Məmmədağa Sultanovun Azərbaycan ədəbiyyatındakı xidmətləri

Azərbaycanın görkəmli mədəniyyət işçisi, pedaqoq, fars dilinin mahir bilicisi, peşəkar jurnalisti, şairi, tərcüməçisi, ədəbiyyatşünas alimi, Şərq ədəbiyyatının mükəmməl bilicisi, müharibə və əmək veteranı olan Məmmədağa Sultanov 1910-cu il yanvarın 5-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. O, Azərbaycan ədəbiyyatını 1926-cı ildə yazdığı ilk qələm təcrübəsi olan “Sənət məktəbi” şeiri ilə zənginləşdirmişdir. Məmmədağa Sultanov Azərbaycan ədəbiyyatının klassik dahiləri olan Füzuli və Nəsiminin fars dilində yazmış olduqları şeirləri və “Kəlilə və Dimnə” kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Məmmədağa Sultanovun yaradıcılığı həmçinin Rudəki, Cami, Əbu Əli İbn Sina, Sədrəddin Ayni kimi sənətkarların əsərlərinin tərcümələri ilə olduqca zəngindir. Ədəbiyyatşünas alimin fars dilindən tərcümə etdiyi “Rübailər aləmində” (1989), Əmir Xosrov Dəhləvinin “Oğluma nəsihət” (1976), Heyran xanımın “Qəzəlləri” (1951), Sədi Şirazinin “Gülüstan” (1982), Xaqaninin “Seçilmiş əsərləri, “Töhfətül-İraqeyn (1959),  “Zəfər təranələri” (1984), Əssar Təbrizinin “Mehr və Müştəri” (1988) əsərləri müəllifin elm və mədəniyyətimizə bəxş etdiyi töhfələrdir. Görkəmli şərqşünas alim, tərcüməçi, ədəbiyyatşünas Məmmədağa Sultanov Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsimi, Əssar Təbrizi, Füzuli, Heyran xanım, Abasqulu ağa Bakıxanov, Əmir Xosrov Dəhləvi, Sədi Şirazi kimi klassiklərin farsca yazılmış əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun Azərbaycan klassikləri haqqında aparmış olduğu tədqiqatlar və Xaqaniyə həsr etdiyi monoqrafiyası çoxşaxəli yaradıcılığının bariz nümunəsidir. Çoxşaxəli elmi fəaliyyətə malik olan alim Məmmədağa Sultanov Yaxın Şərq ölkələrinin bir sıra xalqlarının ədəbiyyatının araşdırmaçısı kimi adını tarixə yazdırmışdır. Şərq ədəbiyyatının mükəmməl bilicisi Əmir Xosrov Dəhləvi, Firdovsi, Sədi Şirazi, Əlişir Nəvai və başqalarının yaradıcılıqlarını Azərbaycan ədəbiyyatının nümunələri ilə əlaqəli şəkildə tədqiqata cəlb etmişdir. O, mətnşünaslıq sahəsində də əvəzsiz və yaddaqalan xidmətlər göstərmişdir. Fars dilinin mahir bilicisi olan Məmmədağa Sultanov N.Tusi, İbn Sina, T. Fikrət kimi ədəbi simaların nadir əlyazmalarını tədqiq edərək yazdıqları elmi əsərləri geniş bir şəkildə araşdıraraq, şərqşünaslıq elminə töhfələr vermişdir. Dahi şəxsiyyət Məmmədağa Sultanov klassik farsdilli poeziyamızın dəyərli nümunələri olan 20 mindən artıq beyti Azərbaycan dilinə tərcümə etməsi onun əvəzsiz və yaddaqalan xidmətlərindəndir. O, Nizami ədəbi məktəbinin davamçısı olan XIV əsrin görkəmli mütəfəkkir şairi Əssar Təbrizinin “Mehr və Müştəri” dastanını mükəmməl bir şəkildə tərcümə etmişdir.

Peşəkar jurnalist, alim, şair,  tərcüməçi və pedaqoq Məmmədağa Sultanov 1931-ci ildən farsdilli klassik şairlərin Xaqaninin, Nizaminin, Əssar Təbrizinin, Sədi Şirazinin şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. M.Sultanovun bir ədəbiyyatşünas kimi xidmətləri çox böyükdür. Azərbaycan ədəbiyyatı tarixində parlamış üç böyük şəxsiyyəti – Xaqani Şirvani, Abbasqulu ağa Bakıxanov və Əssar Təbrizini xalqımıza tanıtdıran və demək olar ki, həyata yenidən qaytaran Məmmədağa müəllim olub. Onun Bakıxanovun itmiş hesab edilən “Divan”ını tapması Azərbaycan ədəbiyyatı tarixində möhtəşəm bir hadisə idi. Məhz Bakıxanovun külliyyatının əlyazmasının tapılması onun adı ilə bağlıdır. Bakıxanovun külliyyatının əlyazmasının “Qüdsi” təxəllüsü ilə yazan Mirzə Həsib Qüdsi, Mirzə Hüseyn Səbzvari Qüdsi, Qüdsi Şeyx İbrahim Gəncəvi kimi şairlərə aid olmadığını məhz Bakıxanova aid olduğunu elmi dəlillərlə sübut etmişdir. O, publisistik, elmi-pedaqoji, ədəbi-bədii və tərcüməçilik fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı tarixini görkəmli ədəbiyyatşünas kimi zənginləşdirmişdir. Azərbaycanın görkəmli mədəniyyət işçisi olan Məmmədağa Sultanov ömrünün böyük bir qismini elmi fəaliyyətə və bədii yaradıcılığa həsr etmişdir. O, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda fəaliyyət göstərdiyi müddətdə olan naliyyətlərindən ibarət olan şəxsi arxivi yaradılmışdır və indidə qorunub saxlanılır. Ədib yaradıcılığına şeirlə başlasa da bədii irsi çox sayda oçerk, hekayə, novella, poema, dram janrlarında olan əsərlərlə zəngindir. Məmmədağa Sultanovun yaradıcılığının mövzusu dövrün siyasi, ictimai və mədəni həyatında baş verən hadisələr və bu hadisələrin insanların şüurunda, duyğu və düşüncələrində yaratdığı dəyişikliklər, insan münasibətləri təşkil edir. Tərcüməçi və mətnşünas alim olan M.Sultanovun bədii əsərlərinin əksəriyyəti AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi arxivində onun şəxsi fondu qorunub saxlanılır. Onun poetik irsi, bədii nəsri və dramaturji fəaliyyəti ədəbiyyata və müəllimliyə olan həvəsinin nəticəsi idi. Klassiklərin şeirlərini fars dilindən Azərbaycan dilinə tərcümə etdiyi zaman qazandığı biliklər nəticəsində yazmış olduğu bədii əsərlərin keyfiyyəti olduqca yüksəlmişdir. Alimin yazmış olduğu ilk əsərləri Azərbaycanın siyasi-ictimai həyatının ən qarışıq, ziddiyyətli, keşməkeşli dövrünə, sosialistləşmə prosesinin iqtisadiyyatda, məişətdə, şüurda yaratdığı böyük tarixi dəyişikliklərə, sosializm quruculuğuna, fəhlələrin ağır və şərəfli əməyinə, quruculuq dövründə qarşıya çıxan problemlərə həsr olunmuşdur. Məmmədağa Sultanovun “Gurultu”, “Bolşevik zavodu”, “Şeirdən texnikaya”, “Yüksələrkən”, “Qanadlarda hücum”, “İliç buxtası”, “Cəbhə”, “Əjdər”, “Leninin bayrağı altında”, “Sabirə”, “Əziz”, “Hüsnü pambıq yığır”, “Zalivka”, “Balıqçılar arasında” adlı əsərlərinin qəhrəmanları fəhlələr, neftçilər, pambıqçılar, yəni, zəhmətkeşlərdir.  Ədibin əsərlərinin mövzusunu yeni qurulan fabrik və zavodlar, burada istifadə olunan texnika, fəhlələrin əməyini nəzərəçarpacaq dərəcədə yüngülləşdirən “ağıllı” maşınlar idi.

1947-ci il alimin şəxsi həyatında da uğurlu il olur. “Bəy nəslinə mənsub olan ömür-gün ortağı Badisəbah xanımla M.Sultanov 1947-ci ildə ailə həyatı qurmuşdu. Badisəbah xanımın atası Mircavad bəy Talışxanov Rusiyada ali təhsil almışdı, bir neçə dil bilirdi. Masallıda sadə camaat tərəfindən sevilsə də, haqsız olaraq “xalq düşməni” kimi 37-ci ildə güllələnmişdi” [4, s.17].

Məmmədağa Sultanovun “İliç buxtası” şeiri neftçilərin əməyinə həsr olunaraq, neftçilərin əvvəllər necə ağır şəraitdə işlədikləri, əsərin qələmə alındığı dövrdə isə onların əməyini yüngülləşdirmək və istirahətlərini təmin etmək üçün yaradılan şərait işçilərin öz dilindən verilmişdir. Ədib əsərində neftçilərin həyatına, işlərindəki yeniliklərə, irəliləyişlərə, çətinliklərə və problemlərə toxunmuşdur. Onun neftçilərin ağır əməyindən, bu sahədə qarşıya çıxan müxtəlif problemlərdən, yararsız detalların ümumi işi necə ləngitdiyindən geniş məlumatı olduğu üçün əsərlərində bu xarakterə malik insanları təsvir edə bilmişdir. Məmmədağa Sultanov əsərlərinin baş qəhrəmanlarını çox zaman vicdanlı, dürüst, çalışqan, məsuliyyətli insanlardan seçirdi. Müəllif əksər əsərlərinin ideası kimi gənclərə gəncliyin qədrini bilməyi, daha çox biliklər əldə edərək daim irəliyə doğru can atmağı məsləhət görmüşdür. Ədib özüdə Cənubi Azərbaycandan olduğu üçün əsərlərində Cənubi Azərbaycan mövzusuna xüsusi yer ayırmışdır.

1946-cı ildə faşizm üzərində qələbənin ildönümü münasibətilə M.Sultanov SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif olunur. Bu təltif respublikanın siyasi rəhbərliyinin ona olan etimadını daha da artırır. O, 1947-ci ildə Səməd Vurğunun sədrlik etdiyi Azərbaycan İran Mədəni Əlaqələr Cəmiyyətinin referenti kimi, Cənubi Azərbaycan məsələsində yaxından iştirak edir. “Hələ müharibədən qabaq 1939-cu ildə dahi Nizaminin 800 illik yubileyinə hazırlıq ərəfəsində M.Sultanov həm istedadlı şair, həm də fars dilinin gözəl bilicisi kimi Səməd Vurğunun diqqətini cəlb etmişdi” [4, s.17].

Cənubi Azərbaycan haqqında yazdığı əsərlərinin mövzusunu uşaqlıq xatirələri və şahidi olduğu hadisələrin yaddaşında buraxmış olduğu izlər təşkil edir. Məmmədağa Sultanovun əsərlərində bütöv və azad  Azərbaycan arzusu üstünlükdədir. Belə ki, Azərbaycan tarixinin görkəmli simalarından biri olan Məmmədağa Sultanovun əsərlərinin mövzusu dövlət, hakimiyyət, cəmiyyət və onun problemləri, qəhrəmanlıq və məhəbbətin tərənnümü, insan xarakteri və s. haqqında olduğu üçün çoxşaxəlidir. Ədib cəmiyyətdəki eybəcərlikləri və insan xarakterindəki naqislikləri yaradıcılığında layiqincə qiymətləndirmişdir. Yazıçının klassik irsimizin tədqiqində və təbliğində, xalqımızın mənəvi xəzinəsi olan Əlyazmalar İnstitutunun yaranması və inkişafında göstərdiyi müstəsna xidmətləri qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.

 

Ədəbiyyat siyahısı:

  1. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Elmi arxiv, fond № 7, siyahı № 70, iş № 111
  2. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Elmi arxiv, fond № 7, siyahı № 71, iş № 112
  3. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Elmi arxiv, fond № 7 siyahı № 71, iş № 113
  4. Ədiloğlu N. Klassik irsin fədakar tədqiqatçısı və tərcüməçisi Məmmədağa Sultanovun xidmətləri misilsiz, xatirəsi əvəzsizdir // “525-ci qəzet”, 2022,23 iyul.
  5. XIX əsr Azərbaycan şeiri antologiyası / tərtib edəni: Z. Əsgərli. – Bakı, ŞərqQərb, 2005, s.77-85 1. Sultanov M., Biblioqrafiya (Təkmilləşdirilmiş nəşri), Bakı: Nurlan, 2005, 86 s.+(4 səhifə şəkil)
  6. Sultanov M., Balıqçılar arasında // Hücum. Bakı, 1932, № 5-6, s.25-27.
  7. Sultanov M., Bolşevik zavodu // Hücum. Bakı, 1931, № 7-8, s.15.
  8. Sultanov M., Gecə yarısının göz yaşları. – Kommunist, 1945, 4 noyabr.
  9. Sultanov M., Göy adamı // Ədəbi çağırış. Bakı, 1931, №1. s.47-51.

 

 

Murtuzayeva Nəsibə Məhəmməd qızı

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Yazıya 3 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.