halda niyə hər gün üç çörək alırsan?” deyir. Adam isə cavabında: “Üç çörəyin birini, borcuma verirəm mən”, – deyir, – yəni valideynlərinə. “Birini borc verirəm” – övladlarına, – “Birini də özüm yeyirəm!” – deyir.
Zeynalabdin Novruzoğlu bayatıları da lakonikliyi, bədii və fəlsəfi tutumu ilə özünəməxsusdur:
Əzizim, dağdan ağır,
Təpəsi dağdan ağır.
Ananın göz yaşıdı,
Damlası dağdan ağır.
***
Əzizim, Qarabağda,
Qara quş qara bağda.
Qara bəxtim ağarsa,
Ağarar Qarabağda.
***
Görüşə həsrət Araz,
Öpüşə həsrət Araz.
İgidlər nərəsinə,
Döyüşə həsrət Araz!
.
Nəzmin hər bir növündə qələmini sınayan, hər mövzuya uyğun qəlib seçən (əslində, sözü pıçıldayan Tanrı onun qəlibini də özü biçir) Zeynalabdin Novruzoğlu ədəbiyyat, söz adamlarına və sözüsevənlərə sübut edir ki, o, söz yolunun hər bir cığırına yaxşı bələddir. Sözdən şaxələnən hansı izlə addımlasa, büdrəməyəcək, yıxılmayacaq.
Kitabın son bölümündə müəllifin müxtəlif illərdə yazdığı oçerklər, esselər toplanmışdır. Bu publisistik yazılar da quruluş və yanaşma tərzinə görə orjinal, məntiq və məna çalarına görə səciyyəvidir.
… Zeynalabdin Novruzoğlu ilə şəxsən tanış deyiləm. Bu yaxınlarda şairin qardaşı oğlu Cavid Tofiqoğu mənə “Yazdım-yazmadım” adlı, nəfis tərtibatla işlənmiş bir kitab təqdim etdi (275 səhifədən ibarət. “Elm və təhsil” nəşriyyatı-2014). “Lirik şeirlər”, “Satirik şeirlər”, “Təmsillər”, “Uşaq şeirləri”, “Poemalar”, ”İkiliklər”, “Bayatılar”, “Məqalələr” bölümlərindən ibarət olan bu toplunu sadəcə varaqlamaq istədiyim halda, şeirlərin dil axıcılığı, bədiiliyi, sözlərin rəng çaları, fonetik qohumluğu, hadisələrə yanaşma özəlliyi və s. kitabı son nöqtəsinə qədər oxutdurdu.
Zeynalabdin Novruzoğlu Naxçıvanda doğulub və orada yaşayır. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tələbəlik illərindən publisistik yazıları və şeirləri ilə mətbuatda müntəzəm olaraq çıxış edir. “Zaman yaratmağa qadir deyil” (1998), “Əldə gül, dildə tikan” (2009), “Yazdım-yazmadım” (2014) şeir kitablarının müəllifi, Azərbaycan Jurnalistlər və Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Başqaları üçün özünü yandıranlardan:
Tütə-tütə, yana-yana yaşamışam mən,
Buz üstündə yanan oda oxşamışam mən.
Ölmək üçün deyil, yaşamaq üşün ölümün gözünə dik baxanlardandır.
Ölmək üçün yaşama,
Yaşamaqçün öl, olar!
Dəyərli insan, pedaqoq, şair, publisist Zeynalabdin Novruzoğlu ilə “Ürəkdən ürəyə görünən yolda” qarşılaşdığım üçün məmnunam. Şairlə üz-üzə söhbət etmək arzusuyla yazıma son qoyuram…
Hörmətlə: İradə Aytel
Yazıya 325 dəfə baxılıb