Kamal Abdulla yaradıcılığında hekayə-mif janrı – Kəmalə Həsənova yazır…

IMG_3889 (1)Postmodernist yazıçı olan Kamal Abdullanın romanları ilə yanaşı qələmə aldığı hekayələrində də janr polifoniyasına rast gəlirik. Bəzən şərq mifologiyasına (“Son gəliş”), bəzən isə yunan mifologiyasına (“Parisin seçimi”, “Xaron, mərhəmətli Xaron”) toxunan yazıçı postmodernizmin bəzi texnikalarından istifadə etməklə mətn üzərində oynayaraq hadisələrə öz münasibətini bildirmişdir.

Postmodernizmin əsasını təşkil edən dekonstruksiya Kamal Abdullanın hekayələrində də öz əksini tapmışdır. Xüsusilə də, “Parisin seçimi” silsiləsində yer alan hekayələrində bunu daha rahat müşahidə edə bilirik.

Silsilədə verilən əsərlərdən biri olan “Parisin seçimi” hekayəsində Troya müharibəsinin yaranmasına gətirib çıxardan seçimdən bəhs olunur. Nifaq ilahəsinin intiqamı olan “qızıl alma” yunan mifologiyasında gözəlliyin simvoludur. Troyanın başına gələn müsibətin səbəbi də insan oğlunun gözəlliyi, eşqi var-dövlət və müdriklikdən üstün tutması ilə baş vermişdir. Postmodernizmin intertekstuallıq texnikasından istifadə edilərək qələmə alınan əsərdə Parisin seçimi dekonstruksiyaya uğramış və mifdən fərqli olaraq o, Afroditanı deyil, Heranı seçmişdir. Bununla da, artıq “qızıl alma” hakimiyyətin simvoluna çevrilir.

“Sabah!.. Sabah Hera Parisi tapacaqdı. Sabah qoca Priam Aidin səltənətinə yollanacaq, qəhrəman Hektor vaxtilə Prometeyin zəncirə çəkildiyi Qaf dağına qaçıb canını bu cür qurtaracaq, Paris isə öz arzusuna – Troyaya hökmran olmaq arzusuna, nəhayət ki, çatacaqdı.” [2, s.112] Hekayənin sonunda verilən bu hissə onu göstərir ki, Parisin seçimindəki fərqlilik yalnız qızıl almanın əsrlərlə davam edən tarixi simvolikasını dəyişmir, həm də Troyanın taleyini  dəyişir.

İnsan oğlunun gözəlliyi, eşqi seçməsi bir xalqın fəlakətinə səbəb olmuşdursa, var-dövlət, gücü seçməsi isə bir ailənin məhvinə səbəb olmuşdur. Paris Yelenanı seçəndə onun eşqi, sevgisi uğrunda döyüşdə həlak olan Hektor qardaşı gücü, hakimiyyəti seçəndə isə onun qəddarlığından xilas olmaq üçün Qaf dağına qaçır. Parisin bu iki seçimi arasındakı fərqi gördükdə belə bir sual ortaya çıxır – Paris Afinanı seçsə idi nə baş verərdi? Kentavr Xirondan da müdrik olmaq Parisə heç bir fəlakət baş vermədən eyni zamanda həm dünya gözəli Yelenanı, həm də Troya hökmdarı olmaq arzusunu reallaşdıra bilərdi, yoxsa gözəllik və var-dövlətin boş və keçici bir şey olduğunu dərk etdirib bu arzusundan imtinamı etdirərdi?

Dekonstruksiya texnikasından istifadə olunmuş bir digər hekayə “Xaron, mərhəmətli Xaron” əsəridir. “Parisin seçimi” hekayəsində olduğu kimi müəllifin bu əsəri də yunan mifologiyasına əsaslanmışdır. “Xaron, mərhəmətli Xaron” əsərində dekonstruksiya bir başa əsərin adında özünü göstərir. Çünki Xaron obrazının yunan mifologiyasındakı təsviri “Axerontun zülmət sularından heç bir ruhu geri qayıtmağına icazə verməyən amansız Xaron” [4, s.38-41] şəklindədir.

Hekayədə Xarona “mərhəmətli” ifadəsilə müraciət edilməsi, yazıçının fərqli prizmadan hadisəyə yanaşmasıdır. Mifdə Aidin yeraltı səltənətinə gedən kölgələri Stiks çayının bir sahilindən digər sahilinə keçirən Xaron onların bütün xatirələrini yaddaşdan silir və beləliklə, ruhların dünya ilə bağları kəsilir. Müəllifin Xaron obrazına bu prizmadan yanaşmasının səbəbi bir insana əzab verən onun keçmişi, xatirələri olması düşüncəsidir. Xaron kölgələrin yaddaşını silməklə onları əzabdan xilas edir. Həm də əsərin sonunda müəllif bir ananın xatirələri ilə çayın digər sahilinə keçmək arzusunu və Xaronun bunu qəbul etməsinin təsvirini verməklə anaların fədakarlığını oxucuların diqqətinə çatdırmaq istəmişdir.

Yunan mifologiyasına əsaslanan “kölgələrin yaddaşının silinməsi” düşüncə arxetipi müəllifin yalnız “Xaron, mərhəmətli Xaron” hekayəsində yer almır, həm də “Sehrbazlar dərəsi” romanında da öz əksini tapmışdır. Sehrbaz Ağ dərvişin vasitəsilə öz atasının ruhunu çağırtdıran karvanbaşı Allahverdinin atasına “…Söylə, söylə mənə heç ağabəyimi görmüsən orada?…” [2, s.173] veridiyi suala Məmmmədqulunun “ Orada mən burda olub-keçəni unuduram. Bizim yaddaşımız bura qayıdanda oyanır” [2, s.173] cavabı yunan mifinə əsaslanmışdır.

Şərq mifologiyasına, Zərdüştlük dini ilə bağlı əhvalatlara əsaslanan “Son gəliş” hekayəsində gizlinlər-işarələr üstünlük təşkil etmişdir. Əsərdə Zərdüştlə söhbətləşən kəndlinin cavablarında müəllif söz oyunu texnikasından istifadə etmişdir.

–…Ölüm Allahın kimdir, sən onu tanıyırsanmı?

–Tanımaz olurmuyam?! Ölüm Allahımla mən hər ötən ildə bir dəfə görüşürəm. O gün mənim bütün yaşadığım illərin eyni günüdür.

… – Sən dedin ki, ölüm Allahınla ildə bir dəfə eyni gündə görüşürsünüz. Sən o günü necə tanıyırsan? – Zərdüşt kəndlidən soruşur.

–Mən o günü indi tanımıram, mən o günü ölən zaman tanıyacağam. – Kəndli Zərdüştə bu dəfə də belə cavab verir.

–O zaman sən ölüm Allahının üzünü belə görməmisən?!

–Yox, görməmişəm. Mənə ondan danış.” [2, s. 52-53]

Hekayədə türk mifologiyasında sonsuz həyatı ifadə edən Qarağac ağacının təsviri də diqqət çəkir. Zərdüşt ölüm tanrısı Ərmənlə də son dəfə qarağacın altında görüşür. Əsərdə Ərmənin “Həmişə məni axtarmısan, amma onu tapmısan” [2, s. 59] ifadələri, hekayədəki “Qarağacın yarpaqlarından ağır-ağır süzülən qara və ikicanlı yağış damcıları”, “İtaətkar camaat” kimi təsvirlərdə gizlinlər-işarələr vasitəsilə müəyyən bir fikir əks olunmuşdur.

Əsərlərdə postmodernizm elementləri iki şəkildə, yəni həm əsərin quruluşunda, həm də məzmununda özünü göstərir. Kamal Abdullanın “Parisin seçimi”, “Xaron, mərhəmətli Xaron”, “Son gəliş” və s. hekayələrində postmodernizm elementləri əsərin quruluşunda özünü göstərdiyi halda, “Labirint” hekayəsində isə məzmununda əks olunmuşdur.

“Labirint” hekayəsində yunun mifologiyasında yer alan Teseyin Krit adasına Minotavrı öldürmək üçün çıxdığı səfərdən bəhs olunan miflə iki sevən gəncin gələcək həyatlarında da bir-birlərindən ayrılmamaq üçün qurduğu plan paralel verilmişdir. Bu paralel verilən iki hadisə arasında müəyyən bir bağlılıq vardır. Müəllif əsərin sonunda da iki gəncin bir-birilə yenidən birləşə bilməməsinin səbəbini Teseyin mifindən nəticə çıxarmağında görür:

“…Teseyin isə əhvalatı bizə bəzi şeylər öyrədir. Bunları bilmək faydalıdır.

Labirintə girməzdən əvvəl oradan çıxmaq barədə düşünməlisən. Bu əsas şərtdir. Lazım olan yerdə və lazım olan vaxt sənin yanında sənin Ariadnan olmaya bilər . Bu bir.

Xəyanətin ödənci var. Hətta yenilməz güc qarşısında belə sevdiyin adama xəyanət etmə. Çünki xəyanət səni əvvəlcə unutqanlığa gətirəcək, sonra isə sarsıntı və faciələrə yol açacaq. Bu iki.

Və nəhayət. Uca sıldırım qaya başında arxanı heç kəsə çevirmə. Bu da üç.” [2,s.278]

Əsərdə bir-birinə qarışan hadisələr, adlar oxucuya labirint təsiri yaradır. Ancaq bu labirintdən çıxmağın yolu isə yunan mifində olduğu kimi bir ipin ucundan tutub yol getməkdir.

Əsər bir qadının ağır cinayət nəticəsində öz evində ölü vəziyyətində tapılması və bununla bağlı aparılan istintaqla başlayır. Hadisələr labirintinə ilk giriş cümləsi bir-birini ilk dəfə görən qadın və kişinin qəlbində səslənən pıçıltı olur – “bir-birinizə diqqətlə baxın, siz, deyəsən, bir-birinizi tanıyırsınız”. [2, s.230]

“Siz deyəsən bir-birinizi tanıyırsınız…” cümləsi ilə başalayan hadisələrin ahəngində qadın və kişinin bəzən ilk dəfə görüşdüyünü, bəzən isə vaxtilə evli olub sonra boşandıqlarını müşahidə edirik. İlk əvvəl adları verilməyən iki gəncin daha sonra tez-tez adının dəyişməsilə – Nazilə və Səlim; Mətanət və Aydın; Samirə və Nazim; Cəmilə və Nazim; Şəfiqə və Əşrəf; Səlimə və Vaqif; Şəbnəm və Nadir; Nərmin və Samir; Aliyə və Bəhram; Cəmilə və Fərhad; Tamilla və Asif; Gülnarə və Kərim; Zümrüd və Zaur; Rəhilə və Rəhim; Xaver və Əhməd; Qətibə və Vaqif oxuculara təqdim olunmasında müəllif söz oyunu etmiş və beləliklə, əsərdə labirint təsiri yaratmışdır.

Çayxanada qarşılıqlı oturan və əsərdə adları tez-tez dəyişən bu gənclərin arasında gedən söhbət hadisələri daha çox müəmmalı bir vəziyyətə salır. Aralarında gedən bir dialoqda –

“ – Bığları neylədin? Cavan görükmək istəyirsən?

– Ola bilər” [2, s. 235]

– kişini bığlarının kəsdiyini, bir digər dialoqda isə –

 “– Təzəlikcə bığ saxlayırsan?

– Səninlə yollarımız ayrılan vaxtdan bəri” [2, s.237]

– kəsilmədiyi müşahidə edirik. Hekayənin bir hissəsində gənclərin əvvəlki həyatlarını heç xatırlamadığı göstərilsə də, bir digər hissədə isə onlar nəinki xatırlayır, bəzən xatırladıqları xatirələr onların üzündə gülümsəmə belə yaradır. Müəllif hadisələr ilə bu şəkildə oynamaqla oxucuların diqqətinə bir məsələni çatdırmaq istəyir – labirintin daxilində bir-birinə bənzəyən minlərlə yol olsa da, giriş və çıxış ancaq bir yoldadır və bu da nəticəyə təsir etmir. Əsərin sonunda iki gəncin bir-birinə qovuşmaq arzusu baş tutmur.  Teseyin Ariadnanı yalnız buraxdığı kimi gənclərdən biri də digərini yalnız buraxıb gedir.

“Mənə verdiyin sözü isə unutma. O vacib sözdür.” [2, s.231] Ariadnanın dediyi, ancaq Teseyin unutduğu söz iki gəncin həyatında da açar söz kimi yer alır. Tesey ölməz tanrı Dionisın əmrinə görə sevdiyi qız olan Ariadnaya verdiyi sözü, adı Vaqif, Rəhim, Asif, Zaur və s. şəkildə adlanan gənc isə bu dünyada sevdiyi qız Dürdanə üçün əvvəlki həyatında sevib evləndiyi, hətta gələcək həyatlarında da yalnız bir-birlərini sevəcəklərinə inandığı qıza verdiyi sözü (açar sözü) unudur.

Əsərdə maraqlı bir digər məqam isə cinayətin baş verdiyi məkanın özü də labirint şəkildə düzülən otaqlardan ibarət olmasıdır. Bununla da, istintaqda cinayətkarın kim olduğu və bu evə necə girib çıxdığı müəmmalı olur. – “ Mənzil kifayət qədər böyük idi. Qapıdan içəri girən kimi hündür pəncərələri binanın balaca həyətində açılan geniş aynabəndə girirdin. Aynabənddən yol iki istiqamətə ayrılırdı – biri dar dəhlizə hamam-tualet tərəfə, o biri isə birbaşa qonaq otağına. Otaqların qapısı həm şüşəbəndə açılırdı, həm də qonaq otağından yataq otağına qalın, tünd çəhrayı rəngdə pərdə ilə arası tutulmuş yol vardı, o yol bir-birinin içində olan o biri otaqlara aparırdı. “Burda azmaq olar” düşünüb südçü arvad qonaq otağından keçərək cəsədi elə bu yataq otağında tapmışdı. Öldürülən ev sahibəsinin səsi isə südçü arvad and-aman edirdi ki, əvvəlcə qonaq otağından gəlirmiş…” [2, s.247]

Hekayədə Dürdanənin metroya tərəf addımladığı zaman yağan yağış damcılarını yunan mifinə bənzətmək üçün müəllif postmodern texnikalardan biri olan metofara əvəzinə metonimiyadan istifadə etmişdir. – “…Dürdanə redaksiyadan çıxan zaman qəribə bir yağış başladı. Qəribəliyi onda idi ki, şəhərin qızmar yay günündə belə yağışın yağması nəinki ağlasığmaz, hətta möcüzə qədər əlçatmaz bir xülya idi. Elə bil, göydən yerə rəngbərəng iplər sallanmışdı. Elə bil, göylərin yeddinci qatında bu iplərin bir kələfi vardı, kimsə bu kələfi səbrlə açırdı…” [2, s.273]

K.Abdullanın yaradıcılığından nümunə olaraq gətirdiyimiz hər bir hekayədə janr polifoniyasının bir növü olan hekayə-mif janrının xüsusiyyətləri özünü göstərmişdir. Müəllif iki fərqli janrı bir ahəngdə verməsilə hadisələrə fərqli bir baxış bucağı gətirmiş və biz bunu postmodernizmin texnikalarından istifadə etməklə daha aydın şəkildə müşahidə edə bilirik.

        

 

 

                                        Ədəbiyyat siyahısı:

1)    Kamal Abdulla. Sehrbazlar dərəsi. Bakı: Mütərcim, 2006, 224 s.

2)    Kamal Abdulla. Sirri-zəmanə: Hekayələr. Bakı: Mütərcim, -2014, -496 s.

3)    Qorxmaz Quliyev. Postmodernizm.

4)    N.A.Kun. Qədim Yünanistanın mifləri və əfsanələri.İkinci nəşr. Bakı: Mürtəcim, 2012, 540 s.

5)    Yeganə Abdullayeva. Müasir ədəbiyyatda janr polifonizmi

 

                  Kamil qızı

Azərbaycan Dillər Universitetinin magistrantı

Yazıya 530 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.